Müəllif: İrina XALTURİNA
Aİ üzvü olan dövlətlərin rəhbərləri Avropa institutlarının rəhbərlərinin seçimində yalnız üçüncü cəhddə, faktiki olaraq, hakimiyyətin iflic olması ərəfəsində kompromisə gələ biliblər. Avropada məmurların dəyişməsi Avropa Parlamentinə mayda keçirilmiş seçkinin ardından müəyyən olunmuş qrafik üzrə gedir. Avropanın qocaman ölkələri həmin seçkidə özlərinə hər hansı təhlükə görmürdülər. Bu üzdən də onlar köhnə ənənədən imtina etməyi lazım bilməyiblər. Söhbət Fransa ilə Almaniyanın Aİ-nin vacib postlarını öz aralarında bölüşdürməsi ənənəsindən gedir. Lakin bu dəfə proses çətin və ağır olub.
Avropa Komissiyasının rəhbərinin təyinatı üçün Aİ üzvü olan 28 ölkədən blok əhalisinin 65%-ni özündə birləşdirən 21-nin liderinin dəstəyi tələb olunur. Fraksiyalara bölünmüş, bununla yanaşı, öz milli maraqlarını unutmayan, şəxsi iddiaları və seçimi kənara qoymayan avropalılar, az qala, bu işin öhdəsindən gələ bilməyəcəkdilər. Namizədlərin müəyyənləşdirilməsi prosesi o qədər ağır gedirdi ki, Fransa prezidenti Emmanuel Makron kifayət qədər sərt bəyanatla çıxış etməyi belə, lazım bilirdi: «Biz Avropa İttifaqını da, Avropanı da axmaq vəziyyətdə qoyuruq. Elə təəssürat yaranır ki, Avropa özünü qeyri-ciddi aparır».
Halbuki seçki qarışıqlığı yaradan şəxslərdən biri məhz Makronun özü idi. Əvvəlcə Avropa Komissiyasına ən böyük fraksiya olan Avropa Xalq Partiyası fraksiyasından (EPP, Merkelin XDİ/XSİ də oraya daxildir) alman Manfred Veberin başçılıq edəcəyi gözlənilirdi. Lakin Avropa Parlamentinə seçkinin nəticəsi mühafizəkarların öz mövqeyini bir qədər itirdiyini ortaya qoydu və bu üzdən EPP faktiki olaraq seçkini qazansa da, Veberi vəzifəyə asanlıqla təyin edə biləcək çoxluğu əldə etməyi bacarmadı. Bu üzdən partiyası liberal düşərgədə olan və Almaniyanın kiçik qardaşı rolundan qurtulmağa çalışan Makron fürsətdən istifadə etmək qərarına gəlib. O, bu təyinata qarşı olmasını Veberin kifayət qədər peşəkar olmaması ilə əsaslandırıb. O, namizədin konkret olaraq, lazımi beynəlxalq və idarəçilik təcrübəsinə malik olmadığını bildirib. Bu fikirləri təmkinlə dinləyən Merkel isə guya güzəştə getdiyi görüntüsünü yaradıb.
Nəhayət, G20 ölkələrinin bu yaxınlarda Osakada keçirilən sammitində Avropanın 3 əsas qüvvəsi – mühafizəkarlar, sosialistlər və liberallar razılığa gəliblər. Onlar bu posta başqa namizədin irəli sürülməsini razılaşdırıb. Söhbət sosial-demokratların təmsilçisi, Niderlandın sabiq xarici işlər naziri, eyni zamanda Avropa Komissiyası sədrinin birinci müavini olan Frans Timmermansdan gedir. Lakin bu məqamda İrlandiya, Xorvatiya, Latviya, Estoniya, Rumıniyanın etirazı başlayıb (bu dövlətlər onlarla məsləhətləşməyə belə, lüzum görülməməsindən qəzəblənib). Əsas etiraz isə Vışeqrad qrupu üzvlərindən – Macarıstan, Polşa, Çexiya və Slovakiyadan gəlib. Onlar Timmersmandan Avropa Komissiyası sədrinin birinci müavini kimi, ölkələrini dəfələrlə tənqid etdiyi üçün narazıdırlar. Timmersman bu dövlətləri Avropa dəyərlərindən uzaq olmaqda, insanların azadlığını boğmaqda və s. tənqid edir. Macarıstan, Polşa, Çexiya və Slovakiya Brüsselin miqrasiya siyasətindən də narazıdır. Yeri gəlmişkən, bu məsələdə İtaliya da onlarla həmrəydir.
Texniki baxımdan Timmermansı Avropa Komissiyasının sədri postuna seçmək mümkün idi. Lakin bu, heç kəsin işinə yaramayacaqdı. Odur ki, yeni namizəd axtarışına başlanıldı və alman siyasətinin mübahisəli fiquru, Angela Merkelin, eyni zamanda həm də Bundestaqın sədri Volfqanq Şoyblenin sadiq silahdaşı Ursula fon der Lyayenin üzərində dayanıldı.
Böyük varidatın vəliəhdi, ixtisasca həkim olan Lyayen 7 uşaq anasıdır. O, siyasətə 40 yaşında atılsa da, Aşağı Saksoniya parlamentindən başlamış karyerası kifayət qədər uğurlu alınıb. O, tezliklə Ailə, Qadın, Gənclər və Qocalar üzrə Nazirliyə rəhbərlik etməyə başlayıb. Daha sonra əmək naziri, ondan sonra isə Almaniya tarixinin ilk müdafiə naziri olub. Lakin Lyayenin hərbi sahədə işi uğurlu alınmayıb. Çoxları, məsələn, sabiq müdafiə naziri Rupert Şolts qadın siyasətçini az qala ordunu dağıtmaqda günahlandırıb.
Ordunun durumu ilə bağlı parlamentə bu ilin əvvəlində təqdim olunmuş məruzədə vəsait çatışmazlığı, xarab olmuş texnika və bir çox digər problemlərdən də danışılırdı. Üstəlik, sənəddə dövlət sifarişilə satınalmalar zamanı qaydaların pozulduğuna dair də fikirlər var.
Müxalifət fon der Lyayeni dəfələrlə bu postdan istefaya çağırsa da, o, bu tələbə məhəl qoymayıb və nəticədə, reytinqini itirib. Hər halda, əvvəllər Lyayen Merkelin mümkün varislərindən sayılırdısa, indi, onun adı ölkənin ən populyar siyasətçilərinin ilk onluğunda belə, yoxdur.
«Fon der Lyayen bizim ən zəif nazirimizdir. Görünən odur ki, bu, Avropa Komissiyasına sədrlik etmək üçün kifayətdir», - deyə Avropa Parlamentinin sabiq sədri, sosial-demokrat Martin Şults özünün «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb. Amma burada söhbət əslində fon der Lyayenin özündə və ya zəifliyində yox, onun namizədliyinin yeganə çıxış yolu olmasındadır.
Beləliklə, lüksemburqlu Jan-Klod Yunkeri 60 yaşlı alman Ursula fon der Lyayen əvəzləyəcək. Aİ-nin xarici siyasətini isə italiyalı Federika Moqerininin əvəzinə İspaniyanın 72 yaşlı xarici işlər naziri, sosialist Jozep Borrel həyata keçirəcək.
Avropa Mərkəzi Bankının sədri postunda italiyalı Mario Draqanı Beynəlxalq Valyuta Fondunun 63 yaşlı rəhbəri, fransız Kristin Laqard əvəzləyəcək. Avropa İttifaqı Şurasının polyak sədri Donald Tuskun yerini isə Belçikanın 43 yaşlı baş naziri Şarl Mişel tutacaq. Xatırladaq ki, Avropa İttifaqı Şurası parlamentin yuxarı palatası sayılır. Aİ-nin siyasətini məhz o müəyyənləşdirir. Maraqlıdır ki, Mişel istər ölkəsində, isərsə də Avropada keçirilmiş seçkidə fiaskoya uğrasa da, Avropa İttifaqı Şurasının ən gənc prezidenti kimi tarixə düşə biləcək.
Beləliklə, Aİ-nin yeni rəhbərliyindəki «zəif»lər sırasında fon der Lyayen tək deyil. Sanki əksər postlara namizədlər bir prinsiplə müəyyənləşdirilib – təki daha pis olmasın.
Amma bu, vəziyyəti nəinki düzəltməyib, hətta daha da ağırlaşdırıb. Avropa Komissiyasının hələ vəzifədə olan başçısı Jan-Klod Yunker Finlandiyanın baş naziri Antti Rinne ilə keçirdiyi birgə mətbuat konfransında açıq şəkildə bildirib ki, Avropada demokratik prosedurlar «gizli oyunlar»la əvəzlənib. Həqiqətən də, fon der Lyayenin namizədliyi Avropanın əksər ölkəsində Almaniya ilə Fransanın gizli sövdələşməsi kimi qiymətləndirilir. Məsələn, Qərb KİV-i yazır ki, Merkel silahdaşının namizədliyi məsələsinə güzəştə getməklə, əslində bu işdən daha qazanclı çıxıb. O, Aİ-dən qeyri-populyar naziri «uzaqlaşdırdı», Brüsseldə vacib postlardan birinə özünə sədaqətli olan insanı oturtdu və dekabrda XDİ-nin başına gətirilən və gələn il seçkilərdə kansler seçilməyə əsas namizəd olan Anneqret Qramp-Karrenbauer üçün yol açdı.
Amma Makron da uduzmayıb. Əvvəla fon der Lyayen sanki ona da borcludur. Üstəlik, Avropa Mərkəzi Bankına Makronun həmvətəni Kristin Laqard, Avropa İttifaqı Şurasına isə dost Şarl Mişel başçılıq edəcək.
Yuxarıda barələrində bəhs olunan Vışeqrad qrupu üzvlərinin isə prosesdən qazanclı çıxdığını demək olmaz. Onlar məsələn, Almaniyanın vahid Avropa və ümumi dəyərlər haqda danışdıqda, əslində öz maraqlarını güddüyünü bilir. Berlin Aİ-də, xüsusilə miqrantlar və ya ticarət məsələsində məhz özünə sərf edən siyasəti yürüdür.
Beləliklə, Timmermans Avropa Komissiyasında qalır, BMT-nin miqrasiya üzrə paktını dəstəkləyən Mişel isə Avropa İttifaqı Şurasına gedir. Hər kəsi Avropada vacib postlara qadınların təyin olunmasını sevinclə qarşılamağa çağıran Fransa və Almaniya KİV-i Şərqi Avropa (həmçinin Şimali Avropa) siyasətçilərinə vacib postların nədən verilmədiyi haqda danışmır. Bundan başqa, 43 yaşlı Mişeldən başqa, bütün digər avroməmurlar yenə də 60-70 yaşlarındadır. Halbuki may seçkilərində gənclər xüsusi fəallığı ilə seçilirdi və hakimiyyətin «gəncləşdirilməsi» iddiaları kifayət qədər aydın şəkildə ortaya qoyulurdu.
Belə şəraitdə Avropanın haraya və hansı şəkildə gedəcəyini söyləmək çətindir. İttifaqda heç bir məsələdə, hətta sərhədlərin açılması, malların, insanların və kapitalın sərbəst hərəkəti kimi ümumavropa liberal dəyərlərilə bağlı belə, razılıq yoxdur. Üstəlik, bu birlik ideyalarına miqrant böhranı da ciddi zərbə vurub. İndi, qloballaşma əvvəlkitək cazibəli görünmür. Əksinə, bəzi hallarda o, qeyri-bərabərliyi dərinləşdirir, insan haqlarının kobud şəkildə pozulmasına yol açır, iş yerlərinin bağlanması, sənaye sahəsinin nəhəng beynəlxalq korporasiyaların xeyrinə çöküşü, ətraf mühitə ciddi ziyanla nəticələnir. Qərbi Avropa ölkələri hələ də nikbinliyini qoruyursa, Şərqi Avropada avroskeptiklərin sayı durmadan artır. Amma Qərbi Avropada da nikbinlər əsasən məhz hakim elitada təmsil olunanlardır. Bunu sadə seçicilər haqda demək çətindir. Amma bu, daha cansıxıcı mənzərə yaradır. İndi avroskeptiklərlə nikbinləri ən çox bir ideya birləşdirir – Aİ-nin genişlənməsinə ehtiyac yoxdur. Səbəb, güman ki, Brüsselin öz problemlərinin öhdəsindən gələ bilməməsidir. Bu vəziyyətdə yeni üzvlərə görə məsuliyyət daşımaq kimə lazımdır?
Avropa Parlamentinə seçkidən sonra bir çox nikbin şərhə rast gəlinib. Onlar deyir ki, millətçilərlə skeptiklər parlamentdə yer qazana bilsələr də, bu qüvvələrin ciddi uğurundan danışmaq mümkün deyil. Lakin artıq sağ-mərkəzçi və sol-mərkəzçi bloklar da özlərini əmin hiss edə bilməz. Onlar mövqelərinin bir hissəsini «yaşıllar», liberallar və qatı sağçılara güzəştə getməli olublar. Avropanın ənənəvi ağırçəkili qüvvələri üçün bu, həyəcan siqnalı olmalıdır. Aİ rəhbərliyinə yeni namizədlərə nəzər saldıqda isə onların, hələ ki, bu siqnalı eşitmədiklərini düşünmək mümkündür. Onlar hələ də ənənəvi yolla gedir və bu yolun onları mənzil başına çatdırmayacağını etiraf etmək istəmirlər…
MƏSLƏHƏT GÖR: