25 Noyabr 2024

Bazar ertəsi, 18:44

FƏLƏSTİN ÜÇÜN “QAMÇI VƏ KÖKƏ”

“Kuşner” Yaxın Şərqə sülh gətirə biləcəkmi?

Müəllif:

15.07.2019

Əslində, hətta mükəmməl olsaydı belə Vaşinqtonun elan etməyə hazırlaşdığı və əsas müəllifinin prezident Trampın yəhudi əsilli kürəkəni Cared Kuşnerin olduğu “Əsrin anlaşması” birmənalı qarşılanmayacaqdı. Çünki Trampın özü 2017-ci ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərara imza atıb, 2019-cu ilin martında isə 1967-ci ildə işğal olunmuş Colan yüksəkliklərini yenə İsrail ərazisi kimi tanıyıb. Ondan əvvəlki 6 Amerika prezidenti bunları etməyə cəsarət göstərməyib. Halbuki onların içərisində Trampdan da daha “davakarları” vardı.

Amma regional və beynəlxalq şərtlər, eləcə də ABŞ-ın hazırkı prezidentinin imici bu qərarın qəbuluna imkan verdi. Dünyanın əsas siyasi qurumları Trampın bu qərarlarını tanımaması və sərt şəkildə tənqid etməsinə baxmayaraq, Amerika prezidenti geri çəkilmədi.

Yeni plan haqda 2 ildir ki, dəhlizlərdə məlumatlar yayılırdı. Lakin Cared Kuşner bir sıra səbəblərə görə planını iki dəfə - bu ilin aprelində və iyununda təxirə saldı. Əvvəlcə elan olundu ki, sülh planı aprelin sonunda, İsraildə parlament seçkilərindən dərhal sonra, yeni hökumətin formalaşmasından əvvəl elan olunacaq. Çünki bu halda planı elan edən köhnə, yəni Netanyahu hökuməti məsuliyyəti yeni kabinetlə bölüşəcəkdi. Ancaq seçkinin nəticələri qeyri-müəyyən oldu. Bundan sonra planın iyunda elan olunması planlaşdırılsa da, hökumətin qurulmaması və regional şərtlərin əlverişsiz olması səbəbindən planın elan olunması sentyabra təxirə salındı. Yeri gəlmişkən, sentyabrda İsraildə təkrar parlament seçkiləri keçiriləcək. Ancaq bu seçkilərdə Netanyahunun qalib gəlməsi daha az ehtimaldır. Əlbəttə, seçkiyə az qalmış Fələstinlə yeni müharibə başlamasa.

Ancaq kürəkən Kuşner iyunun sonunda fürsət tapıb Bəhreyndə yeni planını elan etdi. İyunun 25-26-da Bəhreynin paytaxtı Manamada “Rifah üçün sülh” adı verilmiş konfrans keçirildi. Bu konfrans Kuşnerin müəllifi olduğu planın bölgə və Fələstin üçün maddi qazancları haqqında idi. Çıxışçılar və iştirakçılar da önəmli adamlar idi.

Fələstin qatılmasa da, konfransda Bəhreynlə yanaşı, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, BƏƏ və Mərakeş iştirak edib.

Bəhreyn konfransının maraqlı detallarından biri budur ki, planın müəllifi Kuşner çıxış edəndə təqdimat videosunda İsrail və Fələstinin sərhədləri göstərilməyib. Kuşnerin planı Fələstin və İsrail ərazisində yeni infrastruktur layihələri, enerji, təhsil, texnoloji inkişaf layihələri yer alıb.

Cared Kuşner deyib ki, ABŞ yeni sülh planı fələstinli qaçqınların məskunlaşdığı yerlərdə daimi olaraq yerləşdirilməsi üçün çağırış edə bilər. Konfransdan sonra, iyulun 3-də keçirdiyi mətbuat konfransında Kuşner eyni zamanda ərəb ölkələrindən qaçan və ya qovulan yəhudilərin durumundan da danışıb.

Ümumiyyətlə, Fələstin münaqişəsinin ən yaralı yerlərindən biri qaçqınlar və onların statusu mövzusudur. Çünki ötən 100 il ərzində digər ölkələrdən gələn yəhudilər bölgədə yerləşdirilib və paralel olaraq 4 müharibə zamanı fələstinlilər əsasən qonşu ölkələrə, qismən də Fələstin ərazisində qaçqın həyatına məhkum olunub. Üstəlik, onların torpaqlarında İsrail yeni yaşayış massivləri salıb və Fələstin münaqişəsinin ən ağrılı yeri də məhz bu ərazilərin taleyidir. Kuşnerin planı bu məsələyə tam olaraq həll təklif etmir. Daha doğrusu, onun planında İsrailin yeni yaşayış massivləri yerində qalır və İsrailə aid olur.

Rəsmi rəqəmlərə əsasən hazırda, təxminən, 6 milyon fələstinli qaçqın var. Onların, təxminən, 28,4 faizi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Əməkdaşlıq Təşkilatına (UNRWA) məxsus 58 düşərgədə yaşayır. Bu düşərgələrin 10-u İordaniyada, 8-i Suriyada. 12-si Livanda, 19-u İordan çayının qərb sahilində, 8-i isə Qəzza zolağında yerləşir.

 

Kuşnerin şirnikləndirici planı

Şərti olaraq ABŞ prezidentinin kürəkəni və baş müşaviri Cared Kuşnerin adı ilə “Kuşner planı” və ya “Əsrin anlaşması” adlandırılan plan 50-60 səhifə arası İsrail və Fələstin arasında münaqişəni tamamilə aradan qaldırmağa yönəlmiş sənəddir. Hələlik planın yalnız ümumi tezisləri və ilkin mərhələsi məlumdur. Kuşner bildirib ki, ABŞ-ın növbəti addımları daha sonra elan ediləcək.

“Sülh planı” Fələstin iqtisadiyyatı və qaçqınlara ev sahibliyi edən Misir, İordaniya və Livana 50 milyard dollar dəyərində maddi yardım vəd edir. Manama konfransı öncəsi isə İsrail mediası planın detallarını yazıb.

Sənədin birinci bölümü siyasi anlaşma hissəsidir. Buna əsasən İsrail dövləti ilə Fələstin Azadlıq Təşkilatı (FAT) və Qəzzaya nəzarət edən Həmas arasında üçtərəfli anlaşma imzalanacaq. Bu müqaviləyə əsasən İordan çayının qərb sahilindəki yəhudi yaşayış məskənləri istisna olmaqla hazırda Fələstin administrasiyasının nəzarətində olan ərazilərdə və Qəzzada “Yeni Fələstin” dövləti elan ediləcək.

Planın ikinci hissəsinə görə yəhudi yaşayış məskənlərinin İsrailin əlində qalacaq, eyni zamanda bu əraziləri İsrailə bağlayan yollar və yaşayış məskənlərinin əraziləri daha da genişlənəcək. Qüds şəhəri Fələstin və İsrail arasında bölünməyəcək, ancaq hər iki dövlətin paytaxtı elan olunacaq. Qüdsün ərəb sakinləri isə Yeni Fələstin dövlətinin vətəndaşları olacaq. Qüds bələdiyyəsi İsrail dövlətinin nəzarətində olacaq. Yalnız təhsil sahəsi istisna olmaqla, bütün sahələrə Qüds bələdiyyəsi, yəni İsrail dövləti nəzarət edəcək. Fələstin dövləti isə su xərcləri və vergi ödəyəcək. Bundan başqa, ərəblərin yəhudilərdən, yəhudilərin ərəblərdən ev alması qadağan ediləcək. Eyni zamanda Qüdsə yeni yaşayış məskənləri əlavə edilməyəcək və müqəddəs məkanlarının bugünkü statusları davam edəcək.

Yeni planda Qəzza zolağına da yer ayrılıb. Qəzza üçün hava limanı, fabrik-zavod və eləcə də ticarət və kənd təsərrüfatı üçün Misirdən Qəzza ilə sərhəd bölgədə torpaq icarəyə götürüləcək. Bu ərazilərdə fələstinlilərin məskunlaşması qadağan ediləcək. İcarəyə götürülən torpaqlara görə ödənişlər də vasitəçi ölkələrlə Misir və Fələstin arasında razılaşdırılacaq.

Yeni Fələstin dövləti layihəsini dəstəkləyən və maliyyələşməsinə yardım edəcək ölkələr ABŞ, AB və neft ixrac edən körfəz ərəb ölkələri olacaq. Donor ölkələr 5 il ərzində Fələstindəki milli infrastruktur layihələri üçün 30 milyard dollar dəyərində yardım ayıracaq. Ancaq bu büdcəyə yəhudi yaşayış məskənlərinin genişlənməsi xərcləri də daxil ediləcək. Ümumi məbləğin 20 faizini ABŞ, 10 faizini Avropa Birliyi, 70 faizini isə ərəb ölkələri ödəyəcək. Bu məbləğ ərəb ölkələrinin neft gəlirlərinə görə bölünəcək.

Kuşnerin planına əsasən Yeni Fələstin dövlətinin ordusu olmayacaq. Asayişi və təhlükəsizliyi yüngül silahlarla silahlanmış polis təmin edəcək. İsrail və Fələstin arasında xarici müdaxilə olacağı təqdirdə İsrailin Fələstini müdafiə etməsi ilə bağlı anlaşma imzalanacaq. Bunun əvəzində Fələstin İsrailə vəsait ödəyəcək.

Plana əsasən Fələstindəki silahlı qrupları, o cümlədən Həmas, İslami Cihad kimi qruplar üzərlərində gəzdirdikləri şəxsi silahlar da daxil bütün silahları təhvil verəcək. Həmas üzvləri və rəhbərlikdə təmsil olunan şəxslər yeni hökumət qurulana qədər dəstəkçi ölkələrdən maaş almağa davam edəcəklər. Qəzza zolağının sərhədləri İordan çayının qərb sahilində olduğu kimi gediş-gəliş üçün açıq olacaq.

Anlaşmadan sonrakı bir il ərzində yeni Fələstin hökumətinin müəyyən olunması üçün bütün fələstinlilərin namizəd ola biləcəyi azad və ədalətli seçkilər keçiriləcək. İsrail həbsxanalarında saxlanılan bütün fələstinli məhkumlar seçkilər və hökumətin qurulmasından bir il sonra başlamaqla, 3 il ərzində azad ediləcək.

Plana əsasən Yeni Fələstin dövlətində bir dəniz və bir hava limanı inşa ediləcək. O zamana qədər fələstinlilər İsrail hava və dəniz limanlarından istifadə edəcək. İsrail və Yeni Fələstin arasındakı sərhədlər dost ölkələrdə olduğu kimi, vətəndaşların və malların keçidi üçün açıq olacaq.

Bundan başqa, Qəzza zolağı və Ramallah, yəni İordan çayının qərb sahili bölgəsini birləşdirəcək yerdən 30 metr yüksəklikdə yol inşa ediləcək. Bu magistralın inşasında Çin 50, Yaponiya, Cənubi Koreya, Avstraliya, ABŞ və AB isə hər biri 10 faizlik pay olmaqla dəstək verəcək.

Planın işləmə mexanizmi də müəyyən olunub. Sənədə əsasən Fələstin tərəfi, yəni Həmas və ya FAT bu planı qəbul etməzsə, ABŞ Fələstinə ayrılan maliyyə yardımını dayandıracaq. Eyni zamanda digər ölkələrin də Fələstinə yardım etməsinə mane olacaq. Və yaxud da FAT qəbul edərsə, ancaq Həmas və ya İslami Cihad anlaşmanı rədd edərsə, o zaman bu iki təşkilatın liderləri cavabdeh hesab olunacaq. Bu halda İsrail və Qəzza arasında növbəti savaşda ABŞ İsrailin bu qrupları hədəfə almasını dəstəkləyəcək. Əgər İsrail bu anlaşmanı rədd edərsə, o zaman ABŞ İsrailə maliyyə yardımını dayandıracaq.

 

Fələstin “yox” deyir

Doğrudur, plan hələ rəsmən açıqlanmayıb. Ancaq artıq yalnız Həmas və İslami Cihad kimi radikal qruplar deyil, daha barışcıl Fələstin administrasiyası da plana qarşı çıxıb. Fələstin administrasiyasının lideri Mahmud Abbas Manamaya təmsilçi göndərməyib. Ramallahda mətbuat konfransı keçirən Abbas deyib ki, fələstinli qaçqınların geri dönməsi onların “müqəddəs haqqıdır”. Mahmud Abbas yalnız qaçqın məsələsinin ədalətli həllinin münaqişənin həllinə kömək edəcəyini deyib. Administrasiya lideri deyib ki, Fələstin xalqı beynəlxalq birlik tərəfindən tanınan haqlarından imtina etməyəcək.

Fələstində keçirilən və 1200 nəfərin iştirak etdiyi rəy sorğusuna əsasən əhalinin 75 faizi ABŞ-ın Fələstin planından imtina olunmasını istəyir. Sorğuda iştirak edən fələstinlilərin 90 faizi isə ABŞ-a etibar etmədiklərini deyiblər. 85 faiz fələstinli isə ABŞ-ın planı qəbul edilsə belə, İsrailin İordan çayının qərb sahilində işğalı davam etdirəcəyinə inandığını deyib. 72 faiz fələstinli isə bu planın İsrailin İordan çayının qərb sahilinin böyük qismini işğal etməsi ilə nəticələnəcəyini düşünür. 83 faiz iştirakçı isə ABŞ planından iqtisadi faydaları qarşılığında azadlıq və müstəqilliyi itirmək istəmədiyini, 73 faiz isə Fələstin sülh planını rədd edəcəyi halda Fələstinə yeni sanksiyaların tətbiq olunmasını gözlədiklərini bildirib.

Ancaq məlum olduğu kimi, planda da məhz qəbul etməyəcəyi təqdirdə Fələstinə təzyiq nəzərdə tutulub. Yeri gəlmişkən, artıq bu ilin fevralından İsrail hökuməti Fələstin üçün toplanan vergilərdən şəhid yaxınları və məhkum ailələrinə ayrılan 11,3 milyon dollar aylıq ödəməni kəsib. Mahmud Abbas hökuməti artıq bir müddətdir ki, məmurların maaşlarını ödəməkdə çətinlik çəkir.

 

“Qamçı və kökə” planı

ABŞ-ın Fələstin münaqişəsinin həlli ilə bağlı planı əvvəlki həll planlarından iqtisadi şirnikləndiriciliyi ilə seçilir. Hələlik rəsmiləşməmiş plan Fələstin və İsrailə rifah vəd edir. Ümumi dəyəri 65 milyard dollar hesablanan planda Fələstin administrasiyasına 10 il ərzində ildə 1 milyard dollar nağd yardımı nəzərdə tutur. Üstəlik, yuxarıda da qeyd olunduğu kimi infrastruktur layihələri, iqtisadi yatırımlar bölgəni daha da çiçəkləndirəcək. Təbii ki, işlər yolunda gedərsə.

Eyni zamanda plandan imtina fələstinlilərə baha başa gələcək. Onlara Qərbdən edilən yardımlar dayandırıla bilər. Bu isə onsuz da xarici yardımlardan asılı qalan Fələstin administrasiyası üçün ağır zərbə ola bilər.

Qeyd edək ki, buna qədər, yəni sonuncu ABŞ prezidenti Obama administrasiyası Fələstin münaqişəsində 1967-ci il sərhədləri çərçivəsində həll variantını müdafiə edib. Ancaq indi Tramp faktiki olaraq İsrail üçün sürpriz vəd edir. Yəhudi dövlətinin bu günə qədər ələ keçirdiyi torpaqların əksər hissəsi, o cümlədən Şərqi Qüds əlində qalacaq. Bu, o qədər kəskin bir İsrail tərəfdarlığıdır ki, bölgədə Vaşinqtonun ən yaxın dostu Səudiyyə Ərəbistanı kralı Salman belə zəif səslə də olsa ona etiraz etdi.

Amma Tramp və onun şəxsində ABŞ indi Yaxın Şərqdə çox güclüdür. Daha əvvəl bu kimi vəziyyətlərdə alternativ güc kimi çıxış edə bilən İraq, Suriya, Liviya, hətta Misir kimi dövlətlər faktiki olaraq təsir gücünü itirib. Regionun əsas güclü və varlı ölkələri olan körfəz əmirləri və Səudiyyə Ərəbistanı könülsüz də olsa plana dəstək verir. Çünki bu plan Qərbdə Vaşinqtonun və qüdrətli yəhudi lobbisinin dəstəyi deməkdir. İran kimi güclü rəqiblə üz-üzə qalan ərəb monarxlarının isə indi yeganə sığınacağı ABŞ və yəhudi lobbisidir. Üstəlik, Qaşıqçı hadisəsindən sonra faktiki olaraq Qərbdən asılı vəziyyətə düşən Səudiyyə Ərəbistanı rəhbərliyinin Kuşner planına qarşı müqavimət imkanları xeyli daraldı.

 

Yekun əvəzi

Ancaq üstünlükləri ilə yanaşı Kuşner planının çatışmazlıqları da var. Qüds və digər Fələstin əraziləri ilə bağlı İsrailin mövqeyinin üstün tutulması istər-istəməz etiraz doğurur və yəqin ki, təkcə müsəlman ölkələri deyil, başqa dünya dövlətləri də bu plana açıq dəstək verməyəcək. Üstəlik, Fələstin administrasiyası, eləcə də İordaniya kimi ölkələr planı qəbul etməyəcək. Çünki İordaniya Fələstin və Şərqi Qüds üzərində himayəçi statusu olan bir ölkə olaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyan planın məsuliyyəti altına girə bilməz. Çünki bu tarixi bir məsuliyyətdir. Üstəlik, əhalisiin yarıya qədəri fələstinlilərdən ibarət olan, eləcə də güclü islamçı müxalifətin mövcud olduğu İordaniyada hakimiyyətin bu qədər riskli addım atacağı real deyil. Hər nə qədər Qərb təsiri və ərəb sərmayəsindən asılı olsa belə.

Digər tərəfdən bu plan İsrailə qarşı silahlı mübarizəni dəstəkləyən radikal qrupları, o cümlədən Həmas. “İslami-Cihad”, Hizbullah və digərlərinin əlini gücləndirəcək. İsraillə danışıqları müdafiə edən mötədil qrupun nüfuzunu zəiflədəcək. Bu planın ən böyük dəstəkçisi olan İsrail baş naziri Benyamin Netanyahunun özünün siyasi karyerası ciddi sual altındadır, sentyabrda İsrail xalqının onu növbəti dəfə seçməmək ehtimalı çox yüksəkdir. Trampın isə hələ bir ili var. Amma bu münaqişə onun üçün də baha başa gələ bilər.



MƏSLƏHƏT GÖR:

332