23 Noyabr 2024

Şənbə, 18:54

YUXARI BIĞDI, AŞAĞI SAQQAL

Beş nəhəng ölkə seçim etməli olacaq – İrandan neft almağa davam etməli, yoxsa öz maraqlarına zidd gedərək, ABŞ-ın tələblərinə boyun əyməli?

Müəllif:

01.05.2019

Tramp administrasiyası İran neftinin bəzi alıcılarına ötən ilin noyabrında tanınmış güzəştlərin müddətinin uzadılmayacağını bəyan edib. Vaşinqton İranın enerji sahəsinə sərt sanksiyaların tətbiqi siyasətini davam etdirmək niyyətindədir. Məqsəd «İranın neft ixracının sıfıra endirilməsi, bununla da, Tehran rejiminin əsas gəlir mənbəyindən məhrum olunması»dır.

ABŞ-da hesab edirlər ki, qlobal bazar bu xammalla kifayət qədər təmin olunub və bu üzdən o, İran neftinin yoxluğu ciddi reaksiya verməyəcək. Bununla yanaşı, ABŞ prezidenti Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərminin ehtiyac yaranacağı təqdirdə bazarda neft çatışmazlığını kompensasiya edəcəklərinə əminliyini dilə gətirib.

Amma nəhəg neft tədarükçüləri olan Venesuela ilə Liviyada böhranın davam etdiyini nəzərə alsaq, ABŞ-ın qərarının neft bazarını daha qeyri-sabit vəziyyətə gətirəcəyi təhlükəsi də var. Üstəlik, Səudiyyə Ərəbistanı üzərinə hasilatı artırmaq öhdəliyi götürməkdən imtina edir. O, bazarda sabitliyin təmini məqsədilə fəaliyyətini digər neft hasilatçıları ilə koordinasiya edəcəyini bildirir. OPEK üzvləri arasında növbəti görüş iyuna planlaşdırılır.

 

Razılaşmadan imtina

2015-ci ildə ABŞ, Fransa, Rusiya, Böyük Britaniya, Almaniya və Çin İranla «Hərtərəfli Birgə Fəaliyyət Planı» (HBFP) imzalayıblar. Sənədə əsasən, Tehran üzərinə iqtisadi sanksiyaların tədricən yumşaldılması və ləğvi qarşılığında nüvə proqramının məhdudlaşdırmaq, o cümlədən uranın zənginləşdirilməsi prosesini dayandırmaq öhdəliyi götürüb. Lakin ötən ilin mayında Vaşinqton razılaşmadan birtərəfli qaydada imtina edib və İrana qarşı sanksiyaların bərpa olunduğunu açıqlayıb. Sanksiya tətbiqini iki mərhələyə (avqust və noyabr) bölən Birləşmiş Ştatlar İranla əməkdaşlıq edən ölkə, şirkət və fiziki şəxslərin də cəzalandırılacağını bəyan edib. Amma Tramp administrasiyası noyabrda nəhəng neft ixracatçısı olan 8 ölkə üçün istisna hal da tanımışdı. O, Çin, Hindistan, Türkiyə, Yaponiya, Cənubi Koreya, Tayvan, İtaliya və Yunanıstanın əməkdaşlığını daha yarım il davam etdirməsinə razılıq verib. Üstəlik, bu müddətin mayadək uzadıla biləcəyi belə açıqlanıb.

 

Xüsusi səkkizlik

Ola bilsin ki, bu, Donald Trampın sərt qərarların neftin bahalaşmasına yol aça biləcəyindən narahatlığı ilə əlaqədardır. Hər halda, bu bahalaşma ABŞ-ın özü üçün də arzulanan deyil. Bundan başqa, qeyd olunan 8 dövlətdən 7-si öz regionunda ABŞ-ın əsas müttəfiqidir. Çinlə isə hazırda ticarət münasibətlərinə yenidən baxılmasına dair çətin danışıqlar gedir. Odur ki, Vaşinqton Pekinlə münasibətləri əlavə enerji savaşı ilə daha da qəlizləşdirməkdən çəkinib.

Bu yerdə siyahıya İtaliyanın necə düşdüyü maraqlıdır. Məsələ ondadır ki, həmin vaxt İtaliya onsuz da İrandan neft alışını dayandırmışdı. Tramp administrasiyası, güman ki, bu jestlə İtaliyanın populist hökumətinə isti münasibətini göstərməyə çalışıb. İndiki İtaliya hökuməti özünü durmadan Avropanın ABŞ-la danışıqlarda «imtiyazlı tərəfdaşı» adlandırır.

Almaniyanın DW agentliyi yazır ki, İtaliya ilə Yunanıstanın siyahıya salınması gələcəyə hesablanmış xoşməramlı jestdir. Məsələ ondadır ki, 2019-cu ildə İsrail sahillərindəki «Tamar» və «Leviafan» yataqlarından Avropaya qaz kəmərinin bu ölkələr ərazisilə çəkilməsi haqqında qərar qəbul olunmalıdır. Yataqların işlənməsini isə Amerika şirkəti həyata keçirir.

Bu ilin əvvəlində İran neftinə alternativ tapmış daha 2 ölkə – Yunanıstanla Tayvan da İtaliyaya qoşulub. Beləliklə, may ayında istisna halın tanındığı dövlətlərin siyahısı artıq 5-ə düşüb. Onların iqtisadiyyatı hələ də İranın enerji resurslarından ciddi şəkildə asılıdır.

 

ÜDM-də azalma

23 ölkənin məcburiyyət qarşısında İran neftindən imtinası nəticəsində Tehranın ötən ilinə əvvəlində sutkada 2,5 milyon barel təşkil edən və artım tendensiyasına malik neft ixracı 2019-cu ildə, təxminən, 1 milyon barelə düşüb. Müvafiq olaraq, ölkənin enerji daşıyıcıları ixracından asılı (büdcə gəlirlərinin, təxminən, 40%-i) iqtisadiyyatı sanksiyaların tətbiqinədəkki vəziyyətlə müqayisədə xeyli zəifləyib. BVF-nin məlumatına görə, ötən il İranın real ümumdaxili məhsulu 1,5% azalıb. Bu ilə olan proqnozda ÜDM-in 3,6-6% azalacağı deyilir. Halbuki sanksiyaların tətbiqinədək İran ÜDM-i ildə, təxminən, 4% artırdı.

Bu gün İranın valyuta ehtiyatı da sürətlə azalır. BVF-nin qiymətləndirməsinə görə, 2017-ci ilin aprelinə o, təxminən, 124 milyard dollar ekvivalentində idisə, 2018-ci ilin sonunda 58 milyard dollara düşmüşdü. Bu məbləğin 47 milyardı isə ölkədən kənarda – əsasən Çin, Hindistan və Rusiyada idi.

2018-ci ildə İran milli valyutası rial dəyərinin 70%-ni itirib və proses bu gün də davam edir. İnflyasiya durmadan artıq və proqnozlara görə, bu il o, 40-50% təşkil edəcək.

 

İxrac kəsilməyəcək

Ötən il dünyanın ən nəhəng neft idxalçısı olan Çin İrandan sutkada, təxminən, 500-600 min barel neft idxal edib. Hindistan üçün bu rəqəm 500-550, Yaponiya üçün 150, Türkiyə üçün 120, Cənubi Koreya üçün 50 min olub. Bu ölkələrin İran neftindən imtina etməsi çətindir. Çətinlik isə yalnız bunun səmərəliliyində (əlverişli kredit, daşıma xərclərinin azlığı, sığorta və s.) deyil. Onlar üçün Tehran həm də iqtisadiyyatdan tutmuş, siyasətədək bir çox sahələrdə regional tərəfdaşdır. Odur ki, əksər analitiklər onların hamısı olmasa da, əksəriyyətinin İrandan neft idxalını tam dayandırmayacağına əmindir.

 

Tehranın hədələri

Doğrudur, İran Vaşinqtona cavab olaraq, «istədiyi qədər neft ixrac edəcəyini» deyir. Söhbət sutkada ən azı 1 milyon bareldən gedir. Lakin o, neft gəlirlərinin azalması ilə xərclərini də azaltmalı olacağını, eyni zamanda büdcəyə əlavə gəlir mənbələri tapmaq məcburiyyətində qalacağını da yaxşı anlayır. Məsələn, İran Mərkəzi Bankı iqtisadiyyatın qeyri-neft sektorunun stimullaşdırılması məqsədilə valyuta tənzimlənməsi siyasətinə yenidən baxılacağını bəyan edib. Ötən ilə olan məlumata görə, İranın qeyri-neft sahəsində ixracı ümumilikdə 44 milyard dollar dəyərində olub.

Vaşinqtonun İran neftinin ixracı ilə bağlı yeni tələblər irəli sürməsinin səhəri gün – aprelin 23-də iranlı deputatlar hökumətdən «ABŞ-ın düşmənçilik fəaliyyətinə sərt reaksiya verməsini» tələb edən bir neçə qanun qəbul ediblər. Bundan başqa, İran KİV-nin məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusu (İİKK) strateji əhəmiyyətli Hörmüz boğazının bağlana biləcəyilə bağlı növbəti hədəsini səsləndirib. Xatırladaq ki, dünya üzrə neft daşımalarının 20%-i bu boğazdan keçir. İİKK bəyan edib ki, ABŞ İranın neft tankerlərinin boğazdan keçidinə mane olarsa, yol bütünlüklə bağlanacaq.

 

Dolayı yollar

Bu arada ABŞ-ın İranın neft sektoru ilə bağlı ötən ilin noyabrında qüvvəyə minmiş sanksiyalarından sonra bu ölkənin neft ixracında şəffaflıq daha da azalıb. Tankerlərin hərəkətini müşahidə edən şirkətlərin məlumatına görə, Tehran sanksiyalardan müxtəlif yollarla yayınaraq, sutkada 0,1-0,3 milyard barel nefti gizli satır.

Neftin mənşəyini və təyinat nöqtəsini gizlətməyə imkan verən bir neçə nümunə:

- yük və gəmi sənədlərinin (konosamentlərin, mənşə sertifikatlarının, hesab-fakturaların, qablaşdırma vərəqələrinin, sığortanın, son limanlar siyahısının) saxtalaşdırılması;

- bir gəmidəki yükün limanda deyil, dənizdə başqa gəmiyə köçürülməsi;

- avtomatik eyniləşdirmə sisteminin (AIS) söndürülməsi. Bu sistem yüksək tezlikli radiodalğalar vasitəsilə gəmilərin identifikasiyasını ötürür, naviqasiya məlumatlarını toplayır, gəmilərin yerini müəyyənləşdirir və bununla da, toqquşmanın qarşısını alır. AIS əslində gəmilərin izlənilməsi üçün yaradılmasa da, ondan yerüstü və peyk qəbulediciləri vasitəsilə tez-tez bu məqsədlə istifadə olunur;

- gəmilərdən qeyri-qanuni istifadə hallarının gizlədilməsi məqsədilə onların adının dəyişdirilməsi;

- başqa dövlətlərin bayrağından istifadə.

TankerTrackers.com xəbər verir ki, İran gəmiləri avqustdan AIS sistemini söndürərək, fəaliyyətini gizli saxlayır. Fevralda İran yükünün bir gəmidən digərinə köçürülməsilə bağlı iki hal qeydə alınıb. Martda isə Dövlət Departamentinin saytında Panamanın İrana aid 59 gəminin onun bayrağı altında üzməsini qadağan etdiyinə dair xəbər yerləşdirilib.

 

Avropanın mövqeyi

Avropa İttifaqının yaranmış vəziyyətlə bağlı yaydığı bəyanatda bildirilir ki, «ABŞ-ın qərarları İranın nüvə proqramına dair HBFP-nin növbəti dəfə pozulmasıdır». «Nə qədər ki, İran öhdəliklərə əməl edir, Aİ HBFP-yə sadiqdir», - deyə bəyanatda qeyd olunur.

Yeri gəlmişkən, Avropa İttifaqı ötən ilin avqustunda İranı Avropa İnvestisiya Bankından Aİ-nin zəmanətilə maliyyə dəstəyi ala biləcək ölkə və regionların siyahısına daxil edib. Bundan başqa, Brüssel Avropa şirkətlərini ABŞ-ın sanksiya hədələrinə məhəl qoymamağa çağırır və sanksiyalar üzündən zərərlə üzləşəcək şirkətlərə kompensasiya vəd edir.

Bu ilin yanvarında Almaniya, Fransa və Böyük Britaniya Ticarət Mübadilələrinə Dəstə Alətinin (INSTEX) yaradılması üçün səylərini birləşdirdiklərini bəyan ediblər. Məqsəd Avropa şirkətlərinin ABŞ-ın maliyyə sistemindən kənar, barterlər vasitəsilə İranla biznes qura bilməsinə şərait yaratmaqdır. Avropa INSTEX kanalından İrana yalnız ərzaq, tibbi ləvazimatlar və avadanlıqların satışı üçün istifadə edəcək. Almaniyanın NDR telekanalı xəbər verir ki, gələcəkdə bu fəaliyyətin genişləndirilməsi də mümkündür.

Lakin avropalı məmurların biznes dairələrini İranla əməkdaşlığı davam etdirməyə səsləməsi, bu istiqamətdəki cəhdləri, hələ ki, nəticə vermir. Xüsusilə iri özəl şirkətlər cəlbedici Amerika bazarını itirmək istəmir. Üstəlik, Vaşinqton Avropanın yeni maliyyə mexanizmindən istifadə etməklə İranla iş görəcək hər bir şirkəti sanksiyalarla hədələyir.

 

Doğru metod deyil

«Sanksiya xarici siyasətdə sehrli şəkildə arzulanan nəticəyə nail olunmasına imkan verəcək vasitə deyil». Bunu vaxtilə MKİ direktorunun müavini, daha sonra maliyyə nazirinin maliyyə kəşfiyyatı üzrə müavini olmuş Devid Koen deyib: «Ən azı ona görə ki, sanksiyalar sənin siyasətini bölüşən beynəlxalq tərəfdaşların qarşılıqlı fəaliyyətinə əlavə olduqda yaxşı nəticə verir. ABŞ dolları və maliyyə sistemi beynəlxalq ticarətdə maliyyə əməliyyatlarında hakim mövqedə olsa da, biz qarşılıqlı asılılığın olduğu dünyada yaşayırıq. Başqa ölkələr bizim sanksiyalarımızdan yayınmağa çalışırsa, demək, bunun yolunu tapacaqlar».

Həqiqətən də, sanksiyaların İran iqtisadiyyatına mənfi təsirinə baxmayaraq, Aİ və digər nəhəng iqtisadiyyatların ona müqaviməti genişlənir. Əksər siyasətçi və iqtisadçı hesab edir ki, bu, Tehranın sanksiyalara sinə gərməsinə kömək edəcək. Sanksiyaların əsas məqsədi İrandakı hakim rejimin devrilməsidir. Buna Tramp administrasiyasının seçdiyi yolla nail olunmasının mümkünsüzlüyü isə artıq hər kəsə aydındır.



MƏSLƏHƏT GÖR:

338