25 Noyabr 2024

Bazar ertəsi, 19:19

İXTİLAF KÜRSÜSÜ

Gürcüstan növbəti dəfə daxili siyasi və geosiyasi mübarizə meydanına çevrilib

Müəllif:

01.07.2019

Gürcüstanda kütləvi etiraz aksiyaları bitmək bilmir. Hakimiyyətlə müxalifətin daxili qarşıdurması ilə birbaşa bağlı olan etirazların eyni zamanda, Tbilisi ilə Moskva arasındakı münasibətlərə, hətta daha geniş yanaşsaq, ölkənin geosiyasi oriyentasiyasına da aidiyyəti var.

 

Tbilisidə döyüş

Gürcüstanda növbəti gərginliyin yaranmasına Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə təşkil olunmuş 26-cı Baş sessiyasında baş verənlər səbəb olub. 1993-cü ildə yaradılmış PPA-ya 22 ölkənin parlamentariləri daxildir. Söhbət ənənəvi pravoslav xristianlığının mövcud olduğu Gürcüstan, Rusiya, Ukrayna, Yunanıstan, Baltikyanı dövlətlər, Kipr və s. gedir. Assambleyanın əvvəlki sessiyaları Afina, Roma, Vyana kimi şəhərlərdə keçirilib və PPA-nın Tbilisidə təşkil olunmuş növbəti forumunun aranı qarışdırması üçün əslində, heç bir səbəb yox idi. Yaranmış vəziyyətə sadəcə, bir protokol diqqətsizliyi yol açıb. Gürcüstan əhalisinin böyük hissəsi bunu diqqətsizlik yox, əvvəlcədən hazırlanmış məqsədyönlü təxribat kimi qiymətləndirib.

Sessiya Gürcüstan parlamentinin binasında keçirilib. Gürcü parlamentarilərin kəskin qəzəbinə isə spikerin kürsüsünə müvafiq olaraq PPA prezidenti, Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun əyləşməsi səbəb olub. Onlar Qavrilovun Abxaziya və Cənubi Osetiyadakı hərbi əməliyyatlarda iştirak etdiyini deyərək, yaranmış vəziyyətə sərt etiraz etməyə başlayıb. Amma «partlayış»a bu da səbəb olmayıb. Xüsusilə nəzərə alsaq ki, rusiyalı deputat bir müddət sonra ittihamları rədd edib. Gürcü ictimaiyyətinin özündən çıxmasına Qavrilovun Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq qərarını dəstəkləməsi kifayət edib. Məhz bu üzdən onun Gürcüstan parlamentinin spikeri postunda əyləşməsi insanlar tərəfindən toplantının ev sahibinə hörmətsizlik kimi qiymətləndirilib.

Tədbirin yarımçıq qalmasından, Qavrilovun «təhlükəsiz yerə» aparılmasından və etiraz aksiyalarından sonra hadisələr tam daxili siyasi çalar alıb. «Gürcü arzusu – demokratik Gürcüstan» hökumətini «Vətənə xəyanət»də ittiham edən müxalifət tezliklə konkret siyasi tələblər də irəli sürməyə başlayıb. Onlar ilk olaraq növbədənkənar seçki tələbilə çıxış etməyə başlayıb. Amma ən əsası, qısa müddət sonra iğtişaşlar, etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar başlayıb və bu, hakimiyyət uğrunda kompromissiz mübarizənin məntiqilə tam üst-üstə düşür. Gürcüstan KİV-nin məlumatına görə, müxalifətçilər parlamentin binasına soxulmağa çalışıb, nəticədə, polis onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Nəticədə, 2 nümayişçinin gözü çıxıb, ümumilikdə isə 240 nəfər, o cümlədən 80 polis yaralanıb. 300-dən artıq nümayişçi saxlanılıb.

Gürcüstanın baş naziri Mamuka Baxtadze keçmiş hakim partiya – «Vahid milli hərəkat»ı asayişi pozmaqda, «ölkədə sabitliyin pozulmasına aqressiv cəhddə» ittiham edib. Bununla yanaşı, getdikcə artmaqda olan etirazların yaratdığı təhlükəni anlayan hökumət dərhal güzəştə də gedib – etirazçıların rusiyalı parlamentarinin Tbilisiyə səfərinin təşkilində günahlandırdığı parlamentin spikeri İrakli Kobaxidze istefaya gedib. Yeri gəlmişkən, hadisələrin yaşandığı vaxt Kobaxidze Azərbaycanda səfərdə idi. O, yaşananlarla əlaqədar səfərini yarımçıq kəsərək vətəninə dönüb və bundan az sonra etirazçı kütlənin təzyiqləri qarşısında istefa verməli olub.

Amma bu istefa və bir neçə gün sonra hakim partiyanın digər nümayəndəsi Arçil Talakvadzenin spiker seçilməsi vəziyyəti düzəltməyib. Müxalifətçilər toqquşmalar zamanı saxlanılmış şəxslərin azadlığını, daxili işlər naziri Georgiya Qaxariyanın istefasını tələb etməyə başlayıb. Etirazçılar onlarla həddindən artıq sərt davranılmasına görə məhz DİN başçısını təqsirləndirir.

Növbədənkənar seçkilə yanaşı, qarışıq majoritar-proporsional seçki sisteminin ləğvi tələbi də irəli sürülməyə başlayıb. Müxalifət «Gürcü arzusu» partiyasının lideri, oliqarx Bidzina İvanişvilinin hakimiyyətinə son qoyulmasının əsas yollarından biri kimi məhz bunu görür.

Növbədənkənar seçki və daxili işlər nazirinin istefası tələblərini rədd edən hökumət, bununla yanaşı, etiraz aksiyası zamanı saxlanılanların hamısının azad edilməsinə qərar verib. Ən əsası isə şəxsən İvanişvili ölkədə 2020-ci ildə təşkil olunacaq növbəti parlament seçkisinin proporsional sistemlə keçiriləcəyini, üstəlik, parlamentə düşə bilmək üçün minimal səs faizi tələbinin olmayacağını bildirib. Bunu «indiyədək görünməmiş qərar» kimi qiymətləndirən baş nazir Baxtadze bildirib ki, məhz bu qərar sayəsində «partiyaların əksəriyyəti parlamentə düşmək imkanı qazanacaq». O, növbəti seçkidən sonra koalision hökumətin yaradılacağını da istisna etməyib.

Müxalifət minimal həddin ləğvi qərarının çoxsaylı kiçik rusiyapərəst qrupların parlamentə yolunu açacağını düşünsə də, ümumilikdə hakimiyyətin seçki qanunvericiliyinə dəyişikliyini özünün vacib qələbəsi sayır. Məsələn, «Avropa Gürcüstanı – azadlıq uğrunda hərəkat» partiyasından deputat İrma Nadiraşvili bildirib ki, proporsional seçki sisteminə keçid «irəli addımdır, çünki «Gürcü arzusu» bundan sonra pulla dolu kisələrə bel bağlaya bilməyəcək». Bu zaman o, «majoritar qaydada deputat seçilərək bir hökumətdən digərinə keçən, istənilən qərarı imzalayan» şəxsləri nəzərdə tutub.

Beləliklə, Gürcüstan müxalifəti başıbəlalı «Qavrilov kürsüsü»ndən ən azı 2020-ci ildə keçiriləcək parlament seçkisində hakimiyyəti zəiflətmək üçün şans qazanmaq üçün istifadə edə bilib. Nəzərə alsaq ki, Gürcüstanda ötən ilin payızında keçirilmiş prezident seçkisi sabiq prezident Mixail Saakaşvilinin «Vahid milli hərəkat» partiyasının populyarlığını xeyli artırdığını göstərib, aparıcı müxalifət qüvvələrinin qarşıdan gələn parlament seçkisinə ümidi özünü doğrulda bilər.

PPA-nın Tbilisi sessiyasının Rusiya-Gürcüstan münasibətlərində növbəti gərginlik dalğası yaratması isə başqa məsələdir. Əslində, bu münasibətlərin Gürcüstanın daxili siyasətindəki qüvvələr balansından asılı olmayaraq, tezliklə dəyişəcəyi gözlənilmir.

 

«Turist», yoxsa «düşmən»?

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə baş verən toqquşmalarda «işğalçı düşmən» Rusiyanı günahlandırıb. O, baş verənləri Moskvanın təxribatı sayır. Prezidentin fikrincə, Gürcüstan ictimaiyyətinin parçalanmasında məhz Rusiya maraqlıdır və ölkədə daxili qarşıdurmanı təşviq edənlər Moskvanın siyasətini dəstəkləyənlərdir.

Gürcüstanda baş verənlərə Kremlin reaksiyası da özünü çox gözlətməyib. Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə 2019-cu il iyulun 8-dən yerli aviaşirkətlərin ölkə vətəndaşlarını Gürcüstana daşıması qadağan olunub. Bununla yanaşı, Putin hökumətə müvəqqəti Gürcüstan ərazisində olan Rusiya vətəndaşlarının vətənə qayıdışının təmin edilməsini də tapşırıb. O, turoperatorlara və turizm agentliklərinə qadağanın qüvvədə olduğu dövrdə Gürcüstana putyovka satmamalarını tövsiyə edib.

Daha sonra Rusiyanın Nəqliyyat Nazirliyi Gürcüstan aviaşirkətlərinə iyulun 8-dən Rusiyaya uçuşları qadağan edib.

Ekspertlərin fikrincə, Moskvanın bu qərarı Gürcüstan turizminə və ümumilikdə iqtisadiyyatına ciddi zərbə vura bilər. Məsələ ondadır ki, Gürcüstana ən çox turist məhz Rusiyadan gedir. Artıq Tbilisi rusların Gürcüstana gedə bilməsi üçün alternativ variantlar axtarışındadır. Söhbət onların Minsk, Bakı, İrəvan, İstanbul və s. şəhərlər vasitəsilə daşınmasından gedir. Putinin qərarının Gürcüstanın iqtisadi maraqlarına zərərini anlayan prezident Zurabişvili dərhal daha yumşaq bəyanatla çıxış edib: «Turistlərin buraya gəlişi əngəllənməməlidir. Onlar Gürcüstanı sevir. Siyasətçilər baş verənlərin əsasını təşkil edən problemləri aradan qaldırmalıdırlar».

Lakin Moskva Gürcüstanda yaşananları antirusiya isteriyası kimi qiymətləndirir. O, baş verənləri yalnız geosiyasi kontekstdə qiymətləndirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Gürcüstan Qərbin geosiyasi işinin nümunəsidir: «Onların qərbli kuratorları ultramillətçilərin azğınlığına, rusofobiyaya göz yummağa hazırdırlar. Təki gürcü xalqının bizim ölkəmizlə bütün əlaqələri kəsilsin, ümumi tariximiz yenidən yazılsın».

Bütün bunların fonunda son dərəcə maraqlı bir məqamı da vurğulamaq lazımdır. Gürücstanın ali rəhbərliyi tərəfindən etiraz aksiyalarının gedişində səsləndirilən antirusiya bəyanatları Bidzina İvanişvilinin rəhbərlik etdiyi siyasi qüvvənin hakimiyyətə gəlişindən sonra Moskvaya qarşı istifadə olunan ən sərt ritorikadır. Odur ki, Kremlin Gürcüstana qarşı son demarşlarına onun «Gürcü arzusu»na qəzəbinin göstəricisi kimi baxmaq olar. Hər halda, «Gürcü arzusu» hökumətinin son antirusiya bəyanatları sərtliyinə görə Saakaşvili dövrünün ritorikasından geri qalmır. Halbuki, Moskva-Tbilisi dialoqunda müəyyən irəliləyişlər, həmçinin Rusiyadan Gürcüstana turist axınının artması məhz İvanişvili komandasının hakimiyyətə gəlişindən sonra mümkün olmuşdu. Görünən odur ki, müşahidə olunan «rusofobiya» qarşıdan gələn seçkiyə də hesablanıb. Ölkə daxilində siyasi dayaqlarının laxladığını anlayan «Gürcü arzusu» görünür, mövqelərini millətçilərin sevimlisi olan Saakaşvilinin antirusiya ritorikasının bərpası ilə qaytarmağa çalışır.

Amma bütün bu məqamlar Gürcüstan ətrafında gedən geosiyasi mübarizənin sərtliyini azaltmır. Rusiyalı pravoslav kommunist Qavrilovun Gürcüstan parlamentinin spikeri kürsüsünə əyləşməsilə bağlı hadisəyə də bu prosesin əsas süjetlərindən biri kimi yanaşmaq olar. Bir yandan Gürcüstan daxilindəki parçalanmada Moskvanın rolundan danışılırsa, digər tərəfdən, Vaşinqtonun Gürcüstandakı hakimiyyət mübarizəsinə təsiri haqda deyilənlər də əsaslı görünür. Söhbət Donald Tramp administrasiyasının antirusiya və antiiran siyasətini sərtləşdirməsi fonunda Gürcüstanda radikal qərbpərəst qüvvələrin hakimiyyətə gətirilməsi cəhdlərindən gedir. Bu mənada Gürcüstanda Mixail Saakaşvilinin, yaxud faktiki olaraq onun idarə etdiyi siyasi qüvvənin hakimiyyətə qayıdacağı belə, istisna edilmir.

İstənilən halda, 2020-ci ildə keçiriləcək parlament seçkisinədək qalan vaxt («Gürcü arzusu» növbədənkənar seçki tələb edən müxalifətə güzəştə getməzsə) son dərəcə əhəmiyyətli olacaq. Onun əhəmiyyəti yalnız Gürcüstan hakimiyyətində mümkün dəyişikliklərlə bağlı deyil. Bu, ölkənin Rusiya ilə Qərb arasında getdikcə kəskinləşən geosiyasi mübarizədəki yeri baxımından da önəmlidir.



MƏSLƏHƏT GÖR:

356