Müəllif: Natiq NAZİMOĞLU
Yanvarın sonunda Cenevrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında 2 gün davam edən görüş olub. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə aparılan müzakirələr, ümumilikdə, 11-12 saat davam edib. Görüşün bu qədər uzun çəkməsi tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair detallı müzakirə apardığını düşünməyə əsas verib. Bununla yanaşı, istər beynəlxalq vasitəçilərin, istərsə də münaqişə tərəflərinin yekun bəyanatında danışıqların gedişində hər hansı ciddi irəliləyişə nail olunduğu haqda heç bir fikir yer almayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva Cenevrə danışıqlarının nəticələrini şərh edərkən bildirib ki, «tərəflər həmsədrlərin müəyyənləşdirdiyi gündəliyi müzakirə edib. Görüşdə 2019-cu ildə irəli sürülmüş təkliflər, məsələn, iki xalqın sülhə hazırlanması, humanitar mübadilə, nizamlanmanın əsasını təşkil edən prinsiplər və elementlər, xüsusilə Helsinki Yekun Aktının prinsipləri və maddələri, nəhayət, danışıqlar prosesinin intensivləşdirilməsi məsələləri müzakirə olunub».
İki ölkə XİN-in, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşünün yekunu ilə bağlı bəyanatlarında da eyni fikirlər yer alıb.
İntensiv danışıqlarda «2019-cu ildə müzakirə olunmuş təkliflərin, əldə edilmiş razılaşmaların reallaşdırılması, xalqların sülhə hazırlanması üçün mümkün gələcək addımlar» kimi əhatəli məsələlərin müzakirə edildiyini Ermənistan XİN-in rəsmisi Anna Naqdalyan da qeyd edib.
İrəvan Bakıya və vasitəçilərə qarşı
Bu yerdə xatırlatmaq lazımdır ki, İrəvan ötən il müzakirə olunmuş razılaşmaların mövcudluğunu hələ də inkar edirdi. Erməni tərəfi davamlı şəkildə bildirirdi ki, tərəflər arasındakı təmasların əsas məqsədi, sadəcə, müəyyən müzakirələrin aparılmasıdır. Cenevrə görüşündən sonra isə Ermənistan XİN orada «2019-cu ildə müzakirə olunmuş təklif və razılaşmalardan danışıldığını» etiraf etmək məcburiyyətində qalıb.
Cenevrə görüşündə danışıqların konkret xarakter daşıdığını Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın dövlət başçısına zəng etməsi də təsdiqləyib. Tərəflər arasındakı söhbət haqda rəsmi məlumatda deyilir ki, Azərbaycan Prezidenti Bakının Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeyini növbəti dəfə Makronun nəzərinə çatdırıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, Makronun telefon zəngi Azərbaycan və Ermənistanın XİN başçıları arasında son illərin ən uzun danışıqları ilə eyni vaxta təsadüf edib.
Azərbaycan tərəfi Cenevrə görüşündə Helsinki Yekun Aktında yer almış norma və prinsiplərin reallaşdırılması perspektivləri haqda danışıldığını deyir. Məlum olduğu kimi, beynəlxalq hüququn özülü olan bu sənəddə dövlətlərin ərazi bütövlüyü prinsipi prioritet sayılır və xalqların öz müqəddəratını təyin etməsi haqqının bu prinsip nəzərə alınaraq gerçəkləşdirilməli olduğu bildirilir. Erməni tərəfisə bir məqamı xüsusi qabardır: Mnatsakanyan sülh danışıqlarına Dağlıq Qarabağın «seçilmiş nümayəndələri»nin cəlbinə çağırış edib.
Məlum olduğu kimi, İrəvan münaqişənin başından bəri «Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ» ilə manipulyasiya edir. Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə isə Qarabağdakı erməni separatçılarının dünyaya münaqişə tərəfi kimi təqdim olunması cəhdləri daha da artıb. Erməni tərəfinin sülh prosesinə Dağlıq Qarabağın «seçilmiş nümayəndələri»nin cəlbilə bağlı tələbinə konkret, birmənalı cavab isə Azərbaycan XİN-dən gəlib. «Deyirlər ki, «Dağlıq Qarabağın seçilmiş hakimiyyəti». Sual vermək istəyirəm: kim tərəfindən seçilmiş? Orada etnik təmizləmə aparılıb və azərbaycanlılar öz torpaqlarından qovulub. Belə bir vəziyyətdə hansı seçimdən danışmaq olar?» - deyə L.Abdullayeva Rusiyanın «Kommersant» nəşrinə müsahibəsində bildirib.
Amma erməni tərəfi nizamlama prosesinin istiqamətini dəyişməyə, bununla da, münaqişənin əsas səbəbinin Azərbaycan ərazilərinin işğalı olduğu faktını maskalamağa nə qədər çalışsa da, Cenevrə görüşü danışıqlar formatının dəyişməzliyini bir daha təsdiqləyib. «DQR»in danışıqlar prosesinə cəlbi mövzusunun yalnız Ermənistan XİN-in bəyanatında yer alması da təsadüf deyil.
Bu arada, daha bir maraqlı məqam ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşməsidir – görüş məhz Cenevrə danışıqları ilə eyni vaxtda keçirilib. Səfir Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətini diqqətlə izlədiyini bildirib. Bu, erməni tərəfi üçün özünəməxsus siqnal da hesab oluna bilər: problemin həlli Dağlıq Qarabağda iki icmanın yaşamasını nəzərdə tutmalıdır.
Daha bir vacib məqam kimi, Minsk qrupu həmsədrlərinin Cenevrə görüşünün yekunu ilə bağlı bəyanatında yer almış bir fikri göstərmək olar: «ATƏT-in Minsk qrupu tərəflərə münaqişənin həlli yollarının axtarışında konfidensiallıq prinsipi əsasında yardımı davam etdirməkdə qərarlıdır». Bu tezisin vasitəçilərin Ermənistanın baş naziri N.Paşinyanın bu yaxınlarda verdiyi açıqlamaya reaksiyası olduğuna şübhə yoxdur. Məlum olduğu kimi, Paşinyan Ermənistanın əvvəlki rəhbəri Serj Sarqsyanın Azərbaycanla «ərazilərin qaytarılması» məsələsini müzakirə etdiyini açıqlayıb. Vasitəçilər prosesdə konfidensiallığa əməl edilməsinin vacibliyinə eyham vurmaqla Paşinyana bu haqda məlumatların birtərəfli qaydada açıqlanmasının yolverilməz olduğunu çatdırıblar. Xüsusən də ona görə ki, erməni baş nazir bu təlxəkliyi səviyyəsiz, populist fikirlərlə ifadə edir. Burada hədəf Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli ola bilməz.
Lakin Paşinyanın nizamlama prosesinə vurduğu zərbə onun ağzına gələni danışması ilə bitmir. Baş nazir Bakı ilə İrəvan arasındakı birbaşa danışıqlar fonunda artıq ikinci dəfədir ki, aşkar təxribata əl atır. O, Cenevrə görüşü ərəfəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, erməni əsgərlərə mənzil paylayıb. Bu, şübhəsiz ki, hərtərəfli sülh perspektivinə qəsdən zərbə vurmaqdır.
Bu yerdə xatırladaq ki, Paşinyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bundan əvvəl, ötən ilin dekabrında keçirilmiş Bratislava görüşü ərəfəsində də Dağlıq Qarabağa səfər etmişdi. Buradan belə qənaətə gəlmək olar ki, Paşinyan xalqların sülhə hazırlanması missiyasını yerinə yetirəcək şəxs deyil.
Ermənistan bu gün rədd etdiyini sabah əldə edə biləcəkmi?
Beləliklə, XİN başçılarının Cenevrə görüşü erməni tərəfinin bunadək olan iddialarının əksinə olaraq, danışıqların konkret təkliflər ətrafında aparıldığını təsdiqləyib. Bəs, bu müzakirələr real nəticə verəcəkmi? Cenevrə görüşünün yekunu ilə bağlı bəyanatlarda sülh prosesində çoxdan gözlənilən irəliləyişlərdən danışılmaması göstərir ki, Ermənistan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsindən boyun qaçırır. Odur ki, ilk sual ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə ünvanlanmalıdır: İrəvan nədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə əməl etməyə məcbur olunmur? Axı, işğalçı erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən həmin qətnamələr həm də həmsədr dövlətlərin (Rusiya, ABŞ və Fransa) dəstəyilə qəbul edilib. Əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdisə, BMT qətnamələrinə, beynəlxalq vasitəçilərə nə ehtiyac vardı? Odur ki, Qarabağ probleminin dinc həlli yolunu erməni məmurların qovluqlarında deyil, BMT və digər beynəlxalq təşkilatların qətnamələrində axtarmaq lazımdır. Əks təqdirdə, Bakı öz torpaqlarını hərbi yolla azad etmək hüququnu özündə saxlayır. Üstəlik, bunun üçün onun kifayət qədər gücü var.
Azərbaycan Prezidenti İlham Əliyevin də hökumətin bu yaxınlarda keçirilmiş iclasında dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri qlobal reytinq cədvəlində 52-ci, Ermənistan ordusu isə 96-cı yerdədir.
Hərbi Hava Qüvvələrinin qüdrətinə görə Azərbaycan dünyada 63-cü, Ermənistan 86-cı yerdədir. Hərbi Dəniz Qüvvələrinin gücünə görə Azərbaycan 67-ci pilləni tutursa, Ermənistanda dəniz ümumiyyətlə yoxdur. Ordunun tanklarla təmin olunması səviyyəsinə görə, biz 32-ci, Ermənistan isə 78-cidir.
«Mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır. İdman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək», - deyə İ.Əliyev qeyd edib.
Vaxtilə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan anlayırdı ki, Qarabağ münaqişəsində status-kvonun saxlanmasına «nə dünya ictimaiyyəti, nə də Ermənistanın iqtisadi potensialı imkan verəcək». O, Azərbaycanla kompromisə getməyə razılıq verməklə yanaşı, xalqına xəbərdarlıq da etmişdi: «Bu gün rədd etdiyimizi almaq üçün gələcəkdə xahiş etməli olacağıq. Lakin onda istəyimizə nail ola bilməyəcəyik. Tariximizdə belə hal olmayıb».
Sonra Ermənistanın və Ter-Petrosyanın hansı vəziyyətə düşdüyü hər kəsə məlumdur. Sonuncu qeyd edilən səs-küylü bəyanatından cəmi bir neçə gün sonra dövlət başçısı postundan devrilib, Ermənistan isə ildən-ilə daha dərin sistem böhranına yuvarlanır. Başqa sözlə, İrəvanın işğalçı siyasətindən, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin beşdə birini işğalda saxlamasından ən çox əziyyəti elə erməni xalqının özü çəkir.
Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistan bununla özünü təcrid duruma salıb. Nəticədə, ölkə davamlı olaraq tənəzzül yaşayır. «Cənub Qaz Dəhlizi» də daxil olmaqla, Azərbaycanın reallaşdırdığı nəhəng inteqrasiya layihələrindən kənarda qalmış Ermənistan «Şimal-Cənub», «Şərq-Qərb» nəqliyyat-kommunikasiya layihələrində də iştirak edə bilmir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti bəyanatı Ermənistana «ağıllı ol» çağırışı kimi də qiymətləndirilə bilər: «Ermənistan bu gün siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq».
Bu gün Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi tanınır. Azərbaycanın beynəlxalq arenadakı mövqeyi isə onun müstəqil dövlət, Cənubi Qafqazın lideri, Avropa ilə Asiya arasında körpü olduğunu təsdiqləyir. Bundan başqa, Azərbaycan hər kəs tərəfindən qəbul olunan sülh, təhlükəsizlik və əməkdaşlıq meydanıdır. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında bu yaxınlarda keçirilmiş beşinci görüşün də Bakıda baş tutması bunu bir daha təsdiqləyir. Bu gün dünya siyasətinin nəhəng mərkəzləri Bakını etibarlı tərəfdaş, yaradıcı əməkdaşlıq platforması kimi qəbul edir.
Bütün bu amillər Ermənistanın ciddi-ciddi düşünməsi üçün əsaslı səbəbdir. İrəvan Azərbaycan ərazilərinin işğalını davam etdirməklə nəyə nail olacağını yaxşı düşünməlidir. Bu hal davam etdikcə, Ermənistanın Azərbaycandan geri qalması qaçılmazdır və onun bu durumu ildən-ilə daha da dərinləşəcək. Çünki bu tendensiyanı dəyişməyə Ermənistanın nə gücü, nə imkanı var. Onun Qarabağ münaqişəsində status-kvonu uzun müddət qoruyub saxlamaq imkanı da yoxdur…
MƏSLƏHƏT GÖR: