Müəllif: Natiq NAZİMOĞLU
Ermənistan odla oynamağa davam edir. Onun qoşunların təmas xəttində bitmək bilməyən hərbi cinayətləri, ölkə rəhbərliyinin davamlı olaraq yalana əsaslanan, beynəlxalq hüququn prinsiplərinə, xalqların sülh şəraitində yaşamaq hüququna zidd destruktiv bəyanatlarla çıxış etməsi danışıqlar prosesini tam və birdəfəlik iflas riski ilə qarşı-qarşıya qoyub. Bu istiqamətdə növbəti addım Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışı olub.
Paşinyan formulu?
Paşinyanın ən nəhəng və nüfuzlu beynəlxalq qurumun tribunasından etdiyi çıxış onun Dağlıq Qarabağ münaqişəsinin həllinə səmimi şəkildə çalışdığına, bu istiqamətdə addımlar atmağa hazır olduğuna dair şübhələri bir qədər də artırıb. Ermənilərin «sevgi inqilabı»nın lideri nə qədər bəsit siyasətçi olduğunu bir daha ortaya qoyub. Məhz bu üzdən o, iki xalq arasında yeni nifrət, düşmənçilik toxumları səpməkdədir. BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammitində Paşinyan növbəti aşkar təxribatçı fikirlərlə yadda qalıb. Pozucu ritorikaya sadiqliyini göstərən baş nazir bununla münaqişənin sülh yolu ilə həlli prosesinin perspektivini tam yox edib.
Ötən yay Paşinyan elmi-tarixi və siyasi-hüquqi savadsızlığını ortaya qoyaraq, əslində, potensial tammiqyaslı müharibəni qızışdıra biləcək fikirlər səsləndirmişdi. «Qarabağ Ermənistanındır və nöqtə!» deyən baş nazir demişdi ki, «Azərbaycanın SSRİ-ni tərk etdiyi kimi, keçmiş DQMV də Sovet Azərbaycanının tərkibindən çıxıb».
Bu dəfə isə o, BMT Baş Assambleyasının sessiyasında növbəti dəfə həqiqəti təhrif edib, faktları saxtalaşdırıb. O, Azərbaycanı anti-erməni əhvalını qızışdırmaqda, silahlanmaya külli miqdarda vəsait xərcləməkdə təqsirləndirib, üstəlik, Qarabağ problemini yanlış olaraq Ermənistanla Azərbaycan arasındakı ərazi münaqişəsi kimi təqdim etməkdə günahlandırıb. Paşinyan «alovlu» çıxışında bildirib ki, «əslində bu, ərazi münaqişəsi deyil. Söhbət insanlardan, kişilərdən və qadınlardan, onların öz vətənlərində, əsrlər boyu əcdadlarının yaşadığı torpaqlarda yaşamaq hüququndan gedir».
Əslində, antitürk əhvalının, Azərbaycanfobiyanın dövlət siyasəti səviyyəsinə qaldırıldığı ölkə liderinin belə fikirlər səsləndirməsi absurddur. Bu, Azərbaycana qarşı hərbi təcavüz həyata keçirmiş, nəticədə qonşusunun beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20%-ni işğal etmiş, milyonlarla azərbaycanlını doğma torpaqlarından qovmuş dövlətin lideridir. Yəni milyonlarla azərbaycanlı məhz erməni işğalçılarının üzündən Paşinyanın qeyd etdiyi hüquqlardan məhrum olub – öz doğma vətənində yaşamaq hüququndan!
Paşinyan çıxışında «Dağlıq Qarabağ Muxtar Vilayəti xalqı» tezisini də təkrar edib. Bu zaman o, regionun yalnız erməni icmasını nəzərdə tutur və onun guya «SSRİ-dən qanuni yolla ayrılaraq, öz müqəddəratını təyinetmə prinsipindən yararlandığını» bildirir.
Halbuki erməni millətçilərinin hələ SSRİ-nin dağılmasından əvvəl DQMV-nin Azərbaycandan ayrılaraq Ermənistana birləşməsi qərarını «çıxardıqları» hər kəsə bəllidir. Bununla yanaşı, Paşinyan Dağlıq Qarabağın ermənilərin hərbi vəhşiliyinin qurbanına çevrilmiş azərbaycanlı icmasını, ümumiyyətlə, «unudur». Bütün bunlardan sonra isə o, Azərbaycanı «xalqı deyil, əraziləri düşünməkdə» günahlandırır, Azərbaycanın guya «sadəcə, boş ərazini istədiyini» iddia edir.
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevi onun formulunu qəbul etməyə də çağırıb – «Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarının qəbul edəcəyi həllin tapılması». Gizli saxlanılan və detallarını yalnız Paşinyanın bildiyi «formula» haqda nə demək olar? Yoxsa heç bir gizlilik yoxdur və Paşinyan «formulu» sadəcə, onun sevimli boşboğazlığının növbəti məhsullarından biridir? Hər halda, o, Ermənistanda hakimiyyətə gəldikdən bu yana istər ölkəsindən, istərsə də ölkədən kənarda məhz boşboğazlığı ilə tanınır.
Həqiqəti isə beynəlxalq birlik bilir və etiraf edir. Birincisi, bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri kimi Ermənistanla Azərbaycan göstərilir, Dağlıq Qarabağın və Azərbaycanın ona bitişik digər rayonlarının hələ də işğal altında olduğu bildirilir. İkincisi, Azərbaycan münaqişənin həllilə bağlı beynəlxalq hüququn ruhuna və müddəalarına uyğun yeganə variantı irəli sürür və ona davamlı olaraq sadiqlik göstərir. O, bu zaman dövlətlərin ərazi bütövlüyü prinsipinə əməl olunmasını tələb edir, bununla yanaşı, Qarabağ ermənilərinə ən yüksək muxtariyyəti verməyə hazır olduğunu bildirir. Bununla yanaşı, Bakı Qarabağ azərbaycanlılarının tapdanmış hüquqlarının tam bərpasını tələb edir, bundan sonra Azərbaycanla Ermənistan arasında iki ölkə xalqlarının maraqlarına uyğun hərtərəfli əməkdaşlığın qurulmasına və inkişafına hazır olduğunu bildirir.
Azərbaycan Prezident Administrasiyasının xarici məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev Paşinyanın Nyu-York çıxışına münasibət bildirən zaman bu fikirləri təsadüfən işlətməyib: «Münaqişənin həlli üçün Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalı, işğala son qoymalı, azərbaycanlı məcburi köçkünlər doğma evlərinə qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Bundan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının Azərbaycanın sərhədləri daxilində sülh şəraitində, təhlükəsizlikdə yaşamasını təmin edəcək özünü idarəetmə modeli müəyyənləşdirilməlidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünü təmin olunmadan çözülə bilməz. Problemin tezliklə həlli isə regiona sülh və təhlükəsizlik gətirəcək, hazırda yoxsulluq içərisində yaşayan Dağlıq Qarabağ ermənilərinin həyat şəraitinin yaxşılaşmasını təmin edəcək. Bu, Ermənistanın özünün də inkişafına təkan olacaq».
Ermənistan-Azərbaycan münaqişəsi zonasında əsl sülh formulu başqa necə olmalıdır?!
Aciz motivlər
Şübhəsiz ki, Paşinyanın Qarabağ mövzusundakı demaqoq, populist ritorikasının daxili siyasi səbəbləri var. Məqsəd şəxsi hakimiyyətin gücləndirilməsi üçün əlavə xal toplamaqdır. Hər halda, baş nazir «əks-inqilab»la, yəni keçmiş Koçaryan-Sarqsyan rejiminə aid qüvvələrlə getdikcə qızışan mübarizədə bu əlavə xallara ehtiyacı olduğunu yaxşı anlayır.
Paşinyan işğal altındakı Qarabağın rəhbərliyinə onu loyal qüvvənin gətirilməsinə hesablanmış oyun oynayır. Onun hesablamalarına görə, Qarabağla bağlı bu boşboğazlıq onun getdikcə geriləyən reytinqini xilas edə bilər. Yəqin ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü, həmçinin Paşinyanın BMT-nin mənzil-qərargahındakı «kişilənməsi» ərəfəsində (sentyabrın 22-də) qoşunların təmas xəttində daha bir azərbaycanlı hərbçinin öldürülməsi onun üçün əlavə «kozır» olub.
Amma bütün bu həyasız siyasi motivlər bir faktı inkar etmir – Paşinyanın Qarabağ problemilə bağlı danışdığı yalanlar, həqiqətən də, onun mövqeyidir. Əks halda hansısa razılığa gəlməyin mümkünsüzlüyü üzündən Azərbaycan və Ermənistan rəhbərlərinin yeni görüşünə ehtiyacın olmadığına dair xəbərləri necə qiymətləndirmək olar?
Lakin Paşinyan və bütünlükdə Ermənistan üçün problem başqadır: Qarabağ münaqişəsilə bağlı reallıqların başayaq təqdim edilməsinə istənilən cəhd iflasa məhkumdur. Başqa sözlə, dünya birliyini yanıltmaq üçün faktlar nə qədər təhrif olunsa da, həqiqət ortadadır. Üstəlik, Paşinyan belə demaqoqluqla sadəcə, öz ölkəsini daşa da çətin vəziyyətə salır. Çünki «inqilabçı» baş nazirin ritorikası ölkəsini çıxılmaz dalana dirəyir və yeganə perspektiv – Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etmək üçün müharibə başlamaq perspektivi ilə üz-üzə qoyur.
MƏSLƏHƏT GÖR: