Müəllif: Aydın BAYRAM
Müasir dövlətimizin diplomatik xidmət orqanlarının formalaşması yolunda tarixi addımlar düz 100 il əvvəl – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövründə atılıb. Bu gün Azərbaycan diplomatları beynəxalq arenada dövlətin mövqelərinin güclənməsinə böyük töhfələr verir, bununla da, Azərbaycanın milli müstəqilliyinin möhkəmlənməsinə yardım göstərir.
Azərbaycan diplomatiyası xalqımızın ötən il 100 illiyini təntənə ilə qeyd etdiyi AXC ilə eyni vaxtda yaranıb. AXC-nin əsas qurumlarından biri məhz Xarici İşlər Nazirliyi olub. Ona ilk respublikanın mövcud olduğu dövrdə müxtəlif müddətə Məmməd Həsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov kimi görkəmli siyasətçilər rəhbərlik edib.
Artıq 2018-ci il mayın 28-də qəbul olunmuş Müstəqillik Bəyannaməsində AXC-nin xarici siyasətinin əsas prinsipləri yer alırdı – hər kəslə, ilk növbədə, qonşu xalqlar və dövlətlərlə mehriban münasibətlərin inkişafı. AXC sülhsevərliyi dövlət siyasəti elan etsə də, gənc respublika son dərəcə ağır beynəlxalq şəraitdə qurulurdu. O, daim müxtəlif xarici qüvvələrin təzyiqlərilə üz-üzə idi. Bundan başqa, 1918-1920-ci illərdə Azərbaycan dövləti qonşu Ermənistan (Ararat) Respublikasının hərbi təcavüzü ilə də üzləşmişdi. Ermənilər nəinki Azərbaycanın əzəli torpağı olan, üzərində Ermənistan Respublikasının qurulduğu İrəvanda və onun ətrafında azərbaycanlı əhaliyə qarşı qəddar etnik təmizləmə aparır, həm də AXC-nin həmsərhəd Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində dinc insanlara qarşı terror aktları törədirdilər.
Azərbaycan dövlətinin tarixində ən faciəvi hadisə isə AXC-nin Sovet Rusiyasına məxsus 11-ci Qızıl Ordu tərəfindən işğalı olub. AXC məhz bu işğal nəticəsində süquta uğrayıb. Lakin cəmi 23 ay kimi qısa müddət ərzində demokratik respublika xalqımızın tarixində silinməz izlər qoyub, bir çox tarixi nailiyyət əldə edib. Misal kimi, AXC-nin 1920-ci ilin yanvarında Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmasını da göstərmək olar.
Azərbaycanın beynəlxalq hüququn subyekti kimi təsdiqlənməsində AXC nümayəndə heyətinin Paris Sülh Konfransındakı nəhəng işinin rolu çox böyük olub. Nümayəndə heyətinə görkəmli dövlət adamı və ictimai xadim Əlimərdan bəy Topçubaşov rəhbərlik edib.
Bu hadisənin xalqımızın tarixində nə qədər əhəmiyyətli hadisə olduğunu AXC-nin yaradıcılarından biri, respublikanın ilk rəhbəri Məhəmməd Əmin Rəsulzadə belə ifadə etmişdi: «Siyasi hüquqlardan məhrum olmuş dövlətin idarəsinə belə yaxın buraxılmayan, Şərqin zülm altında inləyən xalqlarından biri ilk imkan düşən kimi, bütün çətinliklərə baxmayaraq müttəfiqlərin və bütün dünyanın diqqətini cəlb etdi və beynəlxalq həyata daxil oldu. Rusiya imperiyasının xarabalıqları üzərində yaradılmış cümhuriyyətlər arasında Azərbaycan Avropanın inandığı yeganə müsəlman qurumu idi».
AXC-nin ən nəhəng xidmətlərindən biri, əlbəttə ki, müasir Azərbaycan dövlətçiliyinin institutlarının yaradılması olub. Onların arasında diplomatik xidmət orqanları da var. AXC Xarici İşlər Nazirliyi 1918-ci il mayın sonlarından məhsuldar fəaliyyətə başlayıb. Lakin diplomatik idarənin strukturunun formalaşmasına ciddi təkan 1919-cu il ilyulun 9-da verilib. Hökumət məhz həmin gün XİN-in katibliyi haqqında müvəqqəti təlimatı qəbul edib. Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı məhz həmin gündür. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə təsdiqlənib.
Azərbaycanın diplomatik xidməti fəaliyyətini formal da olsa, Sovet İttifaqı dövründə də davam etdirib. Lakin dövlətçiliyin tamhüquqlu institutu statusunu o, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsilə qayıdıb. Diplomatik xidmət orqanlarının formalaşdırılması prosesi Heydər Əliyevin prezidentliyi dövründə başa çatdırılıb. Müasir Azərbaycanın xarici siyasət strategiyasının fundamental prinsiplərini məhz ümummilli lider müəyyənləşdirib. Bu, ölkənin müstəqilliyinin güclənməsinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində suverenliyin və ərazi bütövlüyünün bərpasına, beynəlxalq arenada milli maraqların təmininə xidmət edən bərabərhüquqlu və qarşılıqlı səmərəli əməkdaşlıqdır.
Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun şəksiz lideri, Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən nəhəng layihələrin təşəbbüskarı və əsas hərəkətverici qüvvəsi, beynəlxalq münasibətlər sisteminin nüfuzlu iştirakçısıdır. Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, 2017-2019-cu illərdə BMT-nin İqtisadi və Sosial Şurasına seçilməsi onun dünya arenasında artan nüfuzunun təsdiqidir. Bu gün Azərbaycan həm də mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas meydan sayılır.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirəsinin iştirakçılarına ünvanladığı müraciətində də deyildiyi kimi, «Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir… Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və buna görə də ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar. Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var».
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, regionda baş verməkdə olan ziddiyyətli proseslər fonunda Azərbaycan «daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki mövqe və nüfuzunu daha da möhkəmləndirməyə müvəffəq olub».
Müasir dövrdə Azərbaycanın xarici siyasətində əsas prioritet, şübhəsiz ki, ərazilərinin Ermənistanın işğalından azad olunması, Azərbaycan dövlətinin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpasıdır. Bu səbəbdən də, ölkənin diplomatik xidmətinin səyləri, ilk növbədə, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə yönəlib.
Yeri gəlmişkən, nazir Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində bu haqda danışıb: « 1991-ci ildə dövlət müstəqilliyini bərpa edərək Azərbaycan XX əsrin başlanğıcında olduğu kimi, Ermənistan Respublikasının xarici təcavüzü ilə üzləşdi. Azərbaycan Respublikasının ərazilərini ələ keçirmək üçün qanunsuz gücdən istifadə edilməsi kütləvi etnik təmizləmələr, beynəlxalq humanitar hüquq pozuntuları, o cümlədən Xocalı soyqırımı aktı ilə müşayiət olunub. Yəni XX əsrin əvvəllərində olduğu kimi, eyni dəstxət göz qabağındadır. Hazırkı vəziyyətdə Ermənistan Respublikası tərəfindən hərbi təcavüzün nəticələrinin aradan qaldırılması beynəlxalq ictimaiyyətin məsul üzvü olan Azərbaycan Respublikasının dinc şəkildə substantiv və nəticəyə yönəlik intensiv danışıqlar yolu ilə həll etməyə çalışdığı başlıca və ən mühüm problemdir».
Bu yanaşma dünyanın bütün güc mərkəzlərinə, həmçinin təcavüzkar Ermənistanın özünə aydın mesajdır – Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Azərbaycan Respublikasının bütün gücü və resursları, o cümlədən onun diplomatik xidmətinin 100 il ərzində yığılmış əhəmiyyətli potensialı məhz bu hədəfə yönəldilib.
MƏSLƏHƏT GÖR: