29 Noyabr 2024

Cümə, 13:43

«ƏYİLMƏZ MÜBARİZ» YOXSA “İPƏK KƏLƏFİ”

Rusiya imperiyasının məhkəmə orqanları Qaregin Njdeni 1912-ci ilin daşnak prosesinə görə niyə həbs və mühakimə etməyib?

Müəllif:

15.04.2019

Xüsusi xidmət orqanları arxivləri fondlarında bəzən onların fəaliyyətinə heç bir aidiyyəti olmayan sənədlərə belə, rast gəlinir. Bu, həmin sənədlərə marağı yalnız artırır. Mən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində işləyərkən qarşıma «Daşnaksutyun» partiyasının 1912-ci ildə Sankt-Peterburqda keçirilmiş məhkəmə prosesilə bağlı işə rast gəldim. Onu öyrənən zaman Rusiya imperiyası məhkəmə orqanlarına aid sənədin Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və indiki Azərbaycanın dövlət təhlükəsizlik orqanları üçün nədən maraq kəsb etdiyi aydın oldu.

Sənədin adı çox lakonik və qısadır. Cəmi iki kəlmə - «İttiham aktı». Onun ilkin istintaq orqanlarının indiki sənədlərilə bənzərliyi bununla bitir. Məsələ ondadır ki, həmin sənəddə 1 nəfər deyil, hökumətə qarşı çıxmış bütöv bir təşkilat ittiham olunur. Söhbət XX əsrin əvvəllərində Rusiya imperiyasına qarşı fəaliyyət göstərmiş «Daşnaksutyun» Erməni İnqilabi Federasiyasından gedir.

İşin miqyasını sadəcə bir məqam aydın şəkildə ortaya qoyur: daşnaklar üzərindəki məhkəmə prosesinə hakimlər, ittihamçılar, vəkilləri və şahidlər daxil olmaqla, 800-dək insan cəlb olunubmuş. İttiham aktı və məhkəmə-istintaq materialları isə böyük bir kitabdır – 270 səhifə. Müasir insanın ilkin istintaq orqanlarının işinin miqyasını anlaması üçün qeyd edək ki, 158 daşnaka qarşı irəli sürülmüş ittiham aktının mətni müasir kompüter şriftləri ilə normal yığımda 1300-1500 səhifəyə bərabərdir. Amma burada təəccüblü heç nə yoxdur. Çünki istintaq «Daşnaksutyun»un 1904-cü ildən etibarən törətdiyi bütün cinayətləri bir araya toplamalı, eyni zamanda məsuliyyətə cəlb olunmuş şəxslərin hər birinin dövlət əleyhinə fərdi qanunsuz fəaliyyətini ortaya qoymalı idi.

Bir qədər irəli gedərək qeyd edim ki, bu sənəd Qaregin Njdenin (Ter-Arutunyan) XX əsrin əvvəllərində erməni milli hərəkatında iştirakına və daşnakların Rusiyaya qarşı fəaliyyətində guya aktiv rol oynaması haqda Ermənistanın rəsmi təbliğatının bir çox məqamlarını rədd edir. Onun tərcümeyi-halını yazanlar iddia edir ki, Njde 1909-cu ilin noyabrında çar hökuməti tərəfindən saxlanılaraq (o zaman «Daşnaksutyun» partiyasının 163 üzvü tutulmuşdu) və türməyə göndərilib. Deyilir ki, o, 4 həbsxanada saxlanılaraq dindirilib: Culfa, Naxçıvan, Novoçerkassk, Peterburq. 1912-ci ilin martında azadlığa buraxılıb və Bolqarıstana köçüb.

Bizim əlimizə keçmiş sənədlərlə tanışlıq zamanı isə görürük ki, çar hökumətinin Njdeyə qarşı təqibləri heç də onun müdafiəçilərinin iddia etdiyi qədər sərt olmayıb. Məlum olur ki, Qaregin Ter-Arutunyan daşnaklar arasında ciddi rola, nüfuza sahib olmayıb. Daşnaklar üçün o, ideya yoldaşı yox, sadəcə, «yol yoldaşı» olub. Bunun izahı kifayət qədər sadədir: Njde daşnaklara yalnız 1907-ci ildə qoşulub. Bu zaman isə 1905-1906-cı illərin «erməni-tatar qətliamı» artıq başa çatmışdı. Odur ki, Njde fədai-yaraqlı ola bilməzdi. Rəhbər rolu üçün isə o, hələ çox gənc, çox təcrübəsiz idi (Njdeyə dövlət əleyhinə fəaliyyətilə bağlı ittiham irəli sürülən zaman onun cəmi 23 yaşı olub. Halbuki onunla birlikdə mühakimə olunanlar 30-50 yaşlarında kişilər idi).

Barəsində danışdığımız sənəddə Njdenin adı 3 yerdə, o da məhkəməyə cəlb olunmuş daşnakların ümumi siyahısında çəkilir. İlk siyahıda o, 134-cü yerdə «Qaregin Ter-Arutunov» kimi, ikinci sənəddə 135-ci yerdə «keşiş oğlu Qaregin Yegişe Ter-Arutunov, 23 yaş» kimi qeyd olunub. Üçüncü sənəddə onun adı 92-ci sıradadır.

Bu məlumatlara əsaslanaraq, gənc Njdenin daşnakların sırasındakı real yerini müəyyənləşdirmək çox çətindir. Amma görünən odur ki, o, ilk sıralardan çox uzaq olub. Bizim üçün ən maraqlısı isə üçüncü siyahıdır – orada Njdenin məhkəməyə haradan aparılacağı qeyd olunur. Məlum olur ki, «Qaregin Yegişe Ter-Arutyunov» məhkəmə iclaslarına İrəvan quberniyasının Naxçıvan qəzasının Yuxarı Aza kəndindən çağırılırmış. Bu, siyahıdakı qonşularının prosesə çağırıldıqları yerlərlə tam təzad təşkil edir. Məsələn, Ayk Mkrtıçevis Soqomonyan (№91) Peterburqa Rostov həbsxanasından, Vratazar Qalustoviç Mnatsakanyar (№943) isə Tiflisin Metex həbsxana qalasından gətirilirdi.

Belə çıxır ki, Qaregin Njde 1911-ci ilədək həbsdə olmayıb – nə Culfada, nə Naxçıvanda, nə Novoçerkasskda, nə də Peterburqda. O, Yuxarı Aza erməni kəndində nisbətən rahat şəraitdə, sadəcə, polis nəzarətində yaşayırmış. Bu zaman Njdenin kənddə sərbəst gəzib-dolaşmaq imkanı da var imiş. Yəni orqanlar Njdeni dövlət üçün ciddi təhlükə saymır, bu səbəbdən də, onun həbsinə, ifadəsinin alınmasına lüzum görmürmüş. Njde, güman ki, istintaq altındakı şəxs kimi də çox üzüyola imiş, istintaqı çaşdırmağa çalışmırmış. O, ifadə zamanı heç nəyi gizlətmir, qarışıq danışmırmış və bu üzdən, tamamilə ziyansız, problemsiz şəxs kimi azadlıqda gəzirmiş.

Halbuk, Njdenin müdafiəçiləri onun, guya, ən azı 2, hətta 3 il Rusiya həbsxanalarında əziyyət çəkdiyini iddia edir, bununla da, onu qəhrəmanlaşdırmağa, «parlaq inqilabçı», «din əzabkeşi», «erməni xalqının idealları uğrunda savaşan mübariz» kimi təqdim etməyə çalışırlar. Reallıqda isə bu, qətiyyən belə deyil.

1912-ci ilin Peterburq prosesində daşnaklara qarşı ittiham 2 hissədən ibarət olub. Onları şərti olaraq «ümumi» və «fərdi» adlandırmaq olar. İlk hissə daha çox siyasi xarakter daşıyıb və dövlətə, idarəçiliyə qarşı yol verilmiş cinayətlərdən bəhs edib. O, məhkəmənin cinayətkar elan etdiyi təşkilatın üzvlərinə qarşı irəli sürülüb.

İkinci hissə hər müttəhimin təkbaşına, yaxud partiyanın ümumi fəaliyyətindən kənar törətdiyi cinayətlərlə bağlı olub.

Mövzudan bir qədər yayınaraq qeyd etmək lazımdır ki, 34 il sonra – 1945-1946-cı illərdə analoji hüquqi sənəd strukturundan Nürnberqdə Beynəlxalq Hərbi Tribunalın ittiham hazırdığı vaxt da istifadə edilib. Sadəcə, 1912-ci ildə Peterburqda eyni sxemlə daşnakları, 1946-cı ildə Nürnberqdə isə nasistləri ittiham ediblər.

İttiham edilən daşnakların cinayət siyahısı daha ciddi görünür. Müasir hüquqi dillə desək, Rusiya imperiyasının məhkəmə hakimiyyəti erməni millətçilərinin «Daşnaksutyun» partiyasını bu cinayətlərdə ittiham edirdi:

- terrorçu qrupun yaradılması və onda iştirak;

- terror təşkilatının yaradılması və belə təşkilatların fəaliyyətində iştirak;

- terrora açıq çağırış, terrorçuluğun açıq təbliği və ona haqq qazandırılması;

- terror aktlarının törədilməsi;

- kütləvi iğtişaşlar;

- qeyri-qanuni silah, sursat, partlayıcı maddə və qurğu dövriyyəsi;

- qanunsuz silah, sursat, partlayıcı maddə və qurğu hazırlanmısı;

- odlu silahların, onun detallarının, sursatların, partlayıcı maddə və ya qurğuların oğurlanması və ya zorla ələ keçirilməsi;

- dövlət və ya ictimai xadimlərin həyatına qəsd;

- hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı sui-qəsd;

- hakimiyyət nümayəndələrinə qarşı zor tətbiqi;

- silahlı qiyam;

- xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxslərin qətli;

- ümumi təhlükəli vasitələrlə qətl;

- qətllər

- hər hansı sosial qrupa qarşı siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və düşmənçilik zəmnində törədilmiş qətllər;

- ölümlə və sağlamlığa ağır zərər vurmaqla hədələmə;

- mühafizə olunan obyektlərə qanunsuz soxulma;

- zorakılıq;

- qanuni sahibkarlıq və digər fəaliyyətə mane olma;

- vergidən yayınma;

- vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi;

- qanunsuz sahibkarlıq fəaliyyəti;

- ədalət mühakiməsinə və ya ilkin istintaqa mane olma.

Daşnaklara qarşı irəli sürülmüş ittihamlara əsasən, tam əminliklə demək olar ki, XX əsrin əvvəllərində Rusiya imperiyasının regionlarında «Daşnaksutyun» partiyasının böyük əksəriyyəti erməni, yaxud ittiham aktında qeyd olunduğu kimi, «erməni mənşəli» üzvləri öz dəftərxanası, mühasibatlığı, az qala bank sistemi olan paralel inzibati sistem qurublarmış. Onların öz hərbi dəstələri, silah anbarları, partiya məhkəməsi də var imiş. Bu məhkəmənin qərarları ermənilərin dini fantaziyaları əsasında amansızcasına həyata keçirilirmiş.

Yenə də mövzudan uzaqlaşaraq qeyd edək ki, Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyasının qurularaq hakim partiyaya çevrildiyi dövrdəki strukturu daşnakların Rusiya imperiyasında qurduqları struktura çox bənzər olub. Fərq yalnız ondadır ki, nasistləri lap əvvəldən alman burjuaziyası bəsləyib və maliyyələşdirib, Rusiyadakı erməni millətçiləri isə özlərini şantaj və digər qanunsuz yollarla əldə etdikləri vəsaitlə saxlayıb. Onlar bunu öz xalqını qorxu altında saxlamaqla, terrora məruz qoymaqla, onu soymaqla ediblər.

Daşnakların bütün sadalanan ağır və xüsusilə ağır cinayətləri fonunda Qaregin Njdenin hökumət əleyhinə fəaliyyətdə təqsirləndirilməsi gülünc görünür. Bu səs-küylü süni yaradılmış «qəhrəman» obrazının arxasında, əslində, həm mahiyyət, həm də miqyas baxımından cılız bir şəxs dayanırdı. O, yalnız «1908-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Kaznut kəndində kəndçilərini hökumət məktəbini qapatmağa, birliyin maraqlarına uyğun, ondan asılı özəl məktəbin açılmasına çağırmaqda» günahlandırılır. Njdeyə qarşı irəli sürülmüş daha bir ittiham birlik üçün məcburi qaydada pul yığması və «Erməni İnqilabi Partiyası «Daşnaksutyun»un 1906-cı il 21-27 may tarixli Mkrstan rayon iclasının qətnaməsi» adlı nəşri öz evində saxlaması ilə bağlı olub. Müvafiq olaraq, 1908-1909-cu illərdə o, doğma kəndindən heç yana çıxmayıb, valideynlərinin evində yaşayıb, yerlilərini uşaqlarını dövlət məktəbinə göndərməməyə razı salmağa çalışıb. Bununla, Njde kəndçilərinin övladlarının özəl, milli-dini istiqamətli məktəbdə təhsil almasına çalışıb və 1 ədəd abstrakt psevdoinqilab məzmunlu broşürü özündə saxlayıb. Bundan başqa, o, daşnak partiyasının yerli qanadının (əgər onun kəndində belə bir təşkilat olubsa) xəzinədarı imiş. Beləliklə, Njdenin mənasız, aşkar səfeh fəaliyyəti daha çox bir gəncin donkixotluğu olub, nəinki imperiya hökumətinə real təhlükə. Odur ki, ilkin istintaq zamanı Njdenin həbs olunmaması qətiyyən təəccüblü deyil. Daşnaklar üzərində 1912-ci ildə Sankt-Peterburqda baş tutmuş məhkəmədə isə istintaq, ümumiyyətlə, onun cinayət məsuliyyətinə cəlbinə ehtiyac hiss edilməyib və Njde sərbəst buraxılıb.

Njde guya «rus çarizminin divarları arasında» məşəqqətlər gördüyü, əzablar çəkdiyi haqda mifi xeyli sonra – 1944-cü ildə uydurub. Bu, onun Bolqarıstanda nasistlərlə əlbir olmaqda təqsirləndirilərək yerli polis tərəfindən saxlanılması, daha sonra SMERŞ Baş Əks-Kəşfiyyat İdarəsinin nümayəndələrinə təhvil verilməsi vaxtı olub. Həmin dövrdə özünü Sovet dövlət təhlükəsizlik orqanlarının əməkdaşları və hərbi əks-kəşfiyyatçılarının gözündə ucaltmağa çalışan Njde guya Rusiya imperiyasına qarşı cinayətlər törətdiyinə dair mif yaymağa başlayıb. Belə cinayətkarlar SSRİ həbsxanalarındakı iyerarxiyaya əsasən «ipək kələfi» adlandırılırdılar. Söhbət özünü əslində uydurma cinayətlər törətmiş şəxs kimi qələmə verən, bununla da, digər məhbuslar arasında nüfuzunu yüksəltməyə çalışan şəxslərdən gedirdi. Belələri cinayətkarlar tərəfindən çox ağır şəkildə cəzalandırılırdılar.

Dərc etdiyimiz sənədlərdən məlum olur ki, SSRİ XDİK-nın orqanları –DTN-DTK bunu yaxşı bilib və bu üzdən də, Njde ilə heç bir əməkdaşlığa gedilməyib. Halbuki Njde Türkiyə ilə NATO-ya qarşı Sovet İttifaqının maraqlarına uyğun mübarizədə ondan, təcrübəsindən və ölkədən kənardakı əlaqələrindən istifadə olunmasını çox istəyirdi.



MƏSLƏHƏT GÖR:

362