25 Noyabr 2024

Bazar ertəsi, 22:05

GÜRCÜSTAN DƏYİŞİKLİKLƏR ASTANASINDA

Ölkədə parlament seçkisi öncəsi siyasi həyat dramatik və gözlənilməzliklərlə zəngin olacaq

Müəllif:

01.04.2019

2019-cu il Gürcüstanın hakim partiyası olan «Gürcü arzusu» üçün kifayət qədər ağır başlayıb. Onun parlamentdə təmsil olunan üzvləri bir-birinin ardınca partiyanı tərk edir. Partiyadaxili vəziyyət Ali Ədliyyə Şurasının Gürcüstan Ali Məhkəməsinin hakimi olmağa namizədlər siyahısını parlamentə təqdim etməsindən sonra baş qaldırıb.

Lakin prezident seçkisində məğlub olmuş müxalifət düşərgəsi də ciddi sarsıntı içərisindədir. Deyəsən, Gürcüstanda ictimai-siyasi həyatı görünməmiş inamsızlıq böhranı bürüyüb.

 

Tərk olunmuş gürcü arzusu

«Gürcü arzusu»nda parçalanma məhkəmə qalmaqalı fonunda başlayıb. Ölkə parlamenti, bir qayda olaraq, hakim çatışmazlığının olduğu Gürcüstan Ali Məhkəməsinə yeni hakimlər seçməli idi. Lakin qanunverici orqana təqdim olunan namizədlər siyahısında adı gündəmə qalmaqallarla gəlmiş bir neçə nəfər yer almışdı. Onların bəziləri əvvəlki hökumətin dövründə Mixail Saakaşvilinin «Vahid Milli Hərəkat» partiyasının siyasi sifarişlərini yerinə yetirməkdə ittiham olunmuşdular. Nəticədə, vaxtilə bu hakimlərdən «başı ağrımış» deputatlar qrupu ilə hakim çoxluq arasında münasibətlər pozulmağa başladı. Və qısa müddətdə «Gürcü arzusu»nu bir neçə «ağırçəkili» siyasətçi tərk etdi. Onların arasında vitse-spiker olacağı gözlənilən Eka Beseliya da var - bu qalmaqalın fonunda o, parlametin hüquq komitəsinin sədri postundan da istefa verdi. Maraqlıdır ki, bununla, təxminən, eyni vaxtda, internetdə Besiliyanın intim videosu yayıldı. Videonun məhz deputatın etiraz etdiyi hakimlər tərəfindən sızdırıldığı istisna deyil. Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani baş verənləri «mənəvi terror» cəhdi kimi qiymətləndirib.

«Hər kəs bilsin ki, nə Eka Beseliya, nə də başqa qadın qorxacaq, dayanacaq və ya təslim olacaq insanlardır», - deyə nazir bildirib.

Adları namizədlər siyahısında yer almış «qalmaqallı» hakimlər namizədliklərini geri götürsələr də, böhranı aradan qaldırmaq mümkün olmayıb. Beseliyanın ardınca «Gürcü arzusu»nu Qedevan Popxadze, Beka Natsvlişvili, Levan Qoqiçaişvili və Zviyad Kvaçantiradze də tərk ediblər. Bundan başqa, Zaza Xutsişvili, Mirian Tsiklauri və Giya Jorjoliani də hakim koalisiyanı tərk etməyə hazırlaşırlar. Lakin artıq partiya onlarsız da parlamentdə çoxluğu əldən verib. «Gürcü arzusu»nun liderləri «vəziyyətin nəzarətdə olduğunu» desələr də, partiyanın imicinə ciddi zərbə dəydiyinə şübhə yoxdur.

Bütün bunların nəticəsində «Gürcü arzusu»nun yaradıcısı və faktiki rəhbəri Bidzina İvanişvili hakim çoxluğun narazı üzvlərilə görüşlərə başlayıb.

 

Arzunun yenilənməsi

Əksər analitiklər deyir ki, Gürcüstanın müasir tarixində hakim qüvvə parlamentdəki ikinci səlahiyyət müddətinin sonlarında problemlərlə üzləşməyə başlayır. 2003-cü ildə «Yeni Gürcüstan uğrunda» partiyası, 2012-ci ildə isə onun varisi «Vahid Milli Hərəkat» partiyası ilə bağlı da vəziyyət belə olub. Hər iki halda hakim koalisiya daxilində müxalifət yaranıb və yeni yaranmış qüvvə qısa müddətdə hədəfinə nail olub. Hesab olunur ki, buna hakim elita daxilində durğunluq səbəb ola bilər. Bəlkə də, «Gürcü arzusu» «köhnə qvardiya» üzvlərinin səs-küylü gedişindən sonra bu üzdən «komandanın yenilənməsi»nə başlayıb. Ölkə parlamentinin spikeri İrakli Kobaxidze bildirib ki, partiyaya yeni üzvlərin cəlbi 2020-ci ilin parlament seçkisinə əsas hazırlıqlardan olacaq.

«Partiyada gedən proseslər yeni, motivasiyası güclü, gələcəyə köklənmiş insanların üzünə qapıları daha geniş açır», - deyə «Gürcü arzusu»nun parlament çoxluğunun lideri Arçil Talakvadze bildirib.

Yenilənmə prosesini, güman ki, ölkənin sabiq baş naziri İrakli Qaribaşvili idarə edəcək. Yenidən «Gürcü arzusu»na qayıtmış Qaribaşvili partiyanın siyasi katibi vəzifəsinə təyin olunub. Əksər ekspertlər onun böyük siyasətə dönüşünü müsbət qarşılayıb. Hətta «qalmaqallı» Eka Beseliya belə, hesab edir ki, sabiq baş nazir əhəmiyyətli və perspektivli siyasi fiqurdur. Bununla yanaşı, Beseliyanın fikrincə, «Gürcü arzusu»nun problemi liderlərin siyasi çəkisində yox, ümumilikdə idarəçilik sistemindədir.

Əslində, «sistem»də problemlərin olduğunu dolayısı ilə son prezident seçkisinin nəticələri də təsdiqləyib. Hər halda, partiyanın namizədi seçkinin ilk turunda qələbə qazana bilməmişdi. «Gürcü arzusu»nun dəstəklədiyi Salome Zurabişvili seçici fəallığının cəmi 46,74 %-ni təşkil etdiyi ikinci turda da cüzi üstünlüklə qələbə çalmışdı. Üstəlik, opponentləri «Gürcü arzusu»nu qələbəni inzibati-maliyyə resursları hesabına əldə etməkdə günahlandırır.

Yaxın Şərqin və Qafqazın Öyrənilməsi İnstitutunun (Gürcüstan) direktoru Vasili Papava hesab edir ki, hakim partiya əvvəlki seçkilərdə nailiyyətinin pik həddinə çatıb. «Gürcüstanda 2018-ci ilin oktyabrında keçirilmiş prezident seçkisi hakim partiyanın mövqelərinin laxladığını aydın şəkildə ortaya qoyub. Halbuki partiya təmsilçiləri dəstəklədikləri Salome Zurabişvilinin parlaq qələbə qazanacağına əmin idilər. Seçkinin ilk turunda namizədlərin topladığı səslərin arasında fərq minimum idi - cəmi 1%. Şübhəsiz ki, gələn il keçiriləcək parlament seçkisində hakim partiyaya bütün «xırda günahları» da xatırladacaqlar», - deyə o, bildirib.

İstənilən halda, İvanişvili partiyada «yeni qan»a ehtiyacın olduğuna əmindir. Bu əməliyyat üçün qanı isə təkamül prinsipilə seçmək lazımdır. Bunun reallıqda necə olacağı, hələ ki, bəlli deyil.

 

Alternativ arzu

Partiyanı tərk etmiş Eka Beseliya artıq Gürcüstanın siyasi meydanında yeni siyasi gücə çevrilmək iddiasındadır. O, «Gürcü arzusu»ndan ayrılmış deputatların parlamentdə 5 yeni fraksiya yaradacağını bəyan edib. Nəzərə alsaq ki, parlament fraksiyasında ən azı 6 deputat olmalıdır, yaxın günlərdə yeni dəyişikliklərin olacağı gözləniləndir.

«Biz təşəbbüsümüzü dəstəkləyən, bu ideyanı özünə yaxın bilən şəxslərlə məsləhətləşmələr aparırıq. Həmin insanların çoxluğu tərk edəcəyi an məsələsidir», - deyə Beseliya bildirib.

Bununla yanaşı, qanunverici orqandakı dəyişikliklərlə azlıqda olan qüvvə müəyyən imtiyazları itirir. Bu mənada «Avropa Gürcüstanı» ilə «Vahid Milli Hərəkat» fraksiyaları da artıq birləşmək haqda danışıqlara başlayıb. Üstəlik, Gürcüstanın ən xarizmatik siyasətçilərindən olan Nino Burcanadze də müxalifətin danışıqlar masası arxasına əyləşib. Onun rəhbərlik etdiyi «Demokratik hərəkat» partiyası majoritar seçki sisteminin birdəfəlik ləğvinə nail olmaq məqsədilə digər müxalifətçilərlə birləşib. Gürcüstanın yeni Konstitusiyasına əsasən, parlament proporsional sistemlə seçiləcək. Ancaq yenilik yalnız 2024-cü il seçkisində tətbiq edilməlidir. Lakin müxalifət mojaritar sistemdən artıq 2020-ci il seçkisinədək xilas olmaq istəyir. İndi təşəbbüs qrupu parlamentə sistem dəyişikliyini dəstəkləyən 200-dən artıq vətəndaşın imzasını təqdim edə bilərsə, qanunvericiliyə dəyişiklik edilməsi məsələsi gündəmə gələcək. Nəzərə almaq lazımdır ki, indi, imza toplanılması ilə 20 siyasi partiya məşğul olacaq.

Bu arada Gürcüstan siyasətində artıq yeni ulduzlar parlamaqdadır. Onlardan biri də «Qanun və ədalət» partiyası ola bilər. Təsis qurultayını martın 10-da keçirmiş partiyanın lideri Tako Çarkviani kifayət qədər radikal bəyanatları ilə tanınır. O, Bidzida İvanişvilinin siyasətdən birdəfəlik getməsini tələb edir, «Gürcüstanın həyati əhəmiyyətli problemlərinin» tezliklə həll edilməli olduğunu deyir.

Politoloq Vasili Papava hesab edir ki, müxalifət düşərgəsində hələlik kimin hansı hədəfləri güddüyünü anlamaq çətindir. Bu isə nəticədə seçicilərin seçim etməsini çətinləşdirir: «Prezident seçikisində seçimini etməmiş elektorat 50%-dən çoxdur. Qalib məhz onları öz tərəfinə çəkə biləcək qüvvə olacaq. Lakin vətəndaşların əksəriyyəti hələ konkret şəxslərə deyil, ideyalara səs vermək səviyyəsinə çatmayıb. Beləliklə, parlament seçkisi öncəsi Gürcüstanda siyasi həyatın dramatik, gözlənilməzliklərlə zəngin olacağını deyə bilərik. Bu, ilk növbədə, istər partiya daxilində və bürokratik aparatda struktur islahatlarının aparılması, istərsə də sosial-iqtisadi proqramının həyata keçirilməsi üçün vaxtı çox az olan hakimiyyətə aiddir».



MƏSLƏHƏT GÖR:

359