Müəllif: Namiq HƏSƏNOV
Mayın ilk günlərində ərəb-İsrail münaqişəsi növbəti dəfə özünü göstərib. Bir neçə gün ərzində fələstinlilər İsrailin cənubuna 600-dək raket və mina atıb. İsrail hərbçiləri də öz növbəsində, buna cavab olaraq Qəzza sektorunda 300-dək hədəfə zərbələr endirib. Son məlumatlara görə, insidentlər nəticəsində İsrail tərəfindən 4, Fələstin tərəfindən isə 25 nəfər həlak olub. Qarşılıqlı raket zərbələrilə, təxminən, 1 aydan artıq idi davam edən sakitlik də sona çatıb. Bu, 2014-cü ildən bu yana ən miqyaslı və qanlı aksiya olub.
Qarşıdurma qanunları
İllərdir bitmək bilməyən münaqişədə son gərginlik mayın 2-də başlayıb. İsrailin cənub rayonlarına yandırıcı və partlayıcı maddələrlə təchiz olunmuş hava şarının buraxılmasından sonra yəhudi dövlətinin Silahlı qüvvələri Fələstinin HƏMAS hərəkatının Qəzza sektorundakı bəzi mövqelərinə hücum edib. HƏMAS radikalları bunu cavabsız qoymayıb və idarə olunmayan raketlərdən İsrail ərazisini miqyaslı şəkildə atəşə tutmağa başlayıb. 1 gün ərzində Qəzza sektorundan yəhudi dövləti ərazisinə 250-dən artıq belə raket atılıb. İsrail Silahlı Qüvvələrinin müxtəlif Hava Hücumundan Müdafiə sistemlərindən, hətta «Dəmir günbəz»dən istifadəsinə rəğmən, bəzi raketlər İsrailin cənubundakı yaşayış məntəqələrinə düşüb. Bununla da, Aşkelon, Aşdod, Beer-Şeva və cənubun digər iri şəhərləri yenidən təhlükəli ərazilərə çevrilib. Cəmi bir neçə gündə bu şəhərlərdə 4 israilli həlak olub, 20-dək insan yaralanıb.
Bundan başqa, yüzlərlə fələstinli Qəzza sektorunun sərhədindəki hasara hücum etsə də, onların qarşısı alınıb.
İsrail Ordusu (SAXAL) raket hücumlarına miqyaslı aviazərbələrlə cavab verib. Qəzza zolğanda seçilmiş çoxsaylı hədəflər arasında raket atışı ilə məşğul olan yaraqlı qrupları, silah anbarları, emalatxanalar, qərargahlar, təlim düşərgələri, gəmilər və s. də olub. Bununla yanaşı, HƏMAS-a hərbi əməliyyatların növbəti mərhələsinin təşkilat rəhbərlərinin fiziki məhvi olacağına dair xəbərdarlıq da edilib.
İsrail ordusunun reydləri nəticəsində 25 fələstinli həyatını itirib. İsrail tərəfi ölənlərin yarısının HƏMAS və «İslam cihadı» təşkilatının yaraqlıları olduğunu iddia etsə də, bunu dəqiqləşdirmək çətindir. Çünki Qəzzada yaraqlılarla mülki şəxslər faktiki olaraq, iç-içə yaşayır.
İsrail HHQ tərəfindən endirilmiş zərbələr nəticəsində Qəzzanın mərkəzində Türkiyənin «Anadolu» agentliyi nümayəndəliyinin də yerləşdiyi 6 mərtəbəli bina dağıdılıb. Nəticədə, Türkiyə Xarici İşlər Nazirliyi sərt bəyanatla çıxış edərək, İsrailin hücumlarını «insanlıq əleyhinə cinayət» adlandırıb. İsrail hərbçiləri isə ittihamları rədd edir. Onlarda olan məlumatlar dağıdılmış binada HƏMAS hərəkatının nəzarətində olan kəşfiyyat xidmətlərinin yerləşdiyini göstərir.
ABŞ isə İsrailə dəstək verib. «İsrailin özünü müdafiə etmək hüququ var və ABŞ vacib müttəfiqi olan bu dövləti dəstəkləyir», - deyə Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens bildirib.
Dünyanın digər dövlətlərinin mövqeyi növbəti dəfə haçalanıb, BMT tərəfləri zorakılığa son qoyaraq danışıqlara başlamağa çağırıb.
Münaqişə qaydalarına əsaslanan İsrail Misir və Qəzza sektoru ilə sərhəddəki Nəzarət Buraxılış Məntəqələrini bağlayıb, ehtiyatda olan hərbçilərlə bağlı qismən səfərbərlik elan edib. Qiyamçı anklavla sərhədə əlavə zirehli-tank bölükləri də göndərilib.
Artıq dünya SAXAL-ın növbəti yerüstü əməliyyatlara başlayacağını gözlədiyi vaxtda İsraillə terrorçu anklav arasında barışığın əldə olunduğu xəbəri yayılıb. Onlar Misirin vasitəçiliyilə barışıblar. Lakin 5 gün davam edən qarşıdurma hər iki tərəfdən onlarla insanın həyatına son qoyub və ortaya bir çox sual çıxarıb.
«Uçan şarlar» problemi
Yeni gərginlik HƏMAS-ın ötən ilin martında elan etdiyi «Böyük qayıdış marşı» aksiyasının davamı sayıla bilər. Söhbət fələstinlilərin Qəzza sektoru ilə İsrail arasında sərhədi dağıtmaq cəhdindən gedir. Aksiyanın əsas ideyası dünya birliyinin diqqətinin növbəti dəfə fələstinli qaçqınların probleminə cəlb olunmasıdır. Ərəblər hesab edir ki, ərəb-İsrail müharibəsi nəticəsində məcburi köçkünə çevrilmiş hər bir şəxs öz evinə qayıtmalıdır.
BMT-nin qiymətləndirməsinə görə, Qəzza sektorunun 2 milyonluq əhalisinin 1,3 milyonunu qaçqınlar və onların nəsli təşkil edir. Ümumilikdə isə qaçqınların sayı 5 milyona çatır. Onlar qonşu ölkələrdə məskunlaşıblar.
HƏMAS lideri hələ aksiyanın əvvəlində sərhədə toplaşmış insanlara müraciətində demişdi: «Siz evlərinizi tərk etmiş, lakin onu unutmamısınız. Fələstinlilər üçün öz torpaqlarına qayıtmağın alternativi yoxdur».
İsrail isə qaçqınların geri qaytarılmasının əleyhinədir. Təl-Əvivdə hesab edirlər ki, bu, ölkədə demoqrafik vəziyyəti dəyişəcək.
Artıq 1 ildir ki, fələstinlilər hər cümə namazından sonra Qəzza zolağı ilə İsrail arasında çəkilmiş hasarı uçurmağa cəhd edirlər. Lakin Təl-Əviv buranı «qapalı hərbi zona» elan etdiyindən, hərbçilər sərhədə yaxınlaşan fələstinlilərə atəş açırlar. Ərəblər isə son onilliklər ərzində olduğu kimi, buna hərbçiləri daş-qalaq etməklə, onlara tərəf «Molotov kokteyli» atmaqla cavab verir.
Amma indi fələstinlilər yeni mübarizə vasitəsi də tapıb: xüsusi «içliyi» olan «hava ilanları» və şarlar. İçərisinə yandırıcı maye yerləşdirilmiş, idarə olunmayan vasitələr HHM sistemlərinin «diqqətindən yayına» bilir və düşdüyü ərazidə güclü yanğın yaradır. Yəhudi Milli Fondunun məlumatına görə, il ərzidə belə hücumlar 1500-dək yanğına səbəb olub və Qəzza sektoru ilə sərhədin yaxınlığındakı meşə massivlərinin 50%-ni məhv edib. İsrail hələ ki, bu «yenilik»lə effektiv mübarizə vasitəsi tapa bilməyib: «hava terrorçuları»na qarşı istifadə olunan pilotsuz uçuş aparatları işə müdafiədə deyil, hücumda daha yaxşı yarayır.
İqtisadi rıçaqlar
Qəzza sektoru ətrafında yaşananların digər tərəfi də var – yaraqlıların maliyyələşdirilməsi. Ərəb ölkələrinin və beynəlxalq islam təşkilatlarının dünya üzrə fələstinlilərə yardım topladıqları sirr deyil. Bəzən belə yardımların həcmi kifayət qədər ciddi olur. Məsələn, Qətər əmiri Tamim bin Hamad Əl Tani bu yaxınlarda Qəzza sektoru və İordan çayının qərb sahilindən olan fələstinlilərə 480 milyon dollar yardım ayrılmasına qərar verib. Qəzzaya yönələn belə yardımların böyük hissəsi məhz HƏMAS-ın hərbi hazırlıqlarına xərclənir. Onları əhalinin yoxsulluq içərisində yaşaması o qədər də narahat etmir – əsas hədəf İsraillə qarşıdurmadır.
Bu arada bir müddət əvvəl Aİ-nin himayəsi altında Qəzzanın problemlərinə həsr olunmuş növbəti konfrans keçirilib. Toplantıda bütün Avropadan sponsorlar, donorlar və vasitəçilər, həmçinin ərəb dövlətləri və beynəlxalq təşkilatlar sektor əhalisinin həyat səviyyəsinin yüksəldilməsi üçün görülə biləcək işləri müzakirə edib. Konfransa müşahidəçi qismində qatılmış İsrail nümayəndəsi isə bildirib ki, belə tədbirlərin onlara təhdid yaratmayacağı təqdirdə bu səylərə mane olmayacaqlar.
Beləlliklə, əsas çətinlik: necə etmək lazımdır ki, beynəlxalq sponsorların Qəzza əhalisinə ayırdığı yardımlar HƏMAS-a deyil, sakinlərə çatsın? Məsələ həm də ondadır ki, HƏMAS-ın kənar qüvvələrin maddi dəstəyindən asılılığı onun hücum əməliyyatlarını istədiyi qədər davam etdirməsinə imkan vermir. Bu halda İsrail dərhal bütün sərhədi bağlayır və belə şəraitdə sərhədi «quş da keçə bilmir».
«Barışmaz» radikalların danışıqlara loyallığı da bununla izah olunur.
«Eurovision» «hədəf»də
Son ərəb-İsrail gərginliyində növbəti «yenilik» bilavasitə beynəlxalq tədbirə təhdidin yaranmasıdır. «İslam cihadı» təşkilatının yaraqlıları mayın 14-18-də İsraildə keçirilməli olan «Eurovision» beynəlxalq mahnı müsabiqəsini pozacaqlarını bəyan ediblər. Bu, Münhen Olimpiadasından sonra beynəlxalq birliyin üzləşdiyi ilk belə haldır. O vaxt fələstinli terrorçular 11 israilli idmançını ələ keçirərək güllələməklə, az qala beynəlxalq idman tədbirini pozmuşdular.
Yaraqlıların nə düşündükləri aydındır: bütün dünyaya yayımlanan şou zamanı törədiləcək istənilən təxribat bəşəriyyətin diqqətini yenidən «mamır bağlamış» bu münaqişəyə çəkəcək.
Yaraqlıların hədələrinə Avropa Yayım İttifaqı (EBU) da reaksiya verib. Qurumdan verilən açıqlamada bildirilir ki, EBU-nun Təl-Əvivdə keçiriləcək «Eurovision» zamanı yarana biləcək fövqəladə vəziyyət üçün xüsusi planı var. Lakin bu planın reallıqda nə qədər effektiv olacağını demək çətindir.
Qəzza sektorunda uzun illərdir bitmək bilməyən problem, həqiqətən də, unikal haldır. Ola bilsin ki, bu, beynəlxalq birliyin Fələstin münaqişəsinə verdiyi statusla bağlıdır. Ərəb-İsrail münaqişəsində gərginliyin artmasına və ya azalmasına hər zaman müxtəlif amillər təsir göstərib: konkret tarixi vəziyyət, müxtəlif milli liderlər, ictimai rəy, mümkün iqtisadi faydanın miqyası. İsrail cəmiyyətinin özündə maraqların toqquşması da münaqişənin çoxlarına sərf edən səviyyədə saxlanmasına yol açır.
MƏSLƏHƏT GÖR: