Müəllif: İrina XALTURINA
Avropa İttifaqı yenə problemlərlə üz-üzədir və bu, artıq çoxdandır ki, yenilik sayılmır. Yox, o, bir neçə il əvvəl proqnozlaşdırıldığının əksinə olaraq, parçalanmır. Hətta əksinə, Böyük Britaniya Brüsseldən heç cür qopa bilmir, iki Balkan ölkəsi – Şimali Makedoniya ilə Albaniya isə ittifaqa qoşulmaq istəyir. Hərçənd, bu il onlarla bu haqda danışmağa belə, lüzum görməyiblər. Amma bütün bunlar «Köhnə dünya»da birliyin olmadığını, vaxtilə əsas silah sayılan ümumi dəyərlərin isə birləşdirici funksiyanın öhdəsindən gələ bilmədiyini göstərir. Bu isə xüsusilə Avropanın qlobal liderliyi üçün son dərəcə pis xəbərdir. Bunu Aİ-yə üzv dövlətlərin oktyabrın 17-18-də Brüsseldə bir araya gəlmiş liderləri də yaxşı anlayır.
İngilissayağı boşanma
Aİ ilə Böyük Britaniyanın «boşanma» prosesinin bu qədər ağrılı keçəcəyini, hətta zarafat mövzusuna çevriləcəyini heç kəs gözləmirdi. Siyasi icmalçılar burada «boşanma» ifadəsini, əlbəttə ki, məcazi mənada işlədir. Lakin bu, həqiqətən, insanların başına gəlsəydi, mənzərə belə olardı: qadın (Böyük Britaniya) uzun-uzadı düşündükdən sonra, nəhayət, ərindən (Aİ) boşanmağa qərar verir. Ər ailəni qorumaqda maraqlı olduğundan, bunu arzulamır. Lakin istəyinə zorla nail olmayacağını başa düşür, anlayır ki, azadlıq arzusunda olan xanımının qarşısını kəsə bilməyəcək. Bu üzdən, o, könülsüz də olsa, boşanma sənədini imzalamağa razılıq verir. Lakin bu yerdə aydın olur ki, qadın getməyə də tələsmir – sövdələşmə axtarır, hansı şərtlərlə boşanmadan daha qazanclı çıxacağını düşünür, özü ilə nələri götürmək lazım olduğu, nələrə haqqı çatdığı və s. üzərində baş sındırır.
Britaniyalıların 52%-nin Aİ-dən çıxmağa səs verməsindən 3 ildən də çox vaxt keçir. Bu müddət ərzində Brüssel Londonla «boşanma» şərtlərini 2 dəfə razılaşdırıb. Lakin Britaniya parlamenti razılaşmanı 3 dəfə rədd edib. Eyni hal oktyabrın 19-da da təkrarlanıb. Baş nazir Boris Consonun avropalı həmkarları ilə Aİ-nin cəmi 2 gün əvvəl keçirilmiş sammitində əldə etdiyi razılaşmanı İctimai Palata 306 nəfər lehinə, 322 nəfər əleyhinə səs verməklə geri çevirib. Bunun üçün britaniyalı parlamentarilər Folklend münaqişəsindən sonra ilk dəfə bazar günü işləməyə belə, razılıq vermişdi.
Maraqlıdır ki, razılaşma, ümumiyyətlə, müzakirəyə çıxarılmadığından, səsvermə də olmayıb. Deputatlar bunu hələlik ölkənin Aİ-dən sahmanlı şəkildə ayrılması üçün tələb olunan bütün qanunların qəbul olunmaması ilə əsaslandırıb. Söhbət Britaniyanın Aİ ilə gömrük ittifaqında qalıb-qalmayacağını müəyyənləşdirən qanundan, həmçinin keçid dövrünün uzadılmasına, ikinci referendumun təşkilinə imkan verəcək sənədlərdən gedir. Nəticədə, bir müddət əvvəl «vaxt istəməkdənsə, xəndəkdə ölərəm» deyən Conson növbəti dəfə Brüsselə müraciət etmək məcburiyyətində qalıb. O, həm vədə əməl etməsi, həm də qanunu pozmaması üçün orijinal çıxış yolu tapıb – Brüsselə 2 məktub göndərilib. Əlavə vaxtın istənildiyi birinci məktubu baş nazir nəinki imzalamayıb, üstəlik, Avropa liderlərinə məktubun ona deyil, parlamentə məxsus olduğunu bildirib. Consonun imzaladığı ikinci məktubda isə baş nazir ölkəsini Aİ-dən «Brexit» gününə – oktyabrın 31-dək çıxara biləcəyinə ümid ifadə olunub.
İctimai Palata oktyabrın 22-də ilk dəfə olaraq Aİ-dən ayrılmaqla bağlı razılaşma layihəsinə səs versə də, ardınca onun təcili şəkildə qəbulundan imtina edib. Yəni parlamentarilər sürətli qrafiki qəbul etməyib. Conson hesab edir ki, bu, əslində, növbədənkənar seçkiyə gedilməsi (və əlavə vaxt istənilməsi) deməkdir. Yeri gəlmişkən, Nümayəndələr Palatasının razılaşmanı rədd edəcəyi təqdirdə, də eyni ssenari gerçəkləşəcəkdi.
Bu cümlələri oxuyan oxucuların çaşbaş qalması tamamilə normaldır. Çünki yaşananlar artıq Britaniyanın ən təcrübəli siyasi ekspertlərini belə, çaşbaş qoyub.
Görünür, artıq «Brexit» tərəfdarları ilə əleyhdarları arasında mübarizə elə mərhələyə qədəm qoyub ki, burada bütün vasitələr qəbulolunandır. İndi Londonda baş verənlər zaman-zaman zəif komediyanı xatırladır. Maraqlıdır ki, bu, əsrlərə dayanan dəqiq siyasi sistemilə öyünən ölkədə baş verir. İndi burada çox fərqli maraqlar (məsələn, mühafizəkarların heç də hamısının Consonu dəstəkləmədiyi kimi, leyboristlərin də heç də hamısı ona qarşı deyil), strategiyalar toqquşur. Tərəflər istəyinə nail olmaq üçün bəzən XVII əsrə aid düzəlişlərə belə, istinad edir. Tez-tez köhnə hesablar gündəmə gətirilir, keçmişdəki məğlubiyyətlərə görə revanş almaq istəyi özünü göstərir.
Yuxarıda qeyd olunan düzəlişlər isə Aİ-dən ayrılmağı ya praktik mənada istisna edir, ya da qeyri-müəyyən müddətə uzadır. Məsələn, London Gömrük İttifaqında qalacaqsa, bu, onu digər ölkələrlə müstəqil şəkildə azad ticarət haqda sazişlər imzalamaq hüququndan məhrum edəcək.
Bu azmış kimi, sənədə müvafiq dəyişikliklərsiz də qaranlıq qalan mətləblər az deyil. Misal üçün, Aİ-ni tərk edən London bundan sonra Aİ-yə pul ödəmək istəmədiyi üçün 42 milyard dollarından keçməlidir və ölkə artıq buna razılıq verib.
Bütün bunlarla yanaşı, «Brexit» daxili siyasi mübarizə üçün də rahat pərdəyə çevrilib. O, sövdələşmələr, manipulyasiyalar üçün yaxşı imkanlar açıb. Məsələn, leyboristlər Consonun növbədənkənar seçkiyə «Brexit»i gerçəkləşdirmədən getməsini çox arzulayırdı. Çünki bu halda o, faktiki olaraq, seçiciləri qarşısında vədini yerinə yetirə bilməmiş siyasətçi olacaqdı (hələlik bütün sorğularda tori leyboristləri xeyli üstələyir). Digər yandan artıq qeyd edildiyi kimi, leyboristlərin özləri də vahid mövqedən çıxış etmir, mərkəzçilər – liberal-demokratlar isə öz növbəsində, solçu, sosialist Ceremi Korbinin ölkənin başına keçməsini istəmir.
Demokratik Yunionist Partiyasının da ciddi iddiaları var (yeri gəlmişkən, bu partiya Consonun müttəfiqidir və mühafizəkarların çoxluq əldə etməsinə məhz onlar yardımçı olub). Onların iddiası «Brexit»dən sonra Şimali İrlandiya ilə sərhədin necə həll olunacağı ilə bağlıdır. Bu arada nəzərə alınmalıdır ki, Şimali İrlandiya məsələsi Britaniya ilə Aİ arasında aparılacaq ticarət danışıqlarının yanında «toya getməli»dir. Bu danışıqlara «Brexit»dən sonra başlanılmalıdır.
Beləliklə, görünən odur ki, hazır sənədlərə rəğmən, Brüssellə London arasındakı «boşanma» adlı dramatik, qalmaqallı proses hələ təzə qızışır.
Qırmızı işıq
Uzanmaqda olan «Brexit», şübhəsiz ki, Brüsselin çiynində ağır yükdür. Lakin o, heç də yeganə yük deyil. Daha bir «yük» genişlənmə problemidir. Bu məsələdə isə proseslərə Fransa prezidenti istiqamət verir.
Avropa KİV-i yazır ki, Emmanuel Makron Aİ-nin sammitinə kifayət qədər qəzəbli halda gəlibmiş. Səbəb Avropa Parlamenti komissiyasının fransalı siyasətçi Silvi Quları avrokomissar (bu halda Qular daxili bazar, müdafiə və kosmik sənayeyə görə məsuliyyət daşıyacaqdı) təyin etməkdən imtinası imiş. Liberal Makron burada Almaniyanın, daha konkret desək, Avropa Komissiyasının mühafizəkar prezidenti Ursula fon der Lyayenin əlini görür. Bəzi müşahidəçilərin fikrincə, Quların namizədliyinin keçməsi daha bir alman – Avropa mühafizəkarlarının lideri Manfred Veberin Makrondan qisasıdır. İyulda Veberin Avropa Komissiyasının prezidenti postuna namizədliyini məhz Makron əngəlləmiş, bu posta fon Lyayenin namizədliyini dəstəkləmişdi. Fransanın Avropa Komissiyasının başına alman namizədin keçməsinə etirazının səbəbi isə hər zaman eyni şəkildə izah olunub: bu şalda Aİ-nin ən nəhəng dövləti və iqtisadiyyatı, həmçinin ümumi büdcəyə ən çox vəsait ayıran Almaniyanın hökmranlığı daha da artacaq. 1967-ci ildən bu yana Avropa Komissiyasına bir dəfə də olsun, alman siyasətçi rəhbərlik etməyib və bu, təbii ki, təsadüf deyil. Almaniya kansleri Angela Merkel yaşananları sükutla qarşılayıb – ən azı üzdə.
Makron isə susmağı lazım bilməyib və Brüsseldə gözlənilmədən, Albaniya və Şimali Makedoniya ilə onların Aİ-yə qəbuluna dair danışıqlara başlanılmasının əleyhinə çıxıb (bu iki ölkənin Aİ-yə qəbulu Almaniya tərəfindən dəstəklənir). Fransa prezidenti ilk olaraq Aİ-də islahatların aparılmasını, yeni üzvlərin qəbulu prosesində dəyişikliklərin edilməsini vacib sayır. Amma bu məsələdə onunla yalnız Niderland və Danimarka liderləri razıdır.
«Avropa İttifaqı 28, yaxud Britaniyanı çıxsaq, 27 üzvlə normal işləmir. 30 üzvlə daha yaxşı işləyəcəyinə əmin deyiləm. …Realist olmaq lazımdır», - deyə Emmanuel Makron bildirib.
Qeyd edək ki, hələlik söhbət Tirana ilə Skopyenin Aİ-yə qəbulundan deyil, yalnız onlarla uzun danışıqlara başlanılmasından gedir. Belə danışıqların illərlə uzandığı hər kəsə bəllidir. Çünki onlar Aİ-yə qəbul olunmaları üçün daxili qanunvericiliklərini Avropa İttifaqının tələblərinə və normalarına uyğunlaşdırmalıdırlar.
Avropa İttifaqı Şurasının səlahiyyət müddəti bitmiş prezidenti Donald Tusk isə bu qərarı «yanlışlıq» kimi qiymətləndirib və Albaniya ilə Şimali Makedoniyanı «təslim olmamağa» çağırıb. «Mən sizin məyusluğunuzu tam anlayıram. Çünki siz öz işinizin bir hissəsini görmüsünüz, biz isə yox», - deyə Tusk qeyd edib. Amma o, Avropa Komissiyasının yenə də səlahiyyət müddəti bitmiş rəhbəri Jan-Klod Yunkerlə müqayisədə yumşaq danışıb. Yunker deyib: «Bu, tarixi səhvdir!».
Şimali Makedonyianın baş naziri, hakimiyyətə 2017-ci ildə məhz Aİ-yə birləşmək şüarı ilə gəlmiş sosial-demokrat Zoran Zayev isə ölkəsini yeni seçkiyə çağırır. Bir il əvvəl Makedoniya məhz Avropa ideyası xətrinə Konstitusiyasına dəyişikliklər etmiş, məhkəmə sistemində islahatlar aparmış, korrupsiya ilə mübarizəni gücləndirmiş, hətta ölkənin adını belə, dəyişmişdi (Yunanıstanla münaqişəyə son qoyulması üçün). Məsələ ondadır ki, Makedoniya Aİ-yə namizəd statusunu hələ 2005-ci ildə alsa da, adı üzündən Yunanıstanın müqavimətilə üzləşmişdi. Bir ölkə ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlanılması üçün bütün üzvlərin yekdil qərarı tələb olunur. Odur ki, Yunanıstanın etirazı prosesə start verilməsinə illərdir mane olurdu.
Nəhayət, illər sonra ölkənin adının dəyişdirilməsi məsələsi referenduma çıxarılmış və sual belə qoyulmuşdu: «Ya indiki ad, ya da Aİ ilə NATO-ya üzvlük». İndi NATO ilə bağlı məsələ praktiki olaraq çözülübsə, Aİ-yə üzvlük perspektivi kifayət qədər dumanlı görünür. İki ölkə ilə bu istiqamətdə danışıqların Aİ-yə Xorvatiyanın sədrlik edəcəyi 2020-ci ildə Zaqrebdə davam etdiriləcəyi deyilir. Lakin hələlik heç də dəqiq deyil. İndi ekspertlər bunun Rusiya ilə Çini də hərəkətə keçirə biləcəyindən ehtiyatlanır. Şimali Makedoniya və Albaniya ilə yanaşı, Serbiya, Çernoqoriya və Bosniyanın da Aİ-yə üzvlüyü məsələsinin xəyali də olsa ortada olduğunu nəzərə alsaq, söhbət Qərbi Balkanların əhəmiyyətli bir hissəsindən gedir. Amma qeyd edildiyi kimi, sonuncularla bağlı məsələsi daha dumanlıdır. Belə bir halda Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yə qəbulu haqda düşünmək belə, artıq olardı. «Financial Times» yazır ki, «Fransa Aİ-ni qonşularının etibarından məhrum edir». Makron isə mövqeyini miqrant problemilə əlaqələndirir: «Mən vətəndaşlarıma necə izah edim ki, Fransadan ən çox siyasi sığınacaq istəyən ikinci ölkənin vətəndaşları Albaniyadan gələnlərdir?» Güman ki, Fransada prezident seçkisi yaxınlaşdıqca, Makron bu mövqeyində daha qəti dayanacaq.
Bu arada Albaniya ilə Şimali Makedoniyanın Balkanların ən yoxsul dövlətləri olduğunu da unutmayaq. Demək, onlar Brüsselə özləri ilə problemlərini də gətirəcəklər. Odur ki, Aİ-nin genişlənmə məsələsi həm də maddi vəziyyətlə sıx bağlıdır. Aİ üzvləri 2021-2027-ci illər üçün uzunmüddətli büdcənin müəyyənləşdirilməsində hələ də ortaq məxrəcə gələ bilməyib. Bu, maddi problemlərin ciddiliyini bir daha ortaya qoyur.
Böyük Britaniyanın Aİ-dən ayrılması illik 12-14 milyard avro kimi maliyyə boşluğu yaradır. İndi üzvlə onu kimin dolduracağı haqda danışıqlar aparır. Cənub və Şərq ölkələri böyük büdcə arzusundadır. Onlar ittifaqın yoxsul dövlətlərində kənd təsərrüfatı sahəsinin subsidiyalaşdırılmasının, onlara yardımların azaldılmasının əleyhinədirlər. Fransa da fermerlərin maliyyəsinin azaldılması ilə barışmayacağını bildirir. Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniya isə daha çox maliyyənin innovasiya və miqrasiya sahəsinə yönəldilməsini istəyir. Bununla yanaşı, o, Avropa Komissiyasının üzvlərdən ümumi büdcəyə daxilolmaların artırılması çağırışına qəti etiraz edir. Berlin hesab edir ki, bu, hər bir üzvün ÜDM-nin 1%-ni aşmamalıdır.
Daha bir cəsarətli, eyni zamanda yenə də büdcə ilə əlaqəli təşəbbüs ətrafında da razılıq yoxdur. Söhbət 2050-ci ilə Aİ-nin atmosferə zəhərli qazların buraxılmasına tam son qoyması təşəbbüsündən gedir (2050 carbon neutral climate target). Burada hiddətlənən Cənub-Şərqi Avropa ölkələri – Polşa, Macarıstan, Çexiya və Estoniyadır. Polşanın baş naziri Mateuş Moravetski açıq şəkildə bildirib ki, Varşava bu layihəni dəstəkləmək fikrində deyil. O, qərarlarından dönmələri üçün tələbini də səsləndirib: Aİ-nin inkişaf etməkdə olan üzvlərinə kompensasiya nəzərdə tutulmalıdır.
Bütün bunların fonunda İspaniyanın daxili problemlərini də unutmaq olmaz. Ölkə yenidən Kataloniya boyu etiraz aksiyaları ilə üz-üzədir. Aksiyalar İspaniya Ali Məhkəməsinin Kataloniyada 2017-ci ildə təşkil olunmuş müstəqillik referendumu ilə əlaqədar 12 yerli siyasətçiyə hökm oxumasından sonra başlayıb. Xatırladaq ki, Madrid həmin referendumu qanunsuz elan etmişdi.
Barselonanın mərkəzi küçələrində yenidən avtomobillər, zibil yeşikləri yanır. Maraqlıdır ki, Kataloniyadakı vəziyyət bir vacib məqamı ilə Böyük Britaniyada yaşananları xatırladır. Söhbət hüquqi və ya tarixi məqamdan getmir. Sadəcə, hər iki ölkədə ictimaiyyət arasında ciddi bölünmə var. İctimai rəyin öyrənilməsi mərkəzinin son məlumatına görə, Kataloniya sakinlərinin 48%-i müstəqilliyin əleyhinədir. Müstəqil dövlət qurulmasını istəyənlər 44% təşkil edir. Britaniyada da «Brexit» əleyhdarları ilə tərəfdarları təxminən belə bölünüb…
Avropanı bölən, sabitliyini pozan bu cür böhranlar, çağırışlar, əlbəttə ki, ciddi xarakter daşıyır. Lakin onlar, çətin ki, Aİ-ni parçalaya bilsin. Təhlükə başqadır. Dünyanın çoxqütblülüyə doğru sürətlə irəlilədiyi bir vaxtda Aİ-dəki daxili problemlər onun qlobal oyunçu imicinə zərbə vurur. Həddindən artıq uzanan «Brexit», yeni üzvlərin qəbulu məsələsindəki fikir ayrılıqları, büdcənin təsdiqlənməsində meydana çıxmış problemlər son onilliklərdə Avropanın əsas islahı sayılmış «yumşaq güc»ə zərbədir. Söhbət qonşuluğa, demokratiya standartlarına, insan haqlarına diqqətə, humanitar yardımlara, təhsil və mədəni proqramlara əsaslanan «silah»dan gedir. Brüssel vaxtında qərar qəbul edə bilmədiyini, hətta vədlərini yerinə yetirmək gücündə olmadığını göstərir. Bu isə ona baha başa gələ bilər.
MƏSLƏHƏT GÖR: