Müəllif: Oleq KUZNETSOV, Moskva
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ötən ilin dekabrında 1948-ci ildə Sovet İttifaqında mühakimə olunmuş erməni nasist, İkinci Dünya müharibəsi zamanı hitlerçilərlə əməkdaşlıq etmiş Qaregin Njde ilə bağlı sənədləri ortaya qoyub. Bu məxfi sənədlərin ortaya çıxması həm də bu məsələyə beynəlxalq marağın artması ilə mümkün olub. Xatırladaq ki, bu maraq kulminasiya nöqtəsinə Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Aşqabadda keçirilmiş iclasındakı bəyanatından sonra çatmışdı.
O zaman Rusiyanın akademik mənbələrinə istinad edən İ.Əliyev məsələni kifayət qədər sərt qoymuşdu: Ermənistanda nasizmin, nasist cinayətkarı Qaregin Njdenin qəhrəmanlaşdırılması nə vaxtadək davam edəcək?! Bununla da, məsələ şişib və nəticədə, Rusiya prezidenti Vladimir Putinin göstərişilə FTX Njde işilə bağlı məxfi sənədləri ortaya çıxarıb.
FTX-nin tam açıqladığı iki məxfi sənəddir: SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi yanında 24 aprel 1948-ci il tarixli Xüsusi müşavirənin gündəliyi və protokolu. Njde haqqında 25 il müddətinə azadlıqdan məhrumetmə hökmü məhz həmin müşavirədə çıxarılıb.
Sənədlərdən məlum olur ki, həmin gün eyni anda 303 nəfərin taleyi həll olunub. Onların bir hissəsi həbsə atılıb, bir hissəsi bəraət alıb. Bu fakt müasir erməni təbliğatının guya Njdenin məqsədli şəkildə aprelin 24-də – məşhur «erməni soyqırımı» günü mühakimə edildiyi haqda tezisini aradan qaldırır. Ermənilər iddia edir ki, guya bu tarix Njdeni daha da aşağılamaq məqsədilə xüsusi seçilibmiş. Yerdə qalan 302 nəfərin işinin «Njde işinə» qəsdən, prosesə böyük önəm qazandırılması məqsədilə birləşdirildiyini düşünmək sadəlöhvlük və hətta axmaqlıq olardı. O, Xüsusi müşavirə qarşısında simasız, abstrakt, xüsusi çəkisi olmayan məxluq kimi dayanmışdı. Yəni burada Njdenin minlərlə digər Vətən xainindən, nasist cinayətkarından, kollaborsinoistdən, anti-sovet elementindən və s. «xalq düşmənləri»ndən heç bir fərqi yox idi.
Sadə hesablamalar göstərir ki, həmin gün hər bir nəfərin taleyinin həll olunmasına heç olmasa, 3 dəqiqə sərf olunsaydı, Xüsusi müşavirə fasiləsiz olaraq, ən azı 15 saat davam etməli idi. Odur ki, Xüsusi müşavirə sadəcə, ittiham tərəfinin cəzasını və ya bəraətini təsdiqləmək, qanuna mindirməklə məşğul olub. Bu şəraitdə ön plana istintaq orqanlarının və prokurorluğun rolu çıxırdı. İstintaqçılar konkret şəxsə qarşı ittiham aktını hazırlayır, prokurorluq isə onu təsdiqləyərək, qərarın qəbulu üçün Xüsusi müşavirəyə təqdim edirdi.
Beləliklə, Rusiya FTX-nin açıqladığı məxfi sənədlər Njde dramını çılpaqlığı ilə göz önünə sərir.
Sən demə, onun dövlətçilik əleyhinə fəaliyyətinin ilkin istintaqını Ermənistan SSR Dövlət Təhlükəsizliyi Nazirliyi aparıb. Xüsusi müşavirənin hökm çıxardığı vaxt belə, Njde bu qurumun İrəvandakı daxili həbsxanasında saxlanılırmış. Njdeyə qarşı ittihamları SSRİ Prokurorluğunun (sonradan SSRİ Baş Prokurorluğu) xüsusi işlər şöbəsinin prokuroru Simonyan müdafiə edib. Başqa sözlə, müharibədən sonrakı dövrdə Njde Ermənistanda da milli şüurun məşəli deyil, nasist, xəyanətkar və düşmən sayılırmış. Onun işində adı keçən şəxslər isə birmənalı olaraq ermənilər imiş. Onların arasında bir nəfər də olsun, rus, azərbaycanlı və ya digər millətin nümayəndəsinə rast gəlinmir.
Materiallardan məlum olur ki, ermənilər Njdeni erməni xalqının maraqlarına xəyanət etməkdə təqsirləndirirmiş. SSRİ DTN yanında Xüsusi müşavirə isə sadəcə, onların tələb etdikləri cəzanı təsdiqləyib. Bunu müasir Ermənistanın rəhbərliyi də yaxşı bilir. Lakin onlar baş verənlərdən utanmaqdansa, Njdeni 1 nömrəli qəhrəman səviyyəsinə qaldırmaq üçün əllərindən gələni ediblər.
Mənzərənin tam aydın olması üçün Rusiya FTX-nin açıqladığı məxfi sənədlərdən bəzi sitatlara nəzər salmaq lazımdır. Xüsusi müşavirənin gündəliyindəki təqdimatdan: «Azərbaycan SSR Naxçıvan bölgəsindən olan erməni, Bolqarıstan vətəndaşı, 1906-cı ildən 1937-ci ilədək «Daşnaksutyun» partiyasının üzvü, daşnak ordusunun sabiq generalı, emiqrant, faşist gənclər təşkilatı olan «Tseqakron»un yaradıcısı. Həbs olunanadək Sofiya şəhərində yaşayıb, jurnalistika ilə məşğul olub. Fiziki işə yararlı deyil. 1944-cü il oktyabrın 12-də həbs olunub. Ermənistan SSR DTN-nin daxili həbsxanasında saxlanılır».
Elə həmin sənəddə Njdenin konkret nədə ittiham olunduğu yazılıb və onun günahını etiraf etdiyi qeyd edilib. Xatırladaq ki, prokurorluğun hərbi əks-kəşfiyyat orqanları Njdeyə qarşı RSFSR-in ozamankı Cinayət Məcəlləsinin 58-ci maddəsinin («Əks-inqilabi fəaliyyət») 3 bəndi üzrə ittiham irəli sürmüşdü.
Beləliklə, Njde «RSFSR Cinayət Məcəlləsinin 1-ci hissəsinin 58-4, 58-11 və 58-6-cı maddələri ilə» ittiham olunub: «1920-1921-ci illərdə daşnak hərbi qüvvələrinin ali baş komandanı və Zəngəzurdakı əks-inqilab hökumətinin baş naziri kimi, «Qızıl ordu»ya qarşı silahlı mübarizə aparıb. Ölkədən qaçaraq anti-sovet təbliğatı ilə məşğul olub. İkinci Dünya müharibəsi illərində Sovet Ordusunun hissələrinə qarşı təxribatçılıqla məşğul olmaq niyyətilə alman kəşfiyyat orqanları ilə əlaqə yaradıb. Almaniyanın kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarının yerinə yetirilməsi məqsədilə insanların ələ alınması ilə məşğul olub, 1942-ci ildə Berlində yaradılmış «Erməni milli şurasının» (əslində komitəsinin) sıralarında yer alıb».
Njde bütün ittihamlar üzrə özünü günahkar bilib. O, yalnız 1920-1921-ci illərdə «Qızıl ordu»nun əsir düşmüş döyüşçülərinə, Sovet hakimiyyətinə rəğbət bəsləyən şəxslərə qarşı kütləvi qətliamlarda iştirak etdiyi, onlara qarşı təhqirlərə yol verdiyi haqda ittihamları rədd edib.
Göründüyü kimi, Njde nə özünün yaratdığı «Tseqakron» təşkilatının faşist xarakterini, nə Üçüncü reyxin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini, nə də ermənilər arasında kəşfiyyat, diversiya-terror agenturasının yaradılması üçün insanların ələ alınması ilə məşğul olduğunu inkar edib. Odur ki, SSRİ Prokurorluğunun xüsusi işlər şöbəsinin prokuroru Stepanyanın Njdenin 25 il müddətinə azadlıqdan məhrum edilməsi istəyinin Xüsusi müşavirənin heç bir üzvü tərəfindən etirazla qarşılanmaması qətiyyən təəccüblü deyil.
Bütün bu məlumatlar Njdenin Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin arxivində də qalır və rəsmi İrəvan bundan xəbərsiz ola bilməz. Odur ki, Ermənistanda Njdeyə heykəlin ucaldılması nasizmin qəhrəmanlaşdırılması kimi dövlət siyasətinin tərkib hissəsindən başqa bir şey deyil.
Rusiya FTX-nin açıqladığı sənədlər ermənilərin daha bir rəsmi təbliğat mifini yox edir. Erməni mənbələrində bir tezisə kifayət qədər tez-tez rast gəlinir: guya Njde 1944-cü il sentyabrın 3-də könüllü şəkildə 3-cü Ukrayna cəbhəsinin komandanı, Bolqarıstanı xilas etmiş marşal F.İ. Tolbuxinin qərargahına gəlib, ona Türkiyəyə qarşı hərbi əməliyyatlara başlamasını təklif edib. Guya Sovet hərbi əks-kəşfiyyatı SMERŞ məhz bundan sonra Njdeni saxlayıb. Xüsusi müşavirənin sənədindən isə onun oktyabrın 12-də saxlanıldığı məlum olur. Belə olan təqdirdə, ortaya sual çıxır: bu iki tarix arasındakı 40 gün ərzində Njde nə ilə məşğul olub?
İstintaq materiallarından məlumdur ki, o, bu müddətdə Bolqarıstanda həbsdə olub. Yeri gəlmişkən, bu haqda məlumata V.M.Ovsepyanın «Qaregin Njde və DTK» adlı xatirələr kitabında da rast gəlinir. 1947-1948-ci illərdə o, Njdeyə qarşı operativ-istintaq tədbirləri həyata keçirib və məhz Bolqarıstan hakimiyyəti əvvəlcə Njdeni nasistlərlə əlbir şəxs kimi həbs etsə də, sonradan öz vətəndaşı olmasına rəğmən, Sovet hərbi administrasiyasına təhvil verib. Belə çıxır ki, Sovet qoşunlarının Bolqarıstana gəlişindən sonra Njde qeyri-leqal fəaliyyətə keçib. Nəticədə, polis bir neçə gün onu axtarıb, sonda isə həbs edərək SSRİ-yə təhvil verib.
Bu məqam Njdenin tərcümeyi-halından dara bir fakta işıq salır. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1955-ci il sentyabrın 17-də «1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə işğalçılarla əməkdaşlıq etmiş Sovet vətəndaşlarının amnistiyası» haqqında fərman verib. Məlumdur ki, Njde bu qanunverici aktdan yararlanaraq azadlığa çıxmaq üçün çox salışsa da, istəyinə nail ola bilməyib. Bunun iki səbəbi olub – biri formal, digəri real. Njde heç zaman SSRİ vətəndaşlığı daşımayıb, həbs edilən zaman isə bolqar kralının rəiyyəti olub. Bu üzdən onun amnistiyaya düşməsi üçün heç bir formal-hüquqi əsas olmayıb. Lakin Njdenin azadlığa buraxılmasını prinsipcə mümkünsüz edən real səbəb də olub ki, bunun üzərində xüsusi dayanmaq lazımdır.
İkinci Dünya və Böyük Vətən müharibələri zamanı Bolqarıstan de-fakto nasist Almaniyasının müttəfiqi olsa belə, SSRİ-yə qarşı hərbi əməliyyatlarda iştirak etmirdi. O, Sovet İttifaqı ilə diplomatik münasibətləri də kəsməmişdi. Demək, Njde neytral dövlətin vətəndaşı idi. Lakin o, könüllü şəkildə Almaniya kəşfiyyatına işləyirdi, yəni SSRİ ilə döyüşən dövlətin tərəfinə keçmişdi. Bu zaman Njde neytral dövlətin digər vətəndaşları – Bolqarıstan erməniləri arasında iş apararaq, kəşfiyyat və diversiya-terror qruplarının yaradılması məqsədilə onları ələ alırdı. Odur ki, Njde yalnız Sovet İttifaqının gözündə deyil, həm də Bolqarıstan krallığının nəzərində hərbi cinayətkar idi. Üstəlik, o, həmin dövrdə qüvvədə olan beynəlxalq hərbi hüquqa görə də cinayətkar sayılırdı. Qaregin Njde öz əməllərilə SSRİ-dən çox Bolqarıstana zərər vermişdi. Odur ki, Bolqarıstan hakimiyyəti onu düşünmədən Sovet mühakiməsinə təqdim etmişdi. Demək, SSRİ Bolqarıstan tərəfinin razılığı olmadan Njdeyə amnistiya verə bilməzdi. Üstəlik, Sovet İttifaqının özündə də bunu istəmirdilər. Çünki Njde yerli deyil, sözün əsl mənasında beynəlxalq miqyaslı hərbi cinayətkar idi.
Rusiya FTX məxfi arxiv sənədlərini açıqlamaqla, əslində, Njde işinə böyük və yağlı bir nöqtə qoyub. Bununla, Kreml İrəvana prinsipial məsələdə heç bir kompromisə getməyəcəyini nümayiş etdirib. Başqa sözlə, Moskvada hesab edirlər ki, nasizmi heç bir şəraitdə və heç bir formada qəhrəmanlaşdırmaq olmaz!
MƏSLƏHƏT GÖR: