29 Noyabr 2024

Cümə, 13:46

BRÜSSELLƏ BAKI BİR-BİRİNƏ YAXINLAŞIR

Azərbaycanla Avropa İttifaqı arasında yeni Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin yaxın aylarda imzalanacağı gözlənilir

Müəllif:

15.04.2019

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin əvvəlində Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak edib. Toplantının yekununda təşkil olunmuş mətbuat konfransında tərəflər arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan sənədin 90%-dən çox hissəsinin hazır olduğu açıqlanıb. Razılaşdırılmamış məqamlar üzərində işlərin yaxın vaxtlarda başa çatdırılacağı və sənədin artıq gələn ay, yəni mayda imzalanmaya hazır olacağı gözlənilir.

Diplomatlar, ekspertlər və maraqlı qurum təmsilçiləri arasında birgə işə 2016-cı ilin noyabrında start verilib. Bu, Avropa İttifaqı Şurasının Avropa Komissiyasına və qurumun xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə müvafiq mandat verməsindən sonra baş verib. Mandata əsasən, onlar Aİ və üzv dövlətlər adından Azərbaycanla hərtərəfli əməkdaşlıq sazişi haqqında danışıqlar aparmaq səlahiyyətinə malikdirlər. Yeni sənəd tərəflər arasında 1996-cı ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməlidir.

Azərbaycan Moldova, Ukrayna, Gürcüstan və Ermənistanla birlikdə Aİ-nin miqyaslı «Şərq tərəfdaşlığı» proqramının iştirakçısıdır (Belarusun proqramda iştirakı dondurulub). Bu proqramın inkişafı çərçivəsində Ukrayna, Gürcüstan və Moldova Aİ ilə Assosiasiya Sazişi, həmçinin «azad ticarət haqqında dərin və hərtərəfli razılaşma» imzalayıblar. Moskvanın yaratdığı Avrasiya İqtisadi İttifaqında təmsil olunan Ermənistanla Qazaxıstan isə Brüssellə daha az iddialı razılaşma imzalayıb. Onlar razılaşmanın iqtisadi-ticari tərəflərini ÜTT-nin qayda və prosedurları əsasında müəyyənləşdirmək haqda razılığa gəlib. Azərbaycan isə hələlik ÜTT üzvü olmadığından, iqtisadi-ticari münasibətlərə dair bir çox məsələlərin razılaşdırılmasına ehtiyac var idi. Bu üzdən də, Bakı ilə Brüssel arasında proses kifayət qədər uzun çəkib. Bununla yanaşı, tərəflərin inadkarlığı və qarşılıqlı marağı nəticəsində əksər məsələlərlə bağlı ortaq məxrəcə gəlinib.

Brüssel ilə Bakı arasında danışıqlar 3 blok üzrə aparılıb. Birinci bloka siyasi və təhlükəsizlik məsələləri, ikinciyə ticarət və investisiya, üçüncüyə sosial, humanitar və digər sahələr aid idi.

Bütün prinsipial məsələlər, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsi sənəddə beynəlxalq hüququn normalarına uyğun olaraq, Aİ-nin Ukrayna, Moldova və Gürcüstanla imzaladığı sənədlərdə olduğu kimi, əksini tapıb. Bu, Prezident İlham Əliyevin Brüsselə 2018-ci ilin yayında etdiyi səfər zamanı razılaşdırılmışdı. Orada İ.Əliyev Aİ-nin yüksək rütbəli təmsilçilərilə görüşlər keçirmiş, Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinə dair vacib aralıq sənədi paraflanmışdı.

Qeyd edilməlidir ki, Avropa İttifaqının separatçılıq və dövlətlərin ərazi bütövlüyü məsələlərində mövqeyi daha davamlıdır. Artıq ardıcıl olaraq 2 ildir ki, Avropa Parlamentində qəbul edilən «Aİ-nin xarici və təhlükəsizlik siyasəti haqqında qətnamə»də qurumun «Şərq tərəfdaşlığı» proqamına daxil olan dövlətlərin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünə dəstək ifadə olunur – istisnasız! Bundan başqa, 2018-ci il dekabrın 12-də qəbul olunmuş qətnamədə Avropa İttifaqı və ona üzv ölkələr regional münaqişələrə münasibətdə ikili standartlardan qaçmağa çağırılır. Ermənistanın təcavüzünün qurbanı olan (İrəvan işğalçı siyasətini pərdələmək üçün Qarabağ ermənilərinin separatçı əməllərindən istifadə edir) Azərbaycan üçün bu, çox vacibdir.

Bu gün Aİ Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycanın idxalı və ixracında ilk yeri məhz o tutur. Bundan başqa, Avropa İttifaqı ölkə iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunun ən nəhəng investorudur. Tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması Azərbaycanın ticarət sahəsinə aid qanunvericiliyinin və prosedurlarının da tədricən beynəlxalq, Aİ tərəfindən qəbul edilmiş normalara, standartlara uyğunlaşdırılmasına imkan verəcək. Aİ Azərbaycan şirkətlərini dəstəkləyir, onları maliyyələşdirir, onlara təlimlər keçir, «EU4Business» təşəbbüsü vasitəsilə yeni bazarlara çıxış imkanı yaradır. 25 illik əməkdaşlıq çərçivəsində Aİ Azərbaycanın inkişaf proqramlarına, təxminən, 580 milyon avro maliyyə ayırıb. Bu dövrdə Azərbaycanla Aİ arasında 43 tvininq-layihə həyata keçirilib. Bu məsələdə Azərbaycan yalnız Ukraynadan geridir.

Azərbaycana gəlincə, o, Aİ-nin vacib enerji tərəfdaşıdır. Hazırda Aİ ölkələrinin neftə tələbatının, təxminən, 5%-ni Azərbaycan ödəyir. Tezliklə o, Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarını Xəzər qazı ilə də təmin etməyə başlayacaq.

Aİ 2016-cı ildə yeni regional proqram olan «EU4Energy» proqramının icrasına başlayıb. O, «Şərq tərəfdaşlığı» ölkələrinin, o cümlədən Azərbaycanın enerji siyasətində məqsədlərinə nail olmasına, həmçinin enerji effektivliyini artırmasına dəstəkdir.

2014-cü ildə Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında razılaşma qüvvəyə minib. İndi Azərbaycan vətəndaşlarının, xüsusilə fərdi qaydada səyahətə yollanmaq istəyənlərin qısamüddətli viza əldə etməsi daha asan və daha ucuz başa gəlir. Bu isə onların Aİ-nin əksər ölkəsini gəzməsinə imkan verir.

Bundan başqa, məsələn, «Erasmus+» proqramının tələbələri üçün viza pulsuzdur. Təcrübələrin inkişafında dəstək Aİ-nin Azərbaycana yardımları arasında prioritetdir. Bu mənada, ölkədə işçi qüvvəsinin təcrübə və bacarıqlarının sahibkarların tələblərinə daha uyğun olmasının təmini məqsədilə peşəkar təhsilə və hazırlığa xüsusi diqqət ayrılır. 2015-2018-ci illərdə «Erasmus+» proqramı Azərbaycandan olan, təxminən, 1300 tələbə və müəllimin Aİ ölkələrində təhsil almasına və dərs deməsinə şərait yaradıb.

Bakı ilə Brüssel arasında konkret müzakirələr ümumi aviasiya məkanı haqda razılıq ətrafında aparılıb. Məsələ ondadır ki, öz aviadaşıyıcıları olmayan Moldova, Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycanda «AzAL», «Buta» və «Silk Way» kimi nəhəng daşıma şirkətləri fəaliyyət göstərir. Odur ki, bu şirkətlərin kommersiya maraqlarının qorunması vacib idi.

Bununla yanaşı, aviasiya sahəsində bütün tərəflərin maraqlarının nəzərə alındığı razılaşma rəqabəti artıracaq, bu isə daşıyıcıları qiymətləri aşağı salmağa, eyni zamanda xidmət səviyyəsini yüksəltməyə məcbur edəcək. Sonda bu, turistlərin sayını artıracaq, Avropa ilə Asiyanın kəsişməsi kimi strateji bölgədə yerləşən Azərbaycanın nəqliyyat-logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Bundan başqa, bu sahədə razılaşma  uçuşların təhlükəsizliyi, hava məkanının idarə olunması sahəsində yüksək standartlara nail olunmasına da yol açacaq.

Azərbaycan və Aİ nümayəndə heyətləri razılaşmanın mətni üzərində işi davam etdirir. Tərəflər hələlik sənədin adı ilə bağlı da yekdil fikrə gəlməyib. Bakı «strateji əməkdaşlıq haqqında saziş» formuluna üstünlük verir, Brüssel isə «Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi»ni daha uyğun hesab edir.

Beləliklə, hələ açıq qalan məsələlərlə bağlı qısa vaxtda ortaq məxrəcə gəlinəcəyinə və artıq mayın ortalarında yeni sənədin imzalanacağına əminlik var. Onun «Şərq tərəfdaşlığı» proqramının 10 illiyinə həsr olunacaq sammitdə imzalanacağı gözlənilir. Bu, həm də ona görə vacibdir ki, avrokomissarların hazırkı heyəti 2014-cü ildən iş başındadır. Başqa sözlə, onların mandatının müddəti, o cümləçdən Azərbaycanla danışıqlar aparmaq səlahiyyəti başa çatmaq üzrədir. Avropa Parlamentində mayda keçiriləcək seçkidən sonra Avropa Komissiyasının da tərkibi dəyişəcək. Odur ki, necə deyərlər, «dəmiri isti-isti döymək» lazımdır. Yəni Azərbaycanla Aİ arasında uzun bir dövr üçün tərəfdaşlığın formatı və məzmununu müəyyənləşdirəcək sənədin üzərində illərdir çalışan diplomat və ekspertlərin əziyyəti uğurla başa çatmalıdır. Bundan sonra imzalanacaq sənədin Avropa Parlamenti və Aİ üzvü olan bütün ölkələr tərəfindən ratifikasiya olunması kimi uzun proses də var…



MƏSLƏHƏT GÖR:

356