23 Noyabr 2024

Şənbə, 16:18

NEFT DÖVRÜ BİTİR

Gələcəkdə enerjiyə tələbatın artacağına baxmayaraq, bəşəriyyət ekoloji zərərli yanacaq növlərindən imtina edəcək

Müəllif:

15.11.2019

Dünya "neft erası" qüruba yaxınlaşır: bir neçə onillik də keçəcək və neft bəşəriyyət üçün qeyri-aktual yanacaq olacaq, onunla bağlı hər şey – iri hasilat şirkətləri, boru kəmərləri, bazarlar, maraq müharibələri və s. də tarixə qovuşacaq. Bu gün bu proqnoz nə qədər fantastik səslənsə də, o, artıq həm bazar iştirakçıları, həm də neft hasil edən ölkələrin hökumətləri tərəfindən etiraf edilir.

Özü də, bu, neftin yer altında tükənməsinə görə baş verməyəcək – əslində, karbohidrogen ehtiyatları hələ bir neçə yüz ilə çatar. Sadəcə, onu başqa, daha ekoloji təmiz yanacaqlar əvəz edəcək.

Lakin «BP» şirkətinin tədqiqatçıları hesab edir ki, bu “X günü”ndən əvvəl bizi maraqlı hadisələr gözləyir və bu, ölkələrin iqtisadi istiqamətlərini əsaslı şəkildə dəyişdirə bilər.

 

Yanacaq bazarında iki çağırış  

Qlobal iqtisadiyyatın daha da böyüməsi ilə enerji istehlakı artacaq. Belə ki, 2040-cı ildə dünyanın enerji resurslarına ehtiyacları 2020-ci illə müqayisədə, təxminən, 30% daha çox olacaq. Üstəlik, insan inkişafı indeksinə əsaslanan müxtəlif analitik qrupların araşdırmalarına görə, dünya əhalisinin 80%-i hələ də normal həyat üçün lazım olan enerjiyə sahib deyil. Nəzərə alınsa ki, yer üzündə insanların sayı artır, həmçinin son tendensiyalara görə ölkələr öz vətəndaşları üçün bərabər şərtlər yaratmağa və yoxsulluğu aradan qaldırmağa çalışmalıdırlar, onda enerji istehlakını artırmaqdan başqa çarələri qalmayacaq. Bu, hazırda bəşəriyyətin üzləşdiyi problemlərdən biridir.

Ancaq başqa bir məsələ də var - dünya birliyi ekoloji fəlakət və qlobal istiləşmənin qarşısını almaq üçün karbon qazı tullantılarını azaltmağın vacibliyi ilə üz-üzədir. Təbii ki, bu iki çağırışı eyni anda yerinə yetirmək mümkün deyil. Qlobal iqtisadiyyat bərpa olunan enerjiyə əsaslanmadıqca bu, qeyri-realdır –növbəti onilliklər üçün qlobal hədəf məhz budur.

«BP»nin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov Bakıda «BP»dən dünyada energetikasının statistik icmalı» və «Enerji perspektivlərinə baxış – 2040» nəşrlərinin təqdimatında bildirib ki, bərpa olunan enerji mənbələri 2040-cı ilə qədər 15% təşkil edəcək. "İlk baxışda bu, çox deyil, amma onun artım sürətini istənilən başqa enerji növünün artımı ilə müqayisə etsəniz, indiyədək görünməmiş artımın olduğu üzə çıxacaq ", - deyə V. Drebentsov vurğulayıb.

Lakin bu, tullantılar problemini həll etmək üçün yetərli deyil. Buna görə mütəxəssislər daha təsirli bir yol təklif edir - "zərərli" yanacaq növlərini, məsələn, kömürü nisbətən "təmiz" olanlarla - atom enerjisi və ya təbii qazla əvəz etməyi məsləhət görürlər. Beləliklə, dünya analitikləri, o cümlədən «BP» proqnozlarını tərtib edənlər düşünürlər ki, 2030-cu ildən başlayaraq neftə tələbat tədricən azalacaq. “Bu, neft hasilatı ilə bağlı artıq bu gün vacib qərarlar qəbul etmək üçün son dərəcə önəmli bir nəticədir. Bir çox hökumətlər, şirkətlər nefti gələcək nəsillər üçün saxlamağın gərək olduğunu düşünməyə meyillidirlər. Amma tədqiqatlar göstərir ki, yaxın bir neçə onillikdən sonra ona sadəcə tələb olmayacaq, onu heç kimə satmaq mümkün olmayacaq”, - deyə V.Drebentsov vurğulayıb.

Bir sözlə, Səudiyyə Ərəbistanının neft sənayesi naziri Zəki Yamaninin hələ keçən əsrin 70-ci illərində söylədiyi sözlər tamamilə doğru imiş: “Daş dövrü dünyada daşlar bitdiyi üçün sona çatmadı. Neft əsri də neftin tükəndiyinə görə bitməyəcək".  

Bununla yanaşı, belə proqnozlar bəzən iri maliyyə qurumlarının qeyri-adekvat reaksiyasına səbəb olur, onlar son illərdə neft hasilatı ilə bağlı layihələri maliyyələşdirməkdən imtina edirlər. Analitiklər sanır ki, bu, çox yanlış addımdır, çünki bu gün dünya neftdən bütünlüklə imtina etməyə hazır deyil. Əgər proqnozlara görə, 2040-cı ilə neftə olan tələbat ildə 80 milyon barel təşkil edərsə, sərmayələr olmadıqda bu həcmin yarısını belə təmin etmək mümkün olmayacaq.

 

Neftin qürubu  

Bütün bu cərəyanları nəzərə aldıqda, aydın olur ki, yaxın illərdə qlobal neft bazarında rəqabət artacaq, bununla yanaşı, maraqlar və nüfuz dairələri bölgüsü dəyişəcək və bu, çox ciddi dəyişmə olacaq. İş ondadır ki, getdikcə güclənən “şist nefti” inqilabı dünya enerji bazarında alışılmış güc balansını və qiymət siyasətini pozur. «BP»nin araşdırmasından belə çıxır ki, bu gün artıq açıq şəkildə, demək olar ki, rəqabətli bazarda normal şəraitdə dünya özünü neftlə əvvəlkindən daha aşağı qiymətlərlə təmin edə bilər.

"Bəli, hələ ki, OPEK-in bu prosesə təsiri olduqca hiss ediləndir - son illərdə kartel "şist inqilabı" çağırışlarına, bazara daxil olan həmin artıq neftə cəld reaksiya verir. Biz görürük ki, OPEK-in siyasəti öz bəhrəsini verir, ticari neft ehtiyatları azaldı, amma həmin anda neftin qiyməti yüksəlməyə başlamadı. Lakin neft bazarının problemi ondadır ki, bu, yalnız qısamüddətli planda mümkündür - qiymət artan kimi ABŞ-da neft hasilatı daha da sürətlə artmağa başlayır. Məsələ bundadır ki, daha aşağı qiymətlərdə sweet spots adlanan ən perspektivli şist neft yataqlarından istifadə olunur, lakin qiymət qalxdıqca istehsal daha az məhsuldar olan sahələrdə də başlayır, çünki onlar yüksək qiymətlərlə özlərini doğruldurlar", - deyə V.Drebentsov vurğulayıb.

"Şist inqilabının" dünya neft istehsalına gətirdiyi daha bir vacib yenilik neft bazarına qısamüddətli girişlə bağlıdır. Ənənəvi hasilat üsulları çərçivəsində neftin bazara çıxması üçün sərmayə müqaviləsinin imzalandığı andan ən azı 5 il keçməsi tələb olunursa, burada ən çoxu bir neçə ay vacib sayılır. "Buna görə də, çox güman ki, yaxın gələcəkdə neft bazarında qiymətlərin daimi dəyişkənliyini proqnozlaşdırmaq daha doğru olacaq", - deyə V.Drebentsov vurğulayıb.

 

Əlverişli qaz

Beləliklə, dünya tarixinin "neft erası" qüruba yaxınlaşır. Bəs, qazla necə olacaq, bu meyil Azərbaycanın da tezliklə əsas oyunçulardan birinə çevriləcəyi dünya "mavi yanacaq" bazarına təsir göstərəcəkmi?

«BP» analitiklərinin fikrincə, təbii qaz bazarındakı vəziyyət neft hasilatı meyillərinə çox bənzəyir. Belə ki, keçən il qaz istehlakı son 10 ildəki orta səviyyədən daha sürətlə böyüyüb, amma həm istehsalda, həm də istehlakda müşahidə olunan bu artım ABŞ-ın payına düşüb. Bu da şist inqilabının nəticəsidir, sadəcə bu, qazda neftdən daha erkən başlayıb. ABŞ təkcə 2018-ci ildə qaz hasilatını 86 milyard kubmetr artıra bilib. Müqayisə üçün, nə Rusiya, nə də keçmiş Sovet İttifaqı bütün tarixi boyunca belə bir artıma nail ola bilməyib.

Qlobal qaz bazarları üçün daha vacib olan bir məqam da şist qaz inqilabına paralel olaraq mayeləşdirilmiş təbii qaz (LNG) inqilabının baş verməsidir. "Bu proseslər bir-biri ilə bağlı olmayıb, onlar ayrı-ayrılıqda başlayıblar, amma zamanla onların üst-üstə düşməsinin açıq nəticələrini görürük. Ən çox ABŞ-da artım müşahidə olunur və biz gələcəkdə bu ölkənin maye qazın ən böyük tədarükçüsü olacağını gözləyirik”, - deyə V. Drebentsov qeyd edib.  

Onun sözlərinə görə, bu, qaz bazarları üçün tamamilə yeni bir hadisədir, çünki əvvəllər bu yanacağın qlobal bazarı yox idi: regional bazarlar - Şimali Amerika, Avropa, Avrasiya və Asiya-Sakit okean bazarları var idi. Bu bazarlar bir-birinə bağlı olmadığından, qiymət formalaşmasında hərə "öz həyatını yaşayırdı". Lakin mayeləşdirilmiş qaz, bütün bu bazarları birləşdirən ən hərəkətverici qüvvə rolunu oynayır, çünki bu məhsulla dolu bir tanker, demək olar ki, dünyanın hər yerinə üzə bilər. ABŞ-ın şərq sahillərindən gələn təbii qaz heç yaxın olmayan Yaponiya və ya Koreyaya aparıla bilər.

Beləliklə, Asiyada qaz qiymətlərinin birbaşa Şimali Amerikadakı qaz qiymətlərindən asılı olduğu maraqlı bir meyil ortaya çıxır. Bir sözlə, ABŞ-da "mavi yanacaq" qiymətləri dünya neft qiymətləri üçün lövbərə çevrilir ki, istənilən qaz təchizatçısı, o cümlədən Azərbaycan da bununla hesablaşmalıdır – yəni mayeləşdirilmiş qaz təchizatçıları ilə "boru kəməri" qazı təchizatçıları arasında rəqabət ildən-ilə artacaq.

Eyni zamanda qaz qiymətlərinin neft qiymətlərindən asılı olması da mütləq aradan qalxacaq – bu qiymətlər müstəqil ticarət meydançalarında müəyyən olunacaq. “Bu artıq müşahidə olunur. Məsələn, artıq 6 ildir ki, Rusiyanın "Qazprom" şirkəti qazı neftin qiymətindən asılı deyil, Avropa ticarət meydançalarında formalaşan qiymətlərlə satır. Bütün qaz müqavilələrində bu məqamları nəzərə alan müddəalar var. Buna görə də sabit uzunmüddətli qiymətlərlə bağlanmış müqavilələr aktual olmayacaq, çünki bu bazarda da qiymətlər dəyişəcək", - deyə V.Drebentsov vurğulayır.

Ümumiyyətlə, artıq bildirildiyi kimi, təbii qazın nisbətən "ekolojiliyi " nəzərə alınaraq, qlobal enerji sektorunda ona tələbat 2040-cı ilə qədər artacaq. Buna görə də, bu qaynaqla zəngin olan ölkələr zərər görməyəcəklər. Bu yanacaq ətrafında ajiotaj artıq başlayıb. Aparıcı hökumətlərin və maliyyə qurumlarının "mavi yanacağın" hasilatı və daşınması üzrə qlobal layihələrə fəal dəstəyində bu, özünü göstərir. Qazı dünya bazarında səbirsizliklə gözlənilən ölkələr sırasında Azərbaycanın da olması, uzun illər boyunca ölkənin iqtisadi sabitliyi üçün şəksiz müsbət amildir.



MƏSLƏHƏT GÖR:

325