Müəllif: Xəzər AXUNDOV
Azərbaycanla İran arasında tarixən inkişaf etmiş iqtisadi münasibətlər son illərdə keyfiyyətcə yeni məzmun alıb, ənənəvi ticarətdən birgə dəmir yolu və elektrik enerjisi layihələrinin həyata keçirilməsi, əczaçılıq, avtomobil sənayesi və kənd təsərrüfatı sektorlarına sərmayə qoyuluşu istiqamətində inkişaf edib. Bu baxımdan, ötən il daha önəmli olub və Neftçala sənaye məhəlləsində birgə Azərbaycan-İran minik avtomobili zavodu istifadəyə verilib. Bu yaxınlarda isə iki ölkənin iş adamları avtobusların yığılması və avtomobil hissələri istehsal edilməsi üçün Azərbaycanda daha iki müəssisənin yaradılması barədə razılığa gəliblər.
Avtomobil biznesi
Qeyd edək ki, ikitərəfli ticarət əlaqələrində artımın növbəti zirvə nöqtəsi 2018-ci ildə müşahidə edilib. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il İranla ticarət dövriyyəsi 74% artaraq 446 milyon dollara çatıb. Bakı və Tehran ortamüddətli perspektivdə ticarət həcmini 1 milyard dollara çatdırmağı planlaşdırırlar.
İstifadə olunmayan potensial da nəzərə alınarsa, bu, yetərincə əlçatan limitdir. Bundan başqa, martın ortalarında iqtisadi, ticarət və humanitar sahələr üzrə hökumətlərarası komissiyanın Bakıda keçirilmiş 13-cü iclasında İranın iqtisadiyyat və maliyyə məsələləri üzrə naziri Fərhad Dejpasand bildirib ki, iki qonşu ölkə birgə ticarət şirkəti yaratmaq niyyətindədir, bununla yanaşı, sığorta sahəsində də əməkdaşlığın qurulması nəzərdə tutulur. Yaxın planlara həm də də birgə investisiya şirkətləri və fondlarının yaradılması da daxildir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, ölkədə artıq Azərbaycan-İran birgə avtomobil zavodu fəaliyyət göstərir zavodda keçən ilin ortalarından bu yana «Khazar» markası altında 1000-dən artıq avtomobil istehsal edilib və onların böyük hissəsi artıq satılıb. Ümumilikdə, Azərbaycanın «AzerMash» ASC şirkəti tərəfindən Neftçala sənaye məhəlləsində İranın "Iran Khodro" şirkəti ilə birgə əməkdaşlıqda inşa edilmiş avtomobil zavodu səkkiz modeldə avtomobillərin serial yığımına təşkil etmək planlaşdırılır. Hazırda müəssisədə "Khazar SD" və "Khazar LD" avtomobilləri istehsal edilir və yaxın gələcəkdə konveyerlərdən «Khazar Peugeot» modeli çıxmağa başlayacaq. Zavodun layihə gücü ildə 10 min avtomobil təşkil edir, lakin birinci mərhələdə İran istehsalı olan hissələrdən, təxminən, 6 min avtomobil yığmaq planlaşdırılır.
Bu uğurlu təcrübə müsbət istiqamətdə davam etdirilir: Azərbaycan və İran biznesinin nümayəndələri Azərbaycanda «SCANIA» avtobuslarının birgə istehsalı ilə bağlı razılığa gəliblər. Söhbət Hacıqabul sənaye məhəlləsində avtobusların yığılması üzrə zavod tikintisi ilə bağlı İranın "Qartal" şirkəti ilə anlaşma memorandumu imzalamış «AzerMash» ASC-nin yeni təşəbbüsündən gedir.
«AzerMash» şirkətinin rəhbəri Emin Axundov bildirib ki, yeni müəssisədə Avropa və Asiya istehsalçılarının avtobus modellərinin istehsalı təşkil olunacaq və orda, təxminən, 100 adam daimi iş tapacaq. İlkin məlumatlara görə, müəssisənin 2020-ci ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır və burada birinci mərhələdə hər il 500-ə yaxın avtobus yığılacaq. Layihəyə qoyulan sərmayələr 11 milyon manat təkşil edəcək və «AzerMash»ın layihədə payı 25 faiz təşkil edəcək. E. Axundovun sözlərinə görə, Azərbaycanda avtobus yığımının lokallaşdırılması onların son dəyərinin azaldılması baxımından da yararlıdır, özü də Hacıqabul sənaye məhəlləsində istehsal olunan avtobusların bir hissəsi qonşu ölkələrə ixrac ediləcək.
Mart biznes forumu çərçivəsində "AzerMash" və İranın "Etihad" şirkəti arasında avtomobil hissələri istehsalı ilə bağlı birgə layihənin həyata keçirilməsi barədə memorandum imzalanıb. "Yeni zavod Neftçala sənaye məhəlləsində yerləşəcək və onun tikintisinə 7 milyon manat sərmayə yatırılması planlaşdırılır. Layihədə "AzerMash"ın payı 50 faiz təşkil edəcək və müəssisənin işə salınması ilə burada 70 nəfər işləyəcək", - deyə E. Axundov bildirib.
Dövlətlərarası layihələr
Avtomobil sənayesi sahəsindəki layihələr son illər Tehran və Bakının birgə həyata keçirdiyi tək sərmayə təşəbbüsü deyil. Belə ki, hazırda Azərbaycanda minə yaxın İran şirkəti xidmət, ticarət, rabitə, sənaye, tikinti, bank və sığorta xidmətləri, həmçinin nəqliyyat sahəsində fəaliyyət göstərir.
"İran Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollardan çox sərmayə yatırıb: bunlardan 3,3 milyard dolları neft sektoruna, 120 milyon dollar qeyri-neft sektoruna yönəldilib", - deyə Ş. Mustafayev bildirib.
Birgə səylər üçün daha bir perspektivli sahə kənd təsərrüfatı istehsalı və emalı sahəsində birgə layihələr ola bilər. Xüsusilə, Bakı və Tehran Azərbaycanda ərzaq məhsulları və texniki mbitkilər istehsalı üzrə üçüncü ölkələrə məhsul ixrac etməyə imkan verə bilən irimiqyaslı aqrar müəssisələrin yaradılması üzrə bir sıra layihələri nəzərdən keçirir. İran və Rusiya arasında kənd təsərrüfatı məhsullar nəqlinin şaxələndirilməsi və "yaşıl" dəhlizin yaradılması üzrə bağlanmış müqavilələr nəzərə alındıqda, belə perspektiv çox cəlbedicidir.
Eyni zamanda Azərbaycan və İran nəqliyyat sektorunda hökumətlərarası layihələr çərçivəsində hökumət səviyyəsində əməkdaşlıq edirlər, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (BND) infrastrukturunun formalaşmasında iştirak edirlər. Son illərdə bu layihənin həyata keçirilməsi yeni bir impuls qazanıb. Artıq bu gün hələ tam bitməsə də, bu dəhliz qonşu dövlətlər, o cümlədən Rusiya tərəfindən fəal olaraq istismar olunur.
"2017-ci ildə Şimal-Cənub BND ilə 27 min ton yük daşınıb, 2018-ci ildə isə artıq bu, 10 dəfə çox - 287 min ton olub. Bu ilin yanvar-fevral aylarının göstəriciləri göstərir ki, bu istiqamətdə yük daşıma həcmi 2019-cu ildə ən azı 600 min ton olacaq ", - deyə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov bildirib.
BND-nin bütün sahələrinin tikintisinin başa çatması ilə birgə dəniz, dəmir yolu və avtomobil yük daşımaları sayəsində Şimal-Cənub marşrutu üzrə yüklərin çatdırılmasını 2 dəfədən çox - 40 gündən 14 günədək azaltmaq mümkün olacaq. Gözlənilir ki, bu marşrutun tam gücü ilə işə salınmasından sonra Azərbaycan ərazisi üzrə yük dövriyyəsinin həcmini 6 milyon tona çatdırmaq mümkün olacaq və gələcəkdə bunu iki qat artırmaq mümkün olacaq.
İki ölkə arasında elektrik enerjisi sahəsində əməkdaşlıq da, xüsusilə Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsini nəzərdə tutan Şimal-Cənub energetika dəhlizinin yaradılması da çox perspektivli görünür. Hər şeydən belə görünür ki, bu proses də son mərhələyə daxil olur. Eyni zamanda Bakı və Tehran həm də İran-Azərbaycan-Türkiyə enerji dəhlizinin yaradılması imkanlarını müzakirə edirlər ki, bu da dövlətlərin enerji sistemlərində kəsir dövründə ölkələri elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.
Bakı və Tehranın elektrik enerjisi sahəsində əməkdaşlıq etdiyi başqa bir sahə su elektrik stansiyalarının tikintisi və transsərhəd çayların hidro-potensialının mənimsənilməsidir. Belə ki, bu yaxınlarda Azərbaycan Respublikası Energetika Nazirliyində sərhəd çayı Araz üzərində «Xudafərin» və «Qız qalası» su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi ilə əlaqədar yaradılmış İran-Azərbaycan birgə texniki komissiyasının iclası keçirilib. 2020-ci ildə onların tikintisi prosesi başa çatacağı gözlənilir.
Burada bir əlamətdar nöqtə var: müqavilədə göstərilib ki, su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də su qovşaqlarında və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasıAzərbaycanın ərazi bütövlüyünın bərpa olunmasına qədər İran tərəfindən təmin edilir.
Bir sözlə, iki qonşu ölkə arasında iqtisadi əməkdaşlıq bütün seqmentlərdə strateji cəhətdən önəmli bir çalar qazanır.
MƏSLƏHƏT GÖR: