Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
Bank sisteminin “qeyri-sabitliyi”, “yetərincə inkişaf etməməsi” beynəlxalq agentliklər və institutlar tərəfindən Azərbaycanın reytinqinin aşağı salınmasında həlledici rol oynayan amillərdən biridir. Banklardan ölkə rəhbərliyi də narazıdır - Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında onları yetərincə sərt şəkildə tənqid edərək, iqtisadiyyatın real sektorunda daha fəal iştirak etməyə çağırıb.
Bütün bunlar 2020-ci ilin bank islahatları ilə zəngin olacağını vəd edir - yeni "köhnə" bazar tənzimləyicisi Mərkəzi Bank (AMB) artıq problemlərin aradan qaldırılmasına və bankları biznes nümayəndələri ilə "barışdırmağa" başlayıb.
Zəif bəndlər
“Biz ölkənin bütün banklarında hərtərəfli yoxlama apardıq və artıq əlimizdə konkret göstəricilər var. Deyə bilərik ki, bütünlükdə bank sektoru müsbət dinamika göstərir, amma bir sıra problemlər var ki, onları da nöqtəvi saya bilərik", - deyə AMB rəhbəri E. Rüstəmov son mətbuat konfransında bildirib, həmçinin əlavə edib ki, tənzimləyici konkret təkliflər hazırlayıb və onları Maliyyə Sabitliyi Şurasına təqdim edəcək.
Məsələ bundadır ki, bank sektorunun illik statistik göstəriciləri gerçəkdən müsbətdir - bazar bütün əsas parametrləri üzrə böyüyür və bu, olduqca təsiredicidir. Bankların məcmu aktivləri 10,9%, kredit portfeli 18%, məcmu kapitallaşması 12,6%, məcmu xalis mənfəəti, ümumilikdə, 92,2% artıb. Yəni bu rəqəmlərə görə bank bazarı 2015-2016-cı illər böhranından nəinki tam qurtulub, həm də yetərincə möhkəmlənib.
Bəs, onda narazılıqların kökü nədədir, ümumi ürəkaçan mənzərəyə bu qədər mənfi təsir göstərən bu nöqtəvi problemlər nələrdir?
31 dekabr 2019-cu il tarixinə Azərbaycanda 30 bankın fəaliyyət üçün lisenziyası olub, onlardan 14-ündə xarici kapital var. Bunlar 2015-2016-cı illərin məşhur devalvasiya böhranından sonra bazarda qalmağı bacaran banklardır. Ancaq məhz hələ ki - bu gün ən azı üç, hətta beş bankdakı vəziyyət analitiklərin ciddi narahatlığına səbəb olur.
Son illərdə mətbuatda yerli «AtaBank»ın dayanıqsız vəziyyəti ilə bağlı dəlillər müzakirə olunur - bankın likvidlik çatışmazlığına görə müştərilərə müddətli depozitləri qaytarmaqdan imtina etdiyi barədə məlumatlar ortaya çıxır. Bu bazar üçün ciddi bir "həyəcan təbili" və bu bankın oyundan çıxmaq üçün növbəti namizəd olması barədə ehtimallar üçün səbəb oldu.
Buna cavab olaraq, AMB başçısı bankdakı “likvidlik və maliyyə sabitliyi” ilə bağlı ciddi problemlər olması barədə açıqlama verdi.
«AtaBank»ın problemləri, bütün ciddiliyinə baxmayaraq, çox sadədir: o, bank zəncirinin digər "zəif halqaları" kimi, bir zamanlar çox sayda yüksək riskli kredit verib. Sonra onlar bankın özü üçün dözülməz borc yükünə çevrilib.
“Yəni lazımi risk-menecment idarə edilməsi həyata keçirilməyib. Bu, maliyyə bazarında problemlər dövründə təsadüf etmişdi və nəticədə, bankın mövqelərinin pisləşməsinə səbəb oldu", - deyə E.Rüstəmov tezliklə Maliyyə Sabitliyi Şurasında «AtaBank»ın gələcək taleyinin müəyyənləşdiriləcəyinə ümid etdiyini vurğulayıb.
Ancaq Azərbaycan Prezidentinin problemli kreditlər məsələsinin həlli üzrə müvafiq fərmanı çərçivəsində keçən il gerçəkləşdirilmiş proseslərdən sonra bank ümidsiz hesab edilirsə, çətin ki, gündəlikdə onun "bərpa edilməsi" məsələsi dursun, yenə də bu barədə yalnız Maliyyə Sabitliyi Şurası qərar verə bilər... İstənilən halda, bankın əmanətçilərinin bu barədə narahat olmasına dəyməz - bank Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğundan sığortalanmış əmanətlər geri qaytarılacaq. Bank rəhbərliyinə “əmanətini sığortalamayan hər bir əmanətçi ilə şəxsən əlaqə qurmaq və onlara yaxın zamanlarda bunu edə biləcəkləri barədə məlumat vermək” tövsiyə edilib.
Çox güman ki, yaxın zamanlarda tənzimləyici bank bazarının digər "zəif halqaları" ilə də məşğul olacaq, çünki E.Rüstəmov vəd verib ki, "bank sektorunun bərpası ilin birinci yarısında başa çatacaq".
«İstehlak kreditləşdirməsi» virusu
Yuxarıda qeyd edildiyi kimi, bankların problemli kreditlər yükündən “təmizlənməsindən” sonra sektorda vəziyyətin yaxşılığa doğru dəyişməsi lazım idi. Xatırladaq ki, yuxarıda adı keçən fərmanda fiziki şəxslərin xarici valyutadakı kreditlər üzrə 10 min ABŞ dollarına qədər olan əsas borcunun devalvasiya nəticəsində yaranan fərqinin üç ay ərzində dövlət büdcəsi hesabına qaytarılması nəzərdə tutulub. Bu sənəd çərçivəsində keçən il 645 milyon manat kompensasiya ödənilib, 135 min vətəndaşın 269 milyon manatdan çox kredit borcu restrukturizasiya edilib.
Lakin bundan sonra da sektor sanki ötən illərin böhranlarından nəticə çıxarmayıb və artıq neçə illərdir sağala bilməyən “istehlak krediti” virusuna məruz qalıb. “2019-cu ilin əvvəllərindən kredit qoyuluşları 16,1% artıb ki, bu da istehlak kreditləşməsinin 21% artması ilə bağlı olub. Nəticədə, istehlak kreditlərinin payı 50,4% təşkil edib", - deyə Mərkəzi Bankın 2020-ci il və orta müddət üzrə pul siyasətinin və maliyyə sabitliyinin əsas istiqamətləri ilə bağlı açıqlamasında bildirilir.
Bu məqam bütün bank sektorunun dayanıqlılığına şübhə yaradan əsas bəndlərdən biridir. “İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”,- deyə Prezident İlham Əliyev ötən ilin oktyabrında bu barələ demişdi.
“2019-2023-cü illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı kiçik və orta sahibkarlığa verilən kreditlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, çünki bu, ölkənin ÜDM-in artması üçün vacibdir. “Üstünlük istehlak kreditlərinə deyil, biznes kreditlərinə verilməlidir. Özəl banklar biznes kreditləri üzrə faiz dərəcələrini aşağı salmalıdırlar. 2019-cu ildə Mərkəzi Bank uçot dərəcəsini endirdi, bu tendensiya 2020-ci ildə davam edir. Buna görə banklar kreditlər üzrə faiz dərəcələrini azaltmalıdırlar. Dövlət onlara şərait yaradır, buna görə banklar daha məsuliyyətli olmalı və iqtisadi artıma kömək etməlidirlər", - deyə dövlət başçısı bildirib.
Özəlliklə, bu məsələdə ölkənin bölgələrində vəziyyət acınacaqlıdır. AMB-nin məlumatına görə, 1 yanvar 2020-ci il tarixinə bankların Bakıda borcalanlara verdiyi kreditlərin həcmi ölkədəki bankların bütün kredit qoyuluşlarının 80,2% -ni təşkil edir. Bütünlükdə, ölkə üzrə kreditlər, orta hesabla, illik 11,1%-lə, Bakıda isə 9,3%-lə verilir. Biznes kreditlərinə gəldikdə isə, E. Rüstəmovun sözlərinə görə, onların dərəcəsi 2018-2019-cu illərdə 11% təşkil edib və bu, əvvəlki illərə nisbətən 5 faiz azdır.
Lakin bölgələrdə problemlər yalnız yüksək dərəcələrlə məhdudlaşmır - dövlət başçısının qeyd etdiyi kimi, şərtlər, xüsusən, biznes-kreditləri üçün daha sərtdir: “Bu, ilk növbədə, bankların kredit üçün girov kimi Bakıda əmlak tələb etdiyi bölgələrə aiddir. Bu yolverilməzdir",- deyə o, kredit alınması üçün ən başlıca maneələrdən birinə - girov məsələsinə toxunub.
“Əlbəttə, bəzi banklar üçün istehlak krediti gəlir əldə etmək üçün daha sərfəli və daha asan bir yoldur, lakin biznes kreditləri ölkə iqtisadiyyatı üçün daha vacibdir. Uçot dərəcəsinin azalması kreditlər üzrə faiz dərəcələrinin azalmasına və İqtisadiyyat Nazirliyi tərəfindən verilən güzəştli kreditlər üzrə faiz dərəcələrinə yaxınlaşmasına gətirməlidir”, - deyə İlham Əliyev vurğulayıb.
Sığorta modeli
Burada əlavə edək ki, AMB 2020-ci ildə də uçot dərəcəsini endirməyə başlayıb, 0,25% azaldaraq 7.25% -ə çatdırıb. Sahibkarlığın İnkişafı Fondunun (SİF) kreditlər üzrə faiz dərəcəsi 5% -dir. Özəl banklarla aradakı fərq böyükdür.
Lakin eyni zamanda, banklar kommersiya qurumlarıdır və tənzimləyici onlara riskli kreditlər vermələri barədə göstəriş verə bilməz. Bunun bir neçə çıxış yolu var: birincisi, təsərrüfat subyektlərinin maliyyə savadlılığının artırılması, onlara risk göstəricilərinə cavab verən düzgün biznes-planların tərtib edilməsini öyrətmək lazımdır.
Digər tərəfdən E.Rüstəmov hesab edir ki, İpoteka və Kredit Zəmanət Fondunun biznes kreditləri məsələsində səylərini gücləndirməsi, kreditlərin zəmanəti mexanizmi çərçivəsində bankların risklərini azaltmaq lazımdır.
AMB-nin özünə gəldikdə isə, o, prosesə faktiki olaraq təsir göstərə bilmir, çünki kommersiya banklarına kredit vermir. “Mərkəzi bank iqtisadi subyektlər arasında narazılığın qarşısını almaq üçün banklara qısamüddətli likvidlik üçün pul verir. Son zamanlarda biz pul kütləsini 4 dəfə artırdıq, lakin bu resurslar iqtisadiyyata tam yönəldilmir ”, - deyə E.Rüstəmov əlavə edib.
Lakin istənilən halda banklar dövlətdən dəstək alırlar – bu sıraya həm dayanıqlı makroiqtisadi mühitin təmin edilməsi, həm milli valyutanın məzənnəsinin sabitliyi, həm də əhali əmanətlərinin tam sığortalanmasının təmin edilməsi daxildir.
Doğrudur, xalqın banklara inamının artmasının və bazarın sağlamlaşdırılmasının gedişində vəziyyət, bəlkə də, dəyişə bilər. Daha öncə bildirildiyi kimi, 4 mart 2016-cı il tarixindən etibarən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcmini əhatə edir (əvvəllər 30 min manata qədər əmanətlər sığortalanmış hesab edilirdi). Yeganə şərt əmanət üzrə faizlərin ADIF-in müəyyən etdiyi həddən çox olmamasıdır. Bu şərtlərə görə, əhalinin milli valyutada əmanətlərinin dərəcəsi illik 10%-dən yuxarı olanda və xarici valyutada əmanətlərinin dərəcəsi illik 2,5%-dən yuxarı olanda, əmanətlər sığorta ilə əhatə olunmur. Bu qaydanın qüvvəsi 1 mart 2020-ci il tarixdə bitir.
Bununla yanaşı, bank ekspertləri və bankların rəhbərləri dəfələrlə qeyd ediblər ki, hazırkı şərtlərdə bu sığorta sistemi tam effektiv deyil. Belə görünür ki, tənzimləyici də eyni fikirdədir.
“Hazırda biz yeni əmanət sığortası modeli üzərində işləyirik. Sanırıq ki, bunun yumşaq və mərhələli şəkildə həyata keçirilməsinə ehtiyac var. Mövcud sistem sektordakı böhran dövründə tətbiq olunub və əmanətlərin azalmasını dayandırmağa imkan verdi. İndi banklara inam bərpa olunur və sektorda vəziyyət yaxşılaşır, ancaq bütün problemləri həll etdikdən sonra əmanətlərin sığortalanması modelinin dəyişdirilməsi barədə danışa bilərik", - deyə Elman Rüstəmov bu barədə bildirib.
Belə çıxır ki, problemlərin həllini elə də çox gözləməyəcəyik – vur-tut ilin birinci yarısının sonuna qədər...
MƏSLƏHƏT GÖR: