25 Noyabr 2024

Bazar ertəsi, 15:41

ERMƏNİ DİLİNDƏ AMERİKAN QƏTNAMƏSİ

ABŞ türkiyəli müttəfiqlərinə qarşı ənənəvi təzyiq vasitələrini işə salıb

Müəllif:

01.01.2020

ABŞ Senatının «Osmanlı imperiyasında erməni soyqırımı»nın tanınmasına dair qətnaməni qəbul etməsi Vaşinqtonun silsilə anti-Türkiyə addımları zəncirinin növbəti halqasıdır. Beləliklə, Türkiyəyə qarşı «erməni məsələsi» növbəti dəfə dövriyyəyə buraxılıb. Maraqlıdır ki, bu, Ankaranın dünya arenasında öz milli maraqlarından geri çəkilmək niyyətində olmadığını nümayiş etdirdiyi vaxta təsadüf edib.

 

Niyə məhz indi?

Beləliklə, ABŞ Senatı dəfələrlə rədd etdiyi və qəbulunu təxirə saldığı 150 saylı qətnaməni təsdiqləyib. Söhbət qondarma «erməni soyqırımı»nın tanınmasını nəzərdə tutan qətnamədən gedir. Bundan əvvəl sənəd hələ oktyabrın sonunda ABŞ Konqresinin Nümayəndələr palatası tərəfindən qəbul edilmişdi.

Ankara bir əsr əvvəl baş vermiş faciəvi hadisənin obyektiv araşdırılması üçün tarixçilərdən ibarət beynəlxalq komissiyanın yaradılmasını dəfələrlə təklif edib. Amerikalı konqresmenlər isə buna rəğmən, «soyqırımı» tanımaq qərarına gəliblər. Odur ki, ABŞ-ın və ümumilikdə Qərbin Türkiyəyə qarşı israrla tarixi xarakterli ittiham irəli sürməsi bir şeyi göstərir: dünyanın güc mərkəzləri üçün «erməni məsələsi» 100 il əvvəlkitək, bu gün də yalnız özlərinin geosiyasi hədəflərinə nail olunması vasitəsidir.

Bu gün söhbət XXI əsrin ağır qlobal siyasi şəraitində öz milli maraqlarını davamlı olaraq qoruyan Türkiyəyə təzyiqlərdən gedir. Odur ki, Konqresin ermənipərəst qətnaməsi yalnız erməni diasporunun və onunla əlaqəli ayrı-ayrı amerikalı senatorun «məhsul»u deyil. Sənəd Kapitolidən məhz Ankara-Vaşinqton münasibətlərinin görünməmiş dərəcədə pisləşməsi fonunda «keçib». Yəni qətnaməyə Amerika siyasi elitasının Ankaraya ünvanladığı birmənalı ismarıc kimi baxmaq lazımdır. İsmarıcın məğzi də tam aydındır: ABŞ Türkiyənin beynəlxalq arenada, ilk növbədə, Yaxın Şərqdəki bəzi əməllərindən narazıdır və Ankara Vaşinqtonun maraqlarına uyğun olmayan əməllərinə görə cəzalandırılır. Belə olan təqdirdə, bəs ABŞ özü müttəfiqi olan Türkiyə üçün problem olan bir çox məsələdə Ankaranın maraqlarını niyə nəzərə almır? Suala cavab vermək belə, artıqdır…

 

Müttəfiqlər, yoxsa düşmənlər?

ABŞ Türkiyəni, ilk növbədə, bir sıra sahələrdə Rusiya ilə əməkdaşlıq etdiyinə görə cəzalandırmağa çalışır. Məsələn, Türkiyə, Rusiya, həmçinin İranla birlikdə Suriyada illərdir davam edən savaşın sonuncunun suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə yardım göstərir. Ankaranın bu siyasəti isə Suriyanın şimal rayonlarında amerikapərəst kürd dövlətinin yaradılması cəhdlərini əngəlləyir. Yeri gəlmişkən, məhz Suriya müharibəsi nəticəsində həmin ərazilər terror qruplaşmalarının nəzarətinə keçib və bu, Türkiyənin özünün təhlükəsizliyinə ciddi təhdid yaradır.

Ankaranın Moskva ilə hərbi-texniki sahədə əməkdaşlığı, məsələn, Türkiyənin Rusiyadan «S-400» zenit-raket kompleksləri alması Vaşinqtonu xüsusilə qəzəbləndirib. Halbuki Ankara bunadək Amerikadan «Patriot» komplekslərinin alınmasına israrlı cəhdlər etsə də, istəyinə nail olmayıb – Amerika Türkiyəyə bu kompleksləri satmaqdan boyun qaçırıb. Ankaranın ehtiyacı olduğu kompleksləri Rusiyadan almaq qərarını gəlməsindən sonra isə ABŞ fikrindən daşınıb, lakin bir şərtlə: türklər Moskva ilə strateji əməkdaşlıqdan imtina edərək, Amerikadan «Patriot» sistemləri ala bilər. Türkiyəyə gəlincə, o, indi də Amerikadan HHM sistemi almaqdan imtina etmir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan buna hazır olduqlarını belə əsaslandırıb: «Biz HHM sistemimizdə müxtəliflik yaratmaq istəyirik». Bununla yanaşı, Ankara Rusiyadan «S-400» komplekslərinin alınması mövzusunu qapalı elan edib. Vaşinqtonu isə məhz bu narazı salır. Nəticədə, o, Türkiyə ilə sanksiyalar dilində danışmaq qərarına gəlib. Başqa sözlə, ABŞ ənənəvi olaraq düşmənlərinə qarşı istifadə etdiyi məhdudlaşdırıcı tədbirləri bu dəfə müttəfiqinə qarşı görməyə başlayıb.

ABŞ-da qanunların qəbulu proseduruna əsasən, Konqres prezident Donald Trampın administrasiyasından Ankaraya qarşı sanksiyaların tətbiqini istəyib – Rusiyadan «S-400» kompleksləri aldığı və Suriyanın şimalında hərbi əməliyyatlar apardığı üçün. Qəbul olunmuş sanksiyaya əsasən, Amerika Türkiyəyə silah satışını məhdudlaşdırıb. Bununla yanaşı, Ankaranın Suriyadakı hərbi əməliyyatları üçün silah tədarükünə cavabdeh olan Türkiyə rəsmilərinə də məhdudiyyətlər tətbiq edilib.

Bunun ardından prezident Tramp 2020-ci maliyyə ili üçün ölkəsinin hərbi büdcəsini təsdiqləyib. Büdcə şərtləri Konqres və ABŞ Maliyyə Nazirliyilə əvvəlcədən razılaşdırılmış plan əsasında təsdiqlənib. Həmin planda isə Türkiyəyə 5-ci nəsil «F-35» qırıcılarının satışı qadağan olunur.

Lakin ABŞ-ın Ankaradan narazılığı, başqa sözlə, Türkiyəyə qarşı yeni sanksiyaların tətbiqi səbəbləri bunlarla bitmir. Rusiya ilə Türkiyənin Qara dənizin dibilə qaz xətti çəkmək qərarı da Vaşinqtonu qəzəbləndirmiş amillər sırasındadır. Sentyabrın 8-də İstanbulda «Türk axını» layihəsinin rəsmi istismara verilməsi mərasimi keçiriləcək. Vaşinqtondan isə artıq yeni sanksiyaların siqnalı gəlir. Üstəlik, bu siqnallar o qədər aşkardır ki, prezident Ərdoğan özünü onlara emosional şəkildə reaksiya verməkdən saxlaya bilməyib: «Utanmadan deyirlər ki, bizə «Türk axını» ilə əlaqədar yeni sanksiyalar tətbiq edəcəklər. Bu, bizim hüquqlarımızın açıq şəkildə tapdanmasıdır».

Ərdoğanın məsələyə sərt reaksiya göstərməyə, həqiqətən də, haqqı var. Çünki Vaşinqtonun anti-Türkiyə sanksiyaları «Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərməsi haqqında» qanuna (CAATSA) əsaslanır. Demək, Birləşmiş Ştatlar Türkiyəyə rəsmən düşmən dövlət kimi baxmağa başlayıb. Belə olan təqdirdə, Vaşinqton Ankaradan hansı cavabı gözləyir?

 

Adekvat cavab

Bütün bunların fonunda Ankara ABŞ-ın təzyiqlərinə boyun əymək niyyətində olmadığını qəti şəkildə ortaya qoyur. Görünən odur ki, Türkiyə Amerikanın təzyiqləri və sanksiyalarına cavab olaraq, ABŞ-ın Yaxın Şərqdəki strateji mövqeyinə ciddi zərbə olacaq addımlar atacaq. Ankara ilk növbədə, Vaşinqtonun sanksiya siyasətini davam etdirəcəyi təqdirdə, Amerikanın Türkiyə ərazisində yerləşən iki hərbi bazasını (İncirlik və Kürəcikdə) qapadacağını bəyan edib. Məlum olduğu kimi, Türkiyə-Suriya sərhədi yaxınlığında yerləşən İncirlik hərbi bazası ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlarda vacib rola malikdir. Bu bazada taktiki nüvə silahının olduğu belə, istisna edilmir (hər halda, KİV burada ən azı 50 belə raket başlığının olduğunu yazır).

Kürəcik bazasına gəlincə, o, İranla sərhədə yaxın yerləşir və amerikalıların Tehranın müdafiə potensialını müşahidə etməsi işində böyük rol oynayır.

Bundan başqa, Türkiyə Amerikanın «F-35» qırıcılarına alternativ olaraq, Rusiyadan «Su» qırıcılarının («dörd plyus» «Su-35» və beşinci nəsil «Su-57») alınması imkanlarını da nəzərdən keçirir. Odur ki, Vaşinqtonun Türkiyəyə öz qırıcılarını satmaqdan imtinası Ankara ilə Moskva arasında strateji tərəfdaşlığı daha da gücləndirəcək.

Konqresmenlərin ermənipərəst qətnaməsinə gəlincə, prezident Ərdoğan ölkəsinin ABŞ-ın bu düşmən addımına da cavab verə biləcəyini söyləyib. Konqresmenlərin tarixi məsələni siyasiləşdirməsini, tarixi faktları təhrif etməsini psiləyən Ərdoğan ABŞ-ın tarixində Amerikanın yerli əhalisi olan hinduların kütləvi qətliamı kimi «qara ləkə»nin olduğunu xatırladıb. Bununla, prezident demək istəyib ki, Birləşmiş Ştatların başqa dövlətləri soyqırımı  törətməkdə günahlandırmağa mənəvi haqqı çatmır. Üstəlik, amerikalıların bu iddiasının heç bir elmi əsası yoxdur. Amerika qitəsinin Avropanın müstəmləkəsi olduğu dövrdə hinduların kütləvi şəkildə qırıldığı faktı isə hər kəsə məlumdur. Odur ki, Ankara Vaşinqtona onunla bağlı bənzər sənəd qəbul edə biləcəyi mesajını göndərib.

 

Erməni lobbisinə Yeni il hədiyyəsi

Ermənipərəst qətnamə, şübhəsiz ki, Kapitolinin onlarla qanunvericisinin qulluq etdiyi erməni lobbisinə hədiyyə olub. Adam Şiff, Robert Menendes, Ceki Spir, Frenk Pallone, Tulsi Qabbard, Bred Şerman və bir çox digər konqresmen bu «uğur»a ABŞ-ın erməni diasporunun dəstəyilə nail olublar. Bu «cəbhə» mütəmadi olaraq Ermənistan və dünya erməniliyinin maraqlarına cavab verən təşəbbüslərlə, qanun layihələrilə çıxış edir. Halbuki bəzən bu təşəbbüs və layihələr Birləşmiş Ştatların özünün beynəlxalq arenada yürütdüyü siyasətə zidd olur.

Dünya erməniliyinin adları sadalanan qulluqçuları ABŞ ilə Türkiyə arasındakı müttəfiq münasibətlərinə məqsədli şəkildə zərbə vururlar. Yeri gəlmişkən, onlar Birləşmiş Ştatlarla Azərbaycan arasındakı strateji tərəfdaşlığı da pozmağa cəhdlər göstərir. Təbii ki, bu zaman da ermənilərin maraqlarından çıxış olunur. Məsələn, Adam Şiff, Robert Menendes və digərləri məsələn, Amerikanın Azərbaycana hərbi yardımı artırmasına etiraz edirlərsə, eyni zamanda, Ermənistana belə yardımın artırılmalı olduğunu bildirirlər.

 

Bütün bunlara dəyərdimi?

Təbii ki, Türkiyənin ABŞ-a qarşı bu qədər sərt davranışına yalnız Konqresin ermənipərəst qətnamə qəbul etməsi səbəb ola bilməzdi. Üstəlik, söhbət heç bir qanuni qüvvəsi olmayan deklarativ xarakterli sənəddən gedir və o, Donald Tramp administrasiyası tərəfindən də rədd olunub. Dövlət Departamenti «ABŞ administrasiyasının bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini», 1905-ci il hadisələrinə sırf «kütləvi qırğın» kimi baxdıqlarını bəyan edib. Lakin Amerika hökumətinin son dövrlərdə ard-arda atdığı digər anti-Türkiyə addımlarını da nəzərə aldıqda, Vaşinqtonun Ankaraya ən azı dost kimi yanaşmadığı çılpaqlığı ilə ortaya çıxır. Demək, söhbət Vaşinqtonun Ankaraya münasibətdə siyasətini dəyişməsindən gedir. Türkiyə isə bu kurs dəyişikliyini təbii ki, cavabsız qoya bilməz. Halbuki Ankara Vaşinqtonla müttəfiq münasibətlərinin pozulmasını istəmir. Məhz bu üzdən Ankara ABŞ-ı bir sıra vacib məsələlərdə onun maraqlarının nəzərə alınmasının vacibliyinə inandırmağa dəfələrlə cəhd edib. Söhbət, ilk növbədə, Suriya-kürd məsələsindən gedir. Ankara bu niyyətini təkrar-təkrar səsləndirilən bəyanatları ilə, edilən jestlərilə də ortaya qoyub: Türkiyə rəsmiləri Vaşinqtonla istər ikitərəfli səviyyədə, istərsə də NATO çərçivəsində müttəfiq münasibətlərinə sadiq olduğunu dəfələrlə bəyan ediblər. Amma görəsən bu vədləri dünya erməniliyinin «səxavəti»ndən (ən azı, siyasi dəstək baxımından) imtina etməyən qüvvələr də nəzərə alırmı? Axı, son sözü çox vaxt məhz onlar  - Birləşmiş Ştatların öz strateji maraqların ziddinə gedərək Avrasiyanın ən nüfuzlu dövləti olan Türkiyə ilə dostluq və müttəfiqliyin bünövrəsinə balta çalan qüvvələr söyləyirlər…



MƏSLƏHƏT GÖR:

306