Müəllif: İlqar VƏLİZADƏ, politoloq
Son illər Şərqi Aralıq dənizi hövzəsində siyasi vəziyyət xüsusi ağırlığı ilə diqqət çəkir. Suriya və Fələstində bitmək bilməyən münaqişə, Liviyadakı ağır hərbi-siyasi durum, Livandakı siyasi böhran… Üçüncü dövlətlərin – ABŞ, Rusiya, Fransa və s. – regionda hərbi mövcudluğu isə vəziyyəti daha da qəlizləşdirir. Kipr sahilləri yaxınlığında zəngin qaz yataqlarının kəşfindən sonra isə Türkiyə, Kipr və Yunanıstan arasında münasibətlər daha da gərginləşib. İndi onlar bu yataqların kimə məxsus olduğunu aydınlaşdırmağa çalışır, bu üzdən mübahisə edir, hətta yeni regional meqaalyanslar qurmağa çalışırlar.
Ankara ilə Tripolinin gedişi
Afina və Avropa İttifaqı tərəfindən dəstəklənən Kipr hökuməti dekabrın 5-də BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinə müraciət edib. O, sahilyanı zonadakı yataqların işlənməsi hüququnun qorunmasını istəyir. Başqa sözlə, Türkiyənin bu ərazilərə iddiasına etiraz olunur.
Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Liviyanın Milli barış hökumətinin (MBH) rəhbəri Fayez Sərrac arasında müvafiq qarşılıqlı anlaşma memorandumunun imzalanmasından bir həftə sonra baş verib. Tərəflərin imzaladığı memorandum Türkiyə ilə Liviya arasında «dəniz yurisdiksiyasının müəyyənləşdirilməsini» nəzərdə tutur. Bunun ardından Ankara BMT-yə bəzi iddialar irəli sürüb. Məsələn, Türkiyə 28-ci meridiandan qərbə doğru (Rodos adasından cənuba) dəniz zonasına və kontinental şelfə iddiasını ortaya qoyub. Beləliklə, Türkiyə ilə Liviya dəniz sərhədinin ümumi sərhədlərini müəyyənləşdirib, Aralıq dənizinin şərq hissəsindəki perspektiv qaz bloklarının onlara məxsusluğunu bəyan edib. Yeri gəlmişkən, burada söhbət Asiya, Afrika və Avropa arasında «sakitliyin hökm sürmədiyi» su hövzəsindən gedir.
Ən maraqlısı isə Ankaranın BMT və Aİ tərəfindən tanınan Tripoli hökumətilə müqavilə imzalamasıdır. Feldmarşal Xəlifə Hafterin rəhbərlik etdiyi, Liviya ərazisinin böyük hissəsinə nəzarət edən və bu hökuməti tanımayan qüvvələr isə Fayez Sərrac hökumətilə imzalanmış heç bir sənədi qanuni saymır. Bu, Ankara ilə imzalanmış memoranduma da aiddir.
Ənənəvi olaraq Sərracı dəstəkləyən Aİ Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyasının müəyyənləşdirilməsinə dair sənədin Liviyanın qanuni hökumətilə imzalandığını nəzərə alaraq, bu «acı tikə»ni udmalı olub. Başqa sözlə, Brüssel bu razılaşmanı aşkar pisləməkdə, Xəlifə Hafterlə bir cərgədə dayanmaq istəməyib. O, sadəcə, sənədin məzmununa aydınlıq gətirilməsini tələb edib. Maraqlıdır ki, Aİ bu tələbi nədənsə yalnız Ankaraya ünvanlayıb.
Prinsipcə, Brüsselin məntiqini anlamaq olar. Aİ mübahisəli qaz yataqları məsələsində qeyd-şərtsiz 2 üzvünü – Kiprlə Yunanıstanı dəstəkləyir, Türkiyənin əməllərini isə davamlı olaraq pisləyir. Lakin digər tərəfdən, o, sözügedən sənədi rədd edə, yoxlaya da bilmir. Çünki bu halda memorandumu imzalamış Sərrac hökumətinin legitimliyi şübhə altına alınmış olacaq. Odur ki, Avropa İttifaqı rəhbərliyi Türkiyə ilə Liviya arasında Aİ üzvlərinin maraqlarına zidd olan bu sənədin imzalanmasından sonra Brüsselin hələ də Sərrac hökumətini dəstəkləyib-dəstəkləmədiyi haqda suala birmənalı cavab verməyib. Bununla yanaşı, avropalı məmurlar Liviyanın Milli barış hökumətinin Aİ tərəfindən müttəfiq kimi qəbul olunduğunu təkrarlamaq məcburiyyətində qalıblar: «Cənab Sərrac bizim tərəfdaşımızdır və biz onunla əməkdaşlıq etməliyik».
Sərracın Ankara ilə razılaşma imzalaması Brüsselin Türkiyə hökumətinə birtərəfli təzyiq imkanlarını xeyli məhdudlaşdırır. Bu, öz növbəsində, Ankaraya yaxşı manevr imkanları verir.
Bu arada bir məqam da mütləq qeyd olunmalıdır – Fayez Sərrac hökumətinin mövcudluğuna görə Türkiyəyə çox minnətdar olmalıdır. Ankara Tripoliyə nəinki humanitar, həm də hərbi-siyasi dəstək verir. Liviyanın qonşuları, məsələn, anti-Türkiyə əhvallı Misir isə feldmarşal Hafterə yardım göstərməyə meyillidir. Yeri gəlmişkən, Tripoli ilə Ankara arasında imzalanmış memorandum Misir tərəfindən sərt tənqid olunub.
Şərqi Aralıq dənizi hövzəsinin Qaz Forumunda nifaq
Hələ 2018-ci ilin sonlarında Misirin enerji naziri ilə kiprli həmkarı sualtı qaz kəmərinin tikintisinə dair hökumətlərarası saziş imzalayıblar. Kəmər Aralıq dənizi hövzəsinin Kipr hissəsində yerləşən «Afrodita» qaz yatağını Misirin şimalında – İdko və Damiettadakı qaz mayeləşdirilməsi zavodları ilə birləşdirməlidir. Bununla, Qahirə qaz məsələsində Kiprin rəsmi tərəfdaşına çevrilib. Oktyabrın 8-də isə Qahirədə Misir və Kipr prezidentləri Abdel Fəttah əs-Sisi, Nikos Anastasiadis və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında üçtərəfli görüş keçirilib. Görüşdə əsas müzakirə mövzularından biri neft-qaz sahəsində əməkdaşlıq olub. Məlum olduğu kimi, Misir Yunanıstan, Kipr, İtaliya, İsrail və İordaniya ilə birlikdə bu yaxınlarda yaradılmış regional enerji təşkilatının – Şərqi Aralıq dənizi hövzəsinin Qaz Forumu (East Mediterranean Gas Forum, EMGF) – fəal üzvüdür. Bu yeni təşkilatın əsas hədəflərindən biri Türkiyənin Kipr sahilləri yaxınlığında qazma işləri aparmasına mane olmaqdır.
Ankara isə Liviya ilə sözügedən anlaşma memorandumunu imzalamaqla, forum iştirakçıları arasına nifaq salıb – onlar iki hissəyə parçalanıblar.
«Coker» təhlükəsi
Bu gün Türkiyə Avropanın əsas qaz tədarükçüsünə çevrilən «Cənub Qaz Dəhlizi» sistemində əsas tranzit ölkədir. Rusiya və Azərbaycandan qaz nəqli layihələrinin reallaşmasından, Kipr və Türkiyə sahillərindəki perspektiv qaz bloklarının işlənilməsinə başlanılmasından sonra Ankara Avropa miqyaslı aparıcı qaz habı adına iddialıdır. Digər ölkələr burada «ikinci dərəcəli» oyunçulara çevrilib və Türkiyənin hökmranlığı ilə formalaşan bazarın şərtlərinə uymaq məcburiyyətindədirlər.
Lakin yaranmış vəziyyətdə özünəməxsus «Coker» də peyda ola bilər. Hazırda Türkiyə Şərqi Aralıq dənizi hövzəsindəki yaxın qoşularının əksəriyyətilə münasibətlərdə böhran yaşayır. Odur ki, Ankaranın xüsusilə Kipr sahillərində aşkarlanmış təbii qazın emalı və nəqli məsələsində qeyri-regional aktorların dəstəyinə ehtiyacı var. Bəzi məlumatlara görə, Ankara bu regionda qaz kəşfiyyatı işlərinin aparılması üçün əvvəllər Rusiya şirkətlərilə də danışıqlar aparıb. «Qazprom»un bu işə cəlbi ona bu bölgədə və ümumilikdə Avropanın enerji bazarında mövcudluğunu möhkəmləndirmək imkanı verəcək. Hazırda bu bölgədən qaz tədarükünün 37%-nə nəzarət edən şirkət bu layihədə böyük paya sahib çıxmaqla, əsas tədarükçüyə çevrilə bilər. Bu arada, Moskva ilə Rusiya istehsalı olan «Triumf» zenit-raket sistemlərinin alqı-satqısı ilə bağlı müqavilə imzalamış Türkiyə sözügedən qaz yataqlarında təhlükəsiz fəaliyyətə zəmanət də verə biləcək. Çünki yeni sistemlər onun xüsusilə mübahisəli ərazilərdə hava məkanına nəzarəti tam əldə saxlamaq imkanı yaradacaq.
Bu məsələdə Rusiyanın qaz nəhəngi olan «Qazprom»un da öz maraqları var: Şərqi Aralıq dənizi hövzəsinin Qaz Forumuna üzv dövlətlər Avropaya qaz tədarükünün artımına nail olsalar, bu, şirkətin mövqeyini xeyli zəiflədəcək. Maraqlıdır ki, «Qazprom» və bir neçə digər Rusiya şirkəti İsrail, Livan və Kiprin qaz yataqlarının işlənməsinə hələ onilliyin əvvəllərində maraq göstərirdilər. Söhbət Livan dənizi hövzəsindən gedir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bu dənizdəki yataqlarda 1,7 milyard barel hasil oluna bilən neft və təxminən 4 trilyon kubmetr qaz var.
2012-ci ilin əvvəllərində Rusiyanın «NovaTEK», Fransanın «Total» şirkətləri, həmçinin «Qazprombank» Kipr şelfindəki 12 blokdan birində geoloji kəşfiyyatın aparılmasına lisenziya almaq üçün birgə müraciətlə çıxış etmişdilər. Bu, ikinci lisenziya tenderi çərçivəsində baş vermişdi. Lakin Kipr tərəfi o zaman bu təklifə maraq göstərməmişdi.
2016-cı ildə isə «Qazprom» İsrailin onun işinə maraq göstərməməsi üzündən bu regionla bağlı planlarından əl çəkməli olmuşdu.
Güman edilir ki, həm Kipr, həm də İsrail ruslarla işləməkdən Aİ və ABŞ-ın təzyiqləri nəticəsində imtina edib. Sonuncular Avropanın qaz bazarında Moskvanın mövqeyinin güclənməsində maraqlı deyillər. Onlar istəyir ki, Aİ-nin enerji daşıyıcılarına tələbatının ödənilməsi fərqli mənbələr hesabına baş versin.
Beləliklə, Rusiya tərəfi istər-istəməz, Aralıq dənizindən Avropaya böyük həcmdə qaz tədarükü planında iştirakdan kənarda qalıb. Digər tərəfdən «Qazprom» Türkiyənin Kiprə yaxın ərazilərdə qaz yataqlarının işlənməsi planlarında da, çətin ki, açıq iştirak etsin. Çünki bunun son dərəcə ciddi geosiyasi riskləri var.
Avropanın ənənəvi qaz tədarükçüsü olan Liviya üçün isə vəziyyət sözün əsl mənasında təhlükəlidir. Baş verənlər fonunda onun əsas ixrac məhsulunun əsas alıcısına çatdırılması şərtləri ağırlaşa bilər. Əgər 2010-cu ildə ölkədə illik qaz hasilatının həcmi 16 milyard kubmetr idisə, BP-nin məlumatına görə, Qəddafinin devrilməsindən sonra bu göstərici 1,5-2 dəfə azalıb. Nəticədə, Liviyanın təbii resursların satışından əldə etdiyi gəlirdə xeyli azalıb və bu, özünü ilk növbədə sosial sahədə göstərib.
Digər tərəfdən «Bloomberg» xəbər verir ki, Avropada təbii qaz bolluğu getdikcə artmaqdadır. Nəticədə «mavi yanacağ»ın qiyməti son 10 ildə ən aşağı həddə düşüb. İsrail, Kipr, Livan və Misirdən qaz nəqlinin gözlənilən artımı fonunda tədarükçülərin perspektivi heç də yaxşı görünmür.
Beləliklə, vəziyyətə hansı tərəfdən yanaşılmasından asılı olmayaraq, əsas məsələ qazın gələcək qiyməti və Avropaya satış imkanıdır. Türkiyə-Kipr qarşıdurması Avropa qitəsində formalaşmaqda olan yeni qaz xəritəsinin əsasında duran ziddiyyətlərin yalnız görünən tərəfidir.
MƏSLƏHƏT GÖR: