Müəllif: Feyruz CƏLİLOV
Livan sakinləri yanvarın 26-da hökumət əleyhinə nümayişlərə başlamalarının 100 günlük yubileyini qeyd edib. Ölkənin iri şəhərlərində küçələrə çıxan əhali «Onlara inam yoxdur!» şüarı ilə yürüş keçirib. Nümayişçilər ölkə qarşısında duran ən vacib problemləri çözmək iqtidarında olan, Livanın həddindən artıq korrupsiyalaşmış siyasi partiyalarla əlaqəsi olmayan «texnokratlar» hökumətinin qurulmasını tələb edir. Məhz bu üzdən əhali «Hizbullah»ın diktəsilə qurulmuş yeni Nazirlər Kabinetinə də etimadsızlıq nümayiş etdirir.
Livanlılar Saad Həriri hökumətinin istefası tələbilə küçələrə ötən ilin oktyabrından çıxır. Lakin artıq hökuməti ölkəni bürümüş dərin iqtisadi böhranın öhdəsindən gələ bilməməkdə ittiham edən nümayişçilər xalqı inqilaba səsləməyə başlayıb. Beyrutdan başlamış mitinqlərin artıq bütün ölkəni bürüməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bu arada, mitinqçilər arasında üzərində kubalı inqilabçı Çe Gevaranın şəkli olan futbolkalar xüsusi populyarlıq qazanıb.
Plüralizm yoxdur
Müstəqilliyini 1944-cü ildə qazanmış Livan bu günədək kənar təsirlərdən tam xilas ola bilməyib. Təxminən, 80 ildir mövcud olan Livan Respublikası dəfələrlə müxtəlif daxili və xarici münaqişələrlə üz-üzə qalıb. Bütün bu illər ərzində ABŞ, SSRİ, İsrail, Səudiyyə Ərəbistanı, İran, Fransa, Suriya və digərləri ölkədəki dini və siyasi dağınıqlıqdan öz maraqları üçün istifadə edərək, Livanın siyasətinə güclü təsir göstəriblər. Onlar buna, əlbəttə ki, ölkə daxilindəki müttəfiqləri, inandıqları qüvvələr vasitəsilə nail olub.
Son zamanlar bu dövlətlərin sırasına prezident Mişel Aunun xahişilə Rusiya da qoşulub. Qeyd edək ki, Rusiyanın Suriya ərazisində qurduğu hava hücumundan müdafiə sistemi Livanın hava məkanını da əhatə edir.
Livanda din ictimai həyatın bütün sahələrində böyük rol oynayır. Ölkədə siyasi düzən belə, konfessionalizm əsasında qurulub. Respublikada 18 müxtəlif dini cərəyanın təmsilçiləri yaşayır. Əsas din islamdır. Sünnilərlə şiələr birlikdə ölkə əhalisinin, təxminən, 60%-ni təşkil edir. Maronitlər, katoliklər, pravoslavlar və s. ibarət xristianlar, təxminən, 40%-dir. Livan yeganə ərəb dövlətidir ki, prezident Konstitusiya əsasında maronit xristian, baş nazir sünni müsəlman, parlamentin spikerisə şiə müsəlmandır. Ölkədə 100-dən artıq siyasi partiya var. Onların da əksəriyyəti yenə də konfessionalizm prinsipilə formalaşdırılıb. Üstəlik, onlar qarşı-qarşıya duran iki partiya blokunda cəmləşiblər: Suriyapərəst «8 Mart koalisiyası» və Suryiaya qarşı olan «14 Mart alyansı».
Lakin bu sosial və siyasi müxtəliflik heç də fikir plüralizmilə müşayiət olunmur. Partiya liderləri xalqın partiya, daha dəqiqi din bayrağı altında birləşməsi, başqa sözlə parçalanması üçün əllərindən gələni ediblər və edirlər. Sadə vətəndaşların «dini müxtəlifliyə baxmayaraq, hamımız livanlıyıq» şüarı altında birləşmək cəhdlərisə hələ ki, nəticə vermir.
İlk siqnal
Livanın yaxın tarixində kütləvi nümayişlərə cəhdlər bundan əvvəl də olub. Məsələn, 2005-ci ildə əhali Suriyanın hərbi işğalına etiraz olaraq, «Sidr inqilabı» adı altında küçələrə axışmışdı. Lakin o zaman nümayişçilər ölkədki siyasi sistemin dəyişməsini tələb etmirdi. Halbuki aksiyalara yenə də nəhəng dini icmaları təmsil edən siyasi liderlər yön verirdi. Əksinə, o zaman onlar suriyapərəst və əks çıxışların əsas hərəkətverici qüvvəsi idilər.
2015-ci ilin yayında ölkə daha bir kütləvi etiraz dalğasına şahidlik edib. O zaman livanlılar əslində, küçələrdən zibilin yığışdırılması tələbilə dinc aksiyalar keçirirdilər. Lakin az sonra bu, miqyaslı siyasi aksiyaya çevrilmişdi. Artıq əhali siyasi elitanın ölkəni idarə edə bilməməsinə etiraz edirdi. Livan 2014-cü ilin aprelindən prezidentsiz qalmışdı (hazırkı prezident Mişel Aun bu posta 2016-cı il oktyabrın 31-də seçilib), parlament isə özünü buraxmaqdan imtina edirdi (2014-cü ildə keçirilməli olan parlament seçkisi 2018-ci ildə baş tutub). O zaman etirazçıların bir çoxu artıq öz partiyasının liderinə belə, şübhə ilə yanaşmağa başlamışdı. Əslində, bu, siyasətçilər üçün ilk siqnal idi.
Məlum olduğu kimi, 2015-ci ilin etirazları hökumətin istefası ilə nəticələnməyib. O zaman bunun qarşısını təhlükə ilə üzləşdiyinin fərqinə varan siyasi elitanın birləşməsi alıb. Bunun üçün Livanın bir araya gəlmiş siyasi elitası «Parçala, hökm sür!» taktikasına əl atmışdı. Məsələn, əhali arasında etirazçı hərəkatın bəzi liderlərinə xarici agentlərin pul verdiyi haqda xəbərlər yayılırdı. Amma bütün bunların nəticəsində ictimaiyyət daha çox özünü düşünməyə başlayıb. Nəticədə, əvvəlcə bələdiyyə, daha sonra parlament seçkisində ortaya ilk dəfə müstəqil namizədlər çıxıb.
Gözlənti bu deyildi
İndiki etiraz aksiyaları ilə 2005 və 2015-ci ildəki nümayişlər arasında bir neçə ciddi fərq var. Hazırkı mitinqlər 2015-ci ildə olduğu kimi, lakin 2005-ci ildəkindən fərqli olaraq, hər hansı siyasi partiyanın təşəbbüsü deyil və heç bir siyasi qüvvə tərəfindən idarə olunmur. Bundan başqa, əvvəlki etirazlardan fərqli olaraq, indi, etiraz aksiyalarında praktik olaraq, bütün konfessiyaların təmsilçiləri iştirak edir. Üstəlik, onlar ilk gündən hökumətin istefasını tələb edir və buna nail olanadək küçələrdən yığışmayacaqlarını bildirirlər.
Maraqlıdır ki, mitinqlər əvvəllər belə halın mümkünsüz sayıldığı regionlarda da keçirilir. Buraya Livanın şiələrə məxsus «Hizbullah»la «Amal»ın hökmranlıq etdiyi cənub bölgəsi də daxildir. Bundan da maraqlı olan küçələrə axışan sünnilərlə şiələrin həmrəylik nümayiş etdirməsi, bir-birinə dəstək verməsidir.
Nəhayət, ən əsas fərq nümayişçilərin istəyinə nail olmasıdır. Saad Həririnin rəhbərlik etdiyi Nazirlər Kabineti oktyabrın 29-da səlahiyyətlərindən imtina etdiyini açıqlayıb. Bunun ardınca parlamentin hansı qərara gələcəyini gözləyən nümayişçilər bir qədər sakitləşib və gözlənti düz 3 ay davam edib. Yeni baş nazir Həsən Diab (sünni) yeni komandanın formalaşdırıldığını yalnız bu il yanvarın 21-də açıqlayıb. O, «nümayişçilərin tələblərinin yerinə yetirilməsi istiqamətində işləyəcəklərini» bildirib.
Lakin az sonra insanlar yenidən küçələrə axışıb. Bu dəfə onlar hökumətin «birrəngli» (yaşıl) və «Hizbullah»dan tam asılı olmasına etiraz edir.
Bədbin proqnozlar
Amma yeni hökumət ilk dəfədir ki, Livanda çoxdan formalaşmış reallığı əks etdirir. Son 15 ildə «Hizbullah» özünün tam hökmranlığını təmin etmək üçün qarşısındakı maneələri tədricən aradan qaldırıb. Partiya Livan iqtisadiyyatını, hərbi və kəşfiyyat sahələrini çoxdan öz nəzarətinə götürüb. 2016-cı ildə «Hizbullah»ın köhnə müttəfiqi, general Mişel Aui Livan prezidenti seçilib. 2018-ci ilin mayında təşkil olunmuş parlament seçkisində isə «Hizbullah» və müttəfiqləri parlamentdəki yerlərin 60-na, hökumətdəki 30 nazir portfelinin isə 19-na sahib çıxıblar.
Doğrudur, bu dövrdə formal olaraq bütün şərtlər qorunub: prezident xristiandırsa, baş nazir Saad Həriri sünni idi. Üstəlik, Qərbin və Səudiyyə Ərəbistanının ona inamı var idi. Bu da öz növbəsində, koalision hökumətin beynəlxalq institutlarla, o cümlədən maliyyə institutları ilə normal münasibətlər saxlamasına, ABŞ və Avropadan ciddi yardımlar almasına imkan verirdi.
Lakin indi, formallıq da kənara atılıb. Ölkəyə açıq-aydın sözügedən şiə təşkilatı rəhbərlik edir. Yeri gəlmişkən, 1982-ci ildə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəyilə yaradılmış «Hizbullah» bir çox dövlət tərəfindən terror təşkilatı kimi tanınır. Bu, şübhəsiz ki, Beyrutun beynəlxalq tərəfdaşları və donorları ölkəyə cəlb etməsinə mənfi təsir göstərir. Bunsuz isə Livanın üz-üzə qaldığı dərin iqtisadi və maliyyə böhranını nəinki həll etmək, heç yumşaltmaq da mümkün olmayacaq.
Amma bundan da bədbin proqnozlar var. «Hizbullah»ın arxasında dayanan İran Livana sadəcə, xarici siyasətdəki aləti kimi baxır. Bu ölkədə ciddi islahatların aparılıb-aparılaması Tehranı düşündürmür. «Hizbullah» lideri Həsən Nəsrullahın İranın «Əl-Qüds» xüsusi təyinatlı bölüyünün komandanı Qasım Süleymaninin qətlinə görə ABŞ-dan qanlı qisas alınacağı haqda bəyanatı da deyilənlərin təsdiqidir. «Bilirəm ki, o, atamın qanını yerdə qoymayacaq», - deyə bu bəyanatdan dərhal sonra iranlı generalın qızı Zeynəb Süleymani bildirib.
«Hizbullah»ın Livanda son 10 il ərzindəki strategiyası sabitliyin qorunub saxlanması olub. Lakin söhbət İranın maraqlarına xidmət edən sabitlikdən gedir. Qruplaşma məhz bu üzdən Livandakı son etirazları «əzməyin» vacibliyini düşünür. Əsasən şiə şəhər və kəndlərindəki nümayişçilərin üzərinə öz yaraqlılarını göndərən «Hizbullah» şiə dissident və fəallarının ünvanına hədələri də sərtləşdirib.
Yeri gəlmişkən, mərhum iranlı general Süleymaninin özü etirazları yatırmaq üçün Beyruta çox tez-tez gedirdi. Onun əsas vəzifəsi isə şiələrin etiraz aksiyalarında iştirakının əngəllənməsi idi. Süleymani anlayırdı ki, Livanda baş verə biləcək istənilən iğtişaş İranın regionla bağlı maraqlarını təhlükə altına qoya bilər.
Lakin Süleymani artıq həyatda yoxdur, Livanda şiələrin də fəal iştirak etdiyi etiraz dalğası isə getdikcə güclənir. Bir sözlə, «Hizbullah» üçün vəziyyət kifayət qədər qəlizdir. Bir tərəfdən, artıq bütün ölkəni bürümüş etiraz dalğası onun nüfuzunu yox edə bilər. Digər yandan isə mitinqçilərin tələbləri qəbul edilərsə, yəni, ölkədə müstəqil hökumətin yaradılmasına şərait yaradılarsa, onun ilk tələbi «Hizbullah»ın tərk-silah edilməsi və hərəkatın hərbi qanadının buraxılması olacaq.
Xalqın dəstəyinə ehtiyac var
Bu arada Fransa ilə BMT-nin həmsədrlik etdiyi Livana Beynəlxalq Dəstək Qrupu (qrupa Fars körfəzinin ərəb ölkələri, ABŞ, Rusiya, Almaniya, İtaliya, Böyük Britaniya və Aİ) bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Livan yardıma yalnız bir halda ümid edə bilər: hökumət «iqtisadi islahatlar paketini həyata keçirə biləcək bacarığa və nüfuza malik olmalıdır».
Vaşinqtonun bəyanatı daha sərtdir. O, İrana və Tehranın Yaxın Şərqdəki əlaltılarına təzyiqləri, o cümlədən miqyaslı sanksiyaları artıracağını bəyan edib.
Az qala hər gün verilən bu və buna bənzər bəyanatlar Livan ictimaiyyətinə dəstək əlaməti kimi qiymətləndirilə bilər.
MƏSLƏHƏT GÖR: