Müəllif: İrina XALTURİNA
Rusiya prezidenti Vladimir Putinin Federasiya Şurasına Yeni il müraciətindən dərhal sonra – yanvarın 15-də Rusiya hökuməti tam heyətlə istefaya gedib. Prezident müraciətində ölkənin siyasi, iqtisadi və sosial sahələrilə bağlı bir sıra təkliflə çıxış etmiş, həmçinin əslində, ölkədə kifayət qədər dərin konstitusion islahatların anonsunu vermişdi.
Dünya ictimaiyyəti üçün, həmçinin Rusiya KİV-nin əksəriyyətinin yazdığına görə, elə ölkənin özü və nazirlər üçün hadisələrin bu cür gedişi tamamilə gözlənilməz olub. Cəmi bir neçə gün sonra ölkənin yeni baş naziri də müəyyənləşib – hökumətə başçılıq 53 yaşlı Mixail Mişustinə həvalə edilib. Əslində, baş nazir postuna namizəd də istər jurnalistlər, istərsə də politoloqlar üçün sürpriz olub. Çünki Mişustin xüsusi tanınmış, hər kəsin tanıdığı persona deyildi. Belə olan təqdirdə ortaya təbii sual çıxır: bütün bu dəyişikliklər Rusiyanın gələcəyinə necə təsir göstərəcək? Doğrudanmı Putinin elan etdiyi yenilənmə «2024-cü il problemi»nin həllinə hesablanmış daha nəhəng planın bir hissəsidir? Məlum olduğu kimi, Rusiyada növbəti prezident seçkisi məhz 2024-cü ildə keçirilməlidir.
Təklifin məğzi
Beləliklə, Putin «Rusiya Konstitusiyasında Dövlət Şurasının statusu və rolunun gücləndirilməsini» təklif edib. Hazırda Rusiya Konstitusiyasında Dövlət Şurasının rolu haqda heç nə deyilmir. O, sadəcə, prezident yanında «məşvərət orqanı»dır. Şuranın sədri ölkə prezidentidir. Dövlət başçısı ilə yanaşı, Şuraya Dövlət Duması və Federasiya Şurasının spikerləri, Dumadakı fraksiyaların liderləri, qubernatorlar və bir neçə sabiq region rəhbəri daxildir.
Bununla yanaşı, V.Putin «federal səviyyəli qərarların hazırlanması və qəbulunda qubernatorların rolunun ciddi şəkildə artırılmalı olduğunu» da bildirib. Ekspertlər deyir ki, indi, ən maraqlısı Dövlət Şurasının səlahiyyətlərinə konkret nələrin aid olacağıdır. Amma ola bilsin ki, Şuranın rolunun təsdiqlənməsindən sonra belə, onun bəzi funksiyaları birmənalı xarakter daşımasın. Belə olarsa, bu, gələcək rəhbərin lazım bildikdə manevr edə bilməsinə yol açmaq məqsədi daşıyacaq.
Prezident Dövlət Dumasına da böyük səlahiyyətlərin verilməsini təklif edib. O, hesab edir ki, parlamentin aşağı palatası indiki kimi, yalnız hökumət başçısını deyil, onun müavinlərini və bütün nazirləri təsdiqləmək səlahiyyətini daşımalıdır. Federasiya Şurası isə güc strukturlarının rəhbərləri və region prokurorlarının təsdiqlənməsilə bağlı məsləhətləşmələrdə iştirak edəcək. Bundan başqa, senatorlara Konstitusiya Məhkəməsinin hakimlərini vəzifədən kənarlaşdırmaq səlahiyyəti veriləcək.
Bütün bunlar əlbəttə ki, Rusiyanın parlament respublikasına çevriləcəyi demək deyil və prezident bundan sonra da ölkənin əsas fiquru olaraq qalacaq. Hər halda, buna oxşar müxtəlif düzən güclü prezident idarəçiliyinin olduğu bir çox dövlətdə mövcuddur. Bu, ABŞ-a da aiddir.
Daha bir təklif bir şəxsin ardıcıl olaraq 2 dəfə prezident seçilməsinə qadağanın aradan qaldırılması ilə bağlıdır. Əslində, burada artıq olan yalnız «ardıcıl» sözüdür və o, guman ki, Konstitusiyadan çıxarılacaq. Bununla yanaşı, prezident seçilmək istəyən şəxsin ölkədə yaşama müddəti senzi artırılacaq. Hazırda bu, 10 ildir. Yenilikdən sonra isə ölkə prezidenti seçilmək istəyən şəxsin ən azı 25 il Rusiyada yaşaması tələb olunacaq. Bundan başqa, həmin şəxsin heç zaman hansısa dövlətin vətəndaşı olmaması, yaxud hər hansı ölkədə yaşamaq izni almaamsı da tələb ediləcək. Yeri gəlmişkən, xarici ölkə vətəndaşlığı və ya yaşamaq iznilə bağlı qadağa hakimlər, federasiya subyektlərinin başçıları, deputatlar, senatorlar və hökumət üzvlərinə də tətbiq olunacaq.
Daha bir son dərəcə vacib təklif Rusiya ərazisində beynəlxalq qanunvericilik və müqavilələrin, həmçinin beynəlxalq təşkilatların qərarlarının prioritet sayılmaması ilə bağlıdır. Əgər onlar Rusiya Konstitusiyası ilə ziddiyyət təşkil edərsə, prioritet hesab olunmayacaq.
Hökumət
Artıq sabiq baş nazir Dmitri Medvedyevin sözlərilə desək, Rusiya hökuməti istefaya «siyasi sistemin yenilənməsilə bağlı miqyaslı işlərin həyata keçirilməsinə yol açmaq» üçün gedib.
Medvedyevdən sonra baş nazir postuna yeni komandanı kifayət qədər qısa vaxtda formalaşdıran Mixail Mişustin (Federal Vergi Xidmətinin rəhbəri) gətirilib. Nəticədə, Nazirlər Kabinetinin az qala yarısı tam dəyişib. Bununla yanaşı, onun strukturunda da dəyişiklər olub. Məsələn, baş nazirin müavinlərinin sayı 9-a endirilib, Şimali Qafqaz İşləri üzrə Nazirlik ləğv olunub, 4 federal agentliyin isə kuratoru dəyişdirilib.
Mişustinin özünə gəlincə, onun əvvəlki vəzifəsindəki əsas xidməti rəhbərlik etdiyi Federal Vergi Xidmətinin rəqəmsal texnologiyaların tətbiqi ilə görünməmiş effektivliyə imza atmasıdır. Rəsmi məlumata görə, 5 ildə büdcəyə verci daxilolmaları 39% artıb, ƏDV toplanması isə ümumiyyətlə, dünyada ən yaxşı duruma gəlib. Bu üzdən, Rusiyanın yeni baş nazirini «qeyri-adi ekspert», «təmkinli texnokrat», «siyasi reputasiyası olmayan texnokrat» kimi xarakterizə edirlər. Bundan başqa, o, daha çox «tranzit dövrün» texniki baş nazirliyini həyata keçirəcək kompromis fiqur da hesab olunur. Mişustin ölkədə pul axınını idarə edəcək, Putinin tapşırıqlarını həyata keçirəcək, lazım olarsa, büdcə problemlərinə və müvafiq olaraq, xalqın narazılığına görə zərbəni üzərinə götürəcək.
Dəyişiklik səbəbi
Bəs, bütün bu dəyişikliklərə nə ehtiyac vardı? Dünya üzrə ekspertlərin əksəriyyəti düşünür ki, Putin prezidentlik müddətinin başa çatmasından sonra hakimiyyətdə qalmağın yollarını axtarır. Güman olunur ki, Kremlin hazırkı rəhbəri həyata keçirəcəyi islahatlarla özündən sonrakı prezidentin formal rol daşımasına nail olmağa çalışır. Bu halda geniş səlahiyyətlərə malik baş nazir postunu Putinin özü tuta bilər.
Lakin Putinin hakimiyyətini uzatmağa çalışdığını düşünən ekspertlərin əksəriyyəti onun Qazaxıstanın yolu ilə gedə biləcəyini də vurğulayır. Məlum olduğu kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa verməzdən əvvəl Təhlükəsizlik Şurasının səlahiyyətlərini artırmış, özünün «xalqın lideri» (elbaşı) statusunu isə Konstitusiya ilə gücləndirmişdi. Putin də öz növbəsində, Dövlət Şurasının sədri vəzifəsini tuta bilər. Bu halda səlahiyyət müddətilə bağlı məhdudiyyət olmayacaq, üstəlik, o, ölkənin gündəlik idarə edilməsi kimi ağır yükü daşımadan belə, Rusiyanın siyasətinə vəziyyətə uyğun təsir göstərə biləcək. Amma bu halda, əlbəttə ki, ölkəni idarə edəcək kifayət qədər güclü, eyni zamanda «rəhbər»ə loyal prezidentə ehtiyac olacaq. Odur ki, hazırda Vladimir Putin bütün bu şərtləri nəzərə almaqla, varis axtarışındadır.
Əslində, ikinci versiya heç də birinci variantı tam inkar etmir. Beləliklə, görünən odur ki, indiki mərhələdə V.Putinin əsas hədəfi daha çox varis axtarışı yox, ölkədəki hazırkı idarəçilik sisteminin ehtiyatla zəiflədilməsidir. Məlum olduğu kimi, hazırkı sistem Kreml başçısına məhdudiyyətsiz səlahiyyətlər tanıyır. Başqa sözlə, Putin sadəcə, 2024-cü ildən sonrakı dövr üçün özünə geniş vəzifə səlahiyyətləri hazırlamaqla məşğul deyil. O, ilk növbədə, Rusiyada hakimiyyətin bir əldə cəmləşməyəcəyi siyasi sistem qurmağa çalışır.
Aydındır ki, Rusiyada ötən əsrin sonlarında, yəni 20 il əvvəl, daxili və xarici vəziyyətin kifayət qədər ağır olduğu vəziyyətdə qurulmuş dövlət idarəçiliyi modeli müasir çağırışlara və perspektivlərə cavab vermir. Hazırda Rusiyanın zəif yeri həddindən artıq çoxdur. Bu, ilk növbədə, lazımi qədər effektiv olmayan parlament, məhkəmə sistemi və sairdir. Rusiya Federasiyası nəhəng dövlətdir və bir çox halda onun müxtəlif ucqar bölgələrində həyat o qədər fərqli olur ki, sanki söhbət ayrı-ayrı ölkələrdəki həyatdan gedir. Əslində bu, belə olmamalıdır. Bundan başqa, Putin belə demək mümkünsə, özünün siyasi çiçəklənmə dövründədir və ölkəyə əbədi rəhbərlik edə bilməyəcəyini yaxşı anlayır. Hər halda, Rusiya artıq yaşlı rəhbərlərlə bağlı acınacaqlı təcrübələrə malikdir. V.Putin, əlbəttə ki, gələcəkdə həmin liderlərin taleyini yaşamaq istəmir. Kremlin hazırkı rəhbərinin xasiyyətini əsas götürsək, əminliklə, demək olar ki, o, tarixdə yalnız güclü siyasətçi kimi deyil, həm də dövlət xadimi kimi qalmaq istəyir. Beləliklə, Moskvada start götürmüş dəyişikliklərin son məqsədi lider dəyişikliyi zamanı böyük iqtsiadi və siyasi təlatümlərə imkan verməyəcək siyasi maşının işə salınmasıdır. Bunun üçün isə dəqiq, saz sistem qurulmalıdır. Elə bir sistemi ki, hakimiyyətin müxtəlif qanadlarına kompromisə getməyi, razılığa gəlməyi öyrətsin.
Digər yandan, Rusiyanın daxili problemlərinə, həqiqətən, ciddi diqqət tələb olunur. Buna ictimaiyyətin ehtiyacı var. Məhz bu üzdən Putin yalnız hakimiyyət konfiqurasiyasında dəyişikliklərdən danışmayıb. O, pensiya, dərman, ana kapitalı haqda da fikirlərini bölüşüb. Tapşırığın verildiyi artıq Rusiyanın federal telekanallarındakı ritorika dəyişikliyindən də aydın görünür. Artıq kanallar Ukraynadakı vəziyyəti deyil, Rusiyada təhsilin, səhiyyənin, infrastrukturun durumunu müzakirə edir.
Beləliklə, uzunmüddətli perspektiv üçün ehtimallar tamamilə aydındırsa, yaxın dövr üçün Mişustin 2021-ci ilin dövlət büdcəsini sosial öhdəliklərə əməl etmək şərtilə yenidən formalaşdırmalıdır. Bundan başqa, ekspertlər bu ilin payızında və ya gələn ilin yazında Dövlət Dumasına növbədənkənar seçkinin keçirilə biləcəyini də düşünür. Söhbət Rusiya Federasiyasında müasir idarəçilik düzəninə hazırlıqdan gedir və bu prosesin bir anda, üstəlik, ağrısız keçməsi mümkün deyil. Rusiya dəyişməli, bütün üstünlüklərindən (strateji, resurs, elmi, coğrafi, təhlükəsizlik) istifadə yolu ilə getməlidir. Əgər o, ən azı demoqrafiya ilə bağlı vəziyyəti nəzarətdə saxlaya, səhiyyə və təhsildə islahatlar apara biləcəksə, ciddi xarici təlatümlər və ya təbiət kataklizmləri baş verməyəcəksə, XXI əsrin ikinci 25 illiyində, yəqin ki, Avrasiya qitəsində tamamilə yeni geosiyasi reallıqla üz-üzə qalacağıq.
MƏSLƏHƏT GÖR: