Müəllif: İrina XALTURİNA
«Böyük yeddilik» ölkələri liderlərinin növbəti sammiti avqustun 24-26-da Fransanın Biarrits kurort şəhərində baş tutub. Qeyri-rəsmi forumda ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, Kanada və Yaponiya rəhbərləri, Avropa Komissiyasının nümayəndələrilə yanaşı, qonaq qismində bir sıra Afrika dövlətinin prezidenti, Hindistanın baş naziri, hətta İran nümayəndələri də iştirak edib.
Bu beynəlxalq klubun qəbul etdiyi qərarların icrası məcburi deyil. Bununla yanaşı, sammit hər zaman ilin əsas qlobal siyasi hadisələrindən sayılıb. Dünyanın sənaye cəhətdən ən inkişaf etmiş demokratiyalarının rəhbərləri hər il qeyri-formal şəraitdə bir araya gəlir, dünyanın əsas problemlərini müzakirə edir, onlara yanaşmalarını açıq şəkildə ortaya qoyurlar. Bu görüşlər hər zaman xüsusi dostluq atmosferində keçməsilə fərqlənib. Bu üzdən G7 bəzən «seçilmişlər klubu» belə adlandırılır. Lakin son zamanlarda işlər heç də həmişəki kimi yaxşı getmir. «Böyük yeddilik» yarandığı 1977-ci ildən ilk dəfə bu qədər parçalanmış vəziyyətdədir.
Klub daxilindəki fikir ayrılıqları ticari məsələlər, ekologiya problemləri, aktual siyasi məsələlər və s. ilə bağlıdır. Bundan başqa, indi üzv dövlətlərin liderləri bəzən bir-birini heç də yaxşı anlamır və qəbul etmir. Bu il isə klub hər üzv dövlətin ayrı-ayrılıqda daxili siyasi problemlər yaşadığı bir vaxta təsadüf etmişdi. Böyük Britaniyanın baş naziri Boris Conson «yeddilik»də yeni idisə (üstəlik, «Brexit»lə yüklənmiş baş naziri, çətin ki, başqa nəsə ciddi düşündürsün), İtaliyanın baş naziri Cuzeppe Konte Fransaya ölkəsində siyasi böhranın pik həddə olduğu dövrdə yollanmışdı. Almaniyanın 2021-ci ildə getməyə hazırlaşan kansleri Angela Merkel əvvəlkitək inadkar və «qurucu» görünmür, Fransa prezidenti Emmanuel Makronun isə ölkə daxilində reytinqi son dərəcə aşağıdır.
Lakin ənənəvi atmosferin əsas «pozucusu» adəti üzrə, ABŞ prezidenti Donald Tramp olub. Hər şey onun əvvəlcə sammitə qatılmaq istəməməsilə başlamışdı. Tramp bunu «daha vacib işlərinin olduğu» ilə izah edirdi. Əslində isə məsələ əksər Qərb KİV-nin də yazdığı kimi, başqa idi: Ağ Ev sahibi belə görüşləri əhəmiyyətli saymır (belə toplantılarda Tramp cavablamaq arzusunda olmadığı çoxsaylı suallarla qarşılaşır). Məsələn, o, G7-nin bundan əvvəl Kvebekdə keçirilən sammitini Kanadanın baş naziri Castin Tryudonu amerikalı fermerləri «qarət etməyə» çalışmaqda günahlandıraraq, vaxtından əvvəl tərk etmişdi. Üstəlik, Tramp elə təyyarədəcə «Twitter» hesabından sammitin yekun sənədindəki imzasından imtina etdiyini açıqlamışdı.
Bunu yaxşı xatırlayan 2019-cu il sammitinin ev sahibi Emmanuel Makron ciddi hazırlıq işi aparmışdı - məsələn, Tramp ilə sammitdən əvvəl planlanmamış nahar. Üstəlik, o, bu dəfə ümumiyyətlə, yekun kommunikenin olmayacağını bildirmişdi.
ABŞ prezidenti bu jesti «Twitter»ində yüksək qiymətləndirmiş, bunu Makronla «ən yaxşı görüşü» adlandırmışdı. Doğrudur, bu zaman o, Makronun adını səhv yazmış, üstəlik, keçidi rəsmən Fransa prezidentinə məxsus olmayan səhifəyə vermişdi. Güman ki, bu zaman Makron ABŞ-ın hazırkı prezidentinin mümkün reaksiyalarını, bəyanatlarını, davranışını əvvəlcədən təxmin etməyin nə qədər çətin olduğunu bir daha anlayıb. Hər halda, o, Trampın Rusiyanın kluba qaytarılmasına dair gözlənilməz və israrlı təklifilə hər kəsi məyus edəcəyini gözləmirdi. Xatırladaq ki, 1998-2014-cü illər ərzində bu klubda Rusiya da yer alıb. Ukraynada baş vermiş bəlli hadisələrdən sonra 2014-cü ilin iyununda klub üzvləri o zaman G8 adlandırılan təşkilatın Soçidə keçirilməli olan toplantısına yollanmaqdan imtina edib. Əvəzində, onlar Brüsseldə artıq Rusiyanın iştirakı olmadan və artıq G7 formatında toplanıblar.
Lakin indi Tramp hesab edir ki, Moskvanın təşkilata qayıtması Suriya və İran problemlərinin müzakirəsi zamanı faydalı ola bilər. Bu zaman o, ölkəsinin sabiq rəhbəri Barak Obamaya söz atmaqdan da çəkinməyib. Tramp bildirib ki, Moskvanı bu təşkilatdan məhz Obama kənarlaşdırıb. D.Trampın fikrincə, səbəb Rusiya lideri Vladimir Putinin Obamanı arxada qoymasından doğan qıcıqlıq olub.
Gözlənildiyi kimi, Trampın təklifi «dostlar» tərəfindən yumşaq desək, anlayışla qarşılanmayıb. «Reuters» anonim məmura istinadən xəbər verir ki, toplantıda müzakirələr məhz Trampın bu təklifindən sonra «bir qədər gərginləşib». Ağ Ev sahibini yalnız İtaliyanın artıq vəzifəsini tərk etmiş baş naziri Cuzeppe Konte dəstəkləyib. Lakin Tramp təslim olmayıb və artıq növbəti sammitə Rusiya prezidentinin qonaq qismində dəvət olunmasının vacibliyini bildirib.
Kremlin məsələyə reaksiyası kifayət qədər təmkinli olub. Ruslar istənilən formatda əməkdaşlığa qarşı olmadıqlarını bəyan etməklə yanaşı, «yeddiliyi» «səkkizliyə» çevirmək arzusu ilə alışıb-yanmadıqlarına da eyham vurublar. Yeri gəlmişkən, hər zaman tədbirli davranan Makron Putinlə sammitdən cəmi bir neçə gün əvvəl söhbətləşmişdi. İki liderin avqustun 19-da Makronun Fort Breqansondakı rəsmi yay iqamətgahında baş tutmuş görüşündə bir sıra maraqlı fikirlər səsləndirilmişdi. Məsələn, Fransa prezidenti Rusiyanı Avropanın bir hissəsi saydığını demiş (sübut olaraq Dostoyevskinin romanından bir parça səsləndirmişdi), Moskva-Brüssel münasibətlərinin yenidən qurulmasının vacibliyini vurğulamışdı.
Fransanın aparıcı mətbuat orqanları bu görüşü Parisin Moskvaya Avropa ilə hərtərəfli münasibətlərin bərpasında yardım təklifi kimi dəyərləndirib.
Biarritsdə isə Almaniya ilə Fransa Ukrayna münaqişəsilə bağlı ən yüksək səviyyədə yeni görüşlərin təşkili təşəbbüsü ilə çıxış ediblər və bu görüşlərə, əlbəttə ki, Rusiyanın da dəvət olunması nəzərdə tutulur. Bu, iflasa uğramış Normand formatına əvəz axtarılmasının vacibliyilə əsaslandırılır.
Makronun G7 müstəvisindəki moderatorluq fəaliyyətinin kulminasiyası İran-Amerika danışıqlarında vasitəçilik etmək cəhdi olub. Bununla bağlı, bütün rəsmi bəyanatlardan sonra belə, Fransa prezidentinin təşəbbüsünün nə qədər uğurlu alındığını demək çətindir. Sammitin ikinci günündə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin gözlənilmədən toplantıya qatılmasının Amerika nümayəndələri üçün sürpriz olduğu deyilir…
Tehran-Vaşinqton münasibətləri ABŞ-ın İranın nüvə proqramına dair 2015-ci ildə əldə olunmuş razılaşmadan ötən il çıxması ilə kəskin şəkildə pisləşib. Buna cavab olaraq, İran nüvə proqramının icrasını sürətləndirib və hazırda tərəflər arasında qarşıdurma yüksək həddə qalır. Tərəflər arasında dialoq Biarritsdə də baş tutmayıb – Zərif amerikalılarla söhbətləşməyib. O, Makronla yanaşı, Almaniya və Böyük Britaniya təmsilçilərilə danışıqlarla kifayətlənib.
Görüşdən ABŞ prezidenti də imtina edib və bildirib ki, hələlik belə görüşün keçirilməsinin zamanı yetişməyib. Bununla yanaşı, Tramp «lazım gəldikdə» İran prezidentilə görüşəcəyini istisna etməyib.
Fransa lideri Emmanuel Makron isə İran prezidenti Həsən Ruhaninin Trampla danışıqlara hazır olduğunu bildirib. Halbuki, bir qədər sonra Ruhani özü Amerikanın İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırmadığı şəraitdə belə görüşün mənasız olduğunu bəyan edib. Ruhani deyib ki, indiki şəraitdə keçiriləcək görüşün əsas nəticəsi protokol foto çəkdirməkdən başqa bir şey olmayacaq.
Tramp administrasiyasının İrana maksimum təzyiq taktikasından imtina edib-etməyəcəyi bəlli deyil (deyəsən, bunu amerikalıların özləri də dəqiq bilmir). Amma ən yaxın vaxtlarda Trampla Ruhani təkbətək görüş imkanı qazanacaqlar – təxminən 1 ay sonra BMT Baş Assambleyasının toplantısı keçiriləcək.
Makronun vasitəçiliyinin heç alınmadığı sahə iqlim dəyişiklikləri məsələsi olub. Söhbət onun Braziliya prezidenti Jair Bolsonaru ilə söz atışmasından gedir. Amazon meşələrini bürümüş yanğın Parisdə sözün əsl mənasında narahatlıq yaradıb. Odur ki, Makron əvvəlcə Braziliya hökumətini yanğınların söndürülməsi üçün lazımınca çalışmamaqda günahlandırıb, daha sonra bu problemlə bağlı təcili toplantı keçirilməsi və Braziliyaya yardım edilməsi təklifini irəli sürüb. Sammit liderlərinin bununla bağlı gəldikləri yeganə razılaşma yanğınların qarşısının alınması üçün Braziliya və qonşu dövlətlərə 22 milyon dolların ayrılmasıdır. Amma bu razılaşmaya da asanlıqla nail olunmayıb. Məsələ ondadır ki, Bolsonaru bu formada yardımı bəyənməyib. O, Makronu Braziliyaya hörmətlə yanaşmamaqda təqsirləndirib: «O, Amazonu «xilas etmək» istəyir. Sanki biz müstəmləkəyik və ya bu torpaqların sahibi yoxdur. Sivil dünyada ən azı suverenliyə hörmətlə yanaşılmalıdır».
Qəribə açıqlamaları ilə tanınan Jair Bolsonarunu sonradan böyük kobudluqda ittiham ediblər: guya o, Fransa prezidentinin həyat yoldaşının xarici görünüşünə rişxənd edib. Makron bunu son dərəcə qaba və kədərli hal adlandırıb: «O, həyat yoldaşımın ünvanına hörmətsiz ifadələr işlədib. Mən Braziliya xalqına böyük hörmətlə yanaşıram və ümid edirəm ki, tezliklə bu ölkənin də vəzifəsinin öhdəsindən gələ biləcək prezidenti olacaq».
Braziliya prezidentinin mətbuat xidməti insidentə münasibət bildirməkdən imtina edib.
Maraqlıdır ki, ABŞ-ı bir müddət əvvəl Paris İqlim Sazişindən çıxarmış Tramp ətraf mühitə dair müzakirələrdə ümumiyyətlə iştirak etməyib. Bununla o, bu istiqamətdə aparılan müzakirələri, görülən tədbirləri qeyri-ciddi saydığını göstərib. Doğrudur, yekun toplantıda Trampdan iqlim problemlərinin həlli üçün hansı addımları atmağı düşündüyü soruşulub. Lakin cavabında Ağ Ev sahibi Amerikanın neft-qaz sənayesinin inkişafı ilə öyünüb. Onu daha çox iqtisadi-ticari məsələlər maraqlandırır – faiz dərəcələri, rüsumların həcmi, ticarət müharibələri (xüsusilə Çinlə). Müşahidəçilər deyir ki, Biarritsdə Amerika nümayəndə heyəti sammitin təşkilatçılarını dünya iqtisadiyyatının əsas problemlərindən qəsdən yan keçməkdə belə, günahlandırıb. Toplantıda belə məsələlər yalnız ABŞ-ın israrı ilə qaldırılıb. Donald Tramp ilə Si Cinpin arasında gedən ticarət savaşı, həqiqətən də, sammitin gündəliyinə salınmayıb. Halbuki, onun kifayət qədər qlobal nəticələri ola bilər və artıq var.
Bununla yanaşı, yaxın vaxtlarda iqlim problemlərinin bəşəriyyətin əsas başağrısına çevriləcəyi də istisna deyil. BMT-nin baş katibi Antoniu Qutyerreş G7 sammitindəki çıxışında planetdə «fövqəladə iqlim şəraiti»nin yarandığını bəyan edib. Bunun səbəbi bəllidir və əksəriyyət bunu açıq şəkildə hiss edir. 2015-2019-cu illər, güman ki, tarixə ən isti illər kimi düşəcək. Atmosferdə zəhərli qazların səviyyəsi bəşəriyyət tarixində ən yüksək həddə çatıb, Qrenlandiyada buzlaqlar sürətlə əriyir, Sibirdə, Alyaskada və Amazonda meşələr yanır və bu, atmosferə yayılan zəhərli qazların həcmini daha da artırır.
Beləliklə, Biarrits sammitinin gündəliyi, həmçinin klub üzvlərinin bir-birilə və dünya ilə dialoqu göstərir ki, G7 artıq beynəlxalq problemlər və düzənlə ayaqlaşa bilmir. İndi ölkə prezidentləri fikirlərini sosial şəbəkələr vasitəsilə bir anda dünyaya bəyan edib. Samıe qlavnıe prinüipı vedeniə pereqovorov, zaklöçeniə doqovorov i soözov, vedeniə voyn i proçeqo peresmatrivaötsə (i poroy ne sovsem professionalami), podverqaötsə somneniəm daje takie, kazalosğ bı, nezıblemıe stolpı zapadnoqo mira, kak liberalizm. Odur ki, 7 nəzakətli centlmenin (bəzən isə xanımın) zərif yeməklərdən dadaraq siyasi, iqtisadi məsələləri müzakirə etdiyi klub artıq keçmişin qalığı sayıla bilər. Dünya sürətlə çoxqütblülüyə doğru gedir. Odur ki, son illərdə daha geniş format olan «Böyük iyirmiliyin" rolunun əhəmiyyətli dərəcədə artması da təəccüblü deyil. Hər halda, orada dünyanın ikinci, bəzi məqamlara görə isə artıq birinci iqtisadiyyatı olan Çin, Hindistan, Cənubi Koreya, İndoneziya və s. kimi digər nəhəng iqtisadiyyatlar da yer alır. İştirakı olmadan dünya siyasətinə dair bəzi problemlərin həllinin həqiqətən çətin olduğu Rusiya, Yaxın Şərqin vacib dövlətləri olan Türkiyə ilə Səudiyyə Ərəbistanı, Latın Amerikası dövlətləri və CAR məhz «Böyük iyirmilik»də yer alırlar.
Bir sözlə, Biarritsdəki kiçik pəncərədən baxmaqla, dünya haqda nəsə demək həqiqətən çətindir.
MƏSLƏHƏT GÖR: