Müəllif: Kənan RÖVŞƏNOĞLU
May ayında İran-Amerika münasibətlərinin yenidən gərginləşəcəyi gözlənilən idi. Çünki Tramp administrasiyasının noyabrda İrana neft satışında 8 ölkəyə təyin etdiyi 6 aylıq güzəşt müddəti mayın əvvəlində başa çatacaqdı. Üstəlik, Trampın İranla “altılıq” arasında nüvə anlaşmasından çıxmasının bir ili tamam olurdu. Bir mənada hər iki tərəf maya hazırlaşırdı.
Lakin hər şey sürətlə baş verdi. Aprelin son günlərində Vaşinqton administrasiyası İrandan neft almaq üçün 8 ölkəyə tanınan güzəşti ləğv elədi. Mayın əvvəlində isə İran nüvə anlaşmasına sadiq qalan 5 ölkəyə müraciət edərək müqaviləni və İranın maraqlarını qorumağa çağırdı və prezident Ruhani bəyan etdi ki, ölkəsi nüvə anlaşmasından tərəfdaşlarına 6 ay vaxt verir. Daha sonra isə rəsmi Tehran nüvə anlaşmasındakı uranın 3,67 faiz zənginləşdirilmiş 300 kiloqramdan artıq qalan hissəsinin xaricə satılması və 130 ton ağır su saxlamaq öhdəliyi nəzərdə tutan 26 və 36-cı bəndlərinin icrasından imtina edəcəyini, rəsmi şəkildə uran zənginləşdirilməsi prosesini davam etdirəcəyini bəyan etdi. Vaşinqton isə Tehranın bu qərarına cavab olaraq dərhal İranın xaricə metal ixracına embarqo tətbiq etdi.
Bütün bu hadisələr baş verərkən Vaşinqton körfəzə əlavə qüvvə göndərməyə başlamışdı. Mayın 6-da mediada ABŞ Müdafiə Nazirliyinin Aralıq dənizinin İtaliya sahillərində lövbər salan “USS Abraham Linkoln” aviadaşıyıcı zərbə qrupunu Fars körfəzinə göndərməsi barədə xəbər yayıldı. Ardınca “USS Arlington” döyüş gəmisinin də körfəzə göndərildiyi, habelə Qətərdəki aviabazaya 4 ədəd B-52 taktiki bombardmançısı və “Patriot” zenit-raket kompleksləri yerləşdirilməsi xəbərləri yayıldı.
Məlum olduğu kimi, hazırda ABŞ-ın, demək olar ki, bütün region ölkələrində kifayət qədər böyük hərbi gücü var və buna baxmayaraq, Pentaqonun bölgəyə əlavə qüvvə yönəltməsi istər-istəməz müharibə olacağı şübhələrini yüksəltdi. Amerika mətbuatı isə İranın Yaxın Şərqdəki ABŞ maraqları və qüvvələrinə hücumlar hazırlaması ilə bağlı İsrail kəşfiyyatının xəbərdarlığından sonra Vaşinqton bu addımı atdığını yazırdı. Lakin sonrakı günlərdə Vaşinqtonun körfəzə 120 minlik qüvvə göndərəcəyi ilə bağlı xəbəri, daha sonra isə növbəti dəfə körfəzə əlavə qüvvə göndəriləcəyi xəbəri yayılsa da, ABŞ prezidenti və hökumət rəsmiləri hər dəfə bu məlumatları təkzib etdi.
Ancaq mayın 24-də məlum oldu ki, Pentaqon prezident Trampın təsdiq etdiyi plana əsasən Yaxın Şərqə əlavə 1500 hərbçi göndərir. ABŞ ordusu Baş Qərargahının qərargah direktoru kontr-admiral Maykl Gilday bildirib ki, əlavə qüvvələr CENTCOM (Mərkəzi Qüvvələr) komandanlığının tələbi ilə göndərilir, bu qüvvə kəşfiyyat məqsədli pilotlu və pilotsuz hava qurğuları, bir “Patriot” batareyası, bir mühəndis-istehkam bölüyü və döyüş təyyarəsi donanmasından ibarətdir.
ABŞ-İran müharibəsini kimlər istəyir
Sual yaranır: Əgər doğrudanda, ABŞ prezidentinin dediyi kimi, Vaşinqtonun İrana zərbə endirmək kimi bir niyyəti yoxdursa bu qədər əlavə qüvvəni körfəzə niyə toplayır?
İlk növbədə, onu qeyd etmək lazımdır ki, bu ay ərzində Yaxın Şərqdə baş verən bir neçə hadisə, həqiqətən də, bölgədə ABŞ və onun müttəfiqləri üçün “İran təhlükəsi”nin olduğu ilə bağlı mənzərə yaratmağa xidmət etdi. Belə ki, mayın 14-də Oman körfəzində ikisi Səudiyyə Ərəbistanı, biri Norveçə, biri isə BƏƏ-yə məxsus 4 neft tankerinə hücum oldu. ABŞ hərbçiləri tankerlərə hücumun İran qüvvələri tərəfindən törədildiyini iddia etsə də, Tehran bunu təkzib etdi. İran bu hadisənin gərginliyi artırmağa yönəlmiş təxribat olduğunu və İsrail tərəfindən törədildiyini bəyan etdi.
İki gün sonra isə Yəmən husiləri Səudiyyə Ərəbistanı neft kəmərini 7 ədəd silahlı dronla vurdu. Həftənin sonunda isə ABŞ-ın Bağdadda, ciddi qorunan “yaşıl zona”da yerləşən səfirliyi naməlum silahlılar tərəfindən atəşə tutuldu.
Yəni belə anlaşılır ki, kimsə cidd-cəhdlə ABŞ-İran müharibəsi olması üçün “səbəb düzəltməyə” çalışır. Məsələn, İran ətrafında gərginliyin yüksəldiyi bir vaxtda Amerika mediası yazdı ki, prezident Tramp milli təhlükəsizlik müşaviri Con Bolton və dövlət katibi Mayk Pompeoya İranla vəziyyəti gərginləşdirdikləri üçün qəzəblənib. Məhz bu xəbərlərin fonunda Tramp körfəzə 120 minlik qüvvə göndəriləcəyi haqda məlumatı təkzib edərək İrandan telefon zəngi gözlədiyini bildirdi.
Ancaq yuxarıda da qeyd olunduğu kimi, bu təkziblərdən sonra da körfəzə əlavə qüvvələr göndərildi. Özü də Trampın imzaladığı qərarlarla. Belə aydın olur ki, Vaşinqtonda İranla gərginliyin artmasını istəyən çox güclü qruplar var. Amma onlar yalnız Vaşinqtonda deyil. Trampın Yaxın Şərqdəki müttəfiqləri də İranla savaşın böyük dəstəkçiləridir. Təbii ki, bu sırada öndə İsrailin baş naziri Benyamin Netanyahu və onun arxasında dayanan qüdrətli Amerika yəhudi lobbisi.
İranla müharibəni istəyən daha bir güclü qüvvə körfəzin ərəb liderləridir. İsrail kimi körfəz ərəb dövlətləri də İranı özləri üçün başlıca təhdid olaraq görür və bunu gizlətmirlər.
Məsələ ondadır ki, hazırda faktiki olaraq İran İsrail və körfəzin ərəb əmirləri ilə Yəməndə, Suriyada, Livanda, Fələstində, İraqda mandat müharibəsi aparır. Hər kəs anlayır ki, Yəməndə husilərin, Suriyada Əsədin, Fələstində Həmas və İslami-Cihadın, Livanda Hizbullahın arxasında İran var. Bu qüvvələrə qalib gəlmək üçünsə İranı məğlub etmək lazımdır. İranı isə yalnız ABŞ məğlub edə bilər. Trampa “içəridən” və “çöldən” təzyiq məhz buna görədir. ABŞ prezidenti isə siyasi təcrübəsi olmasa da, özünün və hökumətinin cari maraqlarını yaxşı qiymətləndirir, buna görə də İranla toqquşmaya getmək istəmir. Ancaq həmin cari maraqlar ABŞ prezidentini Yaxın Şərqdə ab-havanı gərgin tutmağa vadar edir. Çünki “davakar və təhlükəli” İrana qarşı körfəzdə hər zaman qüdrətli Amerikaya ehtiyac olacaq. Körfəz ərəb rejimləri isə Tramp sözün əsl mənasında xəzinədir. Məsələn, mayın 24-də dövlət katibi Pompeo bildirdi ki, Donald Tramp administrasiyası “İran zorakılığının qarşısını almaq” məqsədilə ABŞ Konqresinin razılığı olmadan ərəb ölkələrinə 8,1 milyard dollarlıq silah satışına qərar verib.
Regiondakı ABŞ və İran gücü
Daha əvvəl qeyd edildiyi kimi, hətta əlavə qüvvələr olmasa belə, ABŞ-ın Yaxın Şərqdə onsuz da böyük hərbi gücü var. Belə ki, hazırda regionda ABŞ-ın 120 min hərbçisinin olduğu ehtimal edilir. Fars körfəzi, Oman dənizi, Qırmızı dəniz və Hind okeanında, təxminən, 20 milyon kv.km əraziyə nəzarət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması İranın “bir addımlığında”, Bəhreyndə yerləşir. Bu donanmada 20 minə yaxın hərbi qulluqçu və 20 döyüş gəmisi xidmət edir.
Bundan başqa İraqın cənubunda, Fars körfəzi sahillərində yerləşən Küveytdə bir neçə ABŞ hərbi bazası mövcuddur. Bu bazalardan İraqa qarşı müharibədə geniş şəkildə istifadə edib.
Körfəzin ən sakit ölkəsi Omanda “ərəb baharı” prosesində, təxminən, 26 min ABŞ hərbçisi yerləşdirilib.
Səudiyyə Ərəbistanında isə paytaxt ər-Riyad yaxınlığındakı ABŞ hərbi bazasında hələ də 5 minə yaxın amerikalı hərbçi və təyyarə mövcuddur. BƏƏ-nin Dubay əmirliyi və eyniadlı şəhərində də ABŞ hərbi bazası və “nimitz” sinfinə aid aviadaşıyıcısı var.
ABŞ ordusunun regiondakı ən böyük aviabazası, Qətərdə yerləşən əl-Udeyd hərbi hava bazasında isə 13 min hərbçi 100-dən çox döyüş təyyarəsi var. Bir neçə gün əvvəl nüvə bombası daşıyan 4 ədəd B-52 bombardmançıları yerləşdirilib.
Bundan başqa mümkün savaş zamanı Səudiyyə Ərəbistanı, İsrail və daha bir neçə körfəz ölkələri ABŞ ordusuna dəstək verə bilər. Üstəlik, Əfqanıstandakı 14 minlik Amerika ordusunu da nəzərə alsaq. Pentaqon hazırda faktiki olaraq İranı “mühasirəyə” almış kimidir.
Bütün bu məlumatlar ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının və amerikan analitik mərkəzlərinin saytlarında ictimaiyyətə açıqdır.
Dünyanın ən qüdrətli hərbi gücünə qarşı dayanmış İran ordusu silah və texnika baxımdan rəqiblərindən geri qalsa da, bilavasitə döyüş təcrübəsi baxımından, həmçinin son illərdə sürətlə inkişaf etdirilən raket və pilotsuz aparatlar sahəsində üstünlükləri var.
Qeyd edək ki, İran hərbi gücü iki strukturda cəmləşib. Birinci, yəni rəsmi olaraq açıqlanan saylar İran Müdafiə Nazirliyinin qüvvələridir. İranın ikinci rəsmi hərbi gücü İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) hesab olunan hərbi qanadına aid qüvvələrdir. “Sepah” özü də öz növbəsində bir neçə strukturdan ibarətdir. Ənənəvi “Sepah” hərbi gücü, İslam İnqilabı Könüllüləri “Bəsic Müqavimət Qüvvələri” və “Sepah”ın xaricdə əməliyyatlar üzrə ixtisaslaşmış “Qüds” briqadası.
İranın rəsmi hərbi qüvvələrinin aktiv şəxsi heyətinin sayı 520 və ya 538 min nəfər olaraq qeyd edilir. Ordunun böyük hissəsi, yəni, təxminən, 350 min nəfəri quru qüvvələridir.
İnqilab Keşikçilərinin hərbi qüvvələrinin ümumi sayı 265 min nəfərdir. Bunun 230 mini quru qoşunarı (müxtəlif təyinatlı), 20 min dəniz qüvvələri, 15 minini isə hava qüvvələri təşkil edir.
“Sepah”ın nəzarətində olan “Bəsic” könüllüləri ölkənin bütün nöqtələrində inqilab dəyərlərinə bağlı könüllü yarı hərbi qurumdur. Bu qurumun 11 milyon üzvünün olduğu ehtimal olunur. “Bəsic”in ümumi sayı 11 milyon hesab olunsa da, aktiv hərbi hazırlığı olan və fövqəladə hallarda bir ay içərisində təşkilatlana bilən 3 milyonluq heyəti var.
“Sepah”ın 3-cü böyük hərbi gücü xaricdə əməliyyatlar üçün ixtisaslaşmış xüsusi təyinatlı “Qüds” ordusudur. Təxminən, 15 min nəfərlik heyəti olan “Qüds” ordusunun 5 min nəfərlik xüsusi təyinatlı briqadası var.
İran ordusu 1600 tank, 600 PDM, 640 ədəd BTR-ə sahibdir. Bundan başqa İran ordusunda 200 ədəd hücum vertolyotu və 20 ədəd ağır nəqliyyat vertolyotu, 25 ədəd “Mi-171” sovet vertolyotları, 180 ədəd zenit qurğuları mövcuddur.
İran dəniz qüvvələri həm Müdafiə Nazirliyi, həm də İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) tərkibində fəaliyyət göstərir. İran Dəniz Qüvvələrinin 18 min qulluqçusu var. Sepah isə 5 min dəniz piyadası olmaqla 20 min nəfərlik dəniz gücünə sahibdir.
İran dəniz qüvvələrinin 29 sualtı qayıq və 69 döyüş gəmisinə sahibdir. Bunların bir qismi sovet istehsalı, bir neçəsi isə İran istehsalıdır.
İran hərbi hava qüvvələrinin 18 min, hava hücumundan müdafiə qüvvələrinin isə 12 min şəxsi heyəti var. Ümumilikdə İranın hərbi hava qüvvələrinin 500-dən bir qədər artıq təyyarəsi var.
Savaş olarsa təbii ki, İran bu savaşı regionun digər ölkələrinə də yayacaq. İranın Yaxın Şərqdə dəstəklədiyi, hazırladığı silahlı müqavimət qrupları var. Hansı ki, onların hərbi güc və imkanları heç də bir çox ölkənin hərbi qüvvələrindən geri qalmır.
Bu qüvvələr İraq, Suriya, Livan, Fələstin, Yəmən kimi ölkələrdə yerləşir. Təbii ki, İranın xaricdəki gücü dedikdə ağıla gələn ilk qüvvə Hizbullahdır. Bəzi mənbələrə görə, hazırda Hizbullahın yüksək peşəkarlığa və döyüş təcrübəsinə sahib 20 min (ümumi üzvlərinin sayı 65 min) döyüşçüsü var. İrandan maliyyə və silah alan, bir mənada Tehran tərəfindən qurulan Hizbullahın hazırda 45 km-dan 200 km məsafəyə uça bilən 150 min raketi mövcuddur ki, bunların əksəriyyəti İran istehsalıdır. 2006-cı ildə İsrailə qarşı müharibədə Hizbullahın Rusiya və Çin istehsalı olan dəniz və tank əleyhinə raketlərdən istifadə etməsi bu təşkilatın həm də yuxarıda adıçəkilən ölkələrdən silah tədarük etdiyini göstərir.
Bəzi iddialara görə, hazırda Suriyada İran dəstəkli silahlı qrupların sayı 30-dan çox, üzvlərinin sayı isə 55 min nəfərə yaxındır. Hazırda müharibənin davam etdiyi Yəməndə İrana yaxın olan Husi Ənsarullah təşkilatı 2014-cü ildən bu yana paytaxt Sənaya nəzarət edir və faktiki olaraq hakimiyyəti ələ keçirib. Husilərin ümumi olaraq 100-120 min tərəfdarının olduğu və bunun 30 min nəfərinin aktiv hərbi döyüşçü olduğu ehtimal olunur.
İranın müttəfiqi və dəstəklədiyi Qəzzada fəaliyyət göstərən Həmasın hərbi qanadı “İzzəddin əl-Qəssam” briqadasının 10 minə yaxın döyüşçüsü var. Qəzzada İrana yaxın daha bir qruplaşma olan “İslami Cihad”ın hərbi qanadı “Qüds briqadaları”nın döyüşçü sayı dəqiq bilinməsə də, bu qruplaşma Qəzzada Həmasdan sonra ən güclü silahlı təşkilat hesab olunur.
Və nəhayət, İranın ən yaxın qonşusu İraqda son illərdə təxminən 55 şiə silahlı dəstəsi yaradılıb. İŞİD-in Mosulu işğal etməsindən sonra bu dəstələr “Həşd-Şabi” adı verilən könüllü ordu çətiri altında birləşib. Bu qrupların bəziləri İran məsafəli olsa da, “İraq Hizbullahı”, “Bədr Ordusu” və daha bir neçə əsas silahlı qruplaşmalar İran və “Qüds ordusunun” komandanı Qasim Süleymaniyə çox yaxındır. "Həşd-Şabi"nin ümumi üzvlərinin sayı 300 min, aktiv hərbi qüvvələrinin sayı isə 135 min nəfər civarındadır.
“Savaş düyməsi”
İran ətrafında gedişatın hansı istiqamətdə davam edəcəyini demək çətindir. Yüksələn gərginliyin İrana birbaşa müdaxilə ilə nəticələnəcəyi, yoxsa Vaşinqtonun İrana qarşı hibrid müharibə başladacağını hələlik demək çətindir.Və yaxud da 2017-ci ildə Şimali Koreya ilə münaqişə zamanı olduğu kimi bu gərginliyin qəfildən səngiyib diplomatik danışıqlara təkan verməsi də mümkündür. Vaşinqtonun açıqlamaları da onu deməyə əsas verir ki, Trampın əsas məqsədi budur ki, İran rəhbərliyini təhdidlə növbəti danışıqlara cəlb etsin. Yeri gəlmişkən, mayın 24-də Küveyt mətbuatı xarici işlər nazirinin müavininə istinadən, Tehran və Vaşinqton arasında gizli danışıqların başladığı xəbərini yayıb. Amma Tehran danışıqlara getməyəcəyini deyir. Bu, isə o deməkdir ki, ən yaxşı halda regionda bu gərginlik atmosferi davam edəcək. İranlılar gələn il ABŞ-da keçirilən seçkilərdə Trampın uduzmasına ümid edə bilər. Amma buna qədər kiminsə səbri çatmayıb “savaş düyməsini basması” da mümkündür.
MƏSLƏHƏT GÖR: