23 Noyabr 2024

Şənbə, 18:30

HƏR İŞDƏ BİR XEYİR VAR

Bakıda ticarət mərkəzində baş vermiş yanğının mənfi nəticələri Azərbaycanın sığorta sahəsində boşluqların aradan qaldırılmasına təkan verdi

Müəllif:

15.04.2019

İsmayıllı, Ağsu və Şamaxı rayonlarında baş vermiş son zəlzələlər və «Diqlas» ticarət mərkəzində baş vermiş yanğın, digər məsələlərlə yanaşı, Azərbaycanın sığorta sektorundakı ciddi problemləri və boşluqları da aşkar etdi. Əgər qərb ölkələrində belə fövqəladə hallar baş verəndə maliyyə yükü, adətən, sığorta şirkətlərinin üzərinə düşürsə, bu boşluqlar üzündən Azərbaycanda həmin maliyyə yükünü dövlət öz öhdəsinə götürməyə məcbur oldu. 

Baxmayaraq ki, statistik göstəricilərə görə, son illərdə ölkənin sığorta bazarının həcmi 450 manatdan 728 milyon manatadək, yəni 65 faiz artıb və qeyri-neft ümumi daxili məhsulunda (ÜDM) onun payı 0,8 faizdən 1,6 faizədək artıb.  

"Ümumiyyətlə, sahibkarlara öz əmlaklarını sığortalamaq tövsiyə olunur. Belə olan halda, onlar qəza halında əmlaklarının batmayacağına tam əmin ola bilərlər ", - Prezident İlham Əliyev bu yaxınlarda "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla bağlı keçirilən iclasda bildirib.

Yalnız iş adamlarının deyil, ümumiyyətlə, Azərbaycan əhalisinin əksəriyyətinin sığorta sektoruna cəlbinin olduqca aşağı olmasının səbəbi nədir? Hər şeydən öncə, bu, etibar məsələsidir. Bu sahədəki boşluğu aradan qaldırmaq üçün yalnız icbari deyil, eyni zamanda könüllü sığorta növlərinin də populyarlaşdırılması üzrə çox ciddi maarifçilik işinə ehtiyac var.

Xatırladaq ki, ümumilikdə, bazarda könüllü və icbari sığorta üzrə 50 növ məhsul var və onlardan 35-i könüllüdir. İcbari sığorta növləri iki məqsədi daşıyır. Birincisi, bunlar sosial əhəmiyyətli sığorta növləridir: onların məqsədi əhalidən pul qazanmaq deyil və bədbəxt hadisələr zamanı əhalini müəyyən maliyyə sabitliyi ilə təmin etməkdir. Bu gün Azərbaycan bazarında icbari sığorta növləri bu funksiyanı tam ölçüdə yerinə yetirir. İkinci məsələ könüllü sığorta növlərinə ictimai marağı artırmaqdır. Bunu etmək üçün, sığorta şirkətləri müştərilərə məhz onlara lazım olan məhsulu təqdim etməli, belə məhsullar barədə məlumat verib tanıtmalıdırlar.  

Nümunə kimi ticarət mərkəzindəki yanğına baxılsa, o zaman ən azı iki sığorta halı hadisəsi - daşınmaz əmlaka zərər və daşınar əmlaka zərər hadisələri ortaya çıxır.  

Birinci kateqoriyaya gəldikdə, Azərbaycanda daşınmaz əmlakın sığortalanması icbaridir. Bu, həm fiziki, həm də hüquqi şəxslərin mülkiyyətinə aiddir. Bakıda fiziki şəxslərin əmlakının sığortası üzrə dəyən zərərin qarşılığında 25 min manat ödənilməsi nəzərdə tutulur və illik sığorta rüsumu 50 manata bərabərdir. Sumqayıt, Gəncə və Naxçıvanda bu məbləğ uyğun olaraq 20 min manat nəzərdə tutulur (rüsum 40 manatdır), digər şəhər və rayonlarda 15 min manat manatdır (rüsum isə 30 manatdır). Bununla belə, bir sıra ölkələrdə icbari əmlak sığortası yalnız təbii fəlakət halını əhatə edir, amma bizdə əhatə dairəsi genişlənir, yəni yanğın və başqa fövqəladə hallarda dəyən zərər görə pul ödənilir. Bu, məsələnin sosial yönümündən xəbər verir və Azərbaycan buna daha çox diqqət yetirir.

Hüquqi şəxslərə aid olan daşınmaz əmlaka gəldikdə isə, xüsusilə də ticarət mərkəzləri, iş mərkəzlər və s. bağlı vəziyyət bir qədər fərqlidir – burada əsas mülkiyyətçidən başqa, sığorta problemlərinin həllində icarəçi də iştirak etməlidir. Bax, elə burda boşluq yaranır - hər iki tərəf bu məsələdə məsuliyyəti qarşı tərəfin öhdəsinə qoyur və nəticədə, əmlak heç cür sığortalana bilmir.

Problemin həlli olaraq, İcbari Sığorta Bürosunun (İSB) iccraçı direktoru Rəşad Əhmədov iki variant təklif edir: daşınmaz əmlakın sahibi özü onu sığorta etdirə bilər və daha sonra kirayəçi sahibkarlardan ödədiyi sığorta rüsumunu tuta bilər, yaxud da icarə müqaviləsində göstərə bilər ki , kirayəçi sahibkarlar özləri icarəyə verilmiş əmlakı sığorta etdirməlidirlər. Hər iki variant qanun üzrə keçərlidir.

Yanmış ticarət mərkəzinə qayıdaq - fövqəladə halın nəticələri arasında sosial cəhətdən əsas diqqət oradan kirayə götürmüş sahibkarların mallarına dəyən ziyana yönəldilmişdi. Bu, əlbəttə ki, həmin iş adamlarının daşınar əmlakı, aktivi hesab olunur. Bəs, belə vəziyyətdə necə olmalı? Daşınan əmlak üçün, məlumdur ki, könüllü sığorta nəzərdə tutulur və sahibkarlar, ümumiyyətlə, buna çox istəksiz yanaşırlar. Belə bir fikir var ki, bu, çox bahalı bir həzz və ümumiyyətlə, gərəksiz əlavə xərcdir, özünü doğruldub-doğrultmayacağı, sığorta şirkətlərinin zərərin əvəzini ödəyib-ödəməyəcəyi hələ məlum deyil.  

Bundan başqa, sahibkarların əksəriyyəti könüllü sığorta haqlarının icbari növlərə nisbətən daha böyük olduğuna əmindirlər. Məhz bu, əhalinin və sahibkarların sığorta şərtləri ilə bağlı məlumatlandırılmasının aşağı səviyyədə, daha doğrusu, çox aşağı səviyyədə olduğunu ortaya çıxarır.

Örnəklərlə bunu göstərək. 100 min manat dəyərində əmlakın könüllü sığortası üçün 0,1-0,3% səviyyəsində illik rüsum (il ərzində 200-250 manat) ödənilməsi tələb olunur, obyektdə olan 20 min manatlıq mal üçünsə 100-150 manat yetərlidir. Yəni ayda yalnız 25-30 manat ödənilməsi ilə fövqəladə hallar zamanı zərərin sahibkara tam şəkildə ödəniləcəyinə əmin olmaq mümkündür. Qeyd edək ki, bütün dünyada olduğu kimi, rüsumu hissələrlə ödəmək olar. Rüsumun miqdarı məhsulun özəlliyindən asılı olaraq fərqlənir - məsələn, sürətlə yanan pambıq məhsullara baxanda tikinti materialları üçün daha azdır.

İstənilən halda, ödənilən rüsumlar sığortalanmış hal üzrə zərərin, demək olar ki, 100 faizlik qarşılanması müqabilində cüzidir. Sığorta şirkətlərində etimad səviyyəsinə gəlincə, Rəşad Əhmədov vurğulayıb ki, sığorta halları üzrə ödənişlərə nəzarət baxımından bu gün sığorta bazarında vəziyyət 15-20 il əvvəlki vəziyyətdən yetərincə fərqlənir. Əgər əvvəllər bir müştərinin sığorta şirkətinə sorğusuna cavab üçün uzun müddət tələb olunurdusa, indi onlayn-informasiya sistemi vasitəsilə bunu qısa müddətdə etmək mümkündür. Bundan əlavə, sığorta halı üzrə ödənişlə bağlı müraciət edərkən dərhal cavab verilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Firdovsi Ağaşirinovun sözlərinə görə, bu faktdır ki, "İcbari sığorta haqqında" qanunun hələ 2011-ci ildə qüvvəyə minib və sığorta şirkətləri yetərincə maarifləndirmə işi aparıblar, lakin vətəndaşlar özlərini gələcək risklərdən sığortalamağa tələsmirlər və bu, onların öz əmlaklarına laqeydliyindən xəbər verir. "Hazırda Azərbaycanda 22 sığorta şirkəti (o cümlədən həyat sığortası üzrə 4 şirkət) və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir, həmçinin minə yaxın sığorta vasitəçisi var ki, əhali onların vasitəsi ilə sığorta məhsulları haqqında məlumatlandırılır. Bu göstərir ki, infrastruktur var, lakin əsas məsələ onlardan düzgün və vaxtında istifadə etməkdir", - deyə F.Ağaşirinov vurğulayıb.

Onda bəs nə üçün avtomobil sığortası sahəsində vəziyyəti fərqlidir? Son məlumatlara görə, bu gün ölkədə avtomobillərin 95% -i sığorta olunur. Özü də, icbari avtomobil sığortası üzrə 100 milyon manata yaxın rüsum yığıldığı halda sığorta halları üzrə ödənişlər təxminən 60 milyon manat təşkil edib. Cavab isə birdir - Dövlət Yol Polisi tərəfindən sıx nəzarət var. Etiraf etmək lazımdır ki, əgər avtomobil sahiblərinin 50%-i sığortanın vaciblik dərəcəsini dərk etsə, cəza olmasaydı, qalan hissə çox məmnuniyyətlə öz avtomobilini və başqasının avtomobili risk qarşısında qoya bilərdi.  

Buna görə ekspertlər haqlı olaraq hesab edirlər ki, digər icbari sığorta növlərinin icrasına nəzarətin gücləndirilməsinin vaxtı çatıb.

Ancaq bu, necə deyərlər, medalın yalnız bir üzüdür. Bunun əks tərəfi də var: niyə sığorta şirkətləri icbari sığorta növləri siyahısını artırmaq yerinə, sığortanı cəlbedici maliyyə alətinə çevirmək barədə düşünmürlər? Gerçəkdən, potensial müştərilər sığorta şirkətlərinin keyfiyyətli məhsullarını əldə etmək üçün müqavilə bağlamaqda maraqlı olmalıdırlar. Yəni sığorta şirkətləri dövlətdən kömək gözləmək əvəzinə rəqabət mühiti yaratmaq və insanların etibarını qazanmaq barədə düşünməlidir ki, bu da ümumi sığorta mədəniyyətinin formalaşması üçün amilə çevrilə bilər.

Bu barədə nəzarət orqanları da vədlər verirlir - dövlət başçısının yuxarıda bəhs edilən qeydlərinə əsasən Palatanın sığorta bazarının və sığorta şirkətlərinin yoxlanılması üzrə birgə layihəsinin həyata keçirilməsinə artıq başlanılıb. Bundan başqa, maliyyə xidmətlərinin inkişafı üzrə strateji yol xəritəsində nəzərdə tutulduğu kimi sığorta bazarının inkişafı üçün fəaliyyət planı hazırlanıb və yaxın zamanlara bir sıra layihələrin işlənməsi başa çatacaq və onların tətbiqi başlayacaq. Bunlar sırasına kənd təsərrüfatı sığortasının və mikrosığorta məhsullarının tətbiqi üzrə mexanizmlərin işlənməsi, həmçinin birgə sığorta mexanizminin işlənməsi və s. daxildir. Həmçinin avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı zərərin birbaşa tənzimlənməsi ilə bağlı işilər də davam etdirilir, həmçinin vahid sığorta reyestri yaradılır.

Nəzarət orqanlarının nümayəndələri qeyd edirlər ki, Azərbaycanda son 10 il ərzində sığorta sektorunun inkişafı üçün çox işlər görülüb. Lakin sığorta şirkətlərinin icbari sığorta növlərini satın alan müştərilərə, inkişaf etmiş ölkələrdə olduğu kimi, könüllü sığorta növləri də təklif etməklə çarpaz satışları tətbiq etməsinin zamana ehtiyacı var.  

Demək olar ki, yalnız bir hal – ticarət mərkəzində baş vermiş yanğın və onun mənfi nəticələri Azərbaycanın sığorta bazarı üçün dönüş nöqtəsi ola bilər, buna görə də sektorda ciddi dəyişikliklər üçün çox uzun müddət gözləməyə ehtiyac olmayacaq.



MƏSLƏHƏT GÖR:

331