23 Noyabr 2024

Şənbə, 15:21

XƏZƏR ÜZƏRİNDƏN OPTİK KÖRPÜ

«TransCaspian Fiber Optic» layihəsinin gerçəkləşdirilməsi Azərbaycanı aparıcı regional rəqəmsal qovşağa çevirəcək

Müəllif:

01.02.2020

Azərbaycan telekommunikasiya bazarının inkişafında başlıca istiqamət internetə çıxışı genişləndirmək məqsədilə ölkənin optik xətlərin çəkilməsi üzrə beynəlxalq layihələrə qatılmasıdır. Belə təşəbbüslərdən biri də Bakı ilə Aktau arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini nəzərdə tutan «TransCaspian Fiber Optic» (TCFO) layihəsidir. Azərbaycan və Qazaxıstan bu möhtəşəm layihənin gerçəkləşdirilməsinə ötən ilin noyabr ayında başlayıblar.

 

Dənizin dibi ilə 400 km  

Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərək, TCFO layihəsinin həyata keçirilməsinin aspektlərinə toxunub, bu təşəbbüsün ölkənin regional rəqəmsal haba çevrilməsində önəmini qeyd edib.  

“Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir”, - deyə dövlət başçısı vurğulayıb.

TCFO layihəsi transkontinentaldır və Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaratmaq məqsədi daşıyır. Xəzərin dibi ilə kabel çəkilişi «Transtelekom» SC, «KazTransCom» və Azərbaycanın rabitə operatoru «AzerTelecom» tərəfindən gerçəkləşdiriləcək. Optik rabitə xəttinin 2021-ci ilin sonunadək istifadəyə veriləcəyi gözlənilir və onun ötürmə gücü göstəriciləri ən azı 4-6 terabit/s tutumla ötürməyə imkan yaradacaq.

Təqdirəlayiqdir ki, Azərbaycanın magistral internet xidməti provayderi olan "AzerTelecom" hələ ötən ilin mart ayında Xəzərin dibi ilə Qazaxıstana fiber-optik magistral kabel xəttinin çəkilişi üçün hazırlıq işlərinin gerçəkləşdirilməsinə başlayıb. Bundan öncə isə Azərbaycan və Qazaxıstan şirkətləri konsorsium yaradıblar, həmçinin ortaq işçi qrupu təsis edilib və tikinti işlərinin həyata keçirilməsi üçün uyğun müqavilə bağlanıb. Həmçinin bu məqsədlə Azərbaycan-Qazaxıstan hökumətlərarası sazişi imzalanaraq təsdiq edilib. Bu strateji önəm daşıyan layihənin gerçəkləşdirilməsinə yardım üçün aparıcı beynəlxalq konsaltinq və telekomunikasiya şirkətləri – «McKinsey and Company», «Detecon», «Axiom», «DLA Piper», «Huawei» və «PwC» cəlb edilib.

Qazaxıstanın Baş naziri Askar Maminin sözlərinə görə, «TransCaspian Fiber Optic» layihəsi yüksək sürətli və təhlükəsiz məlumat ötürmə infrastrukturunun inkişafının daha yüksək səviyyəsinə çatmağa, bir sıra aparıcı Avropa-Asiya magistral marşrutlarına qoşulmağa və dünya məlumat tranzitində layiqli yer tutmağa imkan yaradacaq.

TCFO layihəsinin gerçəkləşdirilməsi Xəzərin qərb və şərq sahillərini birləşdirməyə yönəlmiş yeganə başlanğıc deyil. Belə ki, ötən il noyabrın 28-də Azərbaycan və Türkmənistan arasında dəniz dibi ilə 300 km uzunluqlu və saniyədə 2-3 terabit ötürmə qabiliyyətli fiber-optik kabel xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası saziş imzalanıb. Bu layihənin yaxın iki il ərzində «AzerTelecom» və «Türkmentelecom» tərəfindən gerçəkləşdirilməsi planlaşdırılır. Bu, Türkmənistanın qoşulması ilə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistan istiqamətində yüksək sürətli internet trafikini təmin etməyə imkan verəcək.

Burada qeyd etmək yerinə düşər ki, hələ iyirmi il əvvəl ölkəmizdə Trans Asiya - Avropa (TAA) xəttinin şaxələndirilmiş optik infrastrukturu yaradılıb. 1999-cu ildə TAA magistralının sualtı seqmentinin çəkilməsi planlaşdırılırdı, lakin Xəzərin şərq sahilindəki tərəfdaşlarla danışıqların uğursuz nəticələnməsi üzündən bu layihə uzun illər təxirə salındı. Bu gün Transxəzər optik layihəsinin həyata keçirilməsində bütün əngəllər aradan qaldırılıb və o, gerçəkləşmə mərhələsinə qədəm qoyub.

 

Alternativsiz seqment

Mərkəzi Asiya dövlətləri istiqamətində optik xətlərin çəkilməsi üzrə layihələrin gerçəkləşdirilməsi Azərbaycan üçün hansı konkret üstünlükləri təmin edəcək?

TCFO layihəsi genişmiqyaslı «Azerbaijan Digital Hub» proqramının bir hissəsidir ki, bu, Azərbaycanı yüksək sürətli internet bağlantısı və çağdaş rəqəmsal xidmətləri təmin edəcək regional rəqəmsal haba çevirmək məqsədi daşıyır. Layihənin son məqsədi Azərbaycanı gələcəkdə Cənubi Qafqazı, Yaxın Şərqi, Mərkəzi və Cənubi Asiyanı əhatə edən, təxminən, 1,8 milyard nəfər (dünya əhalisinin dörddə biri qədər) əhalisi olan bölgəni rəqəmsal mərkəzlərdən birinə çevirməkdir. Eyni zamanda Çinin başlatdığı «Belt and Road Initiative» (BRI) layihəsinə də töhfə verəcək və BRI layihəsi çərçivəsində Azərbaycanı telekommunikasiya dəhlizinə çevirəcək.  

Xəzər dənizinin qərb və şərq sahillərinin iki sualtı optik xətti ilə birləşdirilməsi, həmçinin 10 il əvvəl Azərbaycanda layihələndirilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üçün də önəmli rol oynayacaq. Layihə Avropa və Asiyanın 20-dən çox ölkəsinin uzunluğu 24000 km olan - Şanxaydan Frankfurt-Maynadək uzanan yüksək sürətli məlumat şəbəkəsi ilə birləşdirilməsini nəzərdə tutur. Layihəyə Rusiyanın "Rostelekom", Qazaxıstanın "KazTransKom", Türkiyənin "TürkTelecom", Çinin "ChinaTelecom" və Azərbaycanın "AzInTelekom" şirkətləri cəlb olunub. Layihənin ilk, artıq başa çatmış mərhələsində bölgənin aparıcı ölkələri və operatorlar Qərblə Şərqi birləşdirən əsas tranzit internet infrastrukturuna sərmayə yatırmağa hazır olan telekommunikasiya şirkətlərini cəlb etməklə məşğul olublar. BMT mandatı əsasında həyata keçirilən ikinci mərhələdə isə yaradılan infrastrukturdan istifadə edərək beynəlxalq internet qovşaqlarına birbaşa çıxışı olmayan Avrasiya ölkələri üçün əlverişli qiymətlərlə internet bağlantısı təmin etmək nəzərdə tutulur.

Məhz buna görə də TASIM-in həyata keçirilməsi üçün Xəzər seqmenti alternativsizdir, çünki onun əsas məqsədlərindən biri Avropadan internet trafikini Mərkəzi Asiya ölkələrinə və Çinə qədər genişləndirməkdir. TCFO layihəsinin də önəmli üstünlüyü var - marşrutu nisbətən qısadır ki, bu, məlumat ötürülməsində gecikməni (latency) önəmli dərəcədə azaldacaq. Bu gün başqa kabel marşrutları ilə yetərincə böyük məsafə qət etməli olduğuna görə, Asiya ilə Avropa arasında data-trafikin ötürülməsində gecikmə müşahidə edilir, siqnalın rabitə peykləri ilə ötürülməsi isə xeyli bahadır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin sözlərinə görə, Azərbaycanı Qazaxıstan və Türkmənistan ilə birləşdirən fiberoptik kanal Avropa ilə Asiya arasında ən önəmli rabitə xəttinə çevriləcək. Yaxın gələcəkdə Bakı da dünya internet xəritəsində Amsterdam, Frankfurt, Sofiya, London, İstanbul, Dubay və s. kimi şəhərlərlə yanaşı internet-trafik mübadiləsi nöqtəsi (IXP) olaraq qeyd ediləcək. Bu da öz növbəsində ölkəmizə tranzitçi-ölkə kimi maliyyə üstünlüklərini təmin edəcək.

Birbaşa tranzit gəlirləri ilə yanaşı birlikdə, Azərbaycan region üzrə ən iri DATA mərkəzi yaratmaqla və onun resurslarını xarici bazarlarda təqdim etməklə gəlir əldə edə bilər. Bu, iri kontent-provayderlərinə («Amazon», «Alibaba», «Facebook», «Google», «Netflix», «Tencent» və s.) Azərbaycanda öz nümayəndəliklərini açmağa, həmçini məlumat və kontentlərini, DATA mərkəzin resrurslarından istifadə edərək, saxlamağa və digər bölgələrə ötürməyə imkan verəcək. «Azerbaijan Digital Hub» proqramının həyata keçirilməsi həm yeni iş yerlərinin açılmasına və iqtisadiyyatın rəqəmsallaşdırılması prosesini sürətləndirməyə öz töhfəsini verəcək, həm sistem inteqratorları və proqram şirkətlərinin yeni rəqəmsal məhsullar və həllər yaratmaq üçün fəaliyyətlərini stimullaşdıracaq, həm də sonradan onların bölgə ölkələrinə ixracına imkan verəcək.

 

Minimum asılılıq

Eyni zamanda, əlavə optik xətlərin çəkilməsi üzrə bütün bu təşəbbüslər və Bakını beynəlxalq internet-haba çevirmək Azərbaycanın trafik idxalından asılılığını minimuma endirməyə imkan verəcək və ölkəni internet xidmətləri ixracı üzrə regionun mərkəzi oyunçusuna çevirəcək. Bu məsələ son dərəcə önəmlidir, çünki ölkə ərazisindən əlavə bekbonların (optik IP magistral xətlərinin) keçməsi kommunikasiya proseslərini texniki cəhətdən xeyli asanlaşdıracaq və nəticədə, qlobal internet şəbəkəsinə qoşulma xərclərini azaldacaq. Nəticədə, Azərbaycanda istehlakçılar qlobal "şəbəkə"yə qoşulmaq üçün daha sərfəli tariflərə ümid edə biləcəklər.

2008-ci ildə ölkədə beynəlxalq internet kanallarının ümumi ötürmə gücü cəmi 6 Gbit/s olub, lakin Avropa istiqamətində (Rusiya və Gürcüstan ərazisindən) yeni optik xətlərin çəkilməsi hesabına 2018-ci ilin sonuna onların ümumi gücü 820 Gbit /s-ya çatdırılıb - yəni 10 il ərzində 136 dəfədən çox böyümə əldə edilib. İnternet kanallarının ötürmə gücü artdıqca istifadəçilərin də sayı artır və qiymətlər aşağı düşür.

Ümumiyyətlə, ötən on il İT infrastrukturunun formalaşması, xüsusilə də Azərbaycanda genişzolaqlı internetin kütləvi tətbiqi baxımından çox uğurlu olub. «International Telecommunication Union»un (ITU) araşdırmalarına görə, yerli bazar qlobal şəbəkəyə çıxışın əhatəsi baxımından 80%-ə çatıb ki, bu da bölgənin bir çox ölkəsindən daha yüksəkdir. Bununla birlikdə, şəbəkə məkanının sürətlə genişlənməsi və ölkədə trafikin artması şəraitində, Bakı və ölkənin digər şəhərlərində kommunikasiya imkanlarını və internet xətlərinin ötürmə gücünü artırmaq üçün əlavə mənbələr tələb olunur.  

“Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır", - deyə bu yaxınlarda Prezident İlham Əliyev vurğulayıb.

Söhbət, başqa işlərlə yanaşı, bir neçə ildir ki, gerçəkləşdirilən «Fiber to home» layihəsi çərçivəsində daxili optik infrastruktura əlavə sərmayələrdən gedir. Layihə çərçivəsində ölkənin bütün yaşayış məntəqələrinə 18 min km uzunluğunda fiber-optik kabel çəkiləcək və uyğun olaraq telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi aparılacaq. Nəticədə, kənd yerlərində internetin sürəti 30 Mbit/s-ə, rayon mərkəzlərində 30 Mbit/s-ə və böyük şəhərlərdə 100 Mbit/s-ə çatacaq.  

Layihənin gerçəkləşdirilməsi qlobal enerji böhranının başlaması ilə üst-üstə düşdü, bu da onun yerinə yetirilmə müddətlərinə müəyyən düzəlişlər etdi. Uyğun olaraq, hazırda ölkədə genişzolaqlı xidmətlərin yayılma səviyyəsi 72%-dir. Özü də, internet bağlantılarının, təxminən, yarısı köhnəlmiş ADSL texnologiyasının payına düşür, bu texnologiya isə internetə çıxış üzrə tələb olunan qoşulma keyfiyyətini və yüksək internet sürətini təmin etmir, bu, həm də provayderlərə ATS-lərin mis kabel şəbəkəsindən istifadə edərək qoşulma səbəbindən baş verir. Rabitə Nazirliyinin hesablamalarına görə «Fiber to home» layihəsinin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır: həmin vaxta kimi ölkədə genişzolaqlı xidmətlərin yayılma səviyyəsi 95%-ə çatacaq.

«Fiber to home» layihəsinin başa çatması, köhnəlmiş və aşağı sürətli mis kabellərin istismardan çıxarılması dövlət magistral provayderlərinə və qovşaqlarına əməliyyat xərclərini azaltmağa imkan verəcək ki, bununla da, daha ucuz topdansatış qiymətləri əldə etmək üçün resurs yaranacaq. Uyğun olaraq, ikinci dərəcəli provayderlər əhali üçün son qiymətləri ucuzlaşdırmaq və keyfiyyət parametrlərini yaxşılaşdırmaq imkanı əldə edəcəklər ki, bu da yerli internet bazarında təklifləri artıracaq.



MƏSLƏHƏT GÖR:

394