Müəllif: Səməd VƏLİYEV
Məlum olduğu kimi, ABŞ-ın dövlət katibi Mayk Pompeo yanvarın 31-i ilə fevralın 3-ü arası Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanda səfərdə olub. Onun bu turnesini KİV az qala yekdilliklə «antirusiya gedişi» kimi qiymətləndirib. Bəs, əslində, bu turnedə Rusiyaya qarşı olan nədir və ümumiyyətlə, bu , hansı məqsədlə həyata keçirilib?
«Şərqi Avropa ilə avtoritarizm arasında qala»
Amerikalı xadimlər xüsusilə son dönəmlərdə gündəmə tez-tez öz zəngin təxəyyüllərini göstərən alleqoriya və müqayisələrlə gəlir. Bu dəfə də turnesinə Kiyevdən başlayan və orada prezident Vladimir Zelenski ilə görüşən M.Pompeo Ukraynanın «Şərqi Avropa ilə avtoritarizm arasında qala» olduğunu bəyan edib. Bu ifadənin Zelenskinin xoşuna gəlib-gəlmədiyini demək çətindir. Bir şey dəqiqdir ki, bu, hazırkı Amerika administrasiyasının Ukraynaya münasibətini xarakterizə edir. Ukrayna «qala»dırsa, onda, yəqin ki, «avtoritarizm» Rusiyadır. Məlum olduğu kimi, qala müdafiə tikilisi və ya onlardan ibarət kompleksdir. Demək, söhbət müdafiə obyektindən gedirsə, onu möhkəmləndirmək vacibdir. Amerikalılar da məhz bununla məşğuldurlar. Məntiq tamamilə aydındır – Amerikanın Kiyevə münasibətinin tamamilə aydın olduğu kimi. Krıma və de-fakto Donbasa nəzarət edən Rusiya hücum tərəfi kimi görünür. Beləliklə, istər ABŞ, istərsə də Pompeonun «qala» adlandırdığı Ukraynanın tərəfində olanlar nəinki bu «qala»nı möhkəmləndirməyə çalışır, həm də özlərini bu «qala»nın arxasında Kremldən qorumağı düşünür. Söhbət Pompeonun nəzərdə tutduğu avtoritarizm mücəssiməsi olan Rusiyadan gedir.
Lakin Ukrayna-Rusiya münasibətləri və ABŞ-ın bu münasibətlərdəki rolu az-çox aydındırsa, Kiyevdə tərəflərin bu mövzudan başqa nələri müzakirə etdiyi tam bəlli deyil. Bununla yanaşı, səfər proqramına daha ciddi diqqət yetirsək, Kiyevdə müzakirə olunmuş məsələlər arasında «Bayden işi»nin də olduğunu istisna etmək mümkün deyil. Bu mövzu, daha doğrusu, «iş» Vaşinqton üçün nəinki Rusiya və onun Şərqi Avropadakı əməllərindən az əhəmiyyət daşımır, əksinə, bəlkə də, daha öndədir. Bu gün Bayden Tramp və komandası üçün daha məşum fiqurdur, nəinki Putin, Si Cinpin və Kim Çen İr üçün birlikdə. Nəzərə alsaq ki, Amerikada qarşıdan gələn prezident seçkisində Trampın rəqibi Kim Çen İr yox, Baydendir, demək, prezidentlik yarışında Baydenin zərərinə olan hər şey Trampın xeyrinədir. Baydenə qarşı ən əhəmiyyətli kompromat isə qismətdən, məhz Kiyevdədir. Amma qəribə təsadüfdür ki, Trampla bağlı da ən ciddi kompromat Zelenski komandasının əlindədir.
Bütün bunların fonunda Ukraynanın «Burisma» şirkətilə bağlı istintaqın bərpa olunması tələbi xüsusi aktuallıq qazanmaqdadır. Amerika administrasiyası bu işin qarşılığında Ukraynaya hərbi və maddi yardım vəd edir. Məsələ ondadır ki, Baydenin oğlu Xanter bir müddət məhz bu şirkətdə çalışıb, daha konkret desək, təxminən, 5 il (2019-cu ilin aprelinədək) «Burisma»nın Direktorlar Şurasında yer alıb. Ukrayna hökumətinin bu məsələdə ABŞ administrasiyası ilə əməkdaşlıq etdiyi də məlumdur. Hər halda, Trampın vəkili R.Culianinin ofisi ilə Ukraynanın sabiq baş prokuroru Yuri Lutsenko, daxili işlər naziri Arsen Avakov, Ukrayna Təhlükəsizlik Xidmətinin hazırkı rəhbəri İvan Bakanov və prezident Zelenskinin köməkçiləri Sergey Şefirov və Andrey Yermak arasındakı yazışmalar bir müddət əvvəl KİV-ə sızmışdı. Bu, tərəflərin bu mövzuda əməkdaşlığı davam etdirdiyini göstərir.
Digər tərəfdən demokratlar hazırkı ABŞ administrasiyasını Ukrayna hökumətinə bu məsələ ilə bağlı təzyiq göstərməkdə günahlandırır. Bunun fonunda Trampa impiçmentin elan olunması cəhdi Senatdan keçməyib. Lakin ölkədə seçkiqabağı kampaniya getdikcə qızışır. Odur ki, Ukrayna nə qədər vacib olsa da, necə deyərlər, öz köynəyin bədəninə daha yaxındır.
«Ən qüdrətli imperiya – dünyanın aparıcı dövlətilə münasibət»
Belarus prezidenti, sərbəst danışığı, parlaq ifadələrilə məşğul olan Aleksandr Lukaşenko ABŞ ilə münasibətlərini məhz belə ifadə edib. Amerikalı siyasətçilər davranışlarında müəyyən qəribəliklərlə seçilirlərsə, Belarus prezidentini birmənalı olaraq siyasi epataj ustası adlandırmaq olar. Amerikanın dövlət katibinin Belarus bazarının 100% ABŞ neftilə təmin edilməsi kimi səs-küylü təklifinin Belarus liderinin bəyanatının kölgəsində qalması da bunun nəticəsidir. Lukaşenko bildirib ki, onun Pompeo ilə münasibətlərinin kökü dərindir – bu münasibətlər sonuncunun MKİ-yə rəhbərlik etdiyi dövrə gedib çıxır. «Əgər həmin materialları açıqlasaq, dünya bizi alqışlayar», - deyə Lukaşenko qeyd edib.
Əlbəttə, bütün bu pafosu, coşğunu kənara qoysaq, yerdə yalnız praqmatik maraqlar qalır. Hər kəs yaxşı bilir ki, amerikalılar Belarusun neftə tələbatını qarşılamaq iqtidarında deyillər. Çünki istənilən halda o, Belarusa daha baha başa gələcək. Lakin hər zaman Rusiyanın yanacaq-enerji şirkətlərinin müstəna «mülk»ü sayılmış Belarus kimi «qapalı» bazara məhdud həcmdə tədarük belə, siyasi nəticələrə yol aça bilər. Minsk üçün bu, birmənalı olaraq Moskva ilə danışıqlarda mövqelərin güclənməsi anlamına gəlirsə, Vaşinqton üçün Avrasiya İqtisadi İttifaqı bazarında effektiv oyunçu görüntüsü yaratmaq imkanıdır.
Belarus üçün müstəqil və effektiv oyunçu roluna yiyələnmək çox vacibdir. Lakin Minsk bunu elə etməlidir ki, Rusiya ilə münasibətləri digər dövlətlərlə hərtərəfli əlaqələrin inkişafına mane olmasın. Çünki Moskvanın həmin dövlətlərlə münasibətləri yumşaq desək, yaxşı deyil. Lukaşenkonun öz sözlərilə desək, «Suveren və müstəqil dövlət olan Belarus öz xarici siyasətini özü müəyyənləşdirir. Yoxsa biz bununla Rusiyaya ziyan veririk? Xeyr».
Bu arada Pompeo ölkəsinin 12 illik fasilədən sonra Minskə yeni səfir göndərməyə hazırlaşdığını da bəyan edib. Demək, Vaşinqton Minsklə dialoqu gücləndirməyə çalışacaq. Bu, Avropanın kifayət qədər həssas olan bu regionunda mövcudluğun effektivliyini artıracaq.
Proqramda sonuncu olmaq prioritetlər siyahısında da sonuncu olmaq anlamına gəlmir
M.Pompeonun postsovet məkanına turne proqramında sonuncu ölkələr Qazaxıstanla Özbəkistan olub. Lakin bu, iki Mərkəzi Asiya dövlətinin Amerikanın postsovet məkanı ilə bağlı siyasətində sonuncu yerdə olduğu anlamına gəlmir. Şübhəsiz ki, Amerikanın Mərkəzi Asiya diplomatiyasının öz gündəliyi var və o, «C5+1» formatı çərçivəsində dialoq platformasının gücləndirilməsini nəzərdə tutur.
Pompeo Qazaxıstana səfəri çərçivəsində ölkə prezidenti Qasım-Comərd Tokayev, eks-prezidenti Nursultan Nazarbayev, həmçinin xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb. Görüşlərdə «Mərkəzi Asiyada sülh, çiçəklənmə və təhlükəsizliyə sadiqlik» ifadə olunub.
Özbəkistanda isə Pompeo dövlət başçısı Şavkat Mirziyoyev və xarici işlər naziri Əbdüləziz Kamilovla görüşlərində «Vaşinqtonun Özbəkistanda aparılan islahatları, həmçinin onun suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini» bildirib.
Daha sonra Amerikanın dövlət katibi Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən «C5+1» formatlı görüşə qatılıb. Bu, ABŞ administrasiyasının hələ 2015-ci ildə Obama administrasiyası tərəfindən yaradılmış formata sadiqliyini göstərir. Bu format regional təhlükəsizlik, o cümlədən Əfqanıstan məsələsilə bağlı bütün aktual məsələlər üzrə birgə dialoqun aparılması üçün təsis olunub.
Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl bildirmişdi ki, ABŞ-ın əsas məqsədi «Mərkəzi Asiyanın iştirak etdiyi bütün layihələri cənuba, Əfqanıstana tərəf istiqamətləndirmək, lakin bunu Rusiyanın iştirakı olmadan etməkdir». Bu, ABŞ-ın Mərkəzi Asiya regionunda fəallaşmasına Moskvanın nə qədər şübhə ilə yanaşdığını bir daha ortaya qoyur.
Lakin ekspertlərin əksəriyyəti «C5+1» formatına Rusiyaya qarşı yaradılmış birlik kimi baxılmasını doğru saymır. Hər halda, Mərkəzi Asiya ölkələrinin özləri mövcud siyasi prioritetlərini hansısa bir dövlətin maraqlarına qurban verməzlər – bu, «ən qüdrətli imperiya – dünyanın aparıcı dövləti» olsa belə.
Üstəlik, ABŞ-ın Mərkəzi Asiya siyasətində özünü daha aydın göstərən məqam onun Çinin artmaqda olan nüfuzuna əngəl yaratmaq cəhdidir. Pompeo da açıq şəkildə bildirib ki, region ölkələri Pekindən həddindən artıq asılı olmamalıdır. O, Çin biznesini, Pekinin Mərkəzi Asiyada müxtəlif layihələri kreditləşdirmə təcrübəsini tənqid edib və bu dövlətin etnik uyğurlara, qazaxlara qarşı apardığı təqib siyasətini açıq şəkildə pisləyib.
Vaşinqton regionda Rusiya və Çinlə rəqabət aparmaq istəmədiyini çoxdan deyir. Lakin Mərkəzi Asiya ölkələrinin açıq şəkildə Pekinlə əməkdaşlığa yenidən baxmağa çağırılması məsələnin deyildiyi kimi olmadığını göstərir.
Beləliklə, turnenin yekunlarına nəzər saldıqda, yəqin ki, onun ənənəvi anlamda «antirusiya gedişi» adlandırılması doğru olmazdı. Başqa sözlə, bu turneni «amerikapərəst» adlandırmaq daha doğrudur. Lakin real siyasətdə bu fikirlər hər zaman nisbi xarakter daşıyır. İstənilən halda, bir şey aydındır: Pompeo çıxıb getsə də, onun ölkəsinin maraqları yerindədir.
MƏSLƏHƏT GÖR: