Müəllif: Ənvər MƏMMƏDOV
Bir neçə illik davamlı böyümədən sonra 2019-cu ildə Azərbaycan sığorta sektorunda geriləmə müşahidə olunur. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatlarına görə, avqust ayının sonuna toplam sığorta daxilolmaları 469,8 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% azdır.
Azalmanın səbəbləri var və onları görmək çətin deyil. Belə ki, həyat sığortası üzrə qanunvericilikdə dəyişikliklər yığıma yönəldilən məbləği məhdudlaşdırdı və sığorta daxilolmalarının azalmasına səbəb oldu. Məsələ bundadır ki, əvvəllər sığorta etdirən bütün gəlirlərini əmanət sığortasına yönəldə bilirdisə, indi yalnız 50%-ni buna sərf edə bilər. Hərçənd, həyat sığortasının əhali arasında populyarlaşması üçün tətbiq edilən güzəştlərin müvəqqəti olduğu əvvəlcədən bəlli idi. Sonrakı mərhələdə bu güzəştlərin aradan qaldırılması nəzərdə tutulmuşdu ki, bu, hazırda baş verir. Nəticədə, 2019-cu ilin yanvar-avqust aylarında həyat sığortası üzrə yığımlar 115,3 milyon manat təşkil edib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 34% azdır.
Eyni zamanda azalma həyat sığortasının digər növləri, o cümlədən tibbi sığorta üzrə də müşahidə olunur. Buna görə də avtomobil sığortası və bəzi digər növlər üzrə nümayiş olunan artım sadəcə bu azalmanı örtə bilmir.
Sığortaçıların özləri də bu fikirdədir. Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Azər Əliyev ilin nəticələrinə görə bazarda geriləmənin olacağını istisna etmir. “Həyat sığortası üzrə yığımlar keçən ilə nisbətən az olacaq. Başqa növlər üzrə yığımlar isə dəyişməz qalacaq və ya cüzi azalacaq. Hər halda mən belə düşünürəm. Amma möcüzələr də baş verir, buna görə də hər şey tərsinə olarsa, buna da təəccüblənmərəm", - deyə Assosiasiya sədri bildirib.
Bütün bunlar son nəticədə bazardakı əlverişsiz vəziyyəti daha aydın göstərir – onun gəlirlərinin həyat sığortasından nə dərəcədə asılı olduğu üzə çıxır: həyat sığortasından gələn gəlirlərin miqdarı azaldıqda dərhal ümumi statistikaya mənfi təsir göstərdi.
A.Əliyevin qeyd etdiyi kimi, son vaxtlar bazarın böyüməsinə səbəb olan köklü dəyişikliklər müşahidə olunmur. “Əlbəttə, həm tənzimləyici, həm də İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən fəal iş aparılır. Lakin təəssüf ki, bazarda ciddi böyüməyə səbəb olacaq önəmli aparıcı yoxdur. Hər kəs bugünkü mövqelərini qorumağa çalışır. Ancaq siz qoruma mərhələsindəsinizsə, bu, durğunluğa səbəb olur. İnkişaf etmək üçün irəliləmək lazımdır, amma bu, hələ baş vermir”, - deyə Assosiasiya rəhbəri bildirir.
Bazarda artımı bərpa etmək üçün nə etmək lazımdır? Sığortaçıların çoxu artıq sübut edilmiş yeni məhsullar yaratmaq və tanıtdırmaq üsulundan yapışır. Bu, həqiqətən, vəziyyətdən çıxış yolu ola bilər, ancaq yalnız qısa müddətə. İndiki meyillər daha radikal qərarlar tələb edir - ilk növbədə, Azərbaycan əhalisinin maliyyə, xüsusən sığorta savadlılığını artırmaq lazımdır.
Bu gün sığortalananların əsas toplusunun hüquqi şəxslər olması heç kimdən gizli deyil. Fiziki şəxslər arasında ən çox yayılmış növ avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Digər məhsullara gəldikdə, onların əhatə dairəsi o qədər də geniş deyil.
Bazarın böyüməsini təmin etmək üçün hansı dəyişikliklərə ehtiyac var? Bir çox mütəxəssislərin fikrincə, ilk öncə bu sahədə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, sığorta sektorunun çağdaş tələblərə daha çox cavab verməsi üçün islahatlar aparmaq lazımdır. Axı, mövcud sığorta bazası, demək olar ki, 10 ildir yenilənməyib, baxmayaraq ki, bu illər ərzində sığorta bazarı öz potensialından istifadə edə bilməyib.
Məsələn, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası kimi populyar bir məhsulla bağlı vəziyyəti baxsaq, lazımi islahatlar nəticəsində onun artım potensialı 20-25%-dən çox ola bilər. Avtomobil sahiblərinin, demək olar ki, 100%-i bu məhsulla əhatə olunub. Ancaq məsələ bundadır ki, bununla belə, bu ilin göstəricilərinə görə bu məhsul üzrə daxilolmalar 100 milyon manat, zərərlər isə 120 milyon manat təşkil edir. Uzun müddətdir yenilənməyən köhnə tariflər, yüksək agent komissiyaları və s. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yüksək zərərliliyi şərtləndirir. Bu növ üzrə tariflər mütləq yenidən nəzərdən keçirilməlidir, çünki 2010-2011-ci illərdə bu məhsulun tətbiqi zamanı müzakirə olunan məbləğlər yetərincə köhnəlib. Üstəlik, bu həm OSAGO mükafatlarına, həm də dəyən ziyanı örtən sığorta məbləğinə aiddir. Sirr deyil ki, avtomobillərin ehtiyat hissələri və detallar o zamandan bəri xeyli bahalaşıb.
Lakin vacib dəyişikliklərin metod və müddətlərini seçmək üçün bu gün qonşularımızın təcrübəsini öyrənən aktuarilərdən ibarət işçi qrupunun hesabatları tamamlanana qədər gözləmək lazımdır. “Bu yaxınlarda Rusiya Avto Sığortaçılar İttifaqının nümayəndələri Rusiyada bu sahədə aparılan islahatlarla bağlı təcrübələrini bölüşməyə gəlmişdilər. Baltikyanı ölkələrin, Türkiyə bazarının və digər ölkələrin təcrübəsi də öyrənilib. Düşünürəm ki, ilin sonuna qədər müəyyən bir fikrə gələcəyik", - deyə Azər Əliyev bildirir.
Bundan əlavə, daşınmaz əmlakın icbari sığortası kimi bir məhsulla əhalinin əhatə dairəsini artırmaq lazımdır. Statistikaya görə, bu məhsulun yalnız adı icbaridir, çünki əhatəsi yalnız 2% təşkil edir. Bu da əsasən hüquqi şəxslərin payına düşür, fiziki şəxsləri əhatə dairəsi yalnız 0,8% təşkil edir. Bu növün "icbari" olmasına baxmayaraq, vəziyyət belədir.
Mütəxəssislərin fikrincə, bu məhsulun inkişafına ən başlıca maneə daşınmaz əmlakın icbari sığortasının tammiqyaslı genişlənməsinə mane olan çox sayda qanunverici məhdudiyyətlərin olmasıdır. Bu gün bu sığorta növünün əhatə dairəsi cüzidir. Doğrudur, müqavilələr bağlayan hansısa iri müəssisələr var, ancaq bütövlükdə əhali bunda maraqlı deyil, halbuki məhsul olduqca kiçik bir ödəniş müqabilində əmlak sahiblərinə ciddi maliyyə müdafiə təmin edir.
“Biz daha çox fiziki şəxslərin əhatə edilməsində maraqlıyıq, çünki bu, sosial məhsuldur. Çox sayda zəlzələlər, sellər, yanğınlar baş verir, qonşuların günahı üzündən mənzilləri su basır və bütün bunlar ölkənin orta statistik vətəndaşları üçün ciddi maliyyə yükünə səbəb olur. Gözlənilməz xərc olduğu üçün onlar bu yükü dövlətin üstünə yönəldirlər”, - deyə A.Əliyev qeyd edib.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı problemləri həll etmək üçün, ilk növbədə, mükəmməl nəzarət sistemi tətbiq etmək lazımdır ki, bu, bu gün çatışmır. Nümunə olaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası götürülsə, Azərbaycanın sığorta bazarında artıq belə bir sistem mövcuddur - bütün proseslər, demək olar ki, avtomatlaşdırılıb, vahid büro, vahid məlumat bazası, potensial müştərilərin əksəriyyətini əhatə edən agent şəbəkəsi, polisin olmasını yoxlayan nəzarət sistemi, təsdiq edilmiş cərimələr və cəzalar var. Bütün bunlar bir neçə il ərzində formalaşıb, ancaq bu prosesin sayəsində sığortaçıların daşınmaz əmlak sığortasına da tətbiq edə biləcəkləri təcrübə yaranıb. Mütəxəssislər sanır ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına bənzər bir nəzarət sistemi yaratmaq və onu sınaqdan keçirmək üçün beş aydan az vaxt lazımdır. Ondan sonra bu növ bazara ildə yüz milyonlarla gəlir gətirməklə yanaşı, əhalinin sosial müdafiəsini təmin edəcək.
Yeni məhsulların tətbiq edilməsinə gəldikdə isə, sığortaçılar bu gün bunun aktual olmadığını düşünürlər, çünki Azərbaycanın sığorta bazarında artım üçün yetərincə məhsul var. Ancaq təəssüf ki, sığorta şirkətləri zəif inkişaf etdiklərinə və müştərilərin tələblərinə uyğun gəlmədiklərinə görə olan məhsulları xalqa fəal şəkildə sata bilmirlər. Yalnız bu problemləri aradan qaldırmaqla sığorta bazarının, nəhayət, ölkənin maliyyə bazarında və bütünlükdə, qeyri-neft sektorunda öz yerini tutmasına, Azərbaycan ÜDM-ində payını artırmasına nail olmaq mümkündür.
MƏSLƏHƏT GÖR: