25 Noyabr 2024

Bazar ertəsi, 19:28

BİR HƏYATIN İŞIĞI VƏ QARANLIĞI

Bakıda konformist rəssam Əşrəf Muradın retrospektiv sərgisi keçirilib

Müəllif:

15.06.2019

60-cı illərin sonlarına aid fotodan gözəl bir gənc bizə baxır. Sifətinin incə cizgiləri, sevinclə parlayan gözləri deyir ki, qarşımızda həyatı acgözlüklə sevən və necə deyərlər, sevə-sevə yaşayan biri dayanıb. Qadınların sevdiyi sərt kişi gözəlliyi ilə yaraşıqlıdır. Onlar məhz XX əsr Avropa kinosunun yaratdığı bu cür idealı axtarırlar. Yəni ötən əsrin 60-cı illərindən bəhs edirik. Bu gün kişi gözəlliyi idealları bir qədər dəyişib və belə görünüşlü gənclərə major oğlanlar deyirlər. Yaraşıqlı və sevilən biri olan uğurlu və istedadlı gənc rəssam Əşrəf Murad (Muradov) yaşı hələ 30-a çatmamış hörmətli və populyar idi, ona tələb vardı və məclislərin ürəyi idi.

 

Dahi

O, Bakıda rəssamlıq məktəbini, Leninqradda Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdi. Rus klassik məktəbinin özəlliklərinə parlaq şəkildə yiyələnmişdi. O, sifarişlər alır və öz rəsmlərini çəkirdi, həyatın bütün sevinc və sevgilərini kətan üzərinə tökürdü. Ancaq bütün bunlar yalnız yaradıcılıq yolunun başlanğıcına xas idi. Taleyin amansız zərbəsi onun yaradıcılığını iki stilistika dövrünə ayırdı. Sənət tənqidçiləri onun yaradıcılığının ilk dövründən sosialist realizmi kimi bəhs edirlərsə, onu rus realist məktəbinin təmsilçisi adlandırırlarsa, ikinci dövrünü avanqardçılar cərəyanına aid edirlər. Ancaq bu dərhal baş vermir. Əgər ilk dəfə 1984-cü ildə Ramiz Abutalıbov ədalətsiz olaraq unudulmuş bu dahi sənətkara qarşı ədalətin bərpası məsələsini qaldırmasaydı, onda biz heç vətənimizdə bu gerçək dahinin yaşayıb yaratmasından xəbərdar ola bilməzdik. 

İlahi ədalət qanunu «elə etdi» ki, 80-ci illərin əvvəllərində Moskvada Rusiya sənətşünası Qriqori Anisimov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı Ramiz Abutalıbov görüşdülər. Anisimov ona Əşrəfin əsərlərindən birini göstərdi və rəssama öz Vətənində diqqət yetirilmədiyinə çox təəccübləndiyini dedi, halbuki o, fərdi sərgiyə tam layiqdir. Ramiz Abutalıbovun reaksiyasını təsəvvür etmək çətin deyil. Bakıya qayıtdıqda, təbii olaraq Azərbaycan Rəssamlar İttifaqının sədri Yusif Hüseynovu Mərkəzi Komitəyə dəvət etdi.

R.Abutalıbov xatirələrində yazır: "Mən ona ehtiyatlı şəkildə bildirdim ki, Bakıda Əşrəf Muradın əsərlərini nümayiş etdirmək gözəl olardı. Amma Y.Hüseynov mənə dedi: "Bu sənətkar psixi cəhətdən sağlam deyil, əsərləri sosial realizmin ideoloji çərçivəsinə sığmır". Əşrəfin həmkarının imtina etməsi məni özümdən çıxardı. "Əgər Əhrəf Muradın rəsm əsərlərinin sərgisini təşkil etməsəniz, sizə qarşı münasibətimi kəskin dəyişmək məcburiyyətində qalacağam. Bu barədə düşünün," - dedim və görünür, sözlərim ona təsir etdi. Sərgi barədə qərar qəbul edildi və o, 1984-cü ilin oktyabrında Bakıda açıldı. Eyni zamanda, Əşrəf Muradın əsərlərinin olduqca yığcam bir kataloqu nəşr olundu", - («Ölkə» qəzeti, 2007). Bu ilk ekspozisiya Bakı sakinlərini rəssamın əsərlərinin dərinliyi və dahiyanə kompozisiya və rəng sənətkarlığı, çalar tutumu ilə ovsunladı.

 

"Təsadüfi görüş"

Qarşımızda "düzgün" pionerlər və onların tamamilə "yanlış" sinif yoldaşı durur, görünür, dərslərdən qaçır . Nolsun ki, kitablarını kəmərinə basıb və yəqin ki, içərisindəkiləri məktəbə gəlməzdən qabaq oxuyub. Bu, sovet pionerinə layiq olmayan bir cinayətdir! Baxışların və münasibətlərin münaqişəsi, uşaqlıqdan "sıra ilə getməyə" və hər kəs kimi olmağa ehtiyacın əsasını qoymaq cəhdi…

 

"Qriboyedov və Bakıxanov"

Qafqazda Rus qoşunlarının baş komandanı general Yermolovun yanında dəftərxanasında xidmət edən xarici işlər üzrə diplomatik katib Aleksandr Qriboyedov və şərq dilləri tərcüməçisi Bakıxanov təpənin üstündə nədən danışırlar? O uzaq keçmişin rəvayətləri onların olduqca yaxın dost olduqlarının izlərini daşıyırlar. Qriboyedovun əlində bloknot və qələm var. Görəsən, dostlar təpələrə baxan zaman Azərbaycan folkloru və ədəbiyyatındanmı danışırlar? Yoxsa, onlar Qarabağ torpaqları barədə müzakirələr aparırlar? Axı, İrana yola düşən Qriboyedov sonra rus çarına Türkiyədəki məşhur hadisələr zamanı ermənilərin türk torpaqlarından köçürülməsinə icazə verən imperatorun faciəli səhvi barədə yazıb?

 

"Dəniz buruğu"

Sovet dövrünün sayı həddindən çox olan yorucu gündəlik iş qayğısı. Platformada, onun düz mərkəzində kişilər dayanıb və qadın cihazla ölçü qeyd edir. Külək platformanın kənarlarını döyən dəniz suyunun səthini qabardır, lakin insanlar gülümsər və sakitdirlər. Onlar öz işlərini inamla və sevinclə yerinə yetirirlər. Və bütün bunlar - onların həyatının gerçəyidir.

 

"Funikulyor"

 5 may 1960-cı ildə onun tikintisi başa çatdırılıb və açılıb. Rəsmdən belə görünür ki, funikulyora bitişik ərazinin görüntüsü bir qədər fərqli olub. Bununla yanaşı, Nizaminin "Yeddi gözəl" poemasının qəhrəmanı Bəhram Gur elə indiki kimi funikulyorun girişinin qarşısında durur, öz görkəmi ilə meydanı bəzəyir. Deyirlər ədəbi qəhrəmanın obrazını yaratmaq üçün nümunə bu abidənin müəllifi Qorxmaz Sucəddinovun dostu – layihənin müəlliflərindən biri Albert Mustafayev seçilib. Rəsmin işıqlı və şən çalarları - sevincli və xoşbəxt həyatın himnidir. Bu dövr onunla seçilir ki, Əşrəfin əsərlərində əks olunan həyatın hamısından sevincli dinclik və harmoniya yayılır.

 

Cinayət hekayəsi

Rəssamın əsərləri o qədər parlaq və həyat sevgisi ilə doludur ki, onların müəllifinin xoşbəxt və yetərincə ahəngdar həyatı olması haqqında düşüncələr öz-özünə yaranır. Bəs, onda niyə Yusif Hüseynov görkəmli rəssam Əşrəf Muradov haqqında "psixi cəhətdən sağlam deyil" sözlərini işlədib? Burada, demək olar ki, bir detektiv hekayəsi ortaya çıxır ki, öz mahiyyətinə görə qorxunc və faciəlidir. 

Təsəvvür edin: gözəl və uğur qazanmış bir rəssam, tanınmışdır və ona böyük tələb var, yetərincə imkanlıdır, özü də, o qədər imkanlıdır ki, şəhərdə həmin vaxt tək olan bahalı «Mercedes» avtomobilini ala bilib! İndi təsəvvür edin, 1925-ci ildə doğulmuş qəhrəmanımızın 60-cı illərdə yaşı 30-dan bir az artıq olub. O, gənc, yaraşıqlı, həyatı və dostlarını sevən biri olub. Onlar birlikdə vaxt keçiriblər və Əşrəf çox həvəslə öz dostlarını bahalı avtomobildə gəzdirib, şəhərdə axşam gəzintiləri təşkil edib. Bir dəfə belə axşamlardan birində restorandan çıxandan sonra onlar milis tərəfindən dayandırılıb. Əlbəttə, onlar bir qədər içkili olublar. Və əlbəttə, milisin belə bir avtomobil görərkən, sükan arxasındakı içkili sürücünü dayandırmağa və cərimələməyə hər cür haqqı vardı, ən pis halda isə bir sutkalığına müvəqqəti təcridxanaya sala bilərdi. Lakin təəssüf ki, Əşrəf üçün hadisələr ayrı cür getdi. Milis və gənclər arasında söz davası başladı. Əşrəf xüsusilə özündə deyilmiş. Bu da çox qəribədir, çünki müasirlərin xatirələrində o, "təvazökar, utancaq və sakit oğlan" kimi qalıb. Onu milis bölməsinə aparıblar və orada döyüblər. Həddindən artıq amansızlıqla. Çəkmə ilə başına təpikləyiblər. Sovet dövründə bu özbaşınalığın necə baş verdiyi aydın deyil. Həm də aydın deyil ki, nə üçün belə bir uğur qazanmış, tanınmış və diqqət çəkən bir rəssamı yarıölü vəziyyətə qədər döyməyə cürət ediblər, yaxınları bundan sonra onu bir müddət psixiatriya xəstəxanasına qoymağa məcbur olublar. Bununla da, gözəl bir gəncin və dahi bir rəssamın həyatında gözəlliklərə son qoyulub.

 

Göylə yer arasında

Tamamilə fərqli bir həyatı başladı. Başına xüsusi amansızlıqla təpikləmiş kimlərinsə çəkmələri altında harmonik gerçəklikdən kənara çıxmış həyat.

O, qızların xoşuna gəlirdi və özü də onlara heyran idi. Ancaq arxivlərdə qalan məktublar göstərir ki, bütün həyatı boyu Sevil adlı bir qızı sevib, gəncliyində bir dəfə Bakının küçələrinin birində görüb, gözəlliyi onu ovsunlayıb və vurulub, bu hissi qalan bütün həyatı boyu yaşayıb. Ona yazılan, ancaq göndərilməyən çox sayda məktub qalıb. O qız öz gözəlliyi ilə bütün bu illərdə rəssamın həyatını işıqlandırıb: faciədən əvvəl də, sonra da. Məktublardan birində o, bunu etiraf edib: "Mən xüsusilə kədərləndiyim zaman fikrimdə Sizinlə danışıram və sakitləşirəm". 

Əşrəf xəstəxanadan çıxanda, tamamilə fərqli insan idi. İndi o, xeyir və şər arasında yerləşən sərhəd zonasında idi. Ağla qara arasında. İşıqla qaranlıq arasında. Cəhənnəmlə cənnət arasında. Artıq gözləri sevinclə parlamırdı.

Oradan, ruhunun dərinliklərindən insanın ləyaqətinin tapdalanması düşüncəsinin ağır enerjisi tökülürdü. Bütün bu müddət ərzində onun dostları harda idi? Nə üçün milis çəkmələri ilə istedadlı və uğurlu bir gəncin ləyaqətini və həyatını tapdayanlar cəza almadılar? Halbuki, cəlladlar və qurban eyni şəhərdə yaşayırdılar, eyni küçələrdə gəzirdilər, eyni hava ilə nəfəs alırdılar! Niyə? İndi bu suallara kim cavab verə bilər? 1979-cu ildə o, dünyadan getdi. Deyirlər, həyatının son illərini xüsusilə ağır və tək keçirib. İnşaatçılar prospektindəki evini emalatxana etmişdi. Onun ailəsi yox idi. Görünür, heç dostu da qalmamışdı...

 

Etiraz

Altmışıncı illərin "qızıl gəncliyi"! Onlar gözəllik haqqında çox şey bilirdilər, dostluq etməyi bacarırdılar, dostluq böyük gücə malik olduğunu bilərək qardaşlıq qanunlarına uyğun yaşayırdılar. Peşə qardaşlığı. İnsani qardaşlıq. Onlar, yəqin ki, sovet keçmişindən bizə qalan tarixi mirasın ən yaxşı hissəsidir. Amma necə oldu ki, bu istedadlı, ağıllı və dahi major oğlan psixoloji təcridə düşdü? Niyə onun avtomobilində axşamlar şəhəri gəzməyi sevən dostları yanında yox idilər? Bəs restoran yoldaşları? Aydın deyil. Niyə bütün şəhərdə onu qoruyan və dəstəkləyən bir insan tapılmadı? Aydın deyil... Əşrəf öz problemləri ilə təkbətək qaldı. Onun ürək yaraları elə qanayırdı ki, bu ağrının qışqırtısı əbədi olaraq qara-qırmızı çalarların toplusuna köçdü. Oradan – şüuraltı dərinliklərindən rəssamın kədərli dühası özünü göstərirdi, bu düha

harmoniyanı və insanın mükəmməlliyini inkar edirdi. Artıq güclü bir dağıdıcı qüvvə həyat hekayəsini sovet gerçəkliyi müstəvisinə köçürəcək ki, çəkmələrlə onun əlindən alınmış Harmonyanın acısını bağışlamasın.

Əşrəf Murad ... 70-ci illərə aid fotoşəkillərdən onun sizə yönələn baxışlarına dözmək mümkün deyil. Onda (baxışlarda!), demək olar ki, cəhənnəm əzabı var. Nə qədər qeyri-insani ağrı və əzabdır... "Etiraz" dövrünün əsərləri qara-qırmızı çalarlara bürünüb. Təsvirlər - səthidir. Artıq rəssamın fırçasından çıxan personajların qəribə sifət ifadələri var. Onlarda hansısa mistik sirr var.

 

"Tehran konfransı"

Rəsmin ön planında Stalin təsvir edilib. Siqareti tutan barmaq sümükləri qeyri-adi bir şəkildə uzundur, anan falanqları. Qaşları çatılıb, baxışları bir az tutqun görünür. O, harasa otağın dərinliyinə baxır. Onun arxasında sifətsiz silahdaşları düzülüb. Bu məkanda o, nə görür? Bəs rəssam nə görür? Niyə onun üçün məhz Stalin belə vacib olub? Rəssam zamanla nə dialoq qurub?

 

"Valentina Tereşkova"

O, onu dəfələrlə çəkib. Niyə? Qara geyimlə qadın qara mikrofon qarşısında durur. Masada isə qara qələm var. Qadın əli ilə masaya dirsəklənməyib. Əllər bir qədər müti şəkildə masanın arxasına enib. Kədərli yarımtəbəssüm, endirilmiş kirpiklər... Kosmonavt qadın nəyisə demək istəmir. Amma nəyi?

 

"Atom müharibəsinə etiraz"

Onun son işlərindən biridir. Burada nə qara, nə qırmızı, nə də tünd qırmızı rəng yoxdur. Hər şey sanki işıq içindədir. Amma niyə uşaqların arxası bizədir? Bu dünyanı görmək istəmirlər və bizimlə birlikdə yaşamaq istəmirlər. Yalnız bir qadın sol çiyninin üzərindən yarım dönərək bizə baxır, sanki soruşmaq istəyir ki, biz də onların arxasınca gedəcəyikmi? Uşaqlarla qadın arasında nazik bir su axını var: ya bir çay, ya da bir arxdır. Amma onları ayırır. Bu nədir? "Əbədi ölümcül nifrət çayı"? Ya da Aid çaylarından biridir? Bəlkə də bu, rəssamın həyatında alınmamış arzularına matəmdir: nə son nəfəsə qədər sevdiyi qadının qarşılıqlı sevgisi, nə ailəsi, nə də uşaqları oldu... Həyatı heç cür alınmadı. Döyüləndən sonra aldığı zədələr onu avanqardçıların müstəvi rəsmlərinə keçməyə məcbur etdi. 

Sara Novruzova "Yanğı" adlı məqaləsində yazır: "Azərbaycan təsviri incəsənətinin bir kolorit ustası kimi hələ də tayı bərabəri olmayan Əşrəf Muradoğlunun əsərləri rəssamın bəsirəti, avanqard kompozisiyaların həlli bacarığı və çalarların plastik həkk edilməsi ilə heyran qoyur".

XX-XXI əsrlər Azərbaycan Rəsm Muzeyində rəssamın əsərlərinin retrospektiv sərgisi yalnız xatirəsinin arıdması və adının Azərbaycan incəsənətinə qayıdışı olmaqla qalmır. Bu, Rəssamın insanlarla dialoqudur. Uzun illər olmayan dialoq. Amma indi o, yəqin ki, kəsilməyəcək. Çünki 2008-ci ildə Moskvada həmyerlilərimiz "Şərəf Legionu" ordeninin kavaleri Ramiz Abutalıbovun və professor Yevgeni Popovun "Əşrəf Murad. Sehrli realizm" kitabı nəşr edilib. Albomu tərtib edən isə sənətşünas, Azərbaycan təsviri incəsənətinin böyük bilicisi Qriqori Anisimov olub. Əşrəf Murad unutqanlıqdan insanlara qaytarılıb…



MƏSLƏHƏT GÖR:

366