23 Noyabr 2024

Şənbə, 19:37

AÇG: DAVAMI VAR…

«Əsrin müqaviləsi»nin 25 illiyinə «Mərkəzi-Şərqi Azəri» layihəsi üzrə 6 mlrd. $-lıq yeni saziş bağlandı

Müəllif:

01.05.2019

Ekspertlərin əvvəlki pessimist proqnozlarına baxmayaraq, neft-qaz sektoru hələ uzun illər Azərbaycan iqtisadiyyatında aparıcı rol oynayacaq. Geoloqların son kəşfləri və onlara neft-qaz bazarı liderlərinin sönməyən marağı bizə «Wood Mackenzie» analitik şirkətinin gəldiyi nəticələrə inanmağa imkan yaradır. Həmin nəticələrə görə, 2018-2025-ci illərdə Azərbaycanın hasilat sənayesinə 20 mlrd. dollara yaxın sərmayə yatırılacaq. Şirkət bildirir ki, bu vəsaitlər Xəzərin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsinə yatırılacaq. Öz növbəsində, «Fitch Ratings» agentliyi 2022-ci ildə Azərbaycanda neft hasilatının artaraq sutkada 880 min barel olacağını proqnozlaşdırır (2018-ci ildə - 792,6 min b/s olmuşdu).

 

Mənfəət nefti  

Həqiqətən, Azərbaycanda neft-qaz sektorunun inkişafından danışarkən, əsasən AÇG və «Şahdəniz» layihələrinə güvənirlər. Azərbaycanın enerji naziri Pərviz Şahbazov SOCAR-ın "Trans-Xəzər və Mərkəzi Asiya - treydinq, logistika, neft emalı, neft-kimya" dördüncü beynəlxalq forumunda çıxış edərkən bildirib ki, indiyə qədər AÇG blokundan çıxarılan neftin həcmi 2019-cu ilin 1 aprel tarixinə 481,1 milyon ton neft və 156,2 milyard kubmetr səmt qazı təşkil edib. Bu zaman Azərbaycanın mənfəət nefti blokdan çıxarılan bütün neftin 58%-ni təşkil edib.

"Enerji Nazirliyinin 2019-2021-ci illər üzrə enerji balansında əks olunmuş proqnozlara görə, Azərbaycanda bu müddət ərzində neft hasilatı sabit olacaq, qazın çıxarılmasında və ixracında isə artım gözlənilir. Bu müddət ərzində ölkənin neft-qaz sənayesinin inkişafında aparıcı rolu AÇG və «Şahdəniz» oynayacaq", - deyə nazir vurğulayıb.

Düzdür, ABƏŞ-in iki istehsal platformasında "Mərkəzi Azəri" və "Qərbi Çıraq"da iki həftə ərzində işin dayandırılması üzrə planları üzündən cari ilin sonuna kimi bu göstərici azalacaq. Azərbaycan Enerji Nazirliyinin yenilənmiş qiymətləndirmələrinə görə, 2019-cu ildə ölkədə neft hasilatı 38 milyon ton səviyyəsində proqnozlaşdırılır, halbuki 2018-ci ildə 38,8 milyon ton olmuşdu.

Ancaq necə deyərlər, hər pis işdə bir xeyir var: bu, Azərbaycanın OPEK+ çərçivəsində gündəlik neft hasilatını 776 min barelə endirmək üzrə götürdüyü öhdəliyi yerinə yetirməyə imkan verəcək. Sazişin bu ilin yanvar ayında qüvvəyə minməsinə baxmayaraq, Azərbaycan birinci rübdə neft hasilatını tələb olunan səviyyəyə sala bilmədi. Enerji Nazirliyinin məlumatına görə, yanvar-mart aylarında orta gündəlik neft hasilatı 799 min barel təşkil edib.

Yeri gəlmişkən, "Əsrin müqaviləsi"nin uğurla həyata keçirilməsi sayəsində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 2001-ci ildən 2019-cu ilədək AÇG blokunun mənfəət neftinin satışından daxil olan gəlir 138,2 milyard dollar bərabərdir. Təkcə keçən il yüksək neft qiymətləri sayəsində AÇG-dən mənfəət nefti və "Şahdəniz" yatağından kondensat satışı hesabına ARDNF-ə 9,7 milyard dollar daxil olub.

2019-cu ilin yekunlarına əsasən, AÇG-dən mənfəət neftinin satışı üzrə Fondun gəlirlərinin 7,8 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Hazırda qiymətlər neft istehsalçıları, o cümlədən Azərbaycan üçün qənaətbəxşdir. Ölkənin büdcəsi formalaşdırılarkən neftin qiyməti bir barel üçün 60 dollardan götürülüb, halbuki hazırda qiymət 72 $-dan yuxarıdır, yəni artıq hökumətin ümid etdiyindən 20% yüksəkdir. Bu, ən azından 2019-cu ilin ilk yarısında ölkənin tədiyyə balansında müsbət saldonun saxlaması, neft ixracından əlavə gəlirlərin əldə edilməsi deməkdir.

 

6 milyard $-lıq hədiyyə

Yeri gəlmişkən, bu il sentyabrın 20-də AÇG blokunun işlənməsi üzrə müqavilə öz 25 illik yubileyini qeyd edəcək və ona əsas doğum günü hədiyyəsi «Mərkəzi-Şərqi Azəri» (MŞA) layihəsi üçün son investisiya qərarının qəbul olunmasıdır. SOCAR və AÇG layihəsi üzrə xarici tərəfdaşları müvafiq sənədi 19 aprel tarixində imzaladılar.

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, AÇG blokunun işlənməsinə bu günədək 36 milyard dollar sərf olunub, blokun qalan ehtiyatları isə ən azı 500 milyon ton neft səviyyəsində qiymətləndirilir.  

"Onilliklər ərzində SOCAR Azərbaycanın neft gəlirlərini ölkəmizdə yüksəkixtisaslı işçilərin və çağdaş sənaye obyektlərinin inkişafı üçün yönəldib. Bu gün bizdə dünya səviyyəli zavodlar, istehsal və quraşdırma kompleksləri, dəniz gəmiləri var. Həmçinin «Mərkəzi-Şərqi Azəri» platformasının bütünlüklə Azərbaycan mütəxəssisləri tərəfindən ölkə daxilində tikintisinə və qurulmasına imkan yaradan yüksəkixtisaslı kadrlara sahibik. Gələcəyə baxdığımızda, AÇG-dən 3 milyard bareldən artıq əlavə neft istehsalı gözləyirik. Bu strateji qərar Azərbaycanın regional və qlobal bazarlarda enerji təchizatçısı kimi artan rolunu dəstəkləyir", - deyə Dövlət Neft Şirkətinin rəhbəri bildirib.

«Mərkəzi Şərqi Azəri» layihəsinin həyata keçirilməsi 6 milyard dollara başa gələcək ki, bunlardan 3,4 milyardı platformanın və birləşmə infrastrukturunun tikintisinə, qalan hissəsi isə quyuların qazılmasına yönəldiləcək. Layihə çərçivəsində dənizin 137 m dərinliyində «Mərkəzi-Şərqi Azəri» qazma platforması tikiləcək, gündə 100 min barel neft və 350 min kub fut qaz istehsalını təmin etmək üçün dəniz qurğuları inşa ediləcək. Yeni platformadan ilkin neftin 2023-cü ildə əldə edilməsi güman edilir, bir il sonra - 2024-cü ildə hasilatda zirvə həcminə nail olunacaq. Ümumilikdə, platformanın istismar müddəti boyunca 300 milyon barel neft çıxarılması planlaşdırılır.  

SOCAR-ın məlumatına görə, «Mərkəzi Şərqi Azəri» layihəsi üzrə tikinti işləri artıq bu ildən başlayacaq və 2022-ci ilin ortalarına qədər davam edəcək. Tikinti işlərinin ən gur çağında 8 min adam cəlb ediləcək. Bu, önəmlidir: platformanın dayaq blokunun və üst modullarının, o cümlədən sualtı infrastrukturu hissəsinin tikintisi Azərbaycanda həyata keçirilməlidir. O cümlədən, dayaq bloku və platformanın üst tikililəri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikiləcək. Blokdan çıxarılan neft və qaz Səngəçal terminalına ötürüləcək.  

Yeri gəlmişkən, «Mərkəzi-Şərqi Azəri» layihəsi AÇG blokunun əlavə işlənməsinin mərhələlərindən biridir ki, əlavə işlənmə 2050-ci ilə qədər hesablanıb və təxminən, 43 milyard $ qiymətləndirilir, 500 milyard ton neft istehsalını nəzərdə tutur. Ancaq son bir neçə ildə AÇG blokunda neft hasilatı təbii səbəblər üzündən ildən ilə azalır. Aydındır ki, bu şəraitdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin əsas hədəfi neft hasilatını sabitləşdirməkdir ki, «Mərkəzi-Şərqi Azəri» layihəsinin gerçəkləşdirilməsi buna yönəlib. Bu isə, ən azı 10-15 il ərzində azalmanın qarşısını almaqla hasilatın sabit həcmini və uyğun olaraq ixracdan sabit valyuta gəlirləri təmin etməyə imkan verəcək.

"AÇG-dən hasilat, bəlkə də, 2010-cu ilədək ən yüksək zirvə nöqtəsinə çatardı, amma blokdan hələ də 3 milyard barel neftin çıxarılmalı olduğu nəzərə alınarsa, layihə hələ yolun yarısındadır. Operatorun – BP şirkətinin əsas vəzifəsi bərpanı və yerdə qalan dəyəri maksimum səviyyəsini artırmaq üçün bu uzunmüddətli hasilat azalması dövrünü idarə edilməkdir. «Mərkəzi Şərqi Azəri» layihəsi bu planların mərkəzində yer alır və hasilat üçün zirvə göstəricisi 2020-ci illərin ortalarında gündəlik 100 min barel olacaq artım təmin edəcək", - deyə «Wood Mackenzie»in baş analitiki Robert Morris bildirib.

Analitikin sözlərinə görə, BP ölkədə neft hasilatının, təxminən, 80%-ni idarə edir və 2023-cü ildə «Mərkəzi-Şərqi Azəri» ilk neftini verdikdən sonra Azərbaycan bu Britaniya şirkətinin dünya portfelində böyüklüyünə görə beşinci neft mənbəyi olacaq. "Mürəkkəb logistika göstərir ki, Xəzərdəki bir çox layihələr digər yerlərdəki ilə müqayisədə daha baha başa gəlir və daha uzun vaxt tələb edir. Amma buna baxmayaraq, keçən il BP şirkəti tərəfindən "Şahdəniz" layihəsinin ikinci mərhələsinə plan və büdcəyə uyğun olaraq başlanması «Mərkəzi-Şərqi Azəri»yə ümidlə baxmağa imkan verir ", - deyə R.Morris qeyd edir.

 

Şirkətlər arasında…

Eyni zamanda, son investisiya qərarının imzalanması günündə layihənin səhmdarları "Əsrin müqaviləsi"ndə ABŞ-ın «Chevron» və «ExxonMobil» şirkətlərinin payının satışı məsələsinə də aydınlıq gətiriblər. Hər iki şirkət bu barədə hələ ötən ilin sonunda məlumat vermişdi. Məlumdur ki, , layihədə «Chevron» şirkətinin payı 9,57%, «ExxonMobil»inki isə 6,79% təşkil edir. Çox güman ki, bu səhmlər layihənin digər iştirakçıları arasında bölüşdürüləcək. SOCAR rəhbəri qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti və onun xarici tərəfdaşları bu səhmlərin alınması üzrə tenderdə iştirak etmək qərarına gəliblər.

Gələcək sövdələşmənin mexanizmi müəyyən dərəcədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev tərəfindən açıqlanıb. "«Chevron» və «ExxonMobil» şirkətlərinin AÇG layihəsindəki payının satışı üzrə tender artıq elan edilib. SOCAR və onun layihə üzrə tərəfdaşları satılan səhmləri bir paketlə əldə edəcəklər və sonra onu öz aralarında bölüşdürəcəklər", - deyə o bildirib, amma SOCAR-ın özünün iddia etdiyi səhm payının həcmi barədə məlumat verməyb. "Bu, təklif olunacaq qiymətdən və şərtlərdən asılı olacaq", - deyə V.Əliyev vurğulayıb.

«Chevron» və «ExxonMobil» şirkətlərinin payının satınalınması məsələsinə baxmağa hazır olmalarını aprel ayının əvvəlində Britaniya - Amerika şirkəti BP-nin rəhbəri Robert Dadli də açıqlayıb. "Biz AÇG-də iştirakımızı xoşlayırıq. Düşünürəm ki, payımızı artırmaq imkanı olsa, bu, bizim üçün təbii seçim olacaq, lakin hər şey qiymətdən asılı olacaq".

Hazırda AÇG-də BP-nin (operator) payı 30,37%-dir, SOCAR - 25%, ONGC - 2,31%, Yaponiyanın «İnpex Corp.» və «Itochu Oil» şirkətlərinin hər biri müvafiq olaraq 9,31% və 3,65%, Norveçin «Equinor» şirkəti - 7,27% və Türkiyə TPAO-su - 5,73% paya malikdir.  

Kənar səhmdarların layihəyə daxil olması ehtimalı yoxdur, lakin belə bir variantı sona qədər istisna etmək də qeyri-mümkündür. Əminliklə yalnız bir şey ehtimal edilə bilər: yeni sövdələşmənin də nəticələrinə görə AÇG layihəsinin əsas səhmdarı BP olaraq qalacaq.



MƏSLƏHƏT GÖR:

326