Müəllif: İlqar VƏLİZADƏ, politoloq
Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi yalnız Azərbaycanın tarixində deyil, bütünlükdə dünyanın siyasi həyatında önəmli hadisə kimi yadda qalacaq. Azərbaycan üçün bu hadisə ona görə vacibdir ki, 2019-2022-ci illərdə bu nüfuzlu təşkilata sədrlik hüququ qazanıb. Dünya üçün isə bu tədbir üzv dövlətlərin ikili standartlar siyasətilə, qlobal siyasətdə beynəlxalq hüququn aliliyi uğrunda mübarizəsinin göstəricisi olub.
Bu gün Qoşulmama Hərəkatı əhatəsinə görə BMT-dən sonra ikinci böyük təşkilatdır. O, özündə dünyanın 120-dən çox dövlətini və bir neçə nəhəng beynəlxalq təşkilatını birləşdirir. Yalnız bir məqamı qeyd etmək kifayətdir ki, orada Cənubi Sudan istisna olmaqla, demək olar ki, bütünlükdə Afrika qitəsi, praktik olaraq bütün Latın Amerikası təmsil olunur. Bundan başqa, Qoşulmama Hərəkatı, demək olar ki, bütün Asiyanı da özündə birləşdirir. Burada Rusiya və bir neçə Asiya dövləti istisnadır.
Beləliklə, bu, çox nəhəng resursdur. Onun potensialından rasional istifadə beynəlxalq münasibətlərin daha sahmanlı hala gətirilməsinə imkan verəcək, bir çox problemin ədalətli həlli üçün siyasi-hüquqi bazanın gücləndirilməsinə yol açacaq.
Tarixə kiçik ekskursiya etsək görərik ki, Qoşulmama Hərəkatının yaradılmasında hədəflərdən biri Asiya və Afrika dövlətlərinin konfransının təşkili olub. Belə konfrans ilk dəfə 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilib və o, hərəkatın formalaşması üçün proloq rolunu oynayıb. Hələ o vaxt tədbirdə ümumi əhalisinin sayı 1 milyard 150 milyon nəfər olan 29 dövlət iştirak edib. Konfransa Hindistanın ovaxtkı baş naziri Cəvahirləl Nehru sədrlik edib.
Bandunqdakı konfransda dövlətlər müxtəlif platformalarla çıxış edirdilər və bu, öz növbəsində, vahid əsas bazanın yaradılmasına imkan vermirdi. Məlum olduğu kimi, yeni siyasi platformanın əsas prinsiplərinin müəyyənləşdirilməsi üçün məhz bu tələb olunur. O zaman iştirakçı ölkələr Nehrunun səyləri və nüfuzu sayəsində, nəhayət, antiimperializm və antimüstəmləkəçilik ideyaları ətrafında birləşə bilmişdilər. Bununla da, hərəkatın 10 əsas prinsipi müəyyənləşdirilmiş və Bandunq Bəyannaməsində əks olunmuşdu.
Sonrakı illərdə hərəkatın sürətli möhkəmlənməsi nəticəsində 1961-ci ildə Belqradda təşkil olunmuş konfransda o, «Üçüncü dünya» ölkələrinin ən nəhəng təşkilatı elan olundu. Onun formalaşması prosesində üzv dövlətlər bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasına, beynəlxalq münasibətlərdəki gərginliyin, fikir ayrılıqlarının aradan qaldırılmasına az töhfə verməyib. Məsələn, hərbi alyanslara qoşulmaqdan və onlara öz ərazisində hərbi bazalar verməkdən imtina etməklə. Bu günə kimi üzv dövlətlər beynəlxalq məsələlərin həllində xalqların hüquqlarının təmin edilməsi, sülh və sabitliyin bərqərar olması prinsiplərinə sadiqdirlər.
Bununla yanaşı, yarım əsrdən çox müddətdə bu hərəkatın ciddi beynəlxalq təşkilat kimi qəbul edilməməsi, onun siyasi meydandakı effektivliyini sual altına alırdı. Amma sonradan - böyük geosiyasi dəyişikliklər fonunda blokların qarşıdurmasının keçmişdə qalmasının ardından bu hərəkat öz aktuallığını nümayiş etdirməyə başlayıb. Bu gün ayrı-ayrı dövlətlərin bloklararası qarşıdurmanı bərpa etmək cəhdində məqsəd aydındır: onlar daha kiçik dövlətləri öz maraqlarına tabe etməyə, onlarla istədikləri tonda danışmağa, müstəmləkəçilik dövrünün alətlərini müasir beynəlxalq münasibətlərə tətbiq etməklə, bundan zövq almağa çalışırlar.
Bu cür destruktiv qarşıdurmalara effektiv müqavimət göstərilməsi üçün Qoşulmama Hərəkatı üzvləri qurum çərçivəsində daimi fəaliyyət göstərəcək strukturlar yaratmağa çalışır və bu istiqamətdə, həqiqətən də, ciddi cəhdlər olur. Onlar hərəkatın effektivliyini artıracaq strukturun da yaradılması üzərində çalışırlar. Məsələn, Qoşulmama Hərəkatı sammitinə ev sahibliyi edən ölkə, xüsusilə onun Xarici İşlər Nazirliyi 3 illiyə onun onun hədəflərinə nail olunması, maraqlarının təmini məsuliyyətini öz üzərinə götürür. Bundan başqa, üzv ölkələrin nümayəndələrinin hər il BMT BA sessiyalarında daimi görüşdüklərini nəzərə alaraq, daimi təmsilçi qoşulmamış ölkələr üzrə nazir səlahiyyətlərini icra edəcək. Məsuliyyətin sadələşdirilməsi məqsədilə hərəkat çərçivəsində işçi və kontakt qrupları, həmçinin xüsusi komitələr də yaradılıb. Bu mənada, Azərbaycan diplomatiyasının beynəlxalq arenada nüfuzunu və təsirini artıracağına şübhə yoxdur.
Azərbaycan hərəkata 2011-ci ildə üzv olub. Builki sammitin Bakıda keçirilməsi haqda qərar ondan 5 il sonra qəbul edilmişdi. Elə bu sammitdə də növbəti 3 il üçün hərəkata sədrliyin Azərbaycana ötürülməsi nəzərdə tutulmuşdu.
«Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür», - deyə Azərbaycan Prezidenti İlham Əliyev hərəkatın Bakı sammitinin açılış mərasimindəki çıxışında bildirib.
Bakı sammiti göstərib ki, Azərbaycan bu təşkilatın potensialından istifadə edərək, regionun problemlərini ortaya qoya, diqqəti onların beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyinə yönəldə bilər. Sammitin yekun sənədində Qarabağ məsələsinin də yer alması vacib məqamdır. Bu, Bakının bu məsələdə bir daha beynəlxalq ictimaiyyətin önəmli bir hissəsinin dəstəyini almasına yol açır. Sammitin əhəmiyyətinə məhz bu prizmadan yanaşsaq, bir məqamı aydın şəkildə görə bilərik: Qoşulmama Hərəkatı Azərbaycanın özünün digər iştirakçıların da maraqlarından doğan maraqlarını önə sürməsi üçün əlverişli meydandır.
Bu gün dünyada beynəlxalq hüququn sanki yenidən təftiş olunduğu heç kəsə sirr deyil. Bir halda beynəlxalq hüquq pozulan zaman onu pozan dövlət heç bir məsuliyyət daşımır, digər halda isə dərhal beynəlxalq hüquq normalarının pozulmasından danışılır. Məsələn, Azərbaycan ərazisinin 20%-ni işğal etmiş Ermənistan heç bir sanksiya ilə üzləşmir, eyni regionun digər ölkəsi – Türkiyə Şimali Suriyada antiterror əməliyyatı apardığı üçün təzyiqlərlə üzləşir. Halbuki BMT-nin müvafiq qətnamələr qəbul etməsinə baxmayaraq, Azərbaycan ərazisinin işğalı 20 ildir davam edir, Ankaranın Suriyadakı əməliyyatları isə məcburi və müvəqqəti xarakter daşıyır.
Beynəlxalq fəallığın sonda ikili standartları, dövlətlərin inkişafına maneələri aradan qaldırması Azərbaycan üçün çox vacibdir. Bakı BMT Baş Assambleyası və digər beynəlxalq təşkilatlarda qəbul olunmuş bütün qətnamələrin tələblərinin yerinə yetirilməsini istəyir. Çünki bu, onların nüfuzunu artıracaq, beynəlxalq hüququn hər şeydən üstün olduğunu təsdiqləyəcək. «Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan, BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur», - deyə İlham Əliyev sammitdəki çıxışında bildirib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində, şübhəsiz ki, ön plana təhlükəsizlik, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə məsələləri çıxacaq. Bu, bizim üçün Dağlıq Qarabağ münaqiqəsi mövzusunun gündəmə gətirilməsi baxımından da önəmlidir. Azərbaycan BMT-nin işğal altındakı ərazilərinin azad olunmasını tələb edən bütün qətnamələrin yerinə yetirilməsində israrını davam etdirəcək, bu ədalətli tələbinin Qoşulmama Hərəkatı üzvləri tərəfindən də dəstəklənməsini gözləyəcək.
Bu arada, qeyd edək ki, Ermənistan Qoşulmama Hərəkatında müşahidəçi dövlət statusuna malikdir. Doğrudur, onun təmsilçiləri Bakı sammitinə qatılmayıb. Lakin hərəkatın fəaliyyətinin, orada qəbul olunan qərarların bu və ya digər formada Ermənistana da aidiyyəti var. Başqa sözlə, Bakı sammitinin yekununda qəbul edilmiş bəyannamədə Qarabağ münaqişəsilə bağlı məsələnin ayrıca maddə kimi göstərilməsi bir faktı növbəti dəfə ortaya qoyur: beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistan təcrid vəziyyətindədir, onun mövqeyi ədalətsiz, ziyanlıdır və demək, İrəvan bu yanaşmasını gec və ya tez dəyişməli olacaq. Ermənistan bunu nə qədər tez anlayarsa, onun özü üçün bir o qədər yaxşı olar.
Bütün bunlarla yanaşı, hərəkata sədrliyə başlamış Azərbaycanın qarşısında kifayət qədər çətin vəzifələr durur. Hazırda Qoşulmama Hərəkatı məkanında qlobal əhəmiyyətə malik hadisələr baş verir. Demək, həlli vacib olan bir çox problem hərəkata məhz Bakının sədrlik etdiyi dönəmdə yaşanır. Məsələn, yaxın perspektivdə Suriya münaqişəsi həll edilməli, Liviya böhranı aradan qaldırılmalıdır. Ümumiyyətlə, bu gün bütün «ərəb baharları»dan sonrakı dövrün problemləri ortadadır. Yaxır Şərqdə və Şimali Afrikada sosial təlatümlər bitmək bilmir.
Əfqanıstanda da vəziyyətin sahmana salınması vacibdir. Eyni zamanda, Afrika qitəsi ölkələrinin artmaqda olan roluna böyük ümidlər bəslənir. Üstəlik, İran problemi, Cənub-Şərqi Asiyadakı vəziyyət. Bunlar yaxın bir neçə ildə beynəlxalq gündəmi formalaşdıracaq hadisələrin yalnız bir hissəsidir.
Bu proseslərin məharətlə idarə olunması, bu qədər fərqli dövlətlər arasında dialoq mühitinin yaradılması asan iş deyil. Bununla yanaşı, Azərbaycan diplomatiyasının potensialı, son onillikdə Ermənistanla müharibə şəraitində, bir-birilə rəqabət aparan regional və beynəlxalq güc mərkəzlərilə qonşu olmaqla topladığı təcrübə, malik olduğu resurslar deməyə əsas verir ki, Bakı qarşıdakı vəzifələrin öhdəsindən layiqincə gələcək.
MƏSLƏHƏT GÖR: