Müəllif: Natiq NAZİMOĞLU
Ermənistanda nasist generalı Qaregin Njdeyə sitayişin tarixçəsi orada mövcud olan ictimai-siyasi atmosferin mahiyyətini ortaya qoyur. Bununla yanaşı, faşizm üzərində qələbənin 75-ci ildönümü ərəfəsində faşizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi xüsusi aktuallıq qazanmaqdadır.
Həqiqət anı
Ermənistanda faşizmin qəhrəmanlaşdırılması faktının beynəlxalq səviyyədə ifşasına təkanı Azərbaycan Prezidenti İlham Əliyev verib. BMT Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda keçirilən toplantısında o, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində təşkil olunan ictimai-siyasi tədbirlərdən danışıb və bu zaman həmkarlarının diqqətini Hitlerin əlaltısı olmuş Qaregin Ter-Arutunyana (Njde) İrəvanın mərkəzində ucaldılmış heykəlinə çəkib. İlham Əliyev Ermənistanın Nikol Paşinyanın başçılıq etdiyi yeni rəhbərliyinin özünü demokratik hakimiyyət kimi təqdim etdiyini xatırladaraq, onları heykəli sökməyə çağırıb.
Lakin Azərbaycan Prezidentinin yanında əyləşmiş və onun gözlənilməz ifşaedici çıxışından açıq-aşkar pərt vəziyyətə düşən Paşinyan… Njdeyə haqq qazandırmağa çalışıb. Onun bu cəhdi isə sözün əsl mənasında miskin, biabırçı alınıb. Ermənistanın baş naziri tərəfindən səsləndirilən «arqument»lər nəinki onun peşəkarlıqdan nə qədər uzaq olduğunu bir daha göstərib, həm də bütün postsovet məkanında hiddətə səbəb olub.
Getdikcə palçığa batır…
İndi, bu, postsovet məkanının əsas mövzularından birinə çevrilib və Paşinyan çıxışlarında, müsahibələrində tez-tez məsələyə münasibət bildirmək məcburiyyətində qalıb. Baş nazirin erməni faşisti təmizə çıxarmaq cəhdləri o həddə çatıb ki, Paşinyan Njdeni QULAQ-da dustaq olmuş böyük rus yazıçısı Aleksandr Soljenitsınla eyni cərgəyə qoyub. Bu müqayisə, əlbəttə ki, sonuncuya təhqirdir. Soljenitsın Böyük Vətən müharibəsinin iştirakçısı olub, müharibədəki xidmətlərinə görə bir çox ali mükafata layiq görülüb, düşərgəyə isə Vətənə xəyanət və nasistlərlə əlbir olduğu deyil, Stalin rejiminə tənqidi yanaşması üzündən düşüb.
Bir müddət sonra baş nazir bir qədər də uzağa gedib. Rusiyanın aparıcı KİV təmsilçilərilə İrəvanda keçirdiyi görüşdə o, Njdeni Sovet İttifaqının tanınmış xadimləri – marşal Ovanes Baqramyan və SSRİ-nin xarici işlər xalq komissarı olmuş Vyaçeslav Molotovla eyni cərgəyə qoyub. Sonuncu ilə müqayisəsini Paşinyan «Molotovun da Üçüncü reyx təmsilçilərilə ünsiyyətinin olması» ilə əsaslandırıb. Belə çıxır ki, Paşinyan SSRİ-nin xarici siyasət idarəsinə rəhbərlik edən şəxsin Hitler Almaniyası nümayəndələrilə ünsiyyəti ilə reyxə xidmət arasında fərq görmür. Demək, Ermənistanın baş naziri, əslində, Qərbin neoliberal dairələrinin İkinci Dünya müharibəsi haqda düşüncəsini bölüşür – Hitler Almaniyası ilə Sovet İttifaqı İkinci Dünya müharibəsinin baş verməsinə görə eyni dərəcədə məsuliyyət daşıyır. Paşinyana elə gəlir ki, ermənilər üçün Njdenin qiymətini belə izah etmək daha asandır. Guya o, «türk işğalına qarşı mübarizə aparıb». Lakin «türk işğalı ilə mübarizə aparan» şəxsin faşist Almaniyasına xidmət etməsi isə baş nazir üçün heç bir əhəmiyyət daşımır. Halbuki həmin savaşda həm də 200 min erməni həlak olub. Onlar üçün vacib olanı Njdenin nasist olması yox, türklərə qarşı döyüşməsidir. Amma «Türklərə qarşı mübarizə hər gün aparılmalıdır», - deyə Njdenin başqa «kəlamları» da olub. Məsələn, «Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur» və ya «Nəhayət, Hitlerdən necə işləməyin lazım olduğunu öyrənmək vaxtıdır».
Bəs, Ermənistanın baş nazirinin bu mövqeyi təəccüblüdürmü? Qətiyyən yox! Çünki Paşinyan qonşuları Azərbaycan və Türkiyəyə ərazi iddialarını, təcavüzü rəsmi dövlət siyasəti ranqına qaldırmış Ermənistanın rəhbəridir. Ölkənin Serj Sarqsyanın rəhbəri olduğu Respublika Partiyasından ibarət əvvəlki hakimiyyəti də fəaliyyətində rəsmən Njdenin siyasi ideyalarına əsaslanıb. Söhbət milli və etnik zəmində nifrəti təbliğ edən «tsexakronizm» ideologiyasından gedir. Bu ideologiyanın yaradıcısı faşist metodlarına hələ nasizmin əlaltısına çevrilməzdən xeyli əvvəl əl ataraq, «düşmən irq»ə məxsus insanları məhv edirdi. Njdenin başçılıq etdiyi hərbi birlik 1918-1920-ci illərdə Zəngəzurun köklü əhalisi olan 10 mindən artıq azərbaycanlını qətlə yetirmişdi. Bu «şərəfli» ənənə artıq 1988-1994-cü illərdə müasir erməni cəlladları tərəfindən də davam etdirilib. Söhbət Qarabağda azərbaycanlılara qarşı aparılmış qəddar etnik təmizləmədən, dinc insanların kütləvi şəkildə qətlə yetirilməsindən gedir.
Məhz bu üzdən Paşinyanın dünyanı faşist Njdenin «qəhrəmanlığına» inandırmaq cəhdləri olduqca mənasız və miskin görünür. Onun bu cəhdlərinin Rusiyada da mənfi qarşılanması təsadüf deyil. Artıq Rusiyanın siyasi və ictimai dairələri İrəvandan faşizmin əlaltısının qəhrəmanlaşdırılmasına son qoyulmasını daha sərt şəkildə, daha ucadan tələb edir. Ermənistan hələ də Rusiyanın müttəfiqi olaraq qalsa da, Moskva bu təcrübənin qəbuledilməz olduğunu açıq şəkildə nümayiş etdirir. Bu, Qələbənin bütün postsovet məkanında geniş qeyd olunacağı 75 illiyi ərəfəsində xüsusilə vacibdir.
Erməni millətçiliyinin siması
Bu arada, Njdenin daha bir abidəsilə bağlı maraqlı hadisələr yaşanıb. Söhbət Rusiyada, Armavir şəhərindəki erməni kilsəsinin ərazisində 2012-ci ildə qoyulmuş memorial löhvəsindən gedir. Yeri gəlmişkən, orada Njde ilə yanaşı, XIX əsrin sonu, XX əsrin əvvəllərində azərbaycanlılara və türklərə qarşı cəlladlıq etmiş daha bir erməninin – Andranik Ozanyanın xatirəsi də əbədiləşdirilib.
Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov xatirə lövhəsinin üzərinə qara boya ilə «Rusiyada nasizmə yer yoxdur!» yazıb. Onun bu addımı çoxsaylı siyasətçi və ictimai xadimin dəstəyini qazanıb. Üstəlik, Vinoqradovun anti-faşist demarşına elə Armavirin özündə əhalinin böyük hissəsindən dəstək gəlib.
Baş verənlərin məntiqi nəticəsi kimi, noyabrın 30-da şəhər rəhbərliyinin qərarı ilə Njdenin xatirə lövhəsi sökülüb.
Ermənistan dərhal məsələyə etiraz etməyə başlayıb. Ermənistanın Rusiyadakı səfirliyi Aleksey Vinoqradovun əməlindən «dərin qəzəbini» ifadə edib və bunun «Ermənistan-Rusiya münasibətlərinin ruhuna uymadığını» bildirib. Deyəsən, İrəvanda elə bilirlər ki, faşist Njdenin qəhrəmanlaşdırılması Rusiya ilə münasibətlərin ruhuna çox uyğundur. Halbuki, Rusiya keçmiş SSRİ-nin digər üzvlərilə birlikdə Hitler Almaniyasının darmadağın olunmasında əsas rol oynayıb.
Armavir rəhbərliyinin Njdenin xatirə lövhəsini sökmək qərarına münasibətdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da qəribə «diplomatiya» nümayiş etdirib. Abidənin bərpa oluna biləcəyi xülyasında olan nazir erməni kilsəsi ərazisi və mülkiyyətinin… toxunulmaz olduğunu bildirib – guya «kilsə dövlətdən ayrıdır». Başqa sözlə, Mnatsakanyan az qala açıq mətnlə deyir ki, Rusiyanın Armavir şəhərindəki erməni kilsəsinin ərazisi Rusiya dövlətinin yurisdiksiyasında deyil. Bu, Ermənistan siyasi rəhbərliyinin peşəkarlıqdan nə qədər uzaq olduğunu göstərən daha bir faktdır.
Ermənistanın yeni rəhbərliyinin hər kəsi, ilk növbədə, Rusiyanı Njdenin qəhrəmanlaşdırılmalı olduğuna inandırmağa çalışdığı bir vaxtda, «tsexakronçu»ların gənc qanadı açıq-aşkar anti-Rusiya fəaliyyətinə başlayıb. Bundan ilk «zərərçəkən» rusiyalı şair və diplomat Aleksandr Sergeyeviç Qriboyedov olub. Onun İrəvandakı abidəsi Şagen Arutunyan adlı bir nəfər tərəfindən rənglənib. Sonradan məlum olub ki, Arutunyan bu yaxınlaradək Nikol Paşinyanın «Mənim addımım» fraksiyasının deputatlarından birinin köməkçisi imiş.
Maraqlıdır ki, «qurban» seçilmiş Qriboyedov on minlərlə erməninin Qafqaza, əsasən Qarabağ da daxil olmaqla, Şimali Azərbaycana köçürülməsində əhəmiyyətli rol oynayıb. Həmin köçkünlərin «qədirbilən» övladları isə ermənilərə Azərbaycan əraziləri hesabına «daimi Vətən» qazandırmış rusiyalı diplomata onun abidəsini rəngləməklə «minnətdarlıq bildirir». Bu yerdə elə Qriboyedovun özünün bir etirafını yada salmamaq olmur: o yazırdı ki, Rusiya imperiyası evlərinə buraxdıqları ermənilərin onların torpaqlarını birdəfəlik ələ keçirəcəyindən narahat olan azərbaycanlıları sakitləşdirmək üçün onları dilə tuturdu …
Rusiyanın reaksiyası
Armavirdə baş verənlər, Njdenin oradakı abidəsinin sökülməsinə ermənilərin reaksiyası, o cümlədən İrəvanda Qriboyedovun abidəsinin təhqir olunması Rusiya ictimai rəyində qəzəbə səbəb olub. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Dumanın MDB məsələləri, Avrasiyada inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin rəhbəri Leonid Kaşanikov, Federasiya Şurası sədrinin beynəlxalq məsələlər üzrə birinci müavini Vladimir Cabarov kimi nüfuzlu siyasətçilər Njdenin Armavirdəki abidəsinin sökülməsinə dəstək ifadə ediblər. Nasistlərin qəhrəmanlaşdırılmasına, Armavirdə Njdenin xatirəsinin əbədiləşdirilməsi kimi bütün çərçivələri aşan əməllərə Rusiyanın görkəmli ictimai xadimləri də etirazını bildirib – yazıçı Aleksandr Proxanov, publisist Maksim Şevçenko, «Milli müdafiə» jurnalının baş redaktoru İqor Korotçenko və s.
Ermənistanda faşizmin qəhrəmanlaşdırılması mövzusu artıq Rusiya KİV-nin də gündəminə çevrilib. Məsələn, «Novıye İzvestiya» qəzeti yazır: «Müharibədən sonra Stalin dövrünün ədalət mühakiməsi tərəfindən ən ağır cəzaya layiq görülmüş (o zaman ölüm hökmü olmadığından, 25 il müddətinə azadlıqdan məhrumetmə) Ter-Arutyunyana nə Sovet, nə də indiki Rusiya ədliyyəsi bəraət verib. Çünki faşizmə kömək etmiş şəxslər bizdə kütləvi repressiya qurbanı sayılmır. Başqa sözlə, Rusiyada Njde general Vlasov, Bandera, Şuşkeviç kimi şəxslərlə bir cərgədədir».
Ermənistan-Rusiya münasibətlərini bürümüş «abidələr savaşı»ndan «News.ru» nəşri də maraqlı nəticəyə gəlib: «Niyə Aleksandr Sergeyeviç? Erməni radikallar öz tarixlərinə tüpürdülər. Şagen Arutyunyan öz xalqının tarixini bilmir? Yoxsa o, qohum-əqrəbasını tanımayan gənclərdəndir? Bəlkə, bu dərəcədə mənasız, ksenofob əməl ölkədəki ümumi atmosferin göstəricisidir?»
«Info24.ru» isə yazır: «Ermənistanın baş naziri Nikol Paşinyan Njde ilə SSRİ-nin «Üçüncü reyxin nümayəndələrilə ünsiyyəti olmuş» xarici işlər naziri Vyaçeslav Molotov arasında müqayisə aparır… Ermənistanda ən yüksək səviyyələrdə belə bəyanatlar səsləndirilirsə, mənasız qisas aktı üçün Qriboyedovu hədəf seçmiş millətçi Arutyunyanın əməlləri təəccüblə qarşılanmamalıdır. Bundan sonra rəsmi İrəvan Rusiyanın hansısa bölgəsində diaspor üzvlərinin Njde üçün qoyduqları memorial lövhə ilə ermənilərin azadlığı uğrunda canını vermiş Qriboyedovun Ermənistanda ucaldılmış abidəsi arasındakı fərqi çətin anlasın. Necə ki, Njdenin nasistlərlə «ünsiyyəti» ilə Molotovun onlarla aparmaq məcburiyyətində qaldığı danışıqlar arasındakı fərqi anlamırlar».
Erməni tərəfinin demarşından «Politnavigator.net» də qəzəbini gizlətmir: «Rusiyalı yazıçı Qriboyedovun erməni millətçiləri qarşısında təqsiri nədir? Erməni tərəfinin məsələnin araşdırılacağı vədinə, Rusiya Federasiya Şurasının bu millətçinin cəzalandırılmasını tələb edən üzvlərinin hadisəyə mənfi münasibətinə baxmayaraq, erməni tərəfinin boş-boş çərənləməklə kifayətlənəcəyini, günahkarın irsə cərimə kimi yüngül «cəza» ilə qurtulacağını düşünmək üçün ciddi əsaslar var… Ermənistan ərazisində rus kollaborasionistlərinin abidəsi yoxdur. Odur ki, intiqam hissəsi ilə erməni xalqına heç zaman heç bir pislik etməmiş Qriboyedovun abidəsinin rənglənməsi alçaqlıqdan başqa bir şey deyil!... Məsələ ilə dərindən maraqlandıqda məlum olur ki, «faşnyuk» Njde rəsmi səviyyədə «Ermənistanın milli qəhrəmanı» ranqına qaldırılıb, onun «tsexakron» adlı «Mein Kampf»ı isə müasir Ermənistanın milli doktrinasıdır… Burada ən «təsirli»si isə istər əclaf nasist, istərsə də onun ideologiyası ətrafında «köhnə hakimiyyətin mənfur korrupsionerləri» ilə «yeni inqilabçı-demokrat qüvvələr»in birləşməsidir».
Nəhayət, «Sm-news.ru» xəbər portalı Njdenin məhkəmə prosesilə bağlı arxiv sənədlərini dərc edib. Sənədlər «Ermənistanın milli qəhrəmanı»nın İkinci Dünya müharibəsi zamanı Sovet ordu hissələrinə qarşı faşist Almaniyasının kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyini birmənalı şəkildə sübuta yetirir. Bundan başqa, sənədlərdən məlum olur ki, o dövrdə Berlində yaradılmış «Erməni milli şurası»nda yer almış Njde Almaniyanın kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirmələri üçün insanların ələ alınması və hazırlığı ilə məşğul olub.
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov bununla bağlı belə düşünür: «SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi yanında Xüsusi müşavirənin 1948-ci il aprelin 24-nə aid protokolundan bir hissənin dərci bir daha göstərir ki, Kreml nasist Njdenin istənilən yerdə və istənilən formada qəhrəmanlaşdırılmasını qəbuledilməz sayır. Rusiyanın siyasi rəhbərliyi bu addımla həm də onu göstərdi ki, Njdenin Krasnodar vilayətinin Armavir şəhərindəki memorial lövhəsi hakimiyyətin ən yuxarı qanadının iradəsilə sökülüb. İndi Kreml İrəvandan tezliklə eyni işin Ermənistan ərazisində də görülməsini gözləyir. Artıq Moskva bu məsələdə eyhamla danışmır, əksinə, İrəvana birmənalı və qəti ismarıc verilir: ən qısa zamanda nasizmin qəhrəmanlaşdırılmasına dair dövlət siyasəti dayandırılmalı, onu keçmişdən qalmış istənilən eyham aradan qaldırılmalıdır».
Son tezis xüsusilə maraqlıdır. Bütün postsovet məkanının bayramı sayılan Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ərəfəsində keçmiş SSRİ-nin üzvlərindən birinin – Ermənistanın ərazisində nasist cinayətkarına abidənin olması milyonlarla faşizm qurbanının xatirəsinə təhqirdir. MDB-yə üzv dövlət başçılarının İkinci Dünya müharibəsinin başlanmasının 80-ci ildönümü münasibətilə qəbul etdikləri bəyanatda «İkinci Dünya müharibəsi zamanı ağır cinayətlər törətmiş nasist cinayətkarlarının və onların köməkçilərinin qəhrəmanlaşdırılması, bu şəxslərə bəraət verilməsi» təsadüfən pislənməyib. Yeri gəlmişkən, bəyanatı Ermənistanın baş naziri Paşinyan da imza atmaq məcburiyyətində qalıb…
MƏSLƏHƏT GÖR: