23 Noyabr 2024

Şənbə, 20:05

RƏQƏMLƏR VƏ FAKTLAR

Azərbaycan maliyyə sektorunun rəqəmsallaşdırılmasını sürətləndirir

Müəllif:

01.06.2019

Rəqəmsallaşdırma gündən günə iqtisadiyyatın bütün sahələrinə nüfuz edir və onların aralarındakı sərhədləri aradan qaldırır. Öz növbəsində, belə bir transformasiya biznesə yeni prinsipial yanaşma deməkdir ki, bu, sahibkarlara zamanla ayaqlaşmaq, dəyişən makroiqtisadi iqlim fonunda daha dayanıqlı olmaq, özünü itirməmək və hətta rəqiblər arasında fərqlənmək imkanı yaradır. Bu, yeni bazar şəraitlərinə uyğunlaşmağı, risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə ölçülüb-biçilmiş siyasət qurulmasını, informasiya texnologiyalarının inkişafına investisiya qoyuluşlarını və informasiya təhlükəsizliyinin gücləndirilməsini tələb edən qaçılmaz bir prosesdir.

 

Transformasiya və banklar

Bank xidmətləri və servisləri ilə bağlı transformasiya bank bazarında iştirak edənlər və müştərilər arasındakı münasibətlərin köklü surətdə dəyişməsi deməkdir. Bu, ilk növbədə, alternativ xidmət kanallarından istifadə yolu ilə xidmət sürətinin artırılmasını və müştərilərin vaxtına qənaəti nəzərdə tutur. Bu baxımdan, bank bazarı iştirakçıları tərəfindən təklif olunan xidmətlərin operativliyi və hərtərəfli əlçatar olması banklar və müştərilər arasında münasibətləri tamamilə yeni səviyyəyə qaldırır. Başqa sözlə, bank xidməti artıq müştərinin fiziki iştirakını tələb etmir.

Bu gün Azərbaycan bank bazarının rəqəmsallaşdırma səviyyəsi haqqında nə demək olar? Proses başlayıb, amma böyük uğurlar gözləmək üçün hələ çox erkəndir. Bəli, rəqəmsallaşdırma getdikcə sürətlənir. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun Bakıda keçirilən Maliyyə və Texnologiya Sammitində (Fintex Summit) dediyinə görə, bu gün Azərbaycanda mövcud olan 30 bankın 27-sində internet-bankinq, 25-ində isə mobil bankinq mövcuddur. 2019-cu ilin birinci rübündə ümumi portfeldə elektron əməliyyatların payı 31% təşkil edib, ötən ilin uyğun dövründə bu göstərici 22% olmuşdu.

İ.Alışovun sözlərinə görə, buna paralel olaraq kart sisteminin təkmilləşdirilməsi və elektron ticarətin artırılması davam etdirilir. Hazırda Azərbaycanda dövriyyədə 6,8 milyon kart var və bu ilin birinci rübündə dövriyyəyə 772 min kontaksız kart buraxılıb ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisindən 2,1 dəfə çoxdur. 2019-cu ilin birinci rübündə elektron ticarətin həcmi 573 milyon manat təşkil edib ki, ötən ilin uyğun dövründə 266 milyon manat olmuşdu.

Bununla yanaşı, Azərbaycan bank sektorunun rəqəmsallaşdırılması göstəricisinə görə MDB ölkələrindən olan baxımından hələ də geridə qalır.

«Moody's» beynəlxalq reytinq agentliyi də öz hesabatında qeyd edib ki, Azərbaycanda plastik kartların dövriyyəsi əhalinin gəlirlərinin, təxminən, 6%-ni təşkil edir və bu göstəriciyə görə, ölkə MDB-də yalnız Tacikistandan qabaqdadır. Onlayn bank hesabları ümumi sayın yalnız 7%-inə bərabərdir ki, bu da MDB ölkələri arasında ən pis göstəricidir. Agentliyin məlumatına görə, Azərbaycanın mobil rabitənin nüfuz səviyyəsi baxımından regionun digər ölkələrindən bir qədər geridə qalır. Əgər MDB ölkələri arasında, orta hesabla, hər 100 nəfərə 136 SIM-kart düşürsə, Azərbaycanda bu rəqəm 103 təşkil edir. Bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında yalnız Moldova, Tacikistan və Özbəkistandan qabaqdadır.

Amma müsbət məqamlar da var. Hesabata əsasən, Azərbaycan əhalinin internetə çıxışı baxımından MDB ölkələrini önəmli şəkildə qabaqlayır - əhalinin 79%-i internet istifadəçisidir, MDB-nin orta göstəricisi isə 68% təşkil edir. Bu göstərici üzrə Azərbaycan Birlik ölkələri arasında birinci yeri tutur.

Belə çıxır ki, problemlər tamamilə fərqli səbəbdən yaranır. Göründüyü kimi, ilk növbədə, bu, əhalinin maliyyə savadlılığının aşağı səviyyədə olması ilə bağlıdır ki, nəticədə, maliyyə institutlarını innovativ texnologiyaların inkişafına marağı zəif olur.

 

Planlar və perspektivlər

Bununla yanaşı, Azərbaycanda rəqəmsallaşdırma üzrə bütün yeniliklər dövlət səviyyəsində dəstəklənir. Belə ki, ötən ilin sentyabrında prezident İlham Əliyev "2018-2020-ci illər üçün Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nı təsdiqləyib. Azərbaycan Mərkəzi Bankında gözləyirlər ki, bu proqramın həyata keçirilməsi nəticəsində iqtisadiyyatda nağd əməliyyatların payı 74%-dən (2017) 40%-dək (2020) azalacaq. Eyni zamanda, 2018-2020-ci illərdə nağdsız ödənişlərin illik həcminin 17 milyard manat (cari məzənnə ilə 10 milyard dollar) artacağı proqnozlaşdırılır.

Proqramın əsas məqsədi nağdsız ödənişlər sistemini genişləndirmək, Azərbaycanda bankların maliyyə bazasını gücləndirməkdir. Bu baxımdan, proqramın prioritetləri aşağıdakılardır: nağdsız ödənişlərin institusional və hüquqi bazasının təkmilləşdirilməsi, bu sahədə xidmətlərin keyfiyyətinin genişləndirilməsi, nağdsız ödənişlər üçün infrastrukturun inkişaf etdirilməsi.

Bu istiqamətdə işlər artıq aparılır və ən əsası, bu, bir çox strukturların birgə səyləri ilə əldə edilir. Məsələn, həmin «Fintex Summit» çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, memorandumun əsas məqsədi ölkədə maliyyə texnologiyalarının tətbiqi üçün səylərin birləşdirilməsidır. O vurğulayıb ki, maliyyə texnologiyalarının tətbiqi yalnız dövlət sərəncamlarından və tənzimləmə tədbirlərindən asılı deyil. "Bank sistemini hazırlamaq, informasiya və təcrübə mübadiləsi aparmaq, habelə əhalinin maliyyə savadlılığının artırılması vacibdir. Bu da yalnız dövlət-özəl tərəfdaşlıq yolu ilə mümkündür ki, memorandum bunu nəzərdə tutur".

 

Blokçeyn və maliyyə sahəsi  

Əgər daha konkret tədbirlərdən danışılarsa, bu ilin sonuna qədər Mərkəzi Bank ölkənin maliyyə sektoruna blokçeyn texnologiyasını tətbiq etməyi və ani ödənişlər sistemini işə salmağı planlaşdırır.  

Mərkəzi Bankın aparıcı informasiya inzibatçısı Fərid Osmanovun sözlərinə görə, Azərbaycanda blokçeyn texnologiyasına əsaslanan ilk ekosistemin yaradılma layihəsi pilotdur və hazırda ilin əvvəlində hazırlanmış prototipin tətbiqi prosesi ilə bağlı danışıqlar aparılır. O qeyd edib ki, AMB bütün elektron bank əməliyyatlarını blokçeyn texnologiyasına keçirməyi planlaşdırır.

"İlk öncə, bu, kredit təşkilatlarına təqdim edilən fərdi göstəricilərin təhlükəsizliyini önəmli dərəcədə yaxşılaşdırmağa imkan verir. Bundan başqa, bu texnologiya əməliyyatların çoxunu uzaqdan gerçəkləşdirməyə yardım edəcək. Bizim planlarımızda, hər şeydən öncə, hesabların uzaqdan açılmasını təmin etmək var. Bu məqsəd bir neçə mərhələdə həyata keçiriləcək. İlk öncə fiziki şəxslər tərəfindən uzaqdan 500 manata qədər məbləğdə hesab açılmasını təmin etməyi planlaşdırırıq, daha sonra məbləği 6 min manata qədər qaldıracağın, ən sonda isə bütün hesabları uzaqdan açmağı təmin edəcəyik", - deyə F. Osmanov bildirib.  

Ani ödənişlər sisteminə gəldikdə isə, Mərkəzi Bank, ilk növbədə, fiziki şəxslər arasında hesablaşmalara tətbiq etmək niyyətindədir, gələn ildən isə hüquqi şəxslər arasında, fiziki şəxslər və hüquqi şəxslər arasında kross-hesablaşmalar və sistemin digər elementləri tətbiq ediləcək. Ümumiyyətlə, bu sistem hüquqi və fiziki şəxslərə əməliyyatları 24/7/365 rejimdə gerçəkləşdirməyə imkan verəcək və hər əməliyyata 10 saniyədən artıq getməyəcək.

AMB-nin bu istiqamətdə başqa önəmli layihəsi maliyyə xidmətləri və məhsullarının mərkəzləşdirilmiş axtarış sistemidir. Hələ ki, sistem Azərbaycanda 20-dən çox bankın 3000 məhsul və xidmətlərini əhatə edir. Amma gələcəkdə bank olmayan kredit təşkilatları, ödəniş agentləri və maliyyə xidmətləri göstərən digər qurumlar da ona qoşulacaqlar. Ümumiyyətlə sistem sayəsində istifadəçilər kreditlər, depozitlər, filial şəbəkələri, kartlar, pul köçürmələri və digər məhsul və xidmətlər haqqında məlumat əldə edə bilərlər, həm eyni bankın müxtəlif məhsulları haqqında məlumatları, həm də müxtəlif bankların eyni məhsulları haqqında məlumatları tutuşdura bilərlər. Gələcəkdə Mərkəzi Bank həm də bu və digər məhsulun onlayn rejimdə birbaşa sifariş vermə imkanını gerçəkləşdirməyi planlaşdırır.

 

Ödəniş sistemləri və yeni texnologiyalar

Ölkədəki rəqəmsallaşdırma prosesi beynəlxalq ödəniş sistemləri VISA və MasterCard tərəfindən fəal şəkildə dəstəklənir. Hər iki şirkət təhsil və nəqliyyat sahələrində innovativ ödəniş üsullarından istifadənin genişləndirilməsi, habelə Azərbaycan əhalisinin maliyyə savadlılığının artırılması məsələlərində AMB ilə fəal əməkdaşlıq edir.

Bundan əlavə, VISA ölkədə yeni texnologiyaları fəal şəkildə tətbiq edir. Xüsusilə, şirkət bu il Azərbaycanda tokenizasiya texnologiyasını tətbiq etmək niyyətindədir. Bu, o deməkdir ki, kartla əməliyyat zamanı onun bütün göstəriciləri şifrələnir, bu isə tranzaksiyaların təhlükəsizliyini təmin etməyi yetərincə azalmağa imkan verir. Gələcəkdə tokenizasiya kart istifadəçilərinin mobil telefonlara bağlanmasına da imkan yaradacaq ki, bu da kartın fiziki varlığını lazımsız edəcək.

VISA şirkətinin MDB və Cənub-Şərqi Avropa ölkələrində ödəniş məhsulları departamentinin rəhbəri Kristina Doroşun sözlərinə görə, onlar mobil telefonlardan istifadə edərək kartlar vasitəsilə ödənişləri qəbul etməyə imkan verəcək daha bir yenilik üzərində işləyirlər. "Biz bilirik ki, banklar üçün heç də həmişə POS terminallar satın almaq və quraşdırmaq iqtisadi cəhətdən sərfəli deyil. Bizim texnologiya telefonu POS terminala çevirə biləcək, bu, kartın ödənişə qəbul etmə prosesini yetərincə sadələşdirəcək".

Yəni iş gedir və indi yalnız nəticələri gözləmək qalır. Yada salmaq yetərlidir ki, rəqəmsallaşma banklar üçün də vacibdir, onlar özləri də inkişaf etməlidirlər, əks halda, ziyana uğrayacaqlar.



MƏSLƏHƏT GÖR:

279