Müəllif: İlqar VƏLİZADƏ, politoloq
Gürcüstana son iki ildə rəhbərlik edən «Gürcü arzusu» partiyasının o qədər də uzun olmayan tarixinin ən ağır dönəmini yaşadığını desək, yəqin ki, yanılmarıq. Üstəlik, partiyada yaranmış böhran faktiki olaraq, müxalifət üçün siqnal olub və müxalifələr dərhal fəallığı artırıblar. Ekspertlərin əksəriyyəti hesab edir ki, böhranın səbəbi gürcü ictimaiyyətinin böyük hissəsinin hakim partiyaya və onun liderinə inamını itirməsidir.
«Gürcü arzusu»nda ziddiyyətlər
Hələ 2018-ci ilin yazında və yayında ozamankı hökumətin fəaliyyətinə etiraz olaraq keçirilən kütləvi aksiyalar iyunun 13-də baş nazir Georgi Kvirikaşvilinin istefası ilə nəticələnmişdi. O zaman hökumətə bir neçə il rəhbərlik etmiş Kvirikaşvili bir neçə ay əvvəl hakim partiya daxilində, sonradan isə ümumilikdə Gürcüstan siyasətində baş qaldırmış ziddiyyətli proseslər sonunda istefa verməli olmuşdu. Prosesin özü isə baş nazir Kvirikaşvili ilə milyarder İvanişvili arasındakı fikir ayrılıqlarından yaranmışdı. Daha konkret desək, baş nazirin kadr siyasəti və daxili siyasətə dair bir sıra qərarları İvanişvilinin xoşuna gəlməmiş, nəticədə, tərəflər arasında problem baş qaldırmışdı.
«Gürcü arzusu»nun qurucusu Bidzina İvanişvilinin partiya idarəçiliyinə qayıtması ilə partiya və ümumilikdə ölkə rəhbərliyindəki problemlər özünü daha aşkar göstərməyə başlayıb. Prezident seçkisinə bir neçə ay qalmış hakim partiyanın fəaliyyətinin nəinki müxalifət, hətta partiyanın bəzi üzvləri tərəfindən belə, sərt tənqid olunması, hakim partiyaya tənqidi münasibətdə olan prezident Georgi Marqvelaşvilinin mövqelərinin güclənməsi, siyasi müxalifətin fəallığı artırması baş nazirin fəaliyyətilə bağlı narazılıqları daha da genişləndirib. Söhbət məsələn, ölkədə sosial-iqtisadi göstəricilərin geriləməsindən, sosial gərginliyin artmasından və s. gedir.
Lakin Kvirikaşvilinin istefası problemi nəinki həll etməyib, əksinə, böhranı daha da artırıb. Onun yerinə gəlmiş Mamuka Baxtadze o qədər də müstəqil siyasətçi deyil. Onun nəinki partiyada, həm də hökumətdə ciddi nüfuzu yoxdur. Bütün bunlardan sonra Gürcüstanda 2018-ci ilin payızında keçirilmiş prezident seçkisi də istər baş nazirin zəifliyini, istərsə də elektoratın «Gürcü arzusu»na dəstəyinin xeyli azaldığını ortaya qoyub. Hər halda, hakimiyyətin dəstəklədiyi namizəd Salome Zurabişvili qələbəyə çox çətinliklə nail olub. O zaman müxalifətin prezidentliyə namizədi Qriqol Vaşadze ətrafında ciddi müxalifət qüvvələrini birləşdirməklə, kifayət qədər yaxşı nəticə göstərə bilmişdi. Demək, Gürcüstanda ciddi siyasi qütbləşmə yaranıb. Bu isə müxalifətin 2020-ci ildə keçiriləcək parlament seçkisində ciddi uğur qazanmasına yol aça bilər.
Bununla yanaşı, hələ 2018-ci ilin payızında bir təhlükə də özünü açıq şəkildə göstərməyə başlamışdı: iki əsas siyasi güc arasında siyasi qütbləşmənin dərinləşməsi açıq siyasi münaqişəyə belə, yol aça bilər.
Bir müddət daxili siyasətdə nisbi sakitlik yaransa da, ötən ilin yayında ölkədə növbəti böhran başlayıb. Bu dəfə etirazlara Parlamentlərarası Pravoslav Məclisinin Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndələri səbəb olub. Küçələrə axışan insanlar rusiyalı deputatların dərhal ölkədən çıxarılmasını tələb edib. Nəticədə, iyunun 21-nə keçən gecə polislə nümayişçilər arasında toqquşmalar baş verib. Bu hadisələr xalq arasında «Qavrilov gecəsi» adı ilə qalıb. Söhbət toplantıda müvəqqəti olaraq Gürcüstan parlamentinin spikeri kürsüsünə əyləşərək iclası idarə etmiş rusiyalı deputatdan gedir. O zaman hakimiyyət parlamentin spikeri İrakli Kobaxidzenin istefası ilə kifayətlənmişdi.
Lakin daxili işlər naziri Georgi Qaxariyanın idarəolunmaz xaosa çevrilmək riski olan nümayişlərin dağıdılması zamanı həddindən artıq sərt davranması yalnız tənqidçilərin deyil, «Gürcü arzusu» tərəfdarlarının belə, etirazına səbəb olmuşdu. Bunun ardınca hökumət nümayişçilərə güzəştə gedərək, Seçki Məcəlləsində dəyişikliklər etməyə razılıq vermişdi.
Bütün bunların fonunda hakim partiyanın lideri Bidzina İvanişvili mövcud parlament seçkisi qaydalarında dəyişikliklərin ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, seçki proporsional sistemlə keçiriləcək və parlamentə düşmək üçün minimal baryer ləğv olunacaq. Buradan belə çıxır ki, populyarlığını sürətlə itirən «Gürcü arzusu» hakimiyyəti daha kiçik partiyalarla koalisiyaya getməklə qorumağı düşünür. Üstəlik, daha kimik partiyaların parlamentə düşmək şansının yaranması istər-istəməz, müxalifətin elektoratını parçalayacaq.
Bununla yanaşı, artıq payızın əvvəlində Qaxariyanın mövqeyini gücləndirdiyi və Baxtadzenin tezliklə istefa vermək məcburiyyətində qalacağı haqda söz-söhbətlər hər tərəfi bürümüşdü. Belə də oldu. «Gürcü arzusu»nun qərargahında sentyabrın 2-də keçirilən ilkin müzakirələr baş nazir Mamuka Baxtadzenin istefası ilə bitdi. Bu, 2012-ci ildən, yəni «Gürcü arzusu»nun hakimiyyətə gəlişindən və baş nazirin icraedici hakimiyyət iyerarxiyasında birinci şəxs olmasından sonra Nazirlər Kabinetindən 4-cü rəhbər istefası idi.
Gözlənildiyi kimi, ölkənin yeni baş naziri Georgi Qaxariya oldu. Bu dəfə söhbət sərt davranış tərəfdarı, artıq böhranlı vəziyyətin müsbət həllində təcrübəsi olan siyasətçidən gedirdi. O zaman növbəti böhranın çözülməsinə ehtiyacın bu qədər tez yaranacağını, yəqin ki, az adam təxmin edərdi…
Noyabrın 14-də toplaşan Gürcüstan parlamenti hakimiyyətin etirazçılara «Qavrilov gecə»si verdiyi vədi yerinə yetirə bilməyib – mojaritar qaydada seçilmiş deputatlar seçki sisteminin dəyişməsinin əleyhinə səs veriblər. Onların bu cür həmrəylik göstərməsi əvvəlcədən əldə olunmuş razılaşmanın nəticəsi kimi qiymətləndirilib. Bunun ardınca səsvermənin nəticəsindən narazı olan bir sıra tanınmış deputat hakim partiyanın sıralarından istefa verib. Bir müddət sonra mühafizəkar partiyanın da bəzi üzvləri parlamentdəki çoxluqdan gedib və bununla da, hakim koalisiya xeyli zəifləyib.
Etirazlar güclənib
Bundan bir müddət sonra Gürcüstan paytaxtında etirazçı hərəkat böyüməyə başlayıb. Yayda olduğu kimi, bu dəfə də etirazçıların əsas hərəkətverici qüvvəsi müxalifət partiyaları yox, «sistemdən kənar» müxalifətdir. Müxalifət sadəcə, nümayişlərdən siyasi şüarların səsləndirilməsi, keçid hökumətinin yaradılmasına, növbədənkənar parlament seçkisinin keçirilməsinə çağırışlar etmək üçün yararlanır. Hələlik hadisələr dinc etirazlar şəklində cərəyan edir. Sabitliyin pozulmasına cəhdlərin qarşısı dərhal və bütün vasitələrlə alınır.
Noyabrın 17-dən etirazçılar dövlət qurumlarına girişi bağlamaq üçün zəncir və qıfıldan istifadə etməyə başlayıb. Nümayişlər parlamentin binası qarşısından başladığından, ilk hədəf də parlament olub. Daha bir qıfıl Gürcüstan Baş Prokurorluğunun qapısına vurulub. Hökumət evinə giriş isə bağlamaq mümkün olmayıb və bundan sonra müxalifət alternativ yollar axtarmağa başlayıb. Onlar sadəcə, hasara qıfıllar asmağa başlayıblar.
Beləliklə, hakimiyyət üçün Georgi Qaxariya faktiki olaraq, yeganə böhran meneceri olaraq qalır. Artıq parlamentin qarşısındakı nümayişin dağıdılması üçün xüsusi təyinatlılardan istifadə olunub. Lakin hökumət istəyinə yalnız güc yolu ilə nail olmaq istəmir. Hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək…
Gürcüstan və Azərbaycan
Gürcüstan Azərbaycan üçün vacib xarici siyasi və xarici iqtisadi tərəfdaşdır. Odur ki, qonşu ölkədə siyasi sabitliyin pozulması Bakını qane edə bilməz. Ölkələri ümumi strateji layihələr, həmçinin şəxslər arasındakı münasibətlər və tarix birləşdirir. Yeri gəlmişkən, tarix haqda. Təəssüf ki, son zamanlar Gürcüstandakı daxili siyasi qeyri-müəyyənlik, əsas siyasi qüvvələr arasındakı çəkişmələr fonunda destruktiv dairələri dinc oturmur. Onlar Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ monastır kompleksinin (gürcü tərəfi onu David Qaracı adlandırır) yerləşdiyi hissəsinin demarkasiyası mövzusunda gərginlik yaratmaq üçün əllərindən gələni edirlər. Problem ondadır ki, tərəflər arasında qurumlararası razılaşma formatları – delimitasiya üzrə komissiya, XİN səviyyəsində məsləhətləşmələr və s. – olsa da, qatı gürcü millətçiləri zaman-zaman Azərbaycanın «monastır kompleksini Gürcüstana qaytarmağa məcbur edilməsi»nə çağırışlar səsləndirirlər. Bundan başqa, Gürcüstan prezidentinin Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesinin tezliklə başa çatdırılmasının vacibliyi haqda mütəmadi olaraq səsləndirdiyi bəyanatlar emosiyaları o qədər coşdurub ki, hətta Gürcüstan parlamentinin sabiq spikeri İrakli Kobaxidze bu çağırışı «sonradan hadisələri daha da gərginləşdirən improvizasiya» kimi qiymətləndirib.
Maraqlıdır ki, Georgi Qaxariya hələ daxili işlər naziri olarkən Gürcüstanla Azərbaycan arasında bu məsələ ilə bağlı nifaq salxamağa çalışanlar haqda kifayət qədər sərt danışmışdı. Baş nazir seçildikdən sonra isə o, bu vəzifədə ilk rəsmi səfərini etdiyi (bu ilin oktyabrında) Bakıda fikirlərini tam açıq şəkildə ifadə edib: «Gürcüstanla Azərbaycan mövcud problemlərin həlli üçün hər zaman doğru sözləri və doğru yolu tapacaqlar».
Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə Tbilisiyə qayıdar-qayıtmaz verdiyi şərh də bu fikri təsdiqləyib: «Biz mövcud problemlərlə bağlı tam açıq söhbət apardıq. Nəticə olaraq onu deyə bilərəm ki, kompleksin ərazisindəki kilsə günü sabahdan gürcü dindarların üzünə açılacaq və biz təbii ki, bu istiqamətdə addım-addım, mərhələli şəkildə ciddi irəliləyiş əldə etməliyik».
Ola bilsin ki, kimlərlə Gürcüstandakı daxili problemlərdən yararlanmaqla, Bakı ilə Tbilisi arasındakı ikitərəfli münasibətlərə ciddi zərbə vura biləcəyini düşünüb. Belədirsə, o, daha doğrusu, onlar ciddi şəkildə yanılıblar. Praqmatiklik, Azərbaycanla Gürcüstanın geosiyasi əlaqələrinin qorunub saxlanması istəyi öz işini görür. Qonşu ölkədə daxili proseslərin hansı istiqamətdə gedəcəyindən, orada hakimiyyətdə hansı qüvvənin olacağından asılı olmayaraq, hər kəs bir həqiqəti yaxşı anlayır: Gürcüstanda sülh və əmin-amanlığın olması Azərbaycan-Gürcüstan münasibətləri qədər vacibdir.
MƏSLƏHƏT GÖR: