Müəllif: Sabirə ƏLƏKBƏR
Özül bizim ümumi keçmişimizdir. Onu unutmaq, silmək mümkün deyil. Lermontovun Azərbaycanın gözəlliyi haqda yazdıqlarını, Yeseninin «Əlvida, Bakı»sını təkrar-təkrar oxumamaq olmur. Bir vaxtlar vahid böyük dövlətdə çiyin-çiyinə yaşamış, ümumi Vətən uğrunda vuruşmuş iki xalqın tarixi keçmişinin silinməsi birgəyaşayış kodunun məhv olunması, əsrlərdən gələn mədəni əlaqələrin qırılması demək olardı. Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı məqsədilə təşkil olunmuş «Bakı-Moskva: mədəniyyətlərin dialoqu» konfransı bunun növbəti təsdiqi olub.
«Bakı prosesi»
Konfransda çıxış edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu tədbir «Bakı prosesi»nin davamıdır. Yeri gəlmişkən, konfransda Rusiyadan 150-dək insan iştirak edib – nazirlər, Moskva hökumətinin təmsilçiləri, deputatlar, alimlər, ali məktəb rektorları, mədəniyyət və incəsənət xadimləri və s.
Xatırladaq ki, «Bakı prosesi» 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılıb. Məqsəd mədəniyyətlər və sivilizasiyalar arasında əsl, effektiv dialoqun təşkilidir. Azərbaycanın belə bir qlobal prosesin təşəbbüskarı kimi çıxış etməsinin əsasında ölkəmizin ərazisində tarixən ən müxtəlif dini icmaların, etnik qrupların birgə yaşaması, həmçinin mədəni müxtəliflik dayanır. BMT Baş Assambleyasının 2010-cu il sentyabrın 23-də keçirilmiş 65-ci sessiyasında isə Prezident İlham Əliyev Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təklifilə çıxış edib. Bununla da, «Bakı prosesi» regional çərçivələri aşaraq, qlobal hərəkata çevrilib.
«Bakı prosesi» öz işini müxtəlif formalarda davam etdirir. O, eyni zamanda, müxtəlif beynəlxalq layihələrin reallaşdırılmasına təkan verir. Məsələn, bu ilin payızında Bakıda Beynəlxalq Humanitar Forum keçiriləcək», - deyə Ə.Qarayev bildirib. Müvafiq olaraq, «Bakı-Moskva: mədəniyyətlərin dialoqu» konfransı münasibətlərin genişləndirilməsinin əsasını da qoyub. Bu, Bakıda keçiriləcək Humanitar Forumda müzakirə ediləcək.
«Bu tip tədbirlərin keçirilməsi bizim bir-birimizi, ölkələrin mədəniyyətini daha yaxşı anlamamıza və müxtəlif fobiyalarla, çağırışlarla birgə mübarizə aparmağımıza xidmət edir», - deyə nazir qeyd edib.
İlk dəfə və həmişəlik
«Bakı-Moskva: mədəniyyətlərin dialoqu» konfransı iki paytaxtın ilk dəfə reallaşdırdığı layihədir. O, mədəniyyət sahəsində əməkdaşlığa dair protokolda da öz əksini tapıb. İki şəhər arasında əməkdaşlıq özünü konsertlərin təşkilində, mənəni-istirahət fəaliyyəti, muzey-sərgi işi, kitabxanaçılıq, həmçinin bədii və musiqi təhsili sahələrində göstərəcək. Konfrans çərçivəsində artıq «Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır» mövzusunda «dəyirmi masa», həm Azərbaycan, həm də Rusiyada yaşayan görkəmli həmvətənlərin fotosərgisi (TASS və AZƏRTAC agentliklərinin təşkilatçılığı ilə) keçirilib. Bundan başqa, TASS agentliyinin baş direktorunun müavini, Rusiya Dövlət Mükafatı laureatı, Azərbaycanın «Şöhrət», «Dostluq» və «Şərəf» ordenlərinə sahib Mixail Qusmanın «Hakimiyyət formulu» və «Həyat formulu» kitablarının təqimatı da olub. Qeyd edək ki, bu tədbir Mixail Qusmanın 70 illiyinə həsr edilmişdi.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Mixail Solomonoviç Qusmanın «Şərəf» ordenilə təltif edilməsi haqqında sərəncamı yanvarın 23-də, yəni görkəmli jurnalist, radio və teleaparıcının doğum günündə imzalayıb. Qusman bu ali mükafata Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafında uzun illər göstərdiyi məhsuldar xidmətə görə layiq görülüb. Əslən bakılı olan M.Qusmanın ad gününü məhz Bakıda keçirməsi isə rəmzi məna da daşıyır. Üstəlik, həmin gün ona həyatının əsas kitabı olan «Həyat formulu: ana və ata haqqında kitab» da təqdim edilib.
«Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır»
Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən M.Qusman deyib: «Bizim ölkələrimizi dərin tarixi köklər bağlayır. Rusiyadan tədbirə görkəmli ictimai xadimlərdən, mədəniyyət xadimlərindən ibarət böyük nümayəndə heyəti gəlib. Onların hər biri Bakıda olmaqdan böyük sevinc hissi duyurlar. Məsələ heç də yalnız azərbaycanlıların qonaqpərvərlik ənənəsində deyil, həm də onların əhatə olunduğu dostluq, əməkdaşlıq və diqqət atmosferindədir».
Mixail Qusman dahi lider Heydər Əliyevin iki ölkə arasında dost və tərəfdaş münasibətlərinin qurulmasına verdiyi böyük töhfəni xüsusi vurğulayıb: «Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinə, bizim mədəni əlaqələrimizə necə önəm verdiyini hər birimiz xatırlayırıq. Bugünkü konfrans onun vəsiyyətlərinin həyata keçməsidir».
Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkov isə çıxışında Beynəlxalq Bakı forumunun beynəlxalq gündəmin əhəmiyyətli hadisəsinə çevrildiyini, həqiqətən də, dünya əhəmiyyətli tədbir olduğunu söyləyib: «Bakı forumu yalnız ikitərəfli deyil, çoxtərəfli münasibətlər baxımından da vacibdir. O, Avropa, ABŞ, Mərkəzi Asiya, Uzaq Şərq ölkələri də daxil olmaqla, ən müxtəlif dövlətlərin diqqətini çəkir. Bu konfrans göstərir ki, bizi insanlar arasında yüzilliklərdir davam edən qədim dostluq birləşdirir».
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, mədəniyyətlərin dialoqu tərəflərin bir-birinə hörmətinin, ortaq məxrəc axtarışlarının göstəricisidir: «Mədəniyyətlərin dialoqu mədəniyyətin, ənənələrin kənardan zorla qəbul etdirilməməsi deməkdir. İstər Rusiya, istər Azərbaycan belə hallarla tez-tez rastlaşır. Onlara tez tez məsləhətlər verirlər, necə yaşamalı, nələri dəyişməli, keçmişə aid nələri saxlamalı, kimlərlə dostluq etməli olduqlarını zorla qəbul etdirməyə çalışırlar. Ənənələri qorumaq bacarığı, ümumi dəyərlərin tapılması – mədəniyyətlərin dialoqu məhz budur. Bu, inkişaf etdirilməlidir».
Akademik Kamal Abdulla, xalq artisti Fərhad Bədəlbəyli, xalq rəssamı Fərhad Xəlilov, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçov və digərləri çıxışlarında bildiriblər ki, bu gün Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlərdə intensiv inkişaf edir, mədəni əlaqələr isə bu münasibətləri daha da möhkəmləndirən bənddir. Çıxış edənlər deyib ki, ölkələr arasındakı mədəni əməkdaşlıq bəzən siyasi və iqtisadi əməkdaşlıqdan heç də az rol oynamır. Bu prosesdə əsas amil isə dövlət başçıları arasındakı sıx, xoş münasibətlərdir.
Sözdə yox, əməldə
Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Anar Rzayev bildirib ki, Azərbaycanla Rusiya arasında mədəniyyətlərin dialoqu əslində, heç zaman kəsilməyib. Məsələn, «Azərbaycan Yazıçılar İttifaqı yanında «Luç» Ədəbi Yaradıcılıq Assosiasiyası fəaliyyət göstərir, «Literaturnıy Azerbaydjan» və «Mir literaturı» nəşrləri çap olunur. Bunlar özündə rusdilli müəllifləri birləşdirir. Beləliklə, Yazıçılar İttifaqı ölkələrimiz arasında mədəni əlaqələrin gələcək inkişafı kimi nəcib işə öz töhfəsini verir».
Azərbaycanda rus dilində təhsilə dövlət səviyyəsində ciddi diqqət göstərildiyi də vurğulanmalıdır. Bu gün ölkənin 342 orta məktəbində tədris həm də rus dilində aparılır, hər il ölkədə rus dilində olimpiadalar keçirilir. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Bundan başqa, Bakıda Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazası əsasında yaradılmış Bakı Slavyan Universiteti də var. Səməd Vurğun adına Rus Dram Teatrı da öz yerində.
Dilin yayılması məsələsinə Rusiyada da az diqqət göstərilmir. Bu gün Rusiyanın bir sıra təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı tədris olunur. Moskva Dövlət Linqvistik Universitetində isə Azərbaycan Dili Mərkəzi fəaliyyət göstərir.
Bütün bu faktlara Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov da diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanda dillərə bu cür tolerant münasibətin olduğu bir vaxtda Ermənistanda rus dilində təhsil yerli qanunvericiliyə uyğun olaraq, məhv edilib. Bu gün Ermənistanda rusdilli məktəb yalnız Fioletovo kəndində qalıb ki, o da Rusiyanın Ermənistandakı səfirliyinin hamiliyi altında fəaliyyət göstərir. Doğrudur, bu ölkədə aşkar təzyiqlər nəticəsində sonradan rus sinifləri açılıb, lakin həmin siniflərdə yalnız o şagirdlər təhsil ala bilir ki, valideynlərindən heç olmasa biri etnik erməni olmasın.
O zaman Rusiyanın Ermənistandakı səfiri Anatoli Dryukov dil üzrə təftişləri orta əsrlərə aid inkvizasiya ilə müqayisə etmişdi. Bu gün də 6-7 il Rusiyada yaşadıqdan sonra Ermənistana qayıtmış erməni ailələri övladlarını rus siniflərinə qoya bilmir. Bundan başqa, bu gün «MDB və Baltikyanı ölkələrdə rusdilli vətəndaşların vəziyyətinin öyrənilməsi» adlı geniş araşdırma var və o, göstərir ki, ən pis durumda olan «rusdilli vətəndaşlar»a məhz Ermənistanda rast gəlinir.
Üstəlik, bütün bunlar Ermənistanda nasist ideyalarının «göylərə qaldırılması», erməni irqçiliyinin əsasını qoymuş Qaregin Njdenin qəhrəmanlaşdırılması fonunda baş verir. Bu gün İrəvan Hitlerin köməkçisi olmuş bu şəxsi dünyaya XX əsrin əvvəlinə aid erməni milli-azadlıq hərəkatının qəhrəmanı kimi təqdim edir.
Poeziya və incəsənət ittifaqı
Rusiyada müəllif mahnıları janrının əsasını qoymuş şəxslərdən olan geofizik, akademik Aleksandr Qorodnitski hesab edir ki, Azərbaycanla Rusiya arasında mədəniyyətlərin dialoqu, dostluğun ən vacib formalarından biri poetik birlikdir. «15 ildir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyilə Bakıda Beynəlxalq müəllif mahnısı və poeziyası festivalı keçirilir. O, tək bizim ölkələrimizi deyil, başqa ölkələrin nümayəndələrini də bir araya gətirir, böyük rezonansa səbəb olur. Festivalda Azərbaycan aşıqları ilə Rusiya bardlarının əsrlərdən gələn sənəti harmoniya təşkil edir, söz və musiqi ruhunun dünyasında xalqları bir-birinə daha da yaxınlaşdırır. Bütün bu illər ərzində mən bu festivalın münsiflər heyətinin sədri olmuşam və ümid edirəm ki, mədəniyyətin təbliği bundan sonra da insanlarda ən xoş emosiyalar yaradacaq. İnsanlar birgə mahnı oxumaq, şeir söyləmək üçün bir araya gəldikdə onların arasında uzun, güclü bağlar yaranır. Bu, xalqlar arasında sülh və yaradıcılıq naminə dialoq deməkdir», - deyə Aleksandr Qorodnitski bildirib.
Tanınmış rusiyalı rəssam, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəxri doktoru Nikas Safronov da mədəniyyətin, incəsənətin ölkələri yaxınlaşdırdığını, müxtəlif xalqların tarixi və ənənəsi haqda daha çox bilgi əldə etmək imkanı yaratdığını söyləyib. «Azərbaycan xalqı çox müdrik xalqdır. O, mədəniyyətlərin dialoqu vasitəsilə dünyaya ən ali insani dəyərləri çatdırır. Azərbaycanla Rusiyanı tarixən dostluq münasibətləri bağlayıb, mən isə özümü hər zaman Azərbaycanın dostu adlandırıram. Qonaqpərvər, mehriban ölkənizə bir dəfə gəlməklə, qəlbimlə əbədiyyən burada qalmışam. Burada hər zaman çox rahat oluram. Mənim üçün Azərbaycan obrazlı ifadə etsəm, ikinci vətəndir. Yəni bu ölkəni, xalqı, onun nadir mədəniyyətini bu dərəcədə sevirəm. 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin xeyir-duası ilə Bakıda ilk fərdi sərgim son dərəcə uğurla keçmişdi. Bu ilin mayında isə burada 200 rəsmimin nümayiş olunacağı daha bir sərgim keçiriləcək. Onların bir hissəsi Azərbaycanda çəkilib və bu ölkəyə həsr olunub – mənzərələr, portretlər, müxtəlif kompozisiyalar. Bir çox əsərimi məhz həmin sərgi üçün çəkmişəm və onlar ilk dəfə nümayiş olunacaq. Həmin əsərlər ilyarıma ərsəyə gəlib və onların çəkilməsi üçün mən Azərbaycanın bir çox regionuna səfər etmişəm. Sərginin Heydər Əliyev Mərkəzi və Müasir İncəsənət Muzeyində keçirilməsi planlaşdırılır. O, Heydər Əliyevin doğum gününə – mayın 10-na həsr olunacaq», - deyə Nikas Safronov bildirib.
Beləliklə, tədbirdə ümumi tarixi əlaqələr haqda çox danışılıb. Lakin bir şey tam dəqiqdir: Azərbaycandakı zəngin etnik-milli tərkib, dözümlülük atmosferi, onun tarixi və nadir coğrafi mövqeyi respublikamızı müxtəlif mədəniyyətlərin, dinlərin (islam, iudaizm, xristianlıq) yaxınlaşdığı, sülh şəraitdə birgə mvcud olduğu məkana çevirir. Və bu, hər zaman belə olacaq!
Yazıda «Trend» İnformasiya Agentliyinin materiallarından istifadə olunub.
MƏSLƏHƏT GÖR: