Müəllif: Nurlanə QULİYEVA
Azərbaycanda mərkəzi bankçılıq ənənələrinin 100 yaşı tamam oldu - düz bir əsr əvvəl, müsəlman dünyasında ilk demokratik respublikanın yaradılmasından bir neçə ay sonra Azərbaycan Dövlət Bankı (Mərkəzi Bank) fəaliyyətə başlayıb. «Banklar Bankı»na kredit təşkilatlarına nəzarət etmək və valyuta buraxmaq səlahiyyətləri verilib. Müstəqil Azərbaycanın Mərkəzi Bankının təntənəli açılış mərasimi 30 sentyabr 1919-cu ildə keçirilib. Onun binasının girişində kəsilmiş lent indiyə kimi dövlət arxivində saxlanılır. Ölkədə əsası 100 il əvvəl qoyulmuş mərkəzi bankçılıq qaydalarına və əsas prinsiplərinə ehtiram göstərilməsi də hörmətlə davam etdirilir.
Uzun illər Azərbaycan sovet hakimiyyəti altında olmasına, yerli bank sisteminin və mərkəzi bank funksiyalarının tamamilə Moskvaya tabe olmasına baxmayaraq, müstəqilliyini təkrar qazandıqdan sonra Azərbaycan qısa müddət ərzində Milli Bank üçün zəruri hüquqi və institusional bazanı yaratmağı bacarıb - 2009-cu ilə qədər qurum belə adlandırılıb. 10 il qabaq o, Azərbaycan Mərkəzi Bankı (AMB) adlandırıldı.
Ancaq bu illər ərzində ölkənin əsas bankı təkcə adını dəyişməklə qalmayıb – onun əsas funksiyalarına da yenidən baxılıb. Nəticədə, bu gün AMB-nin fəaliyyəti ölkədə makroiqtisadi və maliyyə sabitliyini dəstəkləyən pul-kredit və valyuta siyasətinin həyata keçirilməsinə yönəldilib. Bundan əlavə, AMB, bilindiyi kimi, valyuta bazarındakı sabitliyə görə də “məsuliyyət daşıyır”, yəni Azərbaycan manatının məzənnəsi həm ölkə əhalisi, həm sahibkarlar üçün, həm də ümumiyyətlə, pul dövriyyəsinin təşkili baxımından faydalıdır. Bu gün Mərkəzi Bank - ölkənin makroiqtisadi siyasət həyata keçirən, monetar və maliyyə sabitliyinin qorunması ilə bağlı vacib qərarlar qəbul edən əsas qurumlarından biridir.
Bunun üçün ən vacib alət ölkənin valyuta ehtiyatlarıdır. Onların bir qismi Mərkəzi Bankda cəmləşib, o da sabit artımı təmin etməklə onların idarə edilməsi ilə məşğuldur. Artıq bu rəqəm 7 milyard dollara yaxınlaşır. Hətta Mərkəzi Bankın manatın məzənnəsini qorumaq və ya inflyasiya proseslərini cilovlamaq üçün vaxtaşırı ehtiyatlarının önəmli hissəsini “qurban verməli” olması nəzərə alınarsa belə, ehtiyatların artdığı açıq şəkildə görünür.
Hazırda Mərkəzi Bank digər makroiqtisadi tənzimləyici qurumlar ilə sıx əməkdaşlıq şəraitində inflyasiyanın əlverişli səviyyəsini qorumağa çalışır. Hədəf göstəricilərin icrası çərçivəsində bank makroiqtisadi sabitliyi təmin etməkdə davam edir, həmçinin öz siyasətini çevik şəkildə tənzimləyərək maliyyə sabitliyinə və iqtisadi artıma çox önəmli dəstək göstərir.
AMB-nin planlarına 3-5 il ərzində inflyasiyanın idarə edilməsində hibrid rejimə keçmək daxildir. Bu zaman AMB həm uçot dərəcəsi üzrə əməliyyat hədəfinə, həm də məzənnənin sabit bazar göstəricisinə əsaslanacaq. Bu addım gələcəkdə inflyasiyanın tam targetləndirilməsi (hədəf istiqamətində idarə edilməsi) üçün zəmin yarada bilər. Beləliklə, AMB pul-kredit bazarını idarə etmək üçün daha müasir vasitələrdən istifadə etməyə və valyuta məzənnədən həm real, həm də psixoloji asılılığı tədricən azaltmağa çalışır.
AMB-nin daha bir mandat funksiyası Azərbaycanda nağdsız ödənişlərin inkişafı ilə bağlıdır. Bu gün deyə bilərik ki, bunun üçün zəruri əməliyyat bazası və institusional baza dünya bazarlarının yeniliklərinə uyğun olaraq daimi yenilənmə rejimindədir.
Beləliklə, “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank ani ödəmə sisteminin və blokçeyn əsasında rəqəmsal identifikasiya sisteminin yaradılmasını həyata keçirir. Ölkənin kart infrastrukturunun əlaqələndirici komponenti olan banklararası kart mərkəzinin istifadəyə verilməsi kart şəbəkəsinin beynəlxalq təşkilatlardan asılılığını azaltdı.
Bununla yanaşı, AMB etiraf edir ki, nağdsız iqtisadiyyatın yaradılması bir günün işi deyil və həyata keçirilən tədbirlər öz nəticələrini verənə kimi dözülməlidir. Nağdsız ödənişlərin inkişafı və nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar nağd əməliyyatların tamamilə istisna edilməsini nəzərdə tutmur. Əksinə, beynəlxalq təcrübə göstərir ki, nağdsız ödəniş sistemləri nağd əməliyyatların müəyyən artım templərinə paralel olaraq inkişaf edir ki, bu da mərkəzi banklardan onların daima optimallaşdırılmasını və nağd idarəetmənin effektivliyinin artırılmasını tələb edir.
Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı dövriyyədə olan nağd pul kütləsinə yetərincə ciddi yanaşır. Təəssüf ki, az adam bilir ki, bu gün Azərbaycan manatı dünya əsginasları arasında dizaynına və təhlükəsizliyinə görə liderlər sırasına daxildir.
Bank saxta pullara qarşı effektiv mübarizəyə həmişə böyük önəm verir - AMB-də yüksək texnoloji sistem və avadanlıqlarla təchiz olunmuş xüsusi laboratoriya yaradılıb. Bu "pulların ekspertizası və identifikasiyası sistemi" kommersiya bankları və dövlət qurumları ilə məlumat mübadiləsi imkanı verir. Bununla yanaşı, Mərkəzi Bank dövriyyədəki pulların səliqəli və yararlı olmasına xüsusi diqqət yetirir, çünki manat dövlətçiliyin atributlarından biridir və ona münasibət uyğun olmalıdır.
Bankın apardığı fundamental tədqiqatların makro və mikroişlənmə proqramlarını tez bir zamanda qiymətləndirməyə, pul-kredit və maliyyə sabitliyi ilə əlaqədar qərar qəbul etmə prosesini təmin etməyə imkan verdiyini qeyd edirik. Bu prosesdə AMB beynəlxalq tədqiqat institutları və aparıcı ölkələrin mərkəzi bankları ilə sıx əlaqələri genişləndirir.
Bank fəaliyyətinin bütün istiqamətləri üzrə çağdaş təşkilati struktur, qərar qəbuletmə prosedurları və zəruri biznes prosesləri formalaşdırılıb. Beləliklə, müstəqillik illərində Azərbaycan Mərkəzi Bankı hər zaman mürəkkəb problemlərin həllində yaxşı balanslaşdırılmış və zəngin təcrübəsi olan makroiqtisadi bir instituta çevrilib. Əsas və ənənəvi idarəetmə sisteminə baxmayaraq, AMB hər zaman modernləşməyə can atır və ən müasir mərkəzi banklar sırasında yerini qorumağa çalışır.
MƏSLƏHƏT GÖR: