Müəllif: İrina XALTURİNA
Çin sədri Si Cinpinin rəhbərlik etdiyi böyük nümayəndə heyətinin Rusiyaya iyunun əvvəlində baş tutmuş 3 günlük səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 70 illiyinə həsr olunmuşdu. Səfər həm də növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun (PBİF) keçirildiyi vaxta təsadüf edirdi.
Səfər çərçivəsində iki ölkə liderləri Vladimir Putinlə Si Cinpin ikitərəfli və beynəlxalq münasibətlərə aid bir çox məsələləri müzakirə ediblər. Onların görüşü təbii olaraq, dünya ekspertlərinin diqqət mərkəzində olub. Ekspertlər Moskva ilə Pekin arasında belə yaxın dostluğun arxasında əslində nəyin dayandığı, bu birliyin nə dərəcədə ABŞ-a qarşı olduğu haqda düşünməkdədir.
Cinpin Rusiyada, həqiqətən də, ən dəyərli qonaq kimi, böyük təntənə ilə qarşılanıb. Forumda iştirakla yanaşı, Putin çinli həmkarı üçün Neva çayında gəzinti, Ermitaja və Kremlə ekskursiyalar təşkil edib. Bundan başqa, Si Cinpinin şərəfinə «Qranovitaya palata»da təntənəli qəbul təşkil olunub, o, «Böyük Teatr»a və Moskva Zooparkına baş çəkib (burada Cinpin ruslara Çin tərəfinin hədiyyə etdiyi pandalara da baxıb). Daha sonra Çin lideri Sankt-Peterburq Universitetində çıxış edib.
«Rusiya mənim ən çox səfər etdiyim xarici dövlət, prezident Putin isə ən yaxın dost və həmkardır», - deyə Si Cinpin bildirib. O, bunu deyərkən həqiqətən də heç bir şişirtməyə yol verməyib: son 6 ildə iki ölkə liderləri arasında, təxminən, 30 görüş olub.
«Bu gün heç bir ölkə ilə Çinlə olduğu qədər dərin, geniş münasibətlər yoxdur. Biz sözün əsl mənasında strateji tərəfdaşlarıq. Rusiya ilə Çinin beynəlxalq arenada əməkdaşlığı, şübhəsiz ki, vacib sabitlik amilidir», - deyə öz növbəsində, V.Putin qeyd edib.
Si Cinpinin Rusiyaya səfərinin gedişində «strateji» ifadəsi dəfələrlə işlədilib – həm rəsmi çıxışlarda, həm KİV-də, həm də ekspertlərin təhlillərində. Bu ifadə iki lider tərəfindən imzalanmış sənəddə – qlobal strateji sabitliyin möhkəmləndirilməsinə dair birgə bəyanatda da yer alır. Qısa desək, sənəddə Pekinlə Moskvanın silahlanmaya nəzarət, tərk-silah olunma və silahların yayılmaması haqda mövcud razılaşmaların pozulmasına qarşı vahid və prinsipial mövqedən çıxış etdikləri bildirilir. İki ölkə liderləri dövlətlərarası əlaqəni «hərtərəfli tərəfdaşlıq» səviyyəsinə yüksəltmək, «strateji əməkdaşlığı yeni mərhələyə keçirmək» haqda razılığa da gəliblər.
«Bizim Koreya yarımadası ətrafındakı durumla bağlı mövqelərimiz də üst-üstə düşür. Rusiya ilə Çin Suriya böhranının dinc yolla həllini istəyir, Venesuelada sabitliyin bərqərar olunmasını arzulayır, İranın nüvə proqramına dair planın tam həyata keçirilməsinə sadiqdir», - deyə V.Putin bildirib.
Prinsipial əhəmiyyət daşıyan qərarlar arasında tərəflərin iki strateji inkişaf konsepsiyasının bir araya gətirilməsilə bağlı qərarını da vurğulamaq lazımdır. Söhbət Çinin «Bir kəmər, bir yol» təşəbbüsü ilə Rusiyanın Avrasiya tərəfdaşlığı ideyasından gedir. Bu mövzu iyunun 4-8-də keçirilmiş PBİF-də də gündəmdən düşməyib. Yeri gəlmişkən, Moskva bu tədbiri Rusiyaya investisiyaların cəlbi və dünya iqtisadiyyatına dair əlamətdar razılaşmaların əldə edilməsi üçün vacib platforma kimi təqdim edir. Bu il Forumda 140 ölkədən 20 mindən artıq nümayəndə iştirak edib. Amma onların arasında məhz Çindən gəlmiş qonaq xüsusi fərqlənib.
Rusiya tərəfi Çinlə birgə layihələrini məmnuniyyətlə sadalayır, Cinpinin səfəri zamanı əldə olunmuş razılaşmaların ümumi dəyərinin 20 milyard dollar təşkil etdiyini bildirir. İki ölkənin birgə layihələrinin daha çox olduğu Uzaq Şərqdə artıq 100-dək müəssisə və 13 min yüksək texnologiyalı iş yeri açılıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 108 milyard dollar təşkil edir. Hər il Çindən Rusiyaya 4 milyonadək turist gəlir. Çinin Tula vilayətində fəaliyyət göstərən və yolsuzluq avtomobilləri istehsal edən «Qreyt Vol» avtomobil zavodu, Primorsk bölgəsindəki birgə aqroholdinqi və s. xüsusi qeyd etmək lazımdır. Əlbəttə ki, müasir texnologiyalar sahəsi də bu sıradadır. Bu, süni intellekt, 5G, yeni materiallar, bərpaolunan və portativ enerji mənbələri, onun ötürülməsi və saxlanması texnologiyası, tibbi texnologiyalar, kənd təsərrüfatı və sənaye, dövlət idarəçiliyi sisteminin rəqəmsal texnologiyalara keçidi və sairdir. Bütün bu işlərdə Moskva innovativ texnologiyalarını bölüşməyə hazır olan Pekinin yardımına arxalanır. Rusiyanın Birbaşa İnvestisiyalar Fondu ilə Çinin İnvestisiya Korporasiyası tədqiqatların və texnoloji innovasiyaların dəstəklənməsi məqsədilə 1 milyard dollarlıq fond yaradıb. «Huawei» şirkətisə Rusiyanın MTS telekommunikasiya şirkətilə Rusiyada 5G-nin inkişafına dair razılaşma imzalayıb.
Rusiya bu yardımın müqabilində Çinə çox ehtiyac duyduğu enerji resursları göndərir – bu ölkəyə «qara qızıl» tədarükündə lider məhz Rusiyadır. Ötən il bu ölkədən ÇXR-ə 67 milyon ton xammal göndərilib.
Qaz sektoruna gəlincə, «Sibirin gücü» qaz xəttinin istismara verilməsilə, 2019-cu ilin dekabrından Çinə «mavi yanacaq» nəqlinə də başlanılması nəzərdə tutulub (2014-cü ilin mayında tərəflər ildə 38 milyard kubmetr qazın alqı-satqısına dair, dəyəri 400 milyard dollar olan 30 illik müqavilə imzalayıb). İndi Çin tədarük həcmini artırmağa hazır olduğunu da bildirib və «Qazprom»un rəhbəri Aleksey Millerin sözlərinə görə, söhbət ildə 6 milyard kubmetr qazdan gedir.
Pekin Rusiya hərbi və atom enerjisi sahələrində də əməkdaşlıqda maraqlıdır.
Bununla yanaşı, bəzi müşahidəçilər Rusiya-Çin əlaqələrinin möhkəmlənməsinin ABŞ-a sinə gərilməsi zərurətindən yarandığını düşünür. Doğrudur, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov bu fikirlə razılaşmır: «Rusiya ilə Çinin hərəsinin ABŞ ilə öz problemləri var». Amma onun bu sözlərinə inanan çox deyil.
Çin, həqiqətən, Vaşinqtonla ticarət müharibəsi aparır. ABŞ son zamanlar xüsusilə «Huawei» şirkətini sıxışdırır.
Rusiya-Amerika münasibətlərindəki problemli məsələlər isə postsovet məkanında, Yaxın Şərqdə, Şərqi Avropada maraqların toqquşması, enerji təhlükəsizliyi, tərk-silah olunma və s. kimi məsələlərdir. Məsələn, hazırda ən aktual mövzulardan biri Rusiyanın «Şimal axını-2» boru xətti layihəsidir. Karbohidrogen ehtiyatlarının Avropaya nəqli üçün nəzərdə tutulmuş layihə ABŞ tərəfindən sərt tənqid olunur.
İndiki mərhələdə Vaşinqtonun hər iki dövlətə qarşı istifadə etdiyi sevimli vasitə sanksiyaların tətbiqi və rüsumların artırılmasıdır. Yeri gəlmişkən, Si Cinpinin Rusiyaya səfərilə eyni vaxtda, ABŞ lideri Donald Tramp Böyük Britaniyaya yollanıb. O, Londonda Çinlə ticarət savaşından danışıb, ingilis dostlarını Çinlə 5G sahəsində əməkdaşlıca görə «danlayıb» və əlbəttə ki, beynəlxalq təhlükəsizlik məsələlərinə toxunub – bu mövzuda Tramp, şübhəsiz ki, Çin və Rusiya kontekstində danışıb.
Odur ki, Putinlə Cinpinin Kremldə gəzişən zaman Vaşinqtona qarşı birgə addımların atılmasına dair ən azı razılığa gəlməyə cəhd etmədiklərini düşünmək sadəlöhvlük olardı. Üstəlik, artıq qeyd edildiyi kimi, iki liderin birgə bəyanatında məhz «qlobal strateji təhlükəsizliyin möhkəmləndirilməsi»ndən danışılır. Bu məsələdə ABŞ-dan söhbət getməyə bilərmi?
Beləliklə, ÇXR liderinin Moskvaya səfərinin Qərbdə ciddi reaksiyaya səbəb olması, dərhal az qala Rusiya-Çin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməsi təəccüblü deyil. Üstəlik, istər Moskva, istərsə də Pekin dəfələrlə rəsmi və qeyri-rəsmi səviyyədə Amerikanı milli təhlükəsizliklərinə əsas təhdid adlandırıblar. Odur ki, onların günlərlə davam etmiş danışıqları Ağ Ev və Kapitolidə, əlbəttə ki, qıcıq yaradıb. Amerikalılar düşünür ki, ticarət müharibəsi Çinin Rusiya bazarına daha çox yönəlməsinə, hətta istehsal gücünü Rusiyaya yönəltməsinə yol aça bilər. Bundan başqa, Vaşinqton Rusiya ilə Çinin BMT TŞ-dəki səsvermələr zamanı eyni mövqedən çıxış etdiyi çoxsaylı halları da yaxşı xatırlayır. Amma görünən odur ki, Amerikanı daha çox bu iki ölkənin hərbi-sənaye kompleksinin mümkün güclənməsi narahat edir. «The Hill» nəşri yazır ki, Çin ordusunu gücləndirməsi üçün kifayət qədər resursa malikdir və o, «süni intellekt, maşınqayırma və kosmosda əməliyyatlar sahəsində ciddi uğurların nümayişini davam etdirir». Eyni zamanda Rusiyanın sərəncamında da illərdən gələn elmi baza var və o, artıq özünün demək olar ki, bütün yeni sistemlərini Suriyadakı döyüşlərdə sınaqdan keçirib. Bununla yanaşı, nəşri bir məqam daha çox narahat edir: Amerikanın müasir silahlar məsələsində Çinlə Rusiyanı geridə qoya bilib-bilməyəcəyi bəlli deyil. Burada hələlik yalnız tayı-bərabəri olmayan «stels» texnologiyası istisnadır».
Rusiya ilə Çinin səylərini nə qədər birləşdirə biləcəyi, bunun onların maraqlarına və imkanlarına nə qədər uyğun olduğu başqa məsələdir. Birincisi, Rusiya ilə Çinin bərabərhüquqlu dostluğuna (demək, həm də əsl strateji ittifaqa) quru rəqəmlər belə, mane olur. Məsələn, Rusiyanın əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır (2018-ci ildə tərəfdar arasında ticarət dövriyyəsinin həcmi 290 milyard dollardan artıq olub). Çinin əsas ticarət tərəfdaşları isə Aİ, ABŞ, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və Yaponiyadır. Ölkənin xarici ticarət dövriyyəsinin 41,2%-i məhz onların payına düşür. Bu, əlbəttə ki, anlaşılandır – Çin həcminə görə dünyanın bir nömrəli iqtisadiyyatıdır və Rusiya bazarı onun üçün çox kiçikdir. Odur ki, Pekin iqtisadi baxımdan əsasən Qərbə maraq göstərir.
Digər tərəfdən, Avropa ilə ABŞ kifayət qədər tutumlu satış bazarı, texnologiya və maliyyə resursları mənbələridir. Bu üzdən Si Cinpinin Moskvaya səfəri zamanı ABŞ-ın «Huawei» şirkətinə hücumu haqda danışmamağa üstünlük verməsi təəccüblü deyil. Bunu onun əvəzindən Putin edib.
Ümumiyyətlə, Çinin nümayəndə heyəti amerikalıların ünvanına tənqidlər səsləndirməyə tələsməyib. Bu, şərqlilərə xas ehtiyatlılıq yox, Pekinin ən azı hələlik, baş verənləri faciə saymadığının göstəricisidir. O, məsələni texnoloji müharibə səviyyəsinə yüksəltməyə tələsmir.
Bundan başqa, Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin əsasən yüksək texnologiyalar hesabına deyil (halbuki, bu haqda çox danışılır), neft-qaz hesabına formalaşdığı da sirr deyil. Əslində, Çin şirkətləri və kommersiya bankları ABŞ tərəfindən sanksiyalarla üzləşməkdən ehtiyatlanır və məhz bu üzdən Rusiyaya investisiya yatırmağa xüsusi həvəs göstərmir. Dmitri Peskov RT-yə Si Cinpinin Rusiyaya səfəri ərəfəsində verdiyi müsahibəsində belə demişdi: «Çinin Rusiya iqtisadiyyatına nəhəng investisiyalar yatırdığını demək olmaz».
Nəhayət, amerikalılara ən çox narahat edən məsələ – silahlanma məsələsində də Pekinlə Moskva tərəfdaş deyil, daha çox rəqib sayıla bilər. Hazırda Çin silahlarını Yaxın Şərqə (elə həmin Suriyaya), Afrikaya və əlbəttə ki, Asiya ölkələrinə satır.
Bütün bunlarla yanaşı, ideoloji və siyasi xarakterli məsələlər də var. Rusiya tarixən hər zaman Avropaya meyilli olub. Bunun yaxın illərdə dəyişəcəyi inandırıcı deyil. Adi rusiyalılar bir çox səbəb və parametrlərə görə avropalılarla amerikalıları sevməyə bilər. Amma bu, çinliləri avtomatik olaraq onlara yaxın etmir. Burada söhbət əsrlərdən gələn fərqli sivilizasiya kodlarından gedir. Hər halda, əsrlərlə formalaşmış geosiyasi xəritə XXI əsrin ilk rübündə qəflətən dəyişə bilməz. Üstəlik, Rusiya cəmiyyətində Çinə və çinlilərə qarşı müəyyən antipatiya da var. Bu, onların «asta-asta Sibiri ələ keçirməsi», «Baykalın çirkləndirilməsi», o cümlədən, ümumiyyətlə ekologiyanın kirlənməsi və s. ilə assosiasiya olunur.
Beləliklə, Rusiya ilə Çinin indiki sıx münasibəti daha çox Putinlə Cinpinin şəxsi münasibətləri üzərində qurulub. Bu, uzaq perspektivdə ikitərəfli münasibətlər üçün güclü təməl ola bilməz. Eyni zamanda onların ABŞ-a dair ümumi mövqe nümayiş etdirməsi də belə təməl sayılmamalıdır.
Odur ki, Rusiya ilə Çinin maraqları daha çox şəraitə uyğun olaraq üst-üstə düşür – iqtisadiyyatda ABŞ-a müqavimət, dollara münasibət, Şimali Koreya, Suriya və ya İranla bağlı vəziyyət və s. Yeri gəlmişkən, bu fikri təsdiqləyən daha bir fakt: Pekin Ukrayna məsələsində Moskvanı heç zaman dəstəkləməyib. Çünki bu, onu ümumiyyətlə, maraqlandırmır.
İndi, görünür, Putin və Cinpin kimi təcrübəli siyasətçilər bu cür şəraitə uyğun dostluqdan maksimum faydalanmağa çalışırlar. Məqsəd xüsusilə siyasətdə yeni olan Donald Trampa təsir edə bilməkdir.
Bu gün biz, şübhəsiz ki, ikiqütblü dünyaya keçidə şahidlik edirik. Bu dünyada əsas gücün ABŞ olmayacağı dəqiqdir. İqtisadiyyatda isə rəqəmsal eraya ağrılı keçid yaşanır. Bir çox ideallar, ənənəvi sistemlər, illərlə işləmiş sxemlər dağılır. Lakin Cinpinin Moskva səfərini geninə-boluna işıqlandıran Rusiya KİV-nin arzusunun əksinə olaraq, bu «qlobal konsert»də Rusiya-Çin dostluğu da əsas rola yiyələnə bilməyəcək. Bu, ümumi prosesin vacib, parlaq, sürprizlərlə dolu epizodundan başqa bir şey deyil.
MƏSLƏHƏT GÖR: