23 Noyabr 2024

Şənbə, 15:57

XƏZƏRİN «DÜNYA MÖCÜZƏSİ»

Əfsanəvi Neft Daşları 70 illik yubileyini qeyd edir

Müəllif:

15.11.2019

"Mən xoşbəxt insanam, çünki mən neftçiyəm. Gənc yaşlarımdan Neft Daşlarında işləmişəm - operator kimi başlamışam, indi rəhbər işçiyəm. Əlbəttə ki, illər keçdikcə burada çox şey dəyişib, ancaq istənilən halda, dənizdə işləmək quruda işləməkdən daha çətindir. Çünki Xəzər heç də həmişə sakit olmur... Neftçi olmaq çətindir, amma buna dəyər! ”- deyə neftçi İsrafil İsmixanov jurnalistlərlə söhbətində səmimi etiraf etdi.

Bu, həqiqətən, çox çətindir - ailədən, dostlardan yarım ay uzaq qalmaq, istiyə, soyuğa, küləyə baxmadan açıq dənizdə işləmək, mürəkkəb tapşırıqları yerinə yetirmək, özü də çox dərin quyular qazıb neft çıxarmaq. Bu heyrətamiz şəhərin, əfsanələr şəhərinin, tarix olmuş şəhərin, rəmzə çevrilmiş bir şəhərin - Neft Daşlarının, demək olar ki, bütün sakinlərinin taleyi belədir. Bu il əfsanə şəhər öz 70 yaşını qeyd edir.

 

«Yeddi gəmi adası»

Bakıdan 110 km şimal-şərqdə, Xəzər dənizinin sularında, poladdan və ağacdan hazırlanmış nəhəng bir əfsanə – bənzərsiz Neft Daşları şəhər tipli qəsəbəsi yerləşir. Onu "Qara Daşlar" adlandırılan ərazidə neft hasilatının başlanması ilə bağlı metal dayaqlar üzərində tikiblər - "Qara Daşlar" dənizin səthinə cüzi çıxan, qara və boz rəngə malik daş silsiləsidir. Həm də dənizin 20 metr dəriniyində yaradılmış, "dünyanın səkkizinci möcüzəsi" və hətta "möcüzələr adası" adlandırılan bu mühəndislik kompleksinin tikilməsinin səbəbi, təbii ki, neft hasilatı ilə bağlı idi.

Uzaq 1948-ci ilin 14 noyabr günündə geoloq Ağaqurban Əliyevin, qazma mütəxəssisləri Yusif Səfərovun və Sabit Orucovun təşəbbüsü ilə burada kəşfiyyat və qazma işləri aparılıb, 1949-cu ildə ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. 7 noyabr 1949-cu il gecəsində 1100 m dərinlikdəki quyu ilk neftini verib. Bu hadisənin şərəfinə «Qara Daşlar»ın adının «Neft Daşları»na dəyişdirilməsi qərara alınıb və Xəzərdə dəniz neft hasilatının ilk yolaçanına çevrilən quyu zaman keçdikcə abidəyə çevrilib və bu gün bu yatağın əsas rəmzi sayılır.

«Neft Daşları»nın ətrafında, ərazisi 7 min hektar olan bir süni ada yaratmaq qərara alındı. Qəsəbənin inşasına 1958-ci ildə başlanıldı. Gəmilərlə yarım milyon kubmetr qaya daşları, qum gətirildi. Şəhərin əsas hissəsinin təməli su altında qalmış yeddi gəmi oldu, onların sırasında dünyanın ilk neft tankeri - İsveçdə düzəldilmiş əfsanəvi «Zoroastr» da vardı. Süni “Yeddi gəminin adası” belə yaradıldı. Quyuların sayının artmasına paralel olaraq, onları birləşdirən bağlayıcı estakadaların da sayı artdı ki, bu gün onların üzəri ilə çox sayda minik və yük maşını şütüyür. 70 il boyunca Neft Daşlarında 1940 quyu qazılıb, 200 km-ə yaxın estakada tikilib, 333 istehsal sahəsi qurulub, 100 km neft, qaz və su kəməri çəkilib.

Bakıdan «Neft Daşları»na yalnız dənizlə və vertolyotlarla getmək olar. Burada daimi əhali yoxdur, işlər "həftə/həftə aşırı" növbə üsulu ilə gerçəkləşdirilir. Bir iş növbəsi, orta hesabla, 10-12 saat davam edir. Xəzərdə fırtınaların tez-tez baş verməsi təhlükəsi nəzərə alınarsa, işlər çox vaxt ekstremal şəraitdə görülür. Beləliklə, burada istehsal olunan hər ton neft, həqiqətən, qızıl qiymətinə başa gəlir, çünki bu çətin dəniz şəraitində işləyən azərbaycanlı neftçilərin fədakar əməyinin nəticəsidir.

 

Fədakar əmək  

«Neft Daşları» Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) kollektivi müxtəlifdir – bunların sırasında operatorlar, neft və qaz ustaları, lay təzyiqinin dəstəklənməsi operatorları, neftin hazırlanması mütəxəssisləri, quyu təmirçiləri, enerji mühəndisləri, inşaatçılar, nəqliyyat işçiləri, xarratlar və elektrik qaynaqçıları, adi işçilər var və rəhbər kadrlar var. Kollektivdə təcrübəli işçilərlə birlikdə gənclər çalışırlar və onların təcrübəli neftçilərin diqqətinə böyük ehtiyacı var. «Neft Daşları»nda işləmək əvəzsiz təcrübə verir. Yeni başlayan mütəxəssislər üçün bu çox yaxşı bir məktəbdir. Burada dənizdə işləmək iqlim şəraitinə görə quruda işləməklə müqayisədə daha ağırdır. Düşünürəm ki, insan çətinliklərdən başlamalıdır ki, gələcəkdə normal işin öhdəsindən gəlmək asanlaşsın”, - deyə quyuların təmiri üzrə usta Nazim Kərimli vurğulayır.

Yeri gəlmişkən, Neft Daşlarında neftçilərin ağır iş növbəsindən sonra istirahəti üçün də lazımi şərait yaradılıb. Təsəvvür etmək çətindir, amma burada, açıq dənizin ortasında gəzmək və istirahət etmək, parkda yaşıl ağacların rəngarəngliyindən ləzzət almaq və ya idman salonunda məşğul olmaq mümkündür. Burada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb və muzey yaradılıb, geoloq Ağa-Qurban Əliyevin heykəli qoyulub, Qarabağ münaqişəsinin qurbanı olmuş neftçilərə memorial lövhə qoyulub, dənizdə həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılıb... Bütövlükdə, qəsəbədə sakinlərinin dolğun həyatını təmin etmək üçün hər şey var: bir neçə elektrik stansiyası, yataqxana və yaşayış binaları, çörək bişirmə sexi, çay evi, yeməkxana, futbol meydançası, kitabxana, uşaq bağçası, kinoteatr, xəstəxana, su təmizləyici qurğu və tullantıların yandırılması üzrə stansiya var.

SOCAR prezidenti Rövnəq Abdullayevin qeyd etdiyi kimi, dəniz neftçiləri şirkətin insan resurslarının qızıl fondu hesab olunur. “Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu, eyni zamanda Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir «Neft Daşları» yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi «Neft Daşları»dır",- deyə Azərbaycan Prezidenti İlham Əliyev «Neft Daşları»nın 70 illik yubileyi münasibətilə neftçilərə təbrikində vurğulayıb.  

 

Potensial hələ var

Həqiqətən, bu yatağın işlənməsi təkcə Xəzərdə deyil, Oxot, Barents, Şimal dənizlərində, eləcə də Meksika körfəzində kəşfiyyat-axtarış işlərinin inkişafına güclü təkan verdi. Məhz «Neft Daşları»nda ilk dəfə dəniz əməliyyatlarının tam tsikli quruldu: neft və qaz axtarışından hazır məhsulun çatdırılmasına qədər, dəniz texnikası sahəsində təcrübələrdən tutmuş onların kütləvi tətbiqinə və həyata keçirilməsinə qədər. «Neft Daşları»nda kəşfiyyat və istismar işlərinin aparılması prosesində elmi kadrların hazırlanması üçün bütöv bir məktəb yaradıldı.

Təcrübədə alimlərin son ideya və ixtiraları həyata keçirildi, neftçilər isə çətin dəniz şəraitində peşəkar təcrübə və bacarıqlar qazandılar. «Neft Daşları»nda işləyən mütəxəssislər daha sonra «Kazaxneft», «Turkmenneft», «Daqneft», «Tatneft», «Başneft» və s.-də işləməyə yollandılar. SSRİ-də ilk dəfə «Neft Daşları»nda bir əsasdan bir neçə istiqamətdə quyu qazma üsulu sınaqdan keçirildi. Daha sonra bu kolvari qazma üsulu SSRİ-nin digər neft yataqlarında da geniş tətbiq olundu. «Neft Daşları» yatağının işlənməsinin yeni estakada metodu indiyə kimi dünyada ilk sayılır və analoqu yoxdur.

Yataq artıq inkişafının son mərhələsində olmasına baxmayaraq, Azərbaycanda ümumi neft hasilatına öz töhfəsini verməkdə davam edir. SOCAR-dan verilən məlumata görə, hazırda «Neft Daşları» Neft və Qazçıxarma İdarəsinin əməliyyat fonduna 406 quyu daxildir, onlardan 399-u aktivdir. Yataqda gündəlik hasilat həcmi 3500 ton neft və 300 min kubmetr qaz təşkil edir.

"Sulanma səviyyəsi 30%-dir ki, bu da işlənmənin son mərhələsində olan yataq üçün olduqca aşağı göstəricidir",- deyə şirkətdən bildirirlər.

«Neft Daşları» NQÇİ-nin istismar etdiyi «Neft Daşları» və «Palçıq təpələri» yataqlarında 70 il ərzində toplam 186 milyon ton neft və 14.3 milyard kubmetr təbii qaz hasil edilib. Bununla bütün fəaliyyəti boyunca NQÇİ ölkə üzrə neft hasilatının 13%-ni təmin edib. Eyni zamanda ötən dövr ərzində təkcə "Neft Daşları" yatağından 176 milyon ton neft və təqribən, 13,6 milyard kubmetr təbii qaz hasil edilib.

“Hasilat səmərəliliyinin artırılması istiqamətində görülən işlər nəticəsində son 2 ildə “Neft Daşları” NQÇİ tərəfindən istehsal olunan neftin həcmi 1 milyon tonu keçib. Bu, Azərbaycanın müstəqillik illərində bu sahənin işlənməsi üzrə rekord hesab olunur”, - deyə SOCAR şirkətinin «Azneft» İstahsalat Birliyinin baş direktoru bildirib.  

Onun sözlərinə görə, neft hasilatının artırılması üçün yeni quyuların qazılması və fəaliyyətsiz olanların istismara qaytarılması xüsusi əhəmiyyət kəsb edir. Son 10 ildə Neft Daşlarında 9 yeni dəniz bünövrəsi tikilib, 183 quyu qazılıb və əlavə olaraq 500 min tona yaxın neft hasil edilib, 145 hərəkətsiz quyunun təmiri isə daha 150 min ton "qara qızıl" çıxarılmasını təmin edib.

Eyni zamanda yatağın potensialı hələ tam tükənməyib. Geoloqların qiymətləndirməsinə görə, "Neft Daşları" yatağındakı qalıq ehtiyat 210 milyon ton neft təşkil edir. Eyni zamanda indiki texnologiyaların istifadəsi şərtilə çıxarıla bilən neft ehtiyatı 18-20 milyon ton götürülür. “Ancaq yeni texnologiyaların meydana gəlməsi ilə bu ehtiyatların çıxarılma dərəcəsinin arta biləcəyi mümkündür. "Neft Daşları" yatağının gələcək istismarı üçün 5 yeni meydança-əsasın istismara verilməsi, həmçinin 50-60-a qədər yeni hasilat quyusunun qazılması planlaşdırılır", - deyə şirkətdən bildiriblər.

"Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat “şəhəri”nə çevrilən «Neft Daşları» indi öz inkişafının yeni mərhələsini yaşayır. Əminəm ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir", - deyə Prezident İlham Əliyev bildirib.

 

Yeni perspektivlər  

SOCAR-ın «Neft Daşları» sahəsində qazandığı təcrübə Xəzərin daha dərin yataqlarında kəşfiyyat-axtarış işlərini sürətləndirmək üçün əlverişli zəmin

yaratdı. Bu günə qədər Azərbaycanda 28 dəniz neft və qaz yatağı müəyyən edilib ki, onlardan 19-u işlənilməkdədir, ölkənin qurusunda açılmış 53 yataqdan 40-ı istismar edilir. İndiyə kimi, Azərbaycanın dəniz yataqlarından 1,09 milyard ton neft və 714 milyard kubmetr qaz hasil edilib. Qurudan isə 979 milyon ton neft və 139 milyard kubmetr qaz çıxarılıb. Müstəqillik dövründə Azərbaycanın neft-qaz sektoruna qoyulan ümumi investisiya 101 milyard dollar təşkil edib.

“Gələcək üçün qarşımızda duran əsas məsələ neft hasilatını sabit səviyyədə saxlamaq və qaz hasilatını artırmaqdır. Yaxın illərdə «Abşeron», «Ümid» yataqlarında, «Qarabağ», «Babək», «Şəfəq», «Asiman», «Əşrəfi», «Dan ulduzu», «Aypara» yataqlarında genişmiqyaslı kəşfiyyat-axtarış və hasilat işlərinə başlamağı planlaşdırırıq", - deyə R.Abdullayev bildirib.

Onun sözlərinə görə, bu layihələrin həyata keçirilməsində «Neft Daşları»na xüsusi rol ayrılıb, qəsəbə Xəzərin Azərbaycan sektorundakı digər yataqları birləşdirən strateji rabitə və infrastruktur mərkəzinə çevrilib. SOCAR-ın illik neft və qaz hasilatının 70%-i, o cümlədən «Günəşli» yatağının dayaz hissəsindən neft və səmt qazı, həmçinin «Azəri-Çıraq-Günəşli» blokuna daxil olan «Çıraq-1» platformasında hasil olunan səmt qazı da sahilə məhz buradan daşınır. Qaz «Neft Daşları»ndakı qaz kompressor stansiyasına (QKS) daxil olur, burada sıxılır və sahilə göndərilir. Layihə gücü gündə, təxminən, 11 milyon kubmetr olan QKS gündə, təxminən, 6 milyon kubmetr qaz qəbul edir və nəql edir. Yeni yataqların istismara açılması gücləri tam istifadə etməyə imkan verəcək.

Yeri gəlmişkən, «Abşeron» yatağında 2021-ci ilə planlaşdırılan hasilata başlanılması ilə burada istehsal olunan qaz və kondensat da «Neft Daşları»ndakı infrastruktur vasitəsilə sahilə göndəriləcək. Beləliklə, karbohidrogen ehtiyatlarının tam tükənməsi halında da, bu mühəndislik kompleksi ötürmə habı kimi Azərbaycanın neft-qaz kompleksində əsas rollardan birini oynamağa davam edəcək.

Dayaqlar üzərindəki əfsanəvi şəhər təkcə dünya neft hasilatı tarixində deyil, dünya kinosunda da öz izini qoyub. Axı, Ceyms Bond haqqında növbəti seriya "Bütün dünya da kifayət deyil" çəkilişi burada aparılıb. Həm də «Neft Daşları» ən qədim dəniz neft platforması kimi «Ginnesin Rekordlar Kitabı»na daxil edilib. Bu unikal obyekti uzunmüddətli perspektivdə nə gözlədiyini indidən söyləmək çətindir. Ancaq «Neft Daşları» canlı neft muzeyi, inanılmaz möcüzələr adası və insanın açıq dənizlərdə bütöv şəhər platforma quraraq təbiəti necə fəth etməsinə bariz bir nümunə olaraq bəşəriyyətin yaddaşında əbədi qalacaq.



MƏSLƏHƏT GÖR:

367