Müəllif: Fərhad NURİYEV
Rusiya prezidenti Vladimir Putin «The Financial Times» qəzetinə «Böyük iyirmilik» ölkələrinin Osaka sammitinin açılışı ərəfəsində verdiyi müsahibədə «müasir liberalizm ideyasının artıq işə yaramadığını, onun çoxluğun maraqları ilə ziddiyyət təşkil etdiyini» bəyan edib. Putinin fikrincə, «liberallar dünyaya öz iradələrini güclə qəbul etdirməyə çalışıblar və bu da faciəvi nəticələrə yol açıb».
Rusiya prezidenti nümunə kimi, Almaniya kansleri Angela Merkelin Suriyadan və digər Yaxın Şərq ölkələrindən olan milyonlarla qaçqına Almaniyanın qapılarını açmaq qərarını göstərib. Putin hesab edir ki, sonda bu qərarın nə qədər yanlış olduğu üzə çıxıb.
Vladimir Putin Britaniya nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Trampın Meksikadan mühacir axınının qarşısının alınması strategiyasını da yada salıb.
Kifayət qədər qısa zaman kəsiyində – son 2,5-3 ildə – dünya əvvəlcə beynəlxalq həyatda liberalizmin zəfərinə (o, özünü beynəlxalq əməkdaşlığın güclənməsində, «demokratiya ixracı» siyasətinin genişlənməsində, xarici siyasətdə humanitar sahəyə daha çox diqqətin ayrılmasında göstərib), daha sonra isə qürubuna şahidlik edib. Bu gün bir çox dövlət beynəlxalq siyasi sistemdə öz müstəqil mövqeyini ortaya qoymağa çalışır. İndi «milli maraqlar» anlayışı yenidən millətüstü və qlobal maraqları arxa plana keçirir. Bəs, bu proses beynəlxalq münasibətlər koordinatlarında liberalizmin iflasa uğradığı anlamına gəlirmi? Liberalizm qloballaşmanın dərinləşməsilə bir araya sığırmı? Qlobal problemlər liberal üsullarla həll oluna bilərmi və olunmalıdırmı?
Liberalizmin zəfəri
Beynəlxalq münasibətlər sisteminə liberal yanaşmalar tədricən 19-cu əsrdə girməyə başlayıb. Ondan daha fəal Böyük Britaniya istifadə edib. Nəhəng müstəmləkə torpaqları üzərində nəzarətini qoruyub saxlamağa çalışan London hərbi gücə üstünlük verməyib – ingilislər ondan son arqument kimi istifadə edib. Britaniya bu məsələdə daha çox elmdə, texnikada, iqtisadiyyat və ticarətdə lider dövlət imicinə üstünlük verməyə çalışıb.
20-ci əsrin beynəlxalq münasibətlər təcrübəsində liberal konsepsiya siyasi realizm doktrinasının kölgəsində qalıb. Ötən yüzillikdə beynəlxalq siyasətdə dövlət xadimləri daha çox qənaətə deyil, vəziyyətin praqmatik qiymətləndirilməsinə üstünlük verməyə başlayıb. Onlar konkret regiondakı vəziyyətlə bağlı konkret zaman kəsiyində ən optimal qərarın qəbuluna çalışıblar.
Müasir dövrdə liberal doktrina beynəlxalq siyasətdə yalnız 20-ci əsrin ikinci və sonuncu onilliyində aparıcı mövqeyə malik olub. Liberal qanadın ən nəhəng siyasətçiləri kimi ABŞ prezidentləri Vudro Vilsonla Bill Klinton göstərilə bilər. Onların idarəçiliyi müvafiq olaraq, Birinci Dünya müharibəsi və «soyuq müharibə»nin bitməsindən sonrakı dövrlərə təsadüf edib. Hər iki halda ABŞ «qüvvələr vakuum»unu doldurub, postmüharibə dövründə sülhün, bir çox Avropa ölkəsinin iqtisadi inkişafının qarantı kimi çıxış edib.
Bu dövrlərdə dünya iqtisadiyyatı və beynəlxalq siyasət vahid blok halında çıxış edib və sadəcə, subyekt və obyekt kimi, yerini dəyişib. Müasir iqtisadi diplomatiya isə ticarət diplomatiyasını əvəzləyib. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər ötən əsrin 90-cı illərinin sonlarında özünün tam yetkinlik mərhələsinə çatıb və ona qloballaşma adı verilib. Bu gün o, keyfiyyətcə yeni mərhələyə keçir, cəmiyyətin daha çox tərəflərini əhatə etməyə başlayır. Onun coğrafi əhatəsi də genişlənir, müasir sivilizasiyaya təsirləri dərinləşir. Bu dəyişikliklərin əhəmiyyəti xüsusilə dünyanın müasir inkişaf tendensiyaları fonunda daha böyükdür. Çünki müasir tendensiyalar bütünlükdə beynəlxalq ictimaiyyət qarşısında görünməmiş çətin problemlər qoyub. Beynəlxalq təhlükəsizlik, ticarət, maliyyə, informasiya sahələrində qloballaşma bu gün müasir beynəlxalq münasibətləri müəyyənləşdirən əsas amilə çevrilir və hər bir dövlətin maraqlarına bilavasitə təsirini göstərir. Beləliklə, bu köklü dəyişikliklər beynəlxalq münasibətlər sisteminin gələcək inkişafı prosesində ciddi korrektələrə şərait yarada bilərmi? Bu əsrin sonunda dünya düzəni hansı formada olacaq?
«Əcinnə ovu»
Bu suallara cavab tapmaq üçün bir neçə onillik geri qayıtmaq lazımdır. Sovet İttifaqı dağılır, totalitar kommunist sistemi çökür. Sovet İttifaqının imperiya ideologiyasına və gücə əsaslanan xarici siyasəti sərt tənqid olunur. Postkommunist Rusiyasının yeni xarici siyasəti və xarici siyasi kursu xaos və çaşqınlıq şəraitində yeni-yeni yaranır. O zaman hakimiyyətdə olan gənc rus liberallarının bir çox ənənələrə qarşı bəslədiyi nihilizm münasibəti yerini yeni «liberal dünya düzəni» ideologiyasına verir – indi ümumbəşəri dəyərlər daha uca tutulur.
90-cı illərin sonlarında məlum olur ki, rusiyalı liberalların dəstəklədiyi kapitalizm yalnız azadlıqların genişlənməsinə deyil, öz xalqının istismarının güclənməsinə də yol açıb. Bütün bunların nəticəsində Qərb yarımkürəsində belə bir fikir yaranır ki, artıq Rusiya beynəlxalq siyasətdə amil deyil və onunla hesablaşmamaq olar. Ötən əsrin 90-cı illərində vəziyyət məhz belə idi.
Vladimir Putinin Rusiya prezidenti seçilməsindən sonra ölkə toparlanmağa başlayır. Artıq liberal ideyalar və liberalizm siyasəti özünü bitirmişdi. Amma bu, heç bir halda Rusiyanın imperiya iddialarına qayıtdığı anlamına gəlmirdi. Bu, sadəcə, o demək idi ki, Rusiya dövləti daha fəal xarici siyasət yürütməyə başlayır və öz xarici siyasi maraqlarını daha enerjili müdafiə edir.
ABŞ-ın 37-ci prezidenti Riçard Nikson Qloda Meirlə söhbətində özünün beynəlxalq siyasətlə bağlı «imperativ»ini belə ifadə etmişdi: «Başqası üçün onun da sənin üçün görə biləcəyi işi gör». Sonradan Henri Kissincer bu fikrə kiçik əlavə etmişdi: «10 faiz artığını et».
Prinsipcə, Birləşmiş Ştatların SSRİ-nin dağılması və İkinci Dünya müharibəsinin bitməsindən sonrakı dövrlərdə yürütdüyü xarici siyasət bütün dönüşlərinə rəğmən, vahid xətt üzrə gedib. Söhbət konkret olaraq nədən gedir? Əlbəttə ki, liberalizmdən.
Birincisi, Amerika rəhbərliyi beynəlxalq arenada özünə bərabər tərəfdaş görmək istəmir. Amerika diplomatiyasındakı bu təkəbbürlülük özünü yaxın dostlara münasibətdə belə göstərir.
İkincisi, Amerikanın xarici siyasətindəki hərbiləşmə. SSRİ-nin süqutu belə, ABŞ-ın hərbi-sənaye kompleksinin, heç olmasa, bir hissəsinin «dinc relsə» düşməsinə kömək etməyib. Əksinə, Vaşinqtonda NATO-nun böyüməsi, Şərqə, yəni Rusiya sərhədlərinə doğru genişlənməsi planının hazırlanmasına başlanılıb. Amerika xarici siyasətində qloballaşma məhz hərbi qüdrətin möhkəmləndirilməsi bazası üzərində aparılıb. O vaxtadək ABŞ əsasən özünün nəhəng istehsal gücünə, «dollar diplomatiyası»na arxalanırdı. SSRİ-nin dağılması isə Vaşinqtonun xarici siyasi kursunun formalaşdırılması və həyata keçirilməsində Pentaqonun rolunu kəskin şəkildə artırıb.
Üçüncüsü, son 2 onillikdə ABŞ xarici siyasətinin ümumi xarakteristikası postmüharibə dövründəki kimi, problemlərin güc yolu ilə həllinə yönəlik olub. Yuqoslaviyanın raket zərbələrinə tutulması, İraq və Əfqanıstana hərbi müdaxilə, Tunis, Misir, Liviya kimi ölkələrdə «rəncli inqilab»ların dəstəklənməsi bunun bariz nümunəsidir. Bu gün isə ABŞ administrasiyası və müttəfiqləri özlərinə yeni düşmən «tapıb» - İran. Tehranla nüvə razılaşmasından tərəfdaşların fikrinə və maraqlarına rəğmən belə, imtina, Fars körfəzinə hərbi gəmilərin göndərilməsi, İran rəhbərliyinin açıq şəkildə təhqir olunması, Yaxın Şərqin ən nəhəng dövlətlərilə bağlı hədə siyasətinin yürüdülməsi bütünlükdə region üçün ciddi, hətta dağıdıcı nəticələr verə bilər. Üstəlik, söhbət Azərbaycan sərhədlərinə bilavasitə yaxın regiondan gedir.
Dördüncüsü, hərbi gücə inam və müvafiq olaraq, ənənəvi diplomatik vasitələrə (danışıqlar, qarşılıqlı kompromislər sayəsində razılığa gəlinməsi) skeptik, mənfi münasibət. Vaşinqton diplomatiyanı tez-tez bilərəkdən müxtəlif «hədələr», güc tətbiqilə qorxutmaq, hərbi güc nümayişlərilə əvəzləyir. Vaşinqtonun «diplomatik nihilizm»i özünü ABŞ-ın BMT-yə, onun müxtəlif qurum və agentlikləri kimi beynəlxalq təşkilatlara yanaşmasında da aydın şəkildə göstərir.
Beşincisi, Amerikanın postsovet dövründə nümayiş etdirdiyi xarici siyasi fəallıq xarici siyasətin ideologiyalaşması ilə xarakterizə olunur. Bu dövrdə ABŞ sosial və siyasi mənada müxtəlifliyin çox olduğu dünya ictimaiyyətini özü üçün doğmalar və yadlara bölür. Tərəflərdən birini o, bəşəri dəyərlərin və ümumilikdə sivilizasiyanın müdafiəçisi, digəri bu dəyərlərə qəsd edən kafir kimi göstərir. Yenə də Ağ Ev sahibinin İranın dövlət düzəni haqda bu yaxınlarda işlətdiyi ifadələr, eyni zamanda onun sələfinin «amerikan xalqının müstəsnalığı», «Rusiya iqtisadiyyatının darmadağın olunduğu» haqda dedikləri yada düşür.
Görünür, Amerika isteblişmenti üçün bu cür ifratçılıq, dözümsüzlük bir tərəfdən ölkə ictimaiyyətinin daxildə xarici siyasi kursa dəstək verməsi, bu məqsədlə ideya-psixoloji səfərbərliyə nail olunması üçün lazımdır, digər yandan tərəddüd içərisindəki, qeyri-sabit müttəfiqlər arasında «nizam-intizam» yaratmaq üçün. Liberalizm hara, bütün bunlar hara?
Azlıq ideologiyası
Daha bir aspektə toxunmasaq, mənzərə tam olmayacaq. Bəşəriyyətin guya 1991-ci ildən monolit liberal dünyada yaşadığına dair xülya Rusiyaya ünvanlanmış bir ittihamla sıx bağlıdır. Söhbət Rusiyanın xüsusilə postsovet məkanında liberal dünya düzənini parçalamağa çalışdığına dair ittihamlardan gedir. Halbuki postsovet Avrasiyasında liberalizmi nə Rusiya, nə də hər hansı başqa dövlət «dağıda» bilər. Çünki bu regionda liberalizm onsuz da dərin kök atmayıb. Bu bölgədə kosmopolit postsovet vətəndaşlarının arasında belə, liberal ideyalar əsas siyasi axına çevrilməyib.
Tanınmış politoloq Ole Xolsti hələ 1992-ci ildə deyirdi ki, Birləşmiş Ştatların özündə siyasi liderlərlə sadə vətəndaşlar arasında böyük uçurum var. Çikaqo Beynəlxalq Məsələlər Şurasının 1990-cı ildə apardığı sorğu göstərmişdi ki, Amerika elitasının böyük bir hissəsi ölkənin beynəlxalq siyasətdə aparıcı rol oynamalı olduğuna inanırsa, sadə amerikalıların, təxminən, 50%-i bu fikri dəstəkləmir.
Amerikada İctimai Rəyin Öyrənilməsi Mərkəzinin 2013-cü ildə apardığı sorğu ortaya daha radikal mənzərə çıxarmışdı. ABŞ-ın xarici siyasətinin əsas prioritetlərilə bağlı suala «xaricdə insan haqlarının qorunması» cavabını vətəndaşların yalnız üçdə biri vermişdi. Dünyada demokratiyanın yayılması siyasətini rəyi soruşulanların daha az hissəsi – təxminən 18%-i dəstəkləmişdi. Qəribə olanı odur ki, Amerikanın dünyada demokratik dəyərləri qoruması siyasətinə «demokratik» dəstək heç onun özündə yoxdur. Amerikalı sosioloq-alimlərin fikrincə, ABŞ-da liberal dəyərləri elita irəli sürür. İctimaiyyət arasında isə ona ciddi dəstək yoxdur.
2016-cı ildə bir çox Qərb ölkəsinin paytaxtında anti-liberal siyasi qüvvələrin kütləvi aksiyaları başlamışdı. Avstriya, Polşa, Macarıstan, Niderland, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ-da liberalizmin ali əxlaqi nüfuzuna şübhə edən qüvvələr gözlənilməz dərəcədə ciddi ictimai dəstək almışdılar və onların tərəfdarları bu gün də durmadan artmaqdadır. Bu fundamental dəyişikliklər fonunda Qərbdən olan bir çox müşahidəçi 2016-cı ili liberal düzənin qürub ili belə, elən edib. Proses qlobal liberal düzən dövrünün artıq geridə qaldığı anlamına gəlirdi.
Bütün bunlarla yanaşı, Rusiya prezidenti Vladimir Putin Britaniyanın «The Financial Times» nəşrinə «Böyük iyirmilik» ölkələrinin Osaka sammiti ərəfəsində verdiyi müsahibədə deyib ki, «liberal ideyaların hökmranlıq dövrünün başa çatması onun məhvi anlamına gəlmir. Liberalizmə bundan sonra da hörmətlə yanaşılmalıdır».
Göründüyü kimi, liberal ideyalar bütövlüyünü, cəlbedici mənəvi cəhətlərini hələ də qoruyub saxlayır. Bununla mübahisə etmək çətin və ümumiyyətlə, gərəksizdir. Çətinliklər və ziddiyyətlər liberal prinsiplərin həyatda toqquşduğu an ortaya çıxır. Haqlı olaraq «Almaniya kansleri Angela Merkelin simasında liberalizm ölkədəki miqrant böhranına son qoya bilmədi» deyən Rusiya prezidenti bu tezisi «ölkə əhalisinin əsas hissəsinin maraqları» ilə əlaqələndirib: böhrandan əziyyət çəkən «rahat kabinetlərdə əyləşən liberallar deyil».
İmmanuil Kant deyirdi ki, «cəmiyyətin və iqtisadiyyatın inkişafı iki baza prinsipin – fərdi ilə ümuminin, şəxsi ilə ictimainin toqquşması, qarşılıqlı əlaqəsi üzərində qurulur». Beynəlxalq münasibətlər isə həm də dialektik inkişaf edir və burada liberalizm inkişafın əsas ideologiyalarından, siyasi fəlsəfələrindən biridir. Bununla yanaşı, liberalizmə realizm, başqa sözlə, dövlətçilik ideologiyaları və doktrinaları da müqavimət göstərir.
Bütün bunlarla yanaşı, liberalizmin gələcəyinin olmadığını demək də mümkün deyil. O, qalib gələ bilməz və gəlməməlidir də. O, sadəcə, mövcud olmalı, inkişaf etməlidir. Çünki dünyanın davamlı inkişafı liberalizmlə realizmin əbədi mübahisəsinə bağlıdır.
MƏSLƏHƏT GÖR: