Müəllif: Ənvər MƏMMƏDOV
İyulun 1-dən Azərbaycanda əhalinin sığorta sistemi tərəfindən əhatə olunan milli və xarici valyutada bank əmanətləri üzrə maksimal dərəcələr endirilib. Bu qərarı Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilər Şurası qəbul edib.
Qərara görə, sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsi, milli valyutada 15 faizdən 10 faizə, xarici valyutada əmanətlər üzrə isə 3 faizdən 2,5 faizə endirilib.
Obyektiv reallıq
ADIF himayədarlarının qəbul etdiyi qərar bir neçə səbəbdən qaçılmaz idi. Birincisi, əhalinin istər milli, istərsə də xarici valyutada olan əmanətlərinin faiz dərəcələri ilə bağlı cari vəziyyət belə bir qərarı vacib edirdi. Reallıq budur ki, bankların əksəri üçün fiziki şəxslərin milli valyutada əmanətləri üzrə faiz dərəcələri, orta hesabla, 8%-dən 11%-dək, xarici valyutada isə 1-3% arasında dəyişir.
Bu rəqəmlər Mərkəzi Bankın göstəriciləri ilə üst-üstə düşür. Belə ki, 1 iyun 2019-cu il tarixinə fiziki şəxslərin manat əmanətləri üzrə orta faiz dərəcəsi 10,24%, xarici valyuta ilə isə 2,62% təşkil edib. Bu, fondun müəyyən etdiyi həddən bir qədər yüksəkdir. Ancaq nəzərə alınmalıdır ki, orta məlumatlara 5 il və daha çox müddətə qoyulan depozitlər üzrə yüksək faiz dərəcələri təsir göstərir - 12,59% və 5,01%. Bundan əlavə, bəzi bankların manata ehtiyacı var və bunun üçün artıq 15%-dən yüksək faizlə əmanətlər təqdim etməyə hazırdırlar, yəni bu əmanətlər sığorta ilə əhatə olunmur. Həmişə risk etməyə və daha yüksək gəlir əldə etmək üçün belə əmanətlər qoymağa hazır vətəndaşlar olacaq.
İkincisi, bu gün ilk 10-luğa və hətta ilk 15-liyə girən bankların bahalı əmanətlər cəlb edilməsində o qədər də maraqlı olmadığı bir vəziyyət yaranıb, çünki daha sonra onlar bu vəsaitləri yerləşdirməkdə çətinlik çəkirlər. Bu obyektiv reallıqdır. Yüksək faiz dərəcəsi ilə depozitlər cəlb edən bank verilən kreditlər üzrə faiz dərəcələrini qaldırmaq məcburiyyətində qalır, bu, nə borcalanlara, nə banklara, nə də bütövlükdə iqtisadiyyata faydalı olmur. Bu, xarici valyutada verilən kreditlər üzrə xüsusilə aydın görünür, çünki onlar üçün kredit şərtləri yetərincə sərtdir. Bundan əlavə, Prezident İlham Əliyevin problemli kreditlər probleminin həlli ilə bağlı sərəncamının icrası nəticəsində banklar xeyli likvidlik ehtiyatı əldə ediblər. Buna o faktı da əlavə etmək lazımdır ki, banklar artıq 6 milyard manat həcmində qısamüddətli manat likvidliyinə malikdirlər və onları tam yerləşdirə bilmirlər. Buna görə də iri və orta bankların əlavə əmanətlərə ehtiyacı yoxdur.
Başqa bir amil kimi göstərmək olar ki, 2016-cı ildə qəbul edilmiş faiz dərəcəsi hədləri onlardan gözlənilən effekti tam verə bilmədilər. Belə ki, 1 mart 2016-cı il tarixinə Azərbaycanda əhalinin əmanətləri 8,8 milyard manat təşkil edib, dollarlaşma səviyyəsi 82,6%-ə çatıb. 1 iyun 2019-cu il tarixinə isə fiziki şəxslərin əmanətlərinin həcmi cəmi 8,6 milyard manat olub, dollarlaşma səviyyəsi isə 57.4% təşkil edib. Yəni 41 ay ərzində dollarlaşma 25,2 faiz azalmasına baxmayaraq, yenə də 50%-dən yuxarıdır və ev təsərrüfatlarının əmanətlərinin yarıdan çoxu hələ də xarici valyutada yerləşdirilir. Bununla yanaşı, milli valyutada əmanətlərin həcmi dövr ərzində cəmi 6,7% artıb. Bu, onunla bağlıdır ki, vətəndaşlar devalvasiya barədə davamlı gedən və heç də həmişə əsaslandırılmayan söhbətlərin fonunda əmanətlərini manata keçirməkdən qorxurlar. Buna görə, bu gün sərmayəçilər daha çox əlavə gəlir qazanmaq deyil, əmanətlərini qorumaq barədə düşünürlər və gəlirləri minimum olsa belə, bank vəsaitlərini xarici valyutada saxlamaqda davam edirlər.
Ölkənin bank sektorunun nümayəndələri də əhalinin bank əmanətləri üzrə maksimal dərəcələrin endirilməsinin qaçılmaz olması fikri ilə razıdırlar. Bankirlərdən birinin qeyd etdiyi kimi, Azərbaycanda əhalinin bank əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməyə ehtiyacı var. “Mövcud sistem 2015-2016-cı illərdə müşahidə olunan böhran vəziyyətinə daha uyğundur. Bu gün isə, bazarın tələblərinə tam cavab vermir və təkmilləşdirilməlidir. Faiz dərəcələri üzrə maksimum həddin formalaşdırılması ötən illərdə çox təsirli olub. Ancaq bu gün sığortalanan əmanətin maksimum məbləğini müəyyən etməyə başlamaq daha əlverişli olar. Bu, müştərilərə bank seçərkən daha diqqətli olmağa və sektorda rəqabət durumunu yaxşılaşdırmağa imkan verəcək. Əmanətlərin maksimum məbləğinin müəyyən edilməsi ilə bağlı köhnə sistemə keçid vəziyyəti normallaşdırmağa imkan verəcək", - deyə bankir vurğulayıb.
Xatırladaq ki, 2016-cı il martın 1-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün hissəsini əhatə edir (əvvəllər 30 min manata qədər əmanət sığortalanmış hesab olunurdu). Yeganə şərt odur ki, əmanət üzrə faiz ADIF-in müəyyən etdiyi həddən çox olmamalıdır. Bu qayda 1 mart 2020-ci ilədək qüvvədədir.
Bununla yanaşı, bəzi mütəxəssislər əmanətlərin tam sığortalanmasının vaxtının uzadılmasını bankların xeyrinə olduğunu düşünürlər. "Bu qərarı qəbul edilməsi nə Mərkəzi Bankın və nə də mənim işimdir, amma mən əhalinin bank əmanətlərinin tam sığortalanması qərarının vaxtının uzadılmasını məqsədəuyğun hesab edirəm", - deyə Mərkəzi Bankın sədri Elman Rüstəmov hələ əmanətlərin tam sığortalanması müddətinin fevral ayının sonunadək uzadılmasından əvvəl demişdi.
Bəzi bankirlər yuxarıdakı fikirlə razılaşırlar. Qeyd edirlər ki, "əmanətlərin sığortalanmasının cari sisteminin müddətinin bir il - 2020-ci ilin martına qədər uzadılması əmanətlərin daha da artmasına imkan verir".
Sonra nə etməli?
Klassik sualdır: bank əmanətləri üzrə maksimum dərəcənin azaldılmasından nə gözləmək olar? Mərkəzi Bankın uçot dərəcəsinin azalması və artıq 8,25% səviyyəsində qərarlaşması fonunda faiz dərəcələrinin endirilməsi, ilk növbədə, kredit faizlərinin azalmasına səbəb ola bilər. Əlbəttə ki, sığortalanan əmanətlərin limitinin azaldılmasının kreditləşmə fəaliyyətinin kəskin artmasına səbəb olacağını gözləməyə dəyməz - bu sadəlövhlük olardı. Lakin potensial olaraq daha ucuz kreditlər iqtisadiyyatın canlanmasına səbəb ola bilər və həm əhalinin, həm də real sektorun kreditləşdirilməsinin artırılmasına kömək edə bilər.
Bundan əlavə, əmanətlərin dollarsızlaşdırma prosesinin davam edəcəyini gözləmək olar, çünki illik 2,5% dərəcə ilə əmanətçilərin xarici valyuta əmanətlərinə maraqları daha da azalacaq.
Ümumiyyətlə, bu qərarı, daha çox, əmanətlərin sığortalanması sistemində dəyişikliklər prosesinin başlanğıcı hesab etmək olar. Bəllidir ki, 1 mart 2020-ci il tarixinə sığorta sisteminin məbləğindən asılı olmayaraq bütün əmanətləri əhatə etməsi müddəti başa çatır. Sığortanın əhatə etdiyi kreditlər üzrə faiz dərəcələrinin azaldığı nəzərə alınarsa, gələn il əmanətlərin tam sığortasından imtina ediləcəyini də gözləmək olar. Bu sistem 2015-ci ildə manatın devalvasiyaya uğramasından sonra maliyyə çuxuruna düşmüş banklara "ikinci həyat" vermək məqsədi ilə 2016-cı ildə tətbiq edilib. İndi statistika göstərir ki, bankların əksəriyyəti böhranı aradan qaldırıb və buna görə də böhran əleyhinə tədbirlərin görülməsi zəruriliyi də aradan qalxıb.
Buna görə 2020-ci ildə əmanətlərin sığortası sistemi ilə bağlı ciddi dəyişikliklər gözləmək olar. Bu zaman nəzərə almaq lazımdır ki, bank sektoru sığortalanmış əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması meylini davam etdirməklə yanaşı digər sığorta modellərinə keçməyi də zəruri sayır.
“İnanıram ki, sığortalanmış əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması davam etdirilməlidir. Bundan əlavə, beynəlxalq təcrübəni öyrənmək və əmanətlərin sığortalanması üzrə digər modelləri də tətbiq etmək mümkündür. Məsələn, bankların Əmanətlərin Sığortalanması Fonduna diferensial rüsumlarına keçmək olar ki, bu da bütün prosesi tam nəzarətdə saxlayan sistemin yaranmasına səbəb olar", - deyə ölkənin ən böyük banklarından birinin rəhbəri qeyd edir. Onun fikrincə, iki eyni bank və iki eyni risk modeli yoxdur, buna görə də eyni rüsumlardan istifadə etmək düzgün deyil.
"Əgər bank müxtəlif səbəblərdən əmanətlər üzrə dərəcələri şişirməyə başlayırsa, bunun üçün cavabdeh olmalıdır. Özü də, səbəblər fərqli ola bilər. Ola bilər ki, bank bazarı fəal şəkildə kreditləşdirməyi planlaşdırır və bəlkə də, öz kəsirlərini qapatmaq üçün pul yığır. Buna görə burada diferensiallaşdırma lazımdır. Əgər əmanətlər üzrə faizləri bazardakı orta həddən artıq olarsa, böyük rüsumlar ödəməlidir", - deyə bankir vurğulayıb.
Onun sözlərinə görə, bu, kommersiya komponentini yığışdırmağa və "eyni dildə danışmağa" kömək edəcək ki, belə qərar bankların inkişaf strategiyasını və hazırkı vəziyyətini əks etdirərdi.
Yeri gəlmişkən, hələ 2017-ci ildə əmanətlərin sığortalanması sistemi üzrə bir sıra yeni məhsullar nəzərdən keçirilib. Xüsusilə, fondun üzv olan banklara yönəlik diferensiallaşmış sığorta rüsumlarının tətbiq edilməsi planlaşdırılıb ki, gələcəkdə sığortalanan əmanətlər üzrə yuxarı həddin tamamilə ləğv olunmasına yardımçı olsun. Sonra fondun 11 bankı ləğv edilməsi ilə məşğul olması üzündən proses lazımi cür inkişaf etdirilə bilmədi, ancaq gələn il fond rahatlıqla belə bir sistemin tətbiqinə qayıda bilər. Ancaq bu, başqa söhbətin mövzusudur...
MƏSLƏHƏT GÖR: