Müəllif: Kənan RÖVŞƏNOĞLU
Yanvarın 19-da Berlində keçirilən Liviya konfransı 13 yanvarda keçirilən Moskva görüşü ilə müqayisədə klassik ifadə ilə irəliyə doğru bir addım oldu. Lakin müşahidəçilərə görə, Liviyada köklü sülhün əldə olunması ehtimalı hələ çox uzaqdadır.
Bazar günü Berlində BMT baş katibi Antonio Qutteres və Almaniya baş naziri Angela Merkel liderliyində toplanan 12 dövlət və hökumət başçısı, o cümlədən 5 beynəlxalq təşkilatların təmsilçisi Liviya mövzunu müzakirə etdi.
Liviyanın savaşan iki hökumətinin lideri də Berlində idi, ancaq Həftər birbaşa konfransa qatılmasa da, beynəlxalq birlik tərəfindən tanınan Milli Uzlaşma (Razılıq) Hökumətinin baş naziri Faiz Sərrac konfransda iştirak edirdi.
Ancaq Berlin konfransının cidid nəticə əldə etməyəcəyi hələ başlamamışdan bəlli idi. Çünki Berlində konfrans başlamasıan bir neçə saat qalmış general Həftərə tabe olan qüvvələr Liviyanın neft ixrac kəmərini bağlayaraq limanlardan neft ixracını dayandırmışdı.
Berlin konfransında 55 maddəlik “Liviya Sülh Planı” Türkiyə də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalandı. Ancaq Moskvada olduğu kimi Berlində də Həftər anlaşmaya imza atmadı.
Liviya bəyannaməsi isə bir neçə maddəsi istisna olmaqla ümumi bir sənəd olmaqdan o tərəfə keçmir. Yekin bəyannaməsində iştriakçı ölkə və təşkilatlar Liviyada gərginliyi azaltmaq, davamlı atəşkəsə nail olmaq üçün cəhdləri artırmaq sözü verir. Eyni zamanda tərəflərdən artilleriya, hava qüvvələrini geri çəkmək, eyni zamanda vuruşan tərəflər və onları dəstəkləyən ölkələrin güclərini geri çəkməsi çağırışı yer alır.
Bundan başqa Liviyada atəşkəsə nəzarət üçün BMT nəzdində texniki komisisyaların təşkil olunacağı, atəşkəsə riayət etməyən qüvvələrin BMT tərəfindən embarqoya məruz qalacağı vurğulanır.
Pərdəarxası savaş
Bu ilin fevralında Berlində BMT-nin təşkilatçılığı ilə ilk toplantı keçiriləcək. Burada Liviyada iqtisadi, təhlükəsilzik kimi sahələrlə bağlı 4 ayrı texniki fəaliyyət qrupu yaradılacaq. Atəşkəsin tətbiq olunması və ona nəzarət eədəck texniki komitələr BMT tərəfindən təşkil olunacaq. Bu komitələrdə eyni zamanda Həftər və Sərrac hökumətlərinin müəyyən etidyi hər biri 5 nəfərdən ibarət iki heyət fəaliyyət göstərəcək. Beynəlxalq Müşahidə Komitəsi adlanacaq bu təşkilat ayda bir dəfə toplanacaq və Liviyada razılaşdırılmış fəalyyətlərin icrasına nəzarət edəcək.
Lakin təbii ki, Xəlifə Həftərin yekun bəyannaməyə imza atmaması onun əhəmiyyətini xeyli azaldır. Çünki hazırda Liviya ərazisinin 75 faizinə nəzarət edən də ötən ilin aprelindən etibarən paytaxt Trablusu ələ keçirmək üçün hərbi əməliyyatlara başlamış Həftərin imzalamaması razılaşmanın işləyəcəyin şübhə altına alır.
Məsələ ondadır ki, Xəlifə Həftərin əvvəlcə Moskvada 2 gün möhlət istəyib sonradan atəşkəs razılaşmasına imza atmamasə. Daha sonra eyni əməlini Berlində təkrar etməsi Liviya üzərində beynəlxalq güclərin mübarizəsinin nəticəsi idi. Türkiyənin müdafiə naziri Hulusi Akar yanvarın 15-də bildirib ki, bəzi ölkələr Həftərə təsir edir. Daha sonra xarici işlər naziri Çavuşoğlu bu ölkələrin adını sadalamışdı: Misir, BƏƏ, Fransa.
Doğrudur, Çavuşoğlu İtaliyanın adını çəkməmişdi, amma İtaliya xarici işlər naziri Konte ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra açıq şəkildə bildirdi ki, Liviyanın gələcəyi Türkiyə və Rusiyanın öhdəsinə buraxılmamalıdır.
Avropa İttifaqı Türkiyə və Rusiyaya qarşı
Əslində Liviyada hazırda davam edən böhranın arxasında yatan əsas səbəblərdən biri məhz bu yanaşmadır. Hər kəs bu zəngin ölkədən pay götürmək, öz təsir imkanlarını qoruyub saxlamağa çalışır. Qlobal siyasət baxış bucağından baxdıqda bu yanaşmanı anlamaq olar. Söhbət neft ehtiyatlarına görə dünyanın 9-cu böyük ölkəsi, 2011-ci ilə qədər gündəlik 2 milyon, hazırda isə 1,2 milyon barel neft ixrac edən, özü də Avropanın “qapı qonşuluğunda” bir ölkədən gedir. Üstəlik Liviya Avropaya ən böyük qaçqın axını həyata keçirilən “keçiddir”. Avropa İttifaqı bu keçidə nəzarət etmək istəyir.
Təbii ki, Avropa İttifaqı Türkiyə və Rusiyanın Liviyada təşəbbüsü ələ almasına seyirçi qala bilməz. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Cozef Borrel yanvarın əvvəlində verdiyi açıqlamada Türkiyə və Rusiyanın Liviyada rola sahib olmasının əsas səbəbinin Avropa İttifaqının ortaq mövqe müəyyən edə bilməməsi ilə izah edib. Sitat: “Altı ay əvvələ qədər bu iki aktyor (Türkiyə və Rusiya – K.R.) Orta Aralıq dənizi hövzəində yox idilər, amma indi təşəbbüsü ələ alıblar. Bu, Araqlı dənizi hövzəsinin geopolitik strukturunda böyük bir dəyişiklikdir”.
Bu açıqlamaları Berlin konfransı və ardınca Aİ XİN rəhbərləri yanvarın 20-də Liviyadakı vəziyyəti müzakirə edib və növbəti toplantını martka keçirməyi qərarlaşdırıblar. Yeri gəlmişkən, indi Avropa İttifaqı liderləri Liviyaya sülhyaratma qüvələri göndərməyi müzakirə edir. Bu mənada tez-tələsik, cəmisi bir həftə sonra çağırılan Berlin konfransı Moskva toplantısına cavab idi. Obrazlı ifadə etsək Avropa Liviyanı Rusiya və Türkiyəyə vermək istəmir.
Əgər yanvarın 13-də Moskvada Həftər və Sərrac arasında razılaşma baş tutsaydı, o zaman Liviyanın gələcəyi ilə bağlı qərar verən paytaxtlar Moskva və Ankara olacaqdı. Ancaq ən son anda bu plan baş tutmadı, Həftər gecə ilə Moskvanı tərk edərək Liviyaya qayıtdı. Sonradna ərəb mediası Həftərin Misirin tələbi ilə bu addımı atdığını yazdı. Çünki söhbət təkcə Liviyanın deyil, həm də Aralıq dənizinin şərq hissəsindəki böyük enerji ehtiyatlarının istifadəsinin gələcək taleyindən gedirdi.
Türkiyə və onun maraqları
Məsələ ondadır ki, ötən il noyabrın 27-də Türkiyə hökuməti ilə Liviyada Fəyyaz Sərracın rəhbərlik etdiyi Milli Uzlaşma (Razılıq) Hökuməti arasında “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması” və Türkiyənin Liviyaya hərbi qüvvə göndərilməsini nəzərdə tutan “Təhlükəsizlik və hərbi əməkdaşlıq” memorandumu imzalanıb.
Bu saziş faktiki olaraq Şərqi Aralıq dənizi qazının Avropaya çatdırılmasını təmin edəəck İsrail, Yunanıstan və Yunan Kipri arasında imzalanmış “EastMed” qaz kəməri layihəsinə əngəl olur. Liviya və Türkiyə arasında əldə olunan anlaşma Aralıq dənizində Türkiyə və Liviya sərhədlərini birləşdirir, bununla da faktiki olaraq kəmər layihəsinin qarşısnı almış olur.
Doğrudur, Türkiyə və Liviyanın dəniz sərhədləri hələ rəsmiləşməyi və dah aəvvəl Qəzzafi dönəmində Liviya və Yunanıstan arasınd abu mövzuda ciddi problemlər olub. Ancaq istənilən halda bu anlaşma Misir, İsrail, Yunanıstan və Yunan Kiprinin Türkiyəni Şərqi Aralıq dənizində təkləmək planını boşa çıxarır və Ankara rəqibləri üzərində siyasi təsir vasitəsi əldə etmiş olur.
Bu anlaşmanın ikincisi, yəni Türkiyənin Liviyaya hərbi yardım etməsini nəzərdə tutan bəndi Ankaranın regionda Avropa İttifaqı liderlərinin də etiraf etdiyi kimi təşəbbüsü ələ almasıdır. Yəni, bir tərəfdən Türkiyə bu müqavilə ilə Sərracı, deməli həm də Aralıq dənizindəki məlum anlaşmanı, həm də Liviyadakı maraqlarını qorumuş olacaq. Bu səbəbdən də anlaşma Türkiyə parlamentində sürətlə təsdiqləndi. Yanvarın 2-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi təsdiqləyib. Bir neçə gün sonra isə Liviyaya rəsmi olaraq 35 nəfərlik ilk hərbi qrup göndərilib.
İndi Türkiyənin qarşısında əsas hədəflərdən biri Sərracı qoruyub saxlamaqdır. Bu isə o qədər də asan deyil. Məlum olduğu kimi, 2014-cü ildə, yəni Qəzzafi öldürülüb, Liviyada yeni seçkili hökumət formalaşandan cəmisi iki il sonra ölkə iki hissəyə bölünüb. Ölkənin qərbində möhkəmlənən Milli Razılıq (Uzlaşma) hökuməti paytaxt Trablus və ətrafında bir neçə şəhərə nəzarət edib. Bu hökumətin başçısı Faiz Sərracdır. Uzlaşma hökumətini BMT, o cümlədən əksər dünya ölkələri rəsmi Liviya hökuməti kimi tanıyır.
Şərq hissəsi və ümumilikdə hazırda Liviya ərazisinin 75 faizinə nəzarət edən Mərkəzi Tobruk şəhərində yerləşən Təmsilçilər Məclisi hökuməti isə faktiki olaraq Həftərə tabedir. BMT və əksər ölkələr Sərrac hökumətini rəsmi Liviya hakimiyyəti kimi tanısa da, bir çox Avropa ölkələri, həmçinin ABŞ və Rusiya, eləcə də Misir, Səudiyyə Ərəbistanı və BƏƏ kimi region ölkələri general Xəlifə Həftərə açıq dəstək verir. Məsələn, daha əvvəl inkar olunsa da, 2016-cı ildə Liviyada Həftər qüvvələrinə məxsus vertolyotun qəzaya uğraması nəticəsində Fransa ordusunun üç hərbçisi öldü və yalnız bundan sonra Fransa hökuməti Həftərə hərbi dəstək verdiyini etiraf etdi.
Qəzzafinin baş qərargah rəisi, Çadla müharibədə əsir düşdüyü üçün xain elan olunan general Xəlifə Həftəri Rusiyaya bağlayan 1970-ci illərdə Rusiyada hərbi məktəbdə, o cümlədən Frunze adına hərbi akademiyada təhsil alması (bu cür təhsilin xaricdən gələn tələbələrə ciddi təsiri olurdu – K.R.), ABŞa bağlayan isə 1991-ci ildə Çaddan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi vasitəsilə azadlığa buraxılıb Amerikaya köçməsi və təxminən 10 il MKİ-nin mərkəzi qərargahına yaxın yerdə yaşaması kimi faktlarla izah olunur. 2011-ci ildə üsyandan dərhal sonra Liviyaya qayıdan Həftər Qəzzafinin devrilməsində yaxından iştirak edib, ancaq sonradan siyasi proseslərdən kənarda qalıb.
Ancaq 2014-cü ildə Liviyanın ikiyə bölünməsi ilə general Həftər yenidən səhnədə görünməyə başlayıb. Həmin vaxt Liviya Milli Ordusunu yaradan Həftər səhnəyə dönür və ilk dəfə hərbi çevriliş cəhdi edir. Çevriliş uğursuz olsa da, tezliklə şərq rayonlarında möhkəmlənən Xəlifə Həftər 2014-cü ildə televiziya ilə xalqa müraciət edərək “ölkəni xilas etmək üçün” “Şərəf” əməliyyatını başlatdığını elan edir. Həmin vaxt Liviya faktiki bir neçə yerə bölünmüşdü. Dərnə və digər bir neçə bölgədə İŞİD, Benqazi və ətrafı əl-Qaidəyə bağlı olan “Ənsar əş-Şəriə” adlı qruplaşmalar tərəfindən mühasirəyə alınmışdı. Cənubda isə tayfa silahlıları nəzarətdən çıxaraq müstəqil fəaliyyət göstərirdi.
Həftər tezliklə bütün şərqi Liviyanı nəzarəti altına alır və 2015-ci ildə mərkəzi Tobruk şəhərində yerləşən Təmsilçilər Məclisi hökuməti Həftəri “Liviya Milli Ordusunun komandanı” elan edir. Bir il sonra isə Həftər ölkənin ikinci ən böyük şəhəri və iqtisadi mərkəzi olan Benqazini ələ keçirir. 2016-cı ildə isə Həftər Liviyanın əsas gəlir qaynaqları olan Sidar, Raas Lanuf, Berqa və Əcdabiyə kimi neft istehsal olunan şəhərləri geri alır, 2017-ci ildə isə Dərnə şəhəri Həftər qüvvələrinin nəzarətinə keçir. Ancaq bu dövrdə həm də Həftər “müharibə cinayətləri”, rəqibləri işgəncəyə məruz qoymaq, qanunsuz həbslər və sairdə əməllərdə ittiham olunur.
2019-cu ilin aprelində Xəlifə Həftər Trablusa hücum əmri verib, ancaq 9 ay ötməsinə baxmayaraq Həftərin qüvvələri Trablusu ələ keçirə bilməyib. Əlbəttə, Türkiyə və Qətərin dəstəyi olmasa Sərrac hökuməti Həftərə uzun müddət müqavimət göstərə bilməyəcək. Bu səbəbdən də Türkiyəv Rusiya Moskvada Liviyada tərəfləri barışdıra bilmədi. Belə görünür ki, Berlin konfransı da köklü barışıq yarada bilməyib. Çünki indi hər kəsə aydındır ki, Liviyada BMT nəzarəti altında atəşkəs və sülh danışıqlarının başlaması Sərrac hökumətinin qalması, yəni dolayısı ilə Türkiyənin həm də masada yerinin möhkəmlənməsi, həm də Aralıq dənizi anlaşmasının davam etməsidir. Yeri gəlmişkən, Həftərin Moskvada əsas etirazı məhz bu anlaşmaya olmuşdu.
Ankara isə indi ən azı köklü atəşkəsin əldə olunub sülh danışıqları başlayana qədər Sərrac və hökumətini qoruması lazımdır. Bu, həm də Rusiya ilə münasibətlərdən asılı olacaq. Çünki Frunze Akademiyası məzununun ordusunda indi 25-i hərbi pilot olmaqla 2 minə yaxın “Vagner” silahlısı var. Rusiya isə həm Həftər üzərindən Liviyada təsirini artırmaq, həm də Türkiyəni Suriyada güzəştə vadar etməyə çalışır. Göründüyü kimi, “oyun taxtası”nda “düzülüş” o qədər də sadə deyil.
MƏSLƏHƏT GÖR: