25 Noyabr 2024

Bazar ertəsi, 20:49

«XALQIN BAŞÇISI» NƏYƏ NAİL OLDU?

Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən 1 il keçdi

Müəllif:

01.05.2019

Ermənistanda kriminal «Qarabağ klanı»nın hakimiyyətinə son qoymuş, hakimiyyətə «xalqın başçısı» Nikol Paşinyanı gətirmiş «məxməri inqilab»dan bir il keçir. Ötən dövr ərzində yeni baş nazir həmvətənləri üçün bitmək bilməyən böhranın bürüdüyü ölkəsinin parlaq gələcəyi haqda vədlər verməkdən bezməyib. Əvəzində, o, «məxməri inqilab»ın ən qiymətli nəticəsi olmalı olan bu məqama yetişməyin real yollarını göstərmir. Əhali isə yalnız pafosla işlərin düzəlməyəcəyini getdikcə daha yaxşı anlamağa başlayıb. Bütün bunlara baxmayaraq, Ermənistanda xilasın yeganə yolunu heç kəs etiraf etmək istəmir. Bu, əlbəttə ki, Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkilməsi və Cənubi Qafqazın lider dövlətilə əməkdaşlıq edilməsidir.

 

Korrupsiya məğlub edildimi?

Paşinyan və ətrafı hakimiyyətə ilk növbədə ədalət, korrupsiya və oliqarxlarla mübarizə şüarları ilə gəliblər. Baş nazir, həqiqətən də, əvvəlki kriminal rejimin kadrlarını vəzifədən kənarlaşdıra, keçmiş hakimiyyətin general Manvel Qriqoryan, hətta 2008-ci il martın 1-də kütləvi etiraz aksiyasının güc yolu ilə yatırılmasında ittiham edilən eks-prezident Robert Koçaryan da daxil olmaqla, bir sıra mənfur nümayəndələrinin cinayət məsuliyyətinə cəlbinə nail ola bilib. Bəs, bu 1 ildə Ermənistan daha ədalətli ölkəyə çevrilibmi? Bu, sözün əsl mənasında ritorik sualdır.

Məsələn, Paşinyanın durmadan vəd etdiyi oliqarxlarla, inhisarçılıqla mübarizə hiss olunmur. Məsələn, ölkənin az qala əsas oliqarxı və inhisarçısı, üstəlik «Çiçəklənən Ermənistan» partiyasının və onun parlamentdəki fraksiyasının lideri olan Qaqik Sarukyan Paşinyanın siyasi müttəfiqidir. Sanki oliqarxiyanı pisləyən cəmiyyətə meydan oxuyan Sarukyan istehzalı tonda deyir ki, «bu günün əsas inqilabı vədlər inqilabıdır» və o, «indiyədək necə yaşayıbsa, elə də yaşayacaq». «Nə baş verməsindən asılı olmayaraq, mən olduğum kimi qalacağam. Çünki davranışımı, işimi, niyyətimin təmizliyini və sadiqliyimi heç nə dəyişə bilməz», - deyə Sarukyan bu günlərdə verdiyi açıqlamada bildirib. Bununla o, sanki, Ermənistanda «oliqarxlar və inhisarçılıq erasının sonu» vədinə istehza edir.

Daha bir fakt isə «məxməri inqilab» yaşamış Ermənistanda korrupsiyanın da qaldığını təsdiqləyir. Söhbət Dövlət Nəzarəti Xidmətinin rəhbəri, yeri gəlmişkən, Paşinyanın ən yaxın silahdaşlarından olan David Sanasaryanın həbsindən gedir. Baş nazir parlamentdə bu yaxınlarda etdiyi çıxışlarından birində «bəzi inqilabçıların hakimiyyətə yiyələndikdən sonra dəyişmələrindən heyrətə gəldiyini» bildirib. Sanasaryanla bağlı bu hal görünür lap ciddi olub ki, ona qarşı cinayət işinin açılmasına «məxməri inqilab»ın lideri özü «hə» deyib. «Sanasaryan işi»nin «məxməri inqilab» tarixçəsində yeni mərhələnin başlanğıcı sayıla biləcək hadisə kimi qiymətləndirilməsi isə təəccüblü deyil – bu mərhələdə inqilab «öz balalarını yeyir».

Bununla yanaşı, Sanasaryana qarşı cinayət işinin açılması «inqilabçılar» düşərgəsi daxilindəki parçalanmanı da ortaya qoyub. Belə bir fikir var ki, Dövlət Nəzarəti Xidmətinin rəhbərinə cinayət işinin açılması ilə Paşinyan inqilabın «Sorosçular» qanadının gözündə legitimliyini itirib. Ermənistan KİV-nin məlumatına görə, bu hadisədən sonra hakimiyyətdəki «Sorosçular» Paşinyanın kabinetinə gedərək, ondan Sanasaryana qarşı təqiblərə son qoyulmasını tələb edib.

Bu arada Paşinyan komandasında «Sorosçular»ın yer aldığının təsdiqlənməsi «məxməri inqilab»ın təşkilində kənar qüvvələrin əlinin  olduğunu açıq şəkildə ortaya qoyur. Halbuki Nikol Paşinyan hakimiyyətə gəldiyi andan rəhbərlik etdiyi «Mənim addımım» hərəkatının zəfərində xarici qüvvələrin heç bir rol oynamadığını deyir. O, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilmiş toplantısındakı çıxışında Ermənistanda inqilabın hər hansı kənar müdaxilə olmadan baş verdiyini bir daha dilə gətirib. Belə olan təqdirdə, Ermənistan hökuməti başçısının ətrafında Qərb agentlərinin yer almasını necə əsaslandırmaq olar? Söhbət ən azı elə həmin «Sorosçular»dan gedir. Ölkənin ictimai-siyasi həyatında LGBT nümayəndələrinin də ciddi şəkildə fəallaşdığını nəzərə alsaq, demək, söhbət yalnız «Sorosçular»dan getmir.

Özünü liberal demokratiyaya sadiq siyasətçi kimi göstərən, bununla da,  Qərb mərkəzləri tərəfindən daha çox mərhəmət görməyə ümid edən Paşinyan seksual azlıqlara ilk anlardan loyal münasibət göstərib. Lakin deyəsən, məsələ baş nazir üçün gözlənilməz istiqamət alır. Bu mənada transgender Lilit Martirosyanın Ermənistan parlamentindəki çıxışını yada salmaq kifayətdir. O, parlamentin binasından çıxarılıb və bu fakt LGBT cəmiyyətinin kəskin reaksiyasına səbəb olub. Onlar ölkədə baş vermiş «məxməri inqilab»da və Nikol Paşinyanın hakimiyyətə gəlişində əsas rol oynadıqlarını açıq şəkildə bəyan etməyə başlayıblar. Onlar deyir ki, hələlik seksual azlıqlara qarşı təzyiqlərə «Nikol Paşinyanı hörmətdən salmağa çalışan opponentlərinin planlı işi» kimi qiymətləndirirlər. Bununla yanaşı, «məxməri Paşinyan» hökumətinin bu təzyiqləri davam etdirəcəyi təqdirdə növbəti çevriliş təşkil edə biləcəklərini gizlətmirlər. Odur ki, «iliyinədək liberal» olan Paşinyan və ətrafının narahat olmağa səbəbi var.

 

«Məxməri inqilab»ın blefi

Qeyd olunan amil – Qərbə meyil – «məxməri inqilab»ın rəhbərləri üçün son dərəcə önəmlidir. Doğrudur, bu bir ildə onlar qərbpərəst, demək, müvafiq olaraq həm də anti-Rusiya ritorikasından bir qədər uzaqlaşıblar. Halbuki Paşinyan hakimiyyətə gələnədək özünü Rusiya ilə müttəfiqliyin, Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) yer almasının əleyhdarı kimi təqdim edirdi. Məsələn, Paşinyanın əvvəlki çağırış parlamentdə rəhbərlik etdiyi «Yolk» bloku Ermənistanın Aİİ-dən çıxması və Avratlantik məkana inteqrasiyasına hazırlaşması ilə bağlı bəyanatın yazılması üçün komissiyanın yaradılmasını belə, təklif etmişdi. Lakin hakimiyyətə gəldikdən sonra o, «AAİ çərçivəsində daha effektiv inteqrasiya»dan danışmağa başlayıb.

Amma Ermənistan hakimiyyətinin Aİİ-nin aparıcı dövlətləri olan Rusiya, Qazaxıstan və Belarusla yaşadığı problemləri nəzərə alsaq, hər kəs, ilk növbədə isə həmin dövlətlərin liderləri üçün aydın olur ki, Paşinənın onlarla «effektli inteqrasiya»nı vacib sayması baş nazirin şəxsi dünyagörüşü ilə yox, onun geosiyasi reallıqlarla barışmaq məcburiyyətində olması ilə bağlıdır. Bunun ən bariz göstəricisi hakim «Mənim addımım» blokunun deputat heyətidir. Onların əksəriyyəti Qərbə məxsus qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşən şəxslərdir.

Bu mənada tanınmış rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun fikirləri maraqlıdır: «Paşinyanın komandasında qərbpərəst şəxslər çoxdur. Onlar, əlbəttə ki, Qərbdən gələn qrantlar hesabına yaşayır. Müvafiq olaraq, həmin şəxslər Avropa və ABŞ-a sevgilərilə, Rusiyaya isə tənqidi münasibətlərilə tanınır. Sağlam başla yanaşsaq, Ermənistan üçün Rusiya ilə geosiyasi ittifaq çox sərfəlidir. Lakin Paşinyanın komandası çoxdan Qərb tərəfindən bəslənir. Onlar uzun illər ciblərində anti-Rusiya fiqası ilə işləyiblər. O isə zaman-zaman özünü göstərir – gah Ermənistanda Rusiya telekanallarının yayımına son qoyulmasının vacibliyindən danışılır, gah Qarabağ münaqişəsində Rusiyanın Ermənistanı müdafiə etməməsindən. Hər halda, deməyə söz tapırlar. Bu gün Ermənistan Rusiyanı vurmaq üçün bəhanə axtarır. Yəni onlarda belə gizli rusofobiya var».

Həqiqətən də, hakim «Mənim addımım» fraksiyasının deputatı Narine Xaçatryanın (Tuxikyan) bəyanatı Ermənistanda rusofobiyanın mövcudluğu haqda ciddi səs-küyə səbəb olub. Paşinyanın qatı tərəfdarı olan deputat mütəmadi olaraq Rusiya ilə dostluğa qarşı çıxır («bu dostluq blefdir», «belə dostluq yoxdur, bu, uydurmadır»). İndi isə o, Ermənistanda Rusiyanın «Mir», ORT və «Rossiya 1» telekanallarının yayımının dayandırılması məsələsini qaldırıb. Daha maraqlısı isə onun mövqeyilə Paşinyanın daha bir silahdaşı, Milli Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyanın razılaşmasıdır. O, hesab edir ki, ölkə ərazisində Rusiya telekanallarının yayımı «Ermənistanın informasiya təhlükəsizliyinə müəyyən təhdidlər yaradır».

 

Perspektivsizliyin alternativi

Ermənistandakı anti-Rusiya isteriyası ölkənin həyati əhəmiyyətli problemlərinin durmadan artması fonunda daha da şiddətlənir. Söhbət ağır sosial-iqtisadi böhrandan, əhalinin əksəriyyətinin maddi durumunun ağırlığından gedir. Beləliklə, «məxməri inqilab»dan keçən  il Ermənistan sakinlərinə yaxşı heç nə gətirməyib. Onun ölkənin iqtisadi durumuna da hər hansı müsbət təsiri olmayıb. Əməkhaqqı və pensiyaların azlığı, işsizliyin artması, sənaye və kənd təsərrüfatı sahəsində tənəzzül, dövlət borcunun artması, nəhayət, əhalinin ölkədən axınının davam etməsilə demoqrafik durumun daha da pisləşməsi ermənilərin dəyişməyən həyat reallığıdır. Başqa sözlə, iqtisadi sahədə vəziyyət Serj Sarqsyanın kriminal rejimi dövründə olduğu kimi qalır.

Vəziyyətin son dərəcə acınacaqlı olduğunu, əlbəttə ki, Paşinyan da anlayır. Əhalinin iqtisadi möcüzəyə inamının itməməsi üçün o, informasiya məkanına vaxtaşırı guya Qərbdən tezliklə ciddi yardım alacaqlarına (bu, Ermənistan hökumətinin qərbpərəstliyinin daha bir göstəricisi sayıla bilər) dair xəbərlər buraxdırır. Məsələn, baş nazir bu yaxınlarda parlamentdə etdiyi çıxışda Avropa İttifaqının onun hökumətinə «13 layihə təqdim etdiyini» və onların bir hissəsinin «meqalayihə» olduğunu bildirib. Paşinyanın çıxışının sonrası daha maraqlı olub: «Beynəlxalq tərəfdaşlarımız ağıllı şeylər danışır. Deyirlər ki, siz özünüz də investisiya xərcləməlisiniz. Çünki hansısa beynəlxalq təşkilatın gəlib ölkənin bir proqramını 100% maliyyələşdirəcəyini gözləmək olmaz. Məsələn, infrastrukturun inkişafı, yaxud su anbarlarının inşası proqramlarını».

Belə çıxır ki, Aİ belə, «məxməri inqilab»a verdiyi bütün dəstəklərə rəğmən, Paşinyan hökumətinə pul deyil, söz verməyə hazırdır. Paşinyan bununla bağlı konkret nəsə deyə bilməyib. O, xarici maliyyə vəsaitlərinin cəlbi nəticəsində dövlət borcunun artacağına dair narahatlığ aradan qaldırmağı da bacarmayıb: «Kölgə iqtisadiyyatı ilə fəal mübarizə aparılarsa, borcun artması təhlükəli olmayacaq. BVF mütəxəssisləri hesab edir ki, Ermənistanda kölgə iqtisadiyyatının həcmi 50-60%-dir. Hökumət bununla mübarizə apararsa, Ermənistan ÜDM-i müəyyən qədər artacaq və borc ÜDM-in 60%-i səviyyəsindən aşağı düşəcək».

Başqa sözlə, xalqa Paşinyanın kölgə iqtisadiyyatı ilə fəal mübarizə aparacağını gözləmək qalır. Amma bu mübarizənin uğurlu olacağı təqdirdə belə, ölkənin xarici borcu faciəvi hzədddən – ÜDM-in 60%-dən bir qədər aşağı düşəcək. Yəni Paşinyan dövlət borcunun hansı səviyyəyədək azaldıla biləcəyini də dəqiqləşdirməyib. Səbəb aydındır: bu məsələdə ümid verən heç nə yoxdur və ola da bilməz. Çünki Ermənistanın əsas problemi başqadır.

Söhbət Azərbaycanla münaqişədən gedir. Bu münaqişənin səbəbi Ermənistanın Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20%-ni işğal etməsidir. Son 1 ildə Bakı ilə Yerevan qoşunların təmas xəttində gərginliyi qismən azaltmağa nail olub. Siyasi-diplomatik səviyyədə isə Azərbaycan hələ gözləmə mövqeyindədir. O, hələ də Ermənistanın yeni rəhbərliyinin ağıllı davranacağına, ərazilərinin işalına son qoyulması kimi qaçılmaz qərarı qəbul edəcəyinə inanır. Halbuki, Paşinyan hakimiyyətə gəlişindən ötən 1 ildə daha çox münaqişənin həllinə kömək etməyən mənasız, faydasız bəyanatlar verməklə məşğul olub. O, hər addımında siyasi iradə nümayiş etdirmək, ölkəsi üçün yeganə xilas yolu olan qərar qəbul etmək, yəni Azərbaycana qarşı təcavüzkar siyasətə son qoymaq iqtidarında olmadığını göstərir. Lakin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini perspektivsiz məcraya yönəldən «inqilabçı hökumət» bununla Ermənistanın öz gələcəyini də perspektivsiz hala gətirir. Çünki bu ölkənin gələcəyi ilk növbədə, Ermənistanın Azərbaycanla sülh və əməkdaşlığa gedə bilib-bilməyəcəyindən asılıdır. Onun illərdir düşdüyü təcrid vəziyyətindən çıxmasının, regional inteqrasiya proseslərinə cəlbinin yeganə yolu budur. Ermənistan başqa yolla inkişaf edə bilməyəcək.



MƏSLƏHƏT GÖR:

354