Müəllif: İrina XALTURİNA
Bu il son dərəcə qızmar keçən yay (xüsusilə Avropada – yalnız Fransada istidən 1435 nəfər dünyasını dəyişdi) Sibirdə, Alyaskada, Amazon cəngəlliklərində miqyaslı yanğınlara səbəb oldu, bəzi çaylarda (məsələn, Lenada) suyun səviyyəsinin kritik həddədək azalmasına yol açdı. Paralel olaraq, «Dorian» kimi qeyri-ənənəvi qasırğa (Baham adalarına ciddi ziyan vurub) baş verdi, hər iki qütbdəki buzlaqlarda intensiv ərimə müşayiət olundu. Bakıda da iyun ərzində havanın hərarəti yüksək oldusa, iyulda demək olar ki, fasiləsiz, hətta «küləklər şəhəri» üçün həddini aşan külək əsdi. Bütün bunlar iqlim problemlərini yenidən gündəmə gətirdi.
Doğrudur, 2 onillikdir bu mövzu davamlı olaraq nəhəng beynəlxalq sammitlərin, BMT Baş Assambleyasının, ekspert görüşlərinin və konfranslarının gündəmindən düşmür. Lakin eyni zamanda, o, əsas mövzu kimi deyil, əlavə, yan mövzu kimi müzakirə edilir. Hər halda, istənilən an ciddi siyasi və iqtisadi diskussiyalara ehtiyac yarandıqda, iqlim problemləri arxa planda qalır. Sanki iqlim məsələlərinə dini və siyasi baxışlarından asılı olmayaraq, hər kəs daha anlayışla, daha hörmətlə yanaşır. Elə eyni təmkinlə də bu istiqamətdə heç kəs ciddi addım atmır… Halbuki getdikcə Yer kürəsi əhalisinin daha böyük hissəsini əhatə edən miqyaslı iqlim dəyişiklikləri bir müddət sonra, bəlkə də, əsas xəbərə çevriləcək, alimlər, dünya liderləri və iqtisadçılar, bəlkə də, daha çox ondan narahat olmağa başlayacaq. Bununla yanaşı, insanları son dərəcə narahat edən mövzulardan dərhal ayrı-ayrı siyasi və kommersiya məqsədləri üçün istifadə olunmağa başlanır. Bu, xüsusilə «saxta xəbər» erasında belədir.
Ekologiyadan çox vaxt ətraf mühiti qorumaq istəyilə yox, tamam başqa məqsədlər üçün istifadənin əsas səbəblərindən biri odur ki, alimlər hələ də vacib bir suala cavab tapa bilməyiblər – bu neqativ dəyişikliklərdə insan günahkardırmı? Yəni, ekoloji dəyişikliklərdə antropogen faktor varmı? Yoxsa bütün baş verənlər – quraqlıqlar, qasırğalar və dözülməz istilər sırf təbii hadisədir və dövri xarakter daşıyır? Nə qədər ki, ekspertlər bu suala birmənalı cavab tapa bilməyib (yaxud, məsələ kütləyə belə təqdim olunur), ictimai rəylə manipulyasiya imkanları sərbəstdir.
İldırım, yoxsa meşələrin qanunsuz şəkildə qırılması?
Məsələn, Rusiya tayqalarında son dövrlərdə baş verən kütləvi meşə yanğınlarının əsl səbəbi hələ də açıqlanmayıb. Nəticədə sosial şəbəkələrdə ən populyar versiya yanğınların qəsdən törədildiyi fikridir. Bu fikirdə olanlar hesab edir ki, yanğınları təşkil edənlər meşələrin kütləvi şəkildə qırılması faktını gizlətməyə çalışırlar. Levada Mərkəzinin bu yaxınlarda apardığı sorğuda iştirak etmiş respondentlərin 51%-i məhz belə düşünür. Daha 44% səbəb kimi hökumətin səhlənkarlığını, meşə xidmətlərinin pis işlədiyini və texnikanın yoxluğunu göstərib. Yəni kütlənin şüurunda tayqanın yanması hökumətin ünvanına ittihamlarla yer alır. İnsanlar hökuməti «kütləvi yanğınların və ya meşələrin qanunsuz qırılmasının qarşısının alınması üçün tədbirlər görməməkdə» günahlandırır. Başqa sözlə, hökumət «ölkənin var-dövlətini qorumaq üçün heç nə etmir». Hər halda, bir sıra KİV və bloger birmənalı olaraq, belə düşünür və alternativ versiyanı yaxına belə, buraxmır. Bu, kifayət qədər narahatedici məqamdır. Ömürləri boyu yanan meşə görməmiş jurnalistlər və blogerlər rahat ofislərində əyləşərək nəticə çıxarır və bunu böyük auditoriyaya yayır. Bu cür «divan ekspertləri»nin meşə yanğınlarının, xüsusilə Sibir tayqası kimi nəhəng ərazini bürümüş alovun söndürülməsi xüsusiyyətlərindən xəbərləri belə, yoxdur. Bu zaman yanğınların müxtəlifliyi, onların bəzilərinin hətta bitkilərin və canlıların xeyrinə olduğu (yeri gəlmişkən, canlıların əksəriyyəti ən sürətli yanğın zamanı belə, ərazini vaxtında tərk edə bilir) heç nə yazılmır. Nəhayət, bu insanlar yanğınları söndürən fəhlələr, yanğınsöndürənlər, meşə gözətçiləri haqda ümumiyyətlə danışmır. Əgər belə məqalələrin və ya sosial şəbəkələrdə edilən paylaşımların məqsədi tamamilə fərqlidirsə, onlar ekoloji deyil, siyasi məqsədlər güdürlərsə, ağır terminologiyaya baş vurmağa ehtiyac yoxdur. Bu halda alovun içərisində yanan dovşan şəklini montaj edərək «qışqıran» heşteqlə «Instagram»da yerləşdirmək, bununla da, nifrət saçan saysız-hesabsız şərhi izləmək mümkündür. Bu halda, ağaclar, canlılar və insanlar yanğınlardan onsuz da zərər görür, lakin bu, yalnız ictimai rəylə manipulyasiya üçün alət rolunu oynayır.
Yemək, ya yeməmək?
Amma adi insanları hökumətin fəaliyyətsizliyindən çox öz sağlamlıqları düşündürür. Bu yerdə Harvard və Oksford universitetlərinin Tibb fakültəsi əməkdaşlarının, ÜST və BMT ekspertlərinin sən demə, qırmızı ətin ziyanı haqda iddialarını görməmək mümkün deyil. Müxtəlif ciddi araşdırmalara istinadən bildirilir ki, hər gün qırmızı ət yemək vaxtsız ölüm (xərçəng xəstəliyinin müxtəlif növləri, ürək-damar xəstəlikləri, diabet və s.) riskini 13% artırır. Amma sevimli qida ilə bağlı hökm bununla bitmir. Tibb işçilərinin bu xoruna ekoloqlar da qoşulub. Onlar bildirir ki, atmosferə zəhərli qazların buraxılmasında 14-18%-lik pay məhz qlobal ətçilik sənayesinin üzərinə düşür – bu qazlar hər gün planetdəki 65 milyardlıq mal sürüsünün yandırılan peyinindən yaranır. Kənd təsərrüfatının ətraf mühiti çikrləndirməsində isə 39% maldarlığın payına düşür. Bununla yanaşı, Yer kürəsində əhali artırsa, demək, mal-qara da çoxalacaq və demək, bu sahənin təbiətə mənfi təsiri daha da yüksələcək. Braziliyada olduğu kimi, meşələrin məhv edilərək mal-qara otlaqlarına çevrilməsi isə daha bir dərddir….
Mal-qara, həqiqətən də, atmosferə zərərli tullantılar yayır və meşələr, doğrudan da, qanunsuz şəkildə qırılır. Bunlar mübahisə edilməyəcək faktlardır və təbii ki, təlaş yaradır. Amma təlaş yaradan başqa məqam da var: bunun fonunda adi ətin süni ətlə əvəzlənməsi təklifi o qədər sürətlə yayılır ki… Halbuki, illərlə biz insanın, xüsusilə hamilə qadınların və uşaqların qidalanmasında əsas rolu məhz ətin oynadığını eşitmişik. Nəzərə alsaq ki, dünya bazarında ət məhsulları ticarətinin illik dövriyyəsi 180 milyard avrodur, demək, mübarizə aparmaq üçün ciddi səbəb var.
Süni ət hazırlanması üzrə startapların sahibləri artıq milyardlarla investisiya alır (məsələn, Bill Geytsdən tutmuş, asiyalı milyarder Li Kaşinədək), ciddi gəlir əldə edir və onlar nail olduqları ilə kifayətlənməyi düşünmür. Amerikanın və Avropanın aparıcı ət istehsalçıları isə qlobal layihələrə nəhəng pullar xərcləyir. «Impossible Foods» şirkətinin təsisçisi Pet Braun insanların artıq 2035-ci ildə əti əvəzləyəcək məhsula keçəcəyini bildirir. Gələcəkdə süni ətin əsas istehlakçılarının vegetarianlarla yoxsul insanların olacağı deyilir. İlk baxışdan hər şey çox gözəl görünür – bu insanlar ətraf mühitin və yoxsulların qayğısına qalır. Amma bir şey aydın deyil: niyə qlobal istiləşmənin əsas günahkarı kimi məhz iribuynuzlu mal-qara göstərilir? Əvəzində, horionlarla, antibiotiklərlə, müxtəlif dad, rəng və qoxu gücləndirici maddələrlə zəngin bifşteks və ya kababın nə qədər kimyəvi qida olduğu haqda çox az adam danışır. Yaxud, yoxsul təbəqənin başqa yolu onsuz da qalmır – bu halda təmiz su və otla qidalanan adi mal əti, yəqin ki, çox baha olacaq.
Ekoloji ədalət
İqlim dəyişiklikləri dövründə dünya üzrə yoxsul əhalinin hüquqları ilə amerikalı siyasətçilər də məşğul olur. CNN telekanalında sentyabrın əvvəlində yayımlanan televiziya marafonunda Demokratlar Partiyasında prezidentliyə 10 namizəd ekologiya ilə bağlı fikirlərini bölüşüblər. Onlar ABŞ-ın Paris İqlim Sazişinə qayıtmalı olduğunu bildirib, ekologiyaya zərbənin insan qətli qədər ağır cinayət olduğunu dilə gətiriblər. Hər halda, namizədlərdən hər birinin dediklərini «ekoloji ədalət» («environmental justice») kimi qiymətləndirmək olardı. Səsləndirilən fikirlərin ümumi məğzi ondan ibarət idi ki, iqlim dəyişikliklərindən ən çox zərər görən dünya əhalisinin aztəminatlı hissəsidir, çünki onların buna hazırlığı daha azdır. Bu təbəqədən olan insanların mühacirətə getmək imkanı, dağılacaq evə görə sığortası yoxdur, nəhayət, yoxsul dövlətlərin hökumətləri bəlaya düçar olmuş sakinlərinə zəngin dövlətlərdə olduğu qədər yardım göstərə bilmir.
Bütün bunların fonunda prezidentlik iddiasında olan senator Kori Bukerin fikirləri kifayət qədər maraqlıdır. O, Ağ Evə rəhbərlik edəcəyi təqdirdə «iqlim dəyişikliklərini inkar edən və ya ona əhəmiyyət verməyən» Braziliya prezidenti Jair Bolsonaru kimi dövlət başçılarına qarşı bütün «xarici siyasi təzyiq rıçaqlarından istifadə etməyi» düşünür. Bununla yanaşı, amerikalı siyasətçi onilliklərdir sənaye ölkələrinin Cənub-Şərqi Asiya, Latın Amerikası və Afrika ölkələrinə zəhərli tullantılar ixrac etdiyi haqda danışmağı lazım bilmir. Halbuki oralarda da yoxsul, müdafiəsiz əhali yaşayır.
«Xarici yardımlar onu alanların hansı ekoloji siyasət yürütdüyünə bağlı olmalıdır. İstənilən ticarət sövdələşməsində ekoloji amillər əsas yeri tutmalıdır», - deyə senator Buker bildirib. Doğrudur, dünyanın hazırkı siyasi və iqtisadi düzənində bu məsələlər biznes üçün çətin ki, həlledici amil olsun. Amma böyük siyasətdə onlar həlledici ola bilər. Məsələn, hər hansı dövlətin təbii fəlakət zamanı əhalisini qorumaq, təxliyyə etmək iqtidarında olmadığı etiraf olunarsa, beynəlxalq birlik (yaxud ayrı-ayrı dövlətlər) həmin ölkəni öz nəzarətinə götürə, xilasedicilərini, qoşunlarını oraya göndərə, sonra isə həmin ölkəyə investisiya yatıra bilər. Yeri gəlmişkən, sonuncu məqam çox əhəmiyyətlidir. ABŞ artıq «Dorian» qasırğasının «geosiyasi fəsadlar»ından narahatlığını ifadə edir. Məsələ ondadır ki, Çin Baham adalarının bu qasırğa nəticəsində məhv olmuş infrastrukturunun bərpasına milyardlarla dollar xərcləmək niyyətindədir.
Hər halda, beynəlxalq birlik ekoloji fəlakətin qaçılmazlığını dərk etdikdə dünyanın ən əhəmiyyətli enerji resurslarının dünyanın nəzarətinə götürülməsi məsələsi gündəmə gələ bilər. Məsələn, yanğınlar üzrə alman mütəxəssis İohann Geor Qoldammer DW-yə müsahibəsində deyib: «1,3 milyard hektar meşəyə malik Rusiya ondan doğru istifadə edərsə, bu, iqlimin idarə olunması üçün ciddi potensiala çevrilər. Yox, bu imkandan düzgün istifadə olunmazsa, Rusiya nəhəng SO2 bombasına çevriləcək. Buzlaqların əriməkdə olduğunu da nəzərə alsaq, bu, həqiqətən, belədir». Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Ekoloji Qreta
Ötən il 15 yaşlı İsveç vətəndaşı Qreta Tunberq bir anda dünyada məşhurluq qazanıb. Ona bu məşhurluğu məktəbdə dərslərini oxumaq əvəzinə davamlı olaraq parlamentin qarşısına gələrək, iqlim dəyişikliklərilə mübarizə tələb etməsi qazandırıb. Adi məktəbli olan və eyni vaxtda bir neçə psixi pozğunluqdan əziyyət çəkən bu qızcığaz bir anda dünyaca məchul insana çevrilib və BMT Baş Assambleyasına, Davos Forumuna dəvət olunmağa başlayıb. O vaxtdan Qreta Avropa parlamentlərində çıxışlar edir, hətta onun Nobel mükafatı laureatı olmağa namizədliyi belə, irəli sürülüb. Bu qısa vaxtda qızcığaz dəfələrlə «ilin adamı» seçilib. Dünya liderləri, hətta Roma Papası tərəfindən qəbul olunmuş qızın sosial şəbəkələrdə milyonlarla izləyicisi var. Təyyarə ilə uçmaqdan imtina edən Qreta Tunberqə səfərlərə getməsi üçün yaxta verilir və hər kəs onu ayaq üstə alqışlayır. Kimlərsə ona heyran olur, kimlərsə bu qədər böyük uğurun səbəbini anlamağa çalışır. Lakin hər kəsə aydın olan bir həqiqət var: ekologiya mövzusu diqqəti cəlb etmək, yaxud ayrı-ayrı hədəflərə nail olmaq üçün çox rahat vasitəyə çevrilir. Yeri gəlmişkən, bəziləri hesab edir ki, Qretanın ulduzu valideynlərinin və piar ustası İnqmar Rentsxoqun ağıllı piar kampaniyası sayəsində parlayıb. İstənilən bir halda, bir qızın ətrafında yaxşı Hollivud filminin ssenarisini xatırladan bu səs-küy iqlim problemlərini həll etmək iqtidarında deyil – hazırda bu problemlər demək olar ki, dəhşətli dərəcəyə çatır. Ekoloji fəlakətlərin nəticələri qətiyyən fotogenik deyil və onlarla bağlı sosial şəbəkələrdəki paylaşımlar çoxlarının ürəyincə olmur. Məsələn, kimsə səhər yeməyi süfrəsi arxasında Hindistanda kiminsə susuzluqdan öldüyünü, yaxud Afrikanın hansısa küncündə kimyəvi maddələrlə çirklənmiş çayda çimdiyi üçün xəstəliyə düçar olmuş insanın əzablarını görmək istəmir. Yeri gəlmişkən, bəzi alimlər əmindirlər ki, gənc isveçli fəalın əziyyət çəkdiyi psixi pozğunluğa da ekoloji problemlər yol açır. Başqa sözlə, ekoloji problemlərin mənfi nəticələrini öz üzərində hiss etmək üçün hansısa yoxsul Afrika kəndində yaşamaq mütləq deyil.
Amma bu versiya o qədər də populyar deyil. Çünki Qreta həyatı məhv olmuş, problemli şəxs kimi yox, müəyyən hədəflərə çatmaq üçün vasitə kimi maraqlıdır.
MƏSLƏHƏT GÖR: