23 Noyabr 2024

Şənbə, 20:33

TRANS-XƏZƏR EKSPRESİ

Yaxın aylarda Türkmənistan az ixracı ilə bağlı ciddi seçim eləməlidir

Müəllif:

15.04.2019

Ötən ayın sonunda ABŞ prezidenti Donald Tramp türkmən qazının Xəzər dənizi dibi və daha sonra Cənubi Qaz Dəhlizi ilə nəqli barədə çoxdan gündəmdə olan ideya ilə bağlı gözlənilməz bir açıqlama verdi. Sanki Amerika prezidenti Türkmənistanı bu layihəni gerçəkləşdirməyə çağırdı. "Ümid edirəm ki, Türkmənistan Xəzərin hüquqi statusunun bu yaxınlarda müəyyənləşdirilməsindən sonra Qərbə qaz ixracı ilə bağlı yaranmış yeni imkanlarından faydalana bilər", - deyə Amerika lideri Novruz Bayramı münasibətilə prezident Qurbanqulu Berdiməhəmmədova ünvanladığı təbrik teleqramında bildirib.

Bununla yanaşı, məlumdur ki, neft-qaz sənayesi Türkmənistan iqtisadiyyatında əsas sahələrdən biridir və respublika hökuməti qarşısında yeni karbohidrogen yataqlarının axtarışı da daxil olmaqla, onun inkişaf etdirilməsi ilə bağlı xüsusi bir tapşırıq qoyulub. Amma bu planlar yetərincə iddialı və çətin yerinə yetirilə bilən Trans-Xəzəri nə dərəcədə əhatə edir?

 

Qaz hasilatının perspektivləri

Başlanğıc üçün qeyd edək ki, 2018-ci ilin noyabrında ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov «Türkməngeologiya» dövlət korporasiyasından sahənin idarə olunmasınının təkmilləşdirilməsi ilə yanaşı, yeraltı sərvətlərin və xammal qaynaqlarının sistemli geoloji tədqiqatını "düzgün qaydada" aparılmasını, tələb etməsini tələb etdi. Dövlət başçısı Nazirlər Kabinetinin martın 7-də keçirilən iclasında baş nazirin müavininə əmr edib ki, nəzarət etdiyi "Türkmənqaz", "Türkmənneft" və "Türkməngeologiya" dövlət konsernlərinin səmərəliliyinin artırılması üzrə işlər gerçəkləşdirsin. Q. Berdiməhəmmədov, həmçinin neft-qaz kompleksinin modernləşdirilməsi, yerli enerji daşyıcılarının dünya bazarlarına nəqlinin şaxələndirilməsi, neft və qaz məhsullarının istehsalı üçün müəssisələrin tikintisi üçün ayrılmış sərmayələrin mənimsənilməsini sürətləndirməyi əmr etmişdi.

Martın sonunda Türkmənistanın neft və qaz sektoru daha bir uğur barədə məlumat yaydı – «Qalkınış» yatağında 301 saylı quyu gündəlik debiti 1,9 milyon kubmetr olan iri sənaye önəmi daşıyan təbii qaz axını verib. Doğrudur, bu, «Qalkınış»ın işlənməsində 2019-cu ilin əvvəlindən bu yana qazmaçıların əldə etdiyi ilk uğur deyil. Yanvar ayında 262 saylı quyuda gündəlik debiti 1,94 milyon kubmetrə bərabər olan iri sənaye əhəmiyyətli təbii qaz axını əldə edilmişdi. Hal-hazırda "Qalkınışın" 8 digər qaz quyusunda qazma işləri davam etdirilir.

Türkmənistan üçün bu sahədə uğurlar nəyə görə vacibdir? Məsələ bundadır ki, «Qalkınış» İranın «Cənubi Pars» yatağından sonra dünya üzrə ehtiyatına görə ikinci ən böyük təbii qaz yatağıdır. Britaniyanın «Gafney, Cline & Associates» konsaltinq şirkəti bu yatağın təxmin edilən ehtiyatlarını (yanaşı yerləşən «Yaşlar» yatağı ilə birlikdə) 26,2 trilyon kubmetrdən 27,4 trilyona qədər kubmetr təbii qaza qələr artırıb. Ehtiyatların artırılması yanaşı yerləşən "Qarakel" yatağının açılması hesabına təmin edilib.

Bəhs edilən «Qalkınış» yataqlar blokuna «Cənubi Yolotan», «Osman», «Yaşlar» və bir sıra daha kiçik yataqları əhatə edir. Türkmən geoloqlarının fikrincə , bunların hamısı vahid bir geoloji yataq kimi təqdim oluna bilər.

Hazırda "Qalkınış" yatağından qaz daxili bazara göndərilir, həmçinin Özbəkistan və Qazaxıstandan keçən və illik nəql gücü 55 milyard kubmetrə bərabər olan boru kəməri vasitəsilə Çinə ixrac olunur. Bundan başqa, «Qalkınış» qazı illik 33 milyard kubmetr olan TAPI (Türkmənistan - Əfqanıstan - Pakistan - Hindistan) qaz kəməri üçün resurs bazası olaraq nəzərdə tutulur.

Bu yatağın qaz ehtiyatlarının Avropa istiqamətində nəql edilməsi nəzərdə tutulur və burada ən perspektivli variant Trans-Xəzər qaz kəməri sayılır ki, bu barədə artıq bir neçə ildir ki, Türkmənistan, Türkiyə, Azərbaycan, Gürcüstan və Avropa İttifaqı arasında müzakirələr gedir. Xəzər dənizinin dibi ilə çəkilməli olan borunun ötürmə gücü ildə 30 milyard kubmetr təşkil edəcək.

 

Əlverişsiz ixrac  

Lakin bu cür ürəkaçan perspektivlərin təqdim olunmasına baxmayaraq, türkmən qazının ixracının real mənzərəsi hələ ki çox narahatdır. Türkmənistanın yeganə qaz idxalçısı hazırda Çindir və bu, təxminən, 35 milyard kubmetrə bərabərdir. Faktiki olaraq, ölkə bir alıcıdan tamamilə asılıdır. Eyni zamanda açıq qaynaqlardan əldə edilən məlumata görə, Çin Xalq Respublikasına qaz ixracı dövlət xəzinəsinə elə də böyük gəlirlər gətirmir, çünki onların bir hissəsi «Qalkınış» yatağının işlənməsi və qaz kəməri tikintisi üçün Çin bankları tərəfindən Türkmənistana verilmiş kreditlərin geri qaytarılmasına yönəldilir.

TAPI qaz kəmərinin inşası ilə də işlər elə də hamar getmir. Türkmənistanın özündə bu layihəyə böyük ümid bağlayırlar və ciddi iddiaları var. Axı, söhbət yalnız bir qaz boru kəmərindən deyil, eyni zamanda bütün Asiya regionuna qlobal dəyişikliklər gətirə biləcək bütöv bir enerji və infrastruktur təşəbbüsləri siyahısından gedir.  

Bu layihənin operatoru «TAPI Pipeline» şirkətidir ki, onun səhmlərinin 85%-i Türkmənistanın «Türkmənqaz» konserninə, 5%-i Hindistan «Gail» şirkətinə, 5%-i Pakistanın «Inter State Systems» (ISGS) şirkətinə və 5%-i də Əfqanıstanın «Afghan Gas Enterprise» (AGE) şirkətinə məxsusdur. Qaz kəmərinin istismara verilməsi 2019-cu ilin sonuna - 2020-ci ilin əvvəlinə planlaşdırılır və buraxılış tarixi dəfələrlə təxirə salınıb. Proqnozlaşdırılan istismar müddəti 30 ildir. Layihənin ümumi dəyəri, təxminən, 7 milyard dollar qiymətləndirilir.

Ancaq bu layihənin həyata keçirilməsində əsas problem Əfqanıstandakı qeyri-sabit vəziyyət üzündən təhlükəsizliklə bağlıdır ki, bu da maliyyə cəlb edilməsini çətinləşdirir. Bundan əlavə, TAPI vasitəsilə nəql ediləcək qaz həcmləri ilə bağlı qeyri-müəyyənliklər mövcuddur.

Bununla belə, qrafik üzrə gecikmələr olmasına baxmayaraq, istənilən halda, işin gedişində irəliləyiş var. Qaz kəmərinin Türkmənistan hissəsinin çəkilməsinə 2015-ci ilin dekabrından başlayıb. Əfqanıstanda tikintiyə başlama mərasimi 2018-ci il 23 fevral tarixində keçirilib, ancaq tikintinin nə zaman başa çatacağı hələ aydın deyil. Hindistan artıq Pakistanla sərhəddə bütün zəruri infrastrukturu tikib. Pakistan da sanki öz hissəsində magistral qaz boru kəmərinin tikintisi üzrə işlərə başlamaq üçün fəal hazırlaşır və ümid edir ki, Türkmənistandan Hindistan sərhədinə qədər qaz kəməri artıq 2020-ci ildə hazır olacaq, amma bunun mümkün olub-olmayacağı hələlik şübhə doğurur.

Bununla yanaşı, Türkmənistan layihəyə, o cümlədən onun maliyyələşdirilməsinə qatılmaq üçün Səudiyyə Ərəbistanı, Yaponiya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Azərbaycan və Rusiya kimi ölkələri dəvət edib. Ancaq indiyə qədər yalnız Ər-Riyad layihəyə maliyyə dəstəyi verməyə hazır olduğunu bildirib. 2017-ci ilin noyabr ayında Səudiyyə İnkişaf Fondu TAPİ-nin Türkmənistan hissəsinin tikintisi üçün nəzərdə tutulmuş qaz borularının alınmasına 40 milyon dollar ayırıb. Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Fəleh «Al- Riyad» qəzetinə mart ayında verdiyi müsahibədə bildirib ki, ölkənin aparıcı dövlət şirkəti «Saudi Aramco» Xəzəryanı ölkələrə və xüsusilə Türkmənistana iri təbii qaz sahibləri kimi baxır və və Türkmənistandan Hindistana qaz kəməri layihəsinin maliyyələşdirilməsində iştirak etmək üçün imkanları araşdırır.  

Onun sözlərinə görə, Səudiyyə şirkətlərinin bu nəhəng layihədə iştirakı "Saudi Aramco"nun qlobal təbii qaz ticarətinə, əsasən də Avropa və Asiya arasında gedən təbii qaz ticarətinə «böyük yatırımı olacaq». "Krallığın Azərbaycan, Qazaxıstan və Türkmənistan da daxil olmaqla Mərkəzi Asiyaya ciddi strateji yerləşmə ilə bağlı planları var. Buna layihələrə – yataqların işlənməsindən neft və qazın emalına qədər olan layihələrə böyük sərmayə yatırımları daxildir ", - deyə Xalid əl-Faleh bildirib.

 

Dumanlı «Trans-Xəzər»

TAPI ilə vəzyyət yavaş-yavaş olsa da, alınır, amma Trans-Xəzər qaz kəməri layihəsi ilə bağlı vəziyyətdə açıqlamalardan o yana heç bir irəliləmə görünmür. Şübhəsiz ki, ABŞ-dan və Aİ-dən layihəyə güclü siyasi dəstək verilməsinə baxmayaraq, onun həyata keçirilmə perspektivləri yetərincə dumanlı görünür. Aşqabad açıq-aydın şəkildə türkmən qazını Avropaya çatdırmaq üçün sualtı qaz boru kəmərinin çəkilməsi layihəsi üzrə işləri fəallaşdırmağa tələsmir və Rusiya ilə "qaz müharibəsi"nin sona çatması bu məsələninin həllini qeyri-müəyyən müddətə təxirə sala bilər.

Yada salaq ki, 2016-cı ilin yanvarında "Qazprom" Türkmənistandan qaz almaqdan imtina edib və 2018-ci ilin sonunadək "müqavilədə pauza" elan edib. Rusiya şirkəti qiyməti əlverişsiz sayırdı. "Türkmənqaz"la onun azaldılması ilə bağlı heç bir razılıq əldə edilmədi və 2015-ci ilin ortalarında "Qazprom Eksport" («Qazprom» şirkətinin struktur bölməsi – «R+») qazın qiyməti ilə bağlı 2010-cu ildə əldə edilmiş razılaşmanın yenidən nəzərdən keçirilməsini tələb edərək, arbitrajda iddia qaldırdı. Rusiya şirkəti, təxminən, 4 milyard dollar dəyərində kompensasiya məbləği tələb edirdi.

Bununla yanaşı, son hadisələrdən belə görünür ki, "Qazprom"la "sülh" elə də uzaq deyil. Rusiyada qaz konserninin başçılarının Türkmənistan rəhbərliyi ilə çoxsaylı görüşləri artıq müsbət nəticə verib: "Qazprom" yaxın vaxtlarda türkmən qazının satın alınmasını bərpa etməyə ümidlidir. "Qaz sektorunda əməkdaşlığımızı genişləndirmək üzrə böyük perspektivlər görürük, ən başlıcası isə, biz yaxın zamanlarda türkmən qazının satınalınması üzrə müqavilə çərçivəsində işlərimizi davam etdirəcəyik", - deyə «Qazprom» İdarə Heyətinin sədri Aleksey Miller türkmən televiziya kanalı "Vatan"a müsahibəsində bildirib.

A. Millerin sözləri bir növ Türkmənistan prezidenti Qurbanqulu B Berdiməhəmmədovla Aşqabadda 27 martda baş tutmuş görüşə yekun vurdu. Lakin o, tərəflərin müqaviləni hansı şərtlərlə yeniləmək barədə razılığa gəldiklərini açıqlamayıb.

Əməkdaşlığın bərpası hər iki tərəf üçün faydalı olacaq. Bu, Aşqabada qaz ixracını şaxələndirmə imkanı yaradacaq və çinlilərdən asılılığı azaldacaq. "Qazprom" isə 2019-cu ilin sonuna kimi istismara verilməsi planlaşdırılan «Türk axını» borusunu türkmən qazı ilə doldurmaq imkanı qazanacaq. Bununla yanaşı, qaz əməkdaşlığı genişləndirilə bilər və Rusiya «Qalkınış» yatağının istimarına cəlb edilə bilər.  

Digər tərəfdən artıq qeyd olunduğu kimi, türkmən qazının alınmasına qərar verməklə Rusiya Trans-Xəzər qaz kəmərinin tikintisi planlarının üstündən xətt çəkə bilər və bununla da, Avropa bazarına Xəzər regionundan ciddi rəqibin çıxmasının qarşısını alar.  

Bununla belə, Türkmənistan hələ də layihədən imtina etmir. Əksinə, bu ilin fevralında Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev Bakıda Cənub Qaz Dəhlizi layihəsinin Məsləhət Şurasının 5-ci iclasının plenar sessiyasında çıxış edərək bildirib ki, Trans-Xəzər qaz kəməri Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə qiymətli töhfə verə bilər.  

"Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə qiymətli töhfə verə biləcək layihələrdən biri də Trans-Xəzər qaz kəməridir. Türkmənistan Avropa ölkələrinin bazarlarını təbii qazla təmin etmək üçün kifayət qədər ehtiyatlara malikdir", - deyə Y.Kakayev bildirmişdi. Onun sözlərinə görə, Avropaya qaz tədarükünü təmin etməyə imkan verəcək layihə məhz Trans-Xəzər qaz kəməridir.

"Türkmənistan bu layihə üzrə danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyir. Əminəm ki, Cənub Qaz Dəhlizinin yaradılması layihəsi üzrə Məsləhət Şurasının iclası Trans-Xəzər qaz kəməri layihəsinin uğurla həyata keçirilməsində daha bir addım olacaq",- deyə Y.Kakayev vurğulamışdı.

Belə görünür ki, yaxın aylarda Türkmənistan qaz ixracının gələcəyi ilə bağlı ciddi seçim etməlidir. Cənub Qaz Dəhlizinin yaradılması üzrə işlər, demək olar ki, yekun mərhələdədir və bundan sonra layihə iştirakçıları CQD-nin ötürmə həcmini 2 dəfə (ildə 20 milyard kubmetrə qədər) genişləndirmək üzrə planı yerinə yetirmək üçün əlavə qaz mənbələri axtarırlar, yəni türkmənlərin düşünməsi üçün vaxt çox az qalıb. Əsas odur ki, məqamı qaçırmasınlar.



MƏSLƏHƏT GÖR:

339