Müəllif: Namiq HƏSƏNOV
Son aylarda Suriyanın İdlib əyalətində gərginlik kəskin artıb. Artıq bu bölgə üçün adi hala çevrilmiş atışma yerini ağır texnika, artilleriya və aviasiyadan istifadə ilə həyata keçirilən miqyaslı əməliyyatlara verib. Bu, bölgənin «deslakasiya zonası» elan olunmasından ötən 2 ildə Suriya böhranının sülh yolu ilə həlli prosesinə vurulan ən böyük zərbədir.
Yaraqlıların fəallığı
Mayın ortalarından etibarən, Azad Suriya Ordusu və «Həyat Təhrir əş-Şam»ın yaraqlıları müvafiq olaraq İdlibin qərbində və cənubunda fəallaşıb. Yaraqlılar hökumət qüvvələri və Rusiya Hava Kosmik Qüvvələrinin zərbələrinə reaktiv yaylım atəşi sistemlərilə cavab verir. Reaktiv raketlərdən kütləvi bombardman hökumət ordusunda əməlli-başlı çaşdırıb və bütünlükdə cəbhəyanı zonada qorxu yaradıb.
«Həyat Təhrir əş-Şam» yaraqlıları İdliblə bağlı əyalət ətrafında demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutan memorandumu qəbul etməyəcəyini hələ Soçi danışıqları zamanı açıqlamışdı. Barışmaz radikallar İdlib «qazan»ında onların hökmranlığını qəbul etməyə qüvvələri əvvəlcədən zərərsizləşdirməklə, hücuma kifayət qədər yaxşı hazırlaşıblar. Bəzi qruplar, ümumiyyətlə, yox olub. Misal kimi, Əsəd hakimiyyətinə qarşı qatı radikal mövqedə olan «Nürəddin əz-Zinki» yaraqlılarını göstərmək olar. Terrorçuların növbəti addımı Hama əyalətinin şimalına tank hücumları olub.
Qəflətən haradan peyda olunduğu bilinməyən «dəmir at»lar hökumət qüvvələrinin mövqeyini yararaq, demilitarizasiya zonasındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Üzərində iriçaplı pulemyotların quraşdırıldığı pikaplar nizami ordunun müdafiə xəttini sürəti hesabına yara bilib. Hücum o qədər sürətli olub ki, terrorçuların ölkənin dərinliyinə doğru irəliləmək təhlükəsi belə, yaranıb.
Vəziyyətdən çıxmağa növbəti dəfə Rusiya kömək etdi – rus aviasiyası tank və «cihadmobillərə» zərbə endirərək onları darmadağın etdi.
Amma müdafiə xəttinin dağılması faktının özü Suriya Ordusu rəhbərliyində və rusiyalı hərbi məsləhətçilərdə ciddi narahatlıq yaradıb. Nəticədə, Hama əyalətinin şimalına dərhal Suriya xüsusi təyinatlılarından ibarət böyük qüvvə göndərilib.
Vacib olan təyyarələrdir
Suriya səması Rusiya aviasiyasına yaxşı tanışdır. Ümumilikdə, Rusiya Hava Kosmik Qüvvələri NATO-nun ilkin reydlər taktikasına üstünlük verir. İraqda, Əfqanıstanda, daha əvvəl isə Yuqoslaviyada sınaqdan çıxmış bu taktika quru qoşunlarının hücumundan əvvəl düşmənin müdafiə məntəqələrinin, ağır silahların, kommunikasiyalarının və anbarlarının məhvini nəzərdə tutur. Ümumiyyətlə, Rusiya HKQ Suriyada üstünlüyünü ortaya qoya bilib. O, yeni silah növlərinin sınağı məqsədilə «İslam Dövləti» terrorçularını «laboratoriya siçovulu»na çevirib. Rusiyalı pilotların bu xidmətini NATO belə, etiraf edib. Alyansın analitikləri məxfi məruzədə bildirirlər ki, İD terrorçularını işğal olunmuş ərazilərdən çıxmağa, «güc tətbiqi»ndən imtinaya məhz Rusiya qüvvələrinin əməliyyatları vadar edib.
Ruslar eyni taktikaya İdlibdə də əl atıb. Doğrudur, burada Türkiyə amili Rusiya təyyarələrinin əl-qolunu bir qədər bağlayıb. Lakin cəbhədən gələn xəbərlər onların yenə də effektiv alındığını təsdiqləyir. Qərb isə Rusiyanı tənqid edir, aviazərbələr nəticəsində dinc insanların həlak olduğunu bildirir. Rusiyalı pilotların əl-qolunu bağlayan daha bir səbəb budur.
İdlib ətrafında yaşananlara dünya birliyinin münasibəti birmənalı deyil. Məsələn, ABŞ prezidenti Donald Tramp özünün «Twitter» tərəfləri İdlibi bombardman etməkdən çəkinməyə çağırıb. Ağ Evin sahibi hesab edir ki, Rusiya, Suriya və İranın əməlləri həddindən artıq qanlıdır.
Bununla yanaşı, bəzi qüvvələrə İdlib «qazan»ının durmadan qaynaması daha sərfəlidir. Rusiya hərbi kəşfiyyatının iddiasına görə, bəzi dövlətlərin xidmət orqanları İdlibdə dinc əhaliyə qarşı «kimyəvi təxribat» hazırlayır. Məqsəd buna görə məsuliyyəti Əsəd koalisiyasının üzərinə qoymaqdır. Fransa və Rusiya XİN-ləri arasında bu mövzuda gedən söz savaşı isə yada «od olmayan yerdən tüstü çıxmaz» məsəlini salır.
İsteriyanın aşıb-daşmasında Qərbin səxavətlə pul xərclədiyi, özlərini «mülki müdafiə qüvvələri» adlandıran «ağ kaskalılar» da az rol oynamır. İdlibə istənilən artilleriya və ya aviazərbədən sonra xəsarət alanlara yardımın göstərilməsi, dağıntıların təmizlənməsi kameralarla qeydə alınır və sonradan dünya birliyinin mühakiməsinə təqdim olunur. Bu kontekstdə Rusiya aviasiyasının «ağ kaskalılar»ın İdlib yaxınlığındakı Kefrenbil qəsəbəsində yerləşən qərargahına zərbə endirməsi də təsadüfə bənzəmir. İndi «isteriya» mərkəzi qərargah olmadan davam etdirilir.
Türkiyə amili
İdlib Suriyada sonuncu və ən böyük təhlükəsizlik zonasıdır. Astanada memorandumun imzalanması zamanı bu ərazi tamamilə Suriya müxalifətinin nəzarətində idi. Buraya İdlib ərazisilə yanaşı, Hələb əyalətinin qərbi, Hamanın şimalı və Latakiyanın şimal-şərqi də daxildir. Bütün bu ərazi Türkiyənin cənub əyaləti olan Hataya bitişikdir. Odur ki, türklərin Suriyanın şimal rayonlarına marağı təbii və başadüşüləndir. Qaçqınların kütləvi axını, iqtisadi əlaqələrin pozulması, təhlükəsizlik problemi və s. Ankaranı istər-istəməz, Suriya münaqişəsinin iştirakçısına çevirib. Öz sərhədinə görə məsuliyyəti üzərinə götürmüş Türkiyə ordusu ilin əvvəlində Fərat çayının qərb sahilində kürd separatçılarına qarşı uğurlu əməliyyat keçirərək, İdlibə yaxınlaşıb. Türkiyə üçün vəziyyəti ağırlaşdıran Suriyanın mərkəzində darmadağın edilmiş radikalların bir hissəsinin əvvəldən «müxalifətin» sayılan, nisbətən sakit İdlibə üz tutmasıdır.
Türkiyə prezidenti əvvəl Astanada, sonra isə Soçidə müvafiq memorandumlara imza atmaqla, üzərinə radikalların nəzarətə alınması öhdəliyi götürüb – Rusiya, Türkiyə və İran arasında əldə edilmiş razılığa əsasən, İdlib təhlükəsizlik zonası Ankaranın məsuliyyət zonası elan olunub. Nəticədə, orada Türkiyəyə məxsus blokpostlar belə, quraşdırılır.
Doğrudur, Ərdoğan Suriyanın şimalındakı radikal islamçıların öhdəsindən, hələ ki, tam gələ bilmir. Amma türklərin nəzarət etdiyi ərazilərdə onların özbaşınalığı uzun sürməyəcək. Bəlkə də, yaraqlıların «operativ məkan»a çıxmaq cəhdləri həm də bundan qaynaqlanır.
Digər tərəfdən ard-arda qazanılmış uğurlardan ruhlanmış rəsmi Dəməşq indi İdlibə boylanır və terrorun son «yuvası»nı da dağıtmaq üçün şans gözləyir.
Daha bir ciddi problem İdlibin 8 ildir davam edən vətəndaş müharibəsinə rəğmən, əhalinin son dərəcə sıx yaşadığı bölgə olmasıdır. Hazırda orada 2,5 milyon insan yaşayır və Suriya Ordusunun bu əyalətdə hərbi əməliyyatlara başlaması kütləvi qaçqın axınına səbəb ola bilər. Ankara vəziyyətin bu cür inkişaf edəcəyindən haqlı olaraq ciddi narahatlıq keçirir: Türkiyə artıq 3 milyondan artıq suriyalı qaçqına qucaq açıb və bu, onun dövlət büdcəsinin yükünü xeyli ağırlaşdırıb. Ankara həm də bu üzdən Rusiyadan Əsədə təzyiq göstərməsini, onun İdlibdə yerüstü əməliyyatlara başlamasına imkan verməməsini istəyir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar bu günlərdə verdiyi açıqlamada ölkəsinin status-kvoya yenidən baxılması cəhdlərilə razılaşmayacağına eyham vurub. Türkiyənin atəşkəsin əldə edilməsi və dəstəklənməsi istiqamətindəki səylərini xatırladan Akar bildirib ki, Ankara Rusiyadan da rejim qüvvələrinin İdlibin cənubuna hücumlarının qarşısını almaq üçün tədbir görməsini gözləyir.
İdlibdə hərbi əməliyyatlara başlanması haqda birtərəfli qərarın Rusiya-Türkiyə münasibətlərinə ciddi zərbə vura biləcəyini hər kəs anlayır. Rusiya prezidenti Vladimir Putinin də dediyi kimi, hazırda İdlibdə yerüstü əməliyyatlara başlanılması məqsədəuyğun deyil, lakin «gələcəkdə onun keçiriləcəyini istisna etmək də olmaz». Rusiya prezidenti anlayır ki, İdlib problemi son dərəcə çətin problemdir və onu bir anda həll etmək mümkün deyil. Bu iş təmkin və sağlam düşüncə tələb edir.
Suriya böhranının dinc yolla həllinin qarantları olan Rusiya, Türkiyə və İranı terrorçularla mübarizə də birləşdirir. Demək, nə qədər ki, Suriya torpağında terrorçuluğa son qoyulmayıb, tərəflər kompromislərə gedəcək. Yəqin ki, bu, zamanla öz müsbət nəticələrini verəcək.
MƏSLƏHƏT GÖR: