25 Noyabr 2024

Bazar ertəsi, 13:59

MÜNHEN DƏRSİ

Dünya Ermənistan-Azərbaycan münaqişəsində Bakının siyasi, hüquqi, tarixi və mənəvi üstünlüyünə şahid oldu

Müəllif:

01.03.2020

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuş debat nəticəsində Avropada və bütünlükdə dünyada Dağlıq Qarabağ münaqişəsində mənəvi, siyasi-hüquqi, tarixi həqiqətin kimin tərəfində olduğunu hələ də dəqiq bilməyənlər saysız-hesabsız faydalı informasiya ala bilib. Azərbaycan prezidentinin əsaslı, faktlara və sənədlərə əsaslanan fikirlərinin qarşısına Ermənistanın baş naziri heç bir dolğun arqument çıxara bilməyib. Nəticədə, o, növbəti dəfə əsassız, absurd, aşkar təxribatçı fikirlər söyləməklə kifayətlənib. Yeri gəlmişkən, sonuncu, yəni təxribatçı bəyanatlar Paşinyanın intriqant imicini bir daha ortaya qoyub. Hər kəs bir daha görüb ki, o, əslində, bəzən idarəolunmaz şəkil alan emosiyalarına uyaraq, münaqişənin həllilə bağlı əsas prinsipləri işğalçıların maraqlarına uyğun dəyişdirir, bununla da, problemin sülh yolu ilə həlli perspektivinin üzərindən xətt çəkir.

 

Status-kvonun perspektivi yoxdur

Debatda əsas diqqət, əlbəttə ki, nizamlama prosesinin məğzinə və ona nail olunması perspektivlərinə yönəldilib. Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə bildirib ki, problemin həlli beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. O, bu kontekstdə, Ermənistanın Azərbaycan ərazisinin beşdə birinin işğalı nəticəsində yaranmış status-kvonun qorunub saxlanılması siyasətinin perspektivsiz olduğunu söyləyib. Dövlət başçısı hesab edir ki, münaqişənin nizamlanması ərazilərin işğaldan azad olunması, məcburi köçkünlərin həmin ərazilərə qayıtması, Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması və nəhayət, Dağlıq Qarabağın Azərbaycanın dünya tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində statusunun müəyyənləşdirilməsi mərhələlərindən ibarət olmalıdır.

Azərbaycan Prezidentinin arqumentləri qarşısında duruş gətirməyin mümkünsüzlüyünü anlayan N.Paşinyan erməni tərəfinin sevdiyi, dəfələrlə əl atdığı vasitədən yararlanmağa çalışıb. Söhbət aşkar faktların, beynəlxalq hüquqi sənədlərin məğzinin təhrifindən gedir. Məsələn, o, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində söhbətin «yerli erməni qüvvələrin ərazilərdən çıxarılması»ndan getdiyini iddia edib. Lakin Azərbaycan Prezidenti Paşinyanın BMT TŞ qətmamələrinin mahiyyətini təhrif etdiyini debat təşkilatçılarının və tamaşaçıların nəzərinə çatdırıb. O, bildirib ki, qurumun qəbul etdiyi 4 qətnamənin hər birində ermənilərin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Paşinyanın «xalqların öz müqəddəratını təyin etməsi» prinsipi haqda danışmaq cəhdi də uğursuz alınıb. İ.Əliyev ermənilərin bu «əsas postulat»ını da ifşa edib, bunun yalnız Azərbaycan torpaqlarının işğalının pərdələnməsi cəhdi olduğunu bildirib. Prezident xatırladıb ki, münaqişə başlayan zaman Azərbaycan SSR-ə məxsus Dağlıq Qarabağ Muxtar Vilayətində, təxminən, 180 min insan yaşayıb, onun 130 mini erməni, 48 mini azərbaycanlı olub. Lakin ermənilər azərbaycanlı əhalini Dağlıq Qarabağdan və ona bitişik rayonlardan qovub. Bu fakt nəzərə alınarsa, ermənilərin «xalqların öz müqəddəratını təyin etməsi» prinsipi haqda danışıqlarının heç bir mənası qalmır.

Bununla yanaşı, İ.Əliyev Bakının Dağlıq Qarabağda iki icmalı sülhün yaradılması mövqeyində israrlı olduğunu da bildirib. Bölgənin erməni əhalisinin təhlükəsizliyinə zəmanət veriləcəyini xüsusi vurğulayan Əliyev deyib: «Azərbaycan multikultural ölkədir. Burada milli azlıq olan ermənilərə də milli çoxluqla bərabər hüquqlar tanınacaq».

Beləliklə, beynəlxalq birlik Azərbaycanın və onun başçısının dəqiq, qəti, birmənalı mövqeyilə bir daha tanış olub. Bunun fonunda Paşinyanın erməni tərəfinin münaqişənin həllilə bağlı mövqeyini ortaya qoymaq cəhdləri açıq-aşkar kölgədə qalıb. Ermənistın baş nazirinin mənasız, heç bir əsası olmayan əks-arqumentlərinin nə qədər boş olduğunu yalnız digər ölkələrdən olan obyektiv müşahidəçilər deyil, erməni ekspertlərinin özləri də açıq-aydın gördülər.

 

Sinizmin zirvəsi

Azərbaycanın ədalətli mövqeyi Münhen diskussiyasının «tarixi hissəsi»ndə də tam ortaya qoyulub. Azərbaycan Prezidenti çıxışına başlayarkən bildirib ki, «münaqişənin necə həll edilməli olduğundan danışmazdan əvvəl məsələnin tarixinə baxmaq lazımdır». İ.Əliyev xüsusilə 1805-ci ildə Qarabağ xanı İbrahim xanın rusiyalı general Sisiyanovla saziş imzaladığını, həmin sənədə əsasən Azərbaycanın Qarabağ xanlığının Rusiya imperiyasının tabeliyinə keçdiyini xatırladıb. «Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir», - deyə İlham Əliyev qeyd edib.

Bunun ardınca Azərbaycan Prezidenti ortaya daha bir inkarolunmaz fakt qoyub: 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvan şəhərinin Ermənistana verilməsi olub: «Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub». Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı 1980-ci illərin sonlarında başladığı təcavüzün üzərində xüsusi dayanıb, bu təcavüz nəticəsində 300 min azərbaycanlının Ermənistandan qovulduğunu, Dağlıq Qarabağın və ona bitişik Azərbaycan rayonlarının işğal edildiyini, həmin ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, üstəlik, erməni silahlı qüvvələrinin çoxsaylı hərbi cinayətlər törətdiyini bildirib. O, bu cinayətlərdən ən dəhşətlisinin Xocalı soyqırımı olduğunu xatırladaraq, həmin hadisə zamanı 613 günahsız dinc sakinin qətlə yetirildiyini nəzərə çatdırıb.

Azərbaycan tərəfinin ifadə etdiyi bütün təkzibolunmaz tarixi həqiqətlərə Paşinyan yenə də anlaşılmaz cavablar verib və bu, onun tarix biliklərinin olmadığını bir daha ortaya qoyub. Məsələn, baş nazir bolşevik partiyasının Qafqaz Bürosunun ilkin qərarının dəyişdirilməsinə görə Stalini günahlandırıb. Onun iddiasına görə, ilkin qərarda «Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğu» deyilirmiş.

Arayış üçün qeyd edək ki, Qafqaz Bürosunun 4 iyul 1921-ci il tarixli iclasında məsələ «Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə daxil edilməsi» şəklində qoyulub. Fikir verin, «daxil edilməsi». Demək, əvvəllər Dağlıq Qarabağ onun tərkibində olmayıb. Bununla yanaşı, Nəriman Nərimanovun Qarabağ məsələsinin Azərbaycan üçün son dərəcə vacib əhəmiyyət daşıdığını nəzərə alaraq, yekun qərarın RKP MK-da qəbul olunmasını vacib sayması haqda bəyanatından sonra, Qafqaz Bürosu qərarın qəbulunu sonraya saxlayıb. 1921-ci il iyulun 5-də qəbul olunmuş yeni qərara əsasən isə Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılıb və ona vilayət muxtariyyəti verilib.

İlham Əliyev Paşinyanı və tarixlə maraqlanan hər kəsi bu üzdən məsələnin tarixinə nəzər salmağa çağırıb: «Bir daha Qafqaz Bürosunun qərarına baxın, 1921-ci il iyul, orada deyilir ki, Dağlıq Qarabağı Azərbaycanda saxlamaq, Azərbaycana vermək yox». Erməni tərəfinin və şəxsən Paşinyanın Stalinin həmin qərarın qəbulundakı roluna davamlı olaraq tənqidi yanaşmasına gəlincə, İlham Əliyev bu məsələ ilə bağlı da əsaslı sual qoyub: «Əgər o Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir? Çünki Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb».

Yeri gəlmişkən, Dağlıq Qarabağın «paytaxtı» haqda. İlham Əliyev növbəti bəyanatı ilə zərbəni erməni saxtakarların «tarixi konsepsiyası»nın tam ürəyinə vurub: «Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur».

Amma Ermənistan-Azərbaycan münaqişəsinin tarixilə bağlı söhbətin ən iyrənc hissəsi, yəqin ki, Xocalı ilə bağlı danışılanlar olub – erməni baş nazir 1992-ci ilin fevralında törədilmiş bu faciənin də məğzini dəyişməyə cəhd göstərib. Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun Rusiyanın «Arqumentı i faktı» qəzetinə müsahibəsinə istinad edən Paşinyanın sözlərinə görə, guya Mütəllibov həmin müsahibəsində Xocalı hadisələrinin «Azərbaycan müxalifətinin təxribatı olduğunu» söyləyib. Guya A.Mütəllibov bildirib ki, həmin hadisəni «müxaliət onu devirmək məqsədilə təşkil edib».

İlham Əliyev Paşinyanın bu saxtakarlığını da darmadağın edib. «Mən, təəssüf ki, ermənilərin Xocalıda törətdiklərinə bəraət qazandırmaq cəhdinə çevrilmiş bu vəziyyətə aydınlıq gətirmək istərdim», - deyə İ.Əliyev qeyd edib: «Prezident Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Günümüzdə deyildiyi kimi, bu, “feyk” xəbərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir».

 

«Böyük Tiqranın dövrü» haqda böyük yalan

Müdafiə etməyə çalışdığı bütün dəlilləri darmadağın olan Paşinyan sonda «Böyük Ermənistan» mövzusuna qayıtmaqdan başqa əlac tapmayıb. Sanki qədim tarixə istinad dərhal Ermənistanın müasir dövrdə törətdiyi bütün cinayətlərə haqq qazandırır. Paşinyan deyib ki, guya «erməni kralı Böyük Tiqran romalı hərbi lider Pompeylə danışıqlar aparan zaman bütün Cənubi Qafqazda və bütün dünyada Azərbaycan adlı ölkə olmayıb» və «Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər».

Həqiqət isə ondan ibarətdir ki, tarixdə heç vaxt «Böyük Ermənistan» adlı dövlət olmayıb. Bunu təsdiqləyəcək nə bir qədim sənəd var, nə də hansısa artefakt. «Böyük Ermənistan» mif, erməniliyin insanlığa zidd ideologiyasıdır. Çünki bu ideologiya yolunda yüz minlərlə, bəlkə də, milyonlarla müsəlman türk məhv edilib. Ermənilər Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən bu mifdən istifadə etməyə çalışır, Azərbaycana qarşı apardığı hərbi təcavüzü bu pərdə altında gizlətmək istəyir.

Tiqrana gəlincə, o, Ermənistan adlanan bir coğrafi vilayətin İran mənşəli hökmdarı olub.

Danılmaz faktlar isə onu göstərir ki, e.ə I əsrin ikinci yarısı və bizim eranın I əsrinin əvvəllərinə aid siyasi xəritədə Atropatena dövləti olub və onun ərazisi Cənubi Azərbaycanı və Şimali Azərbaycanın (hazırkı Azərbaycan Respublikasının) bir hissəsini əhatə edib. Şimali Azərbaycanın tarixi ərazisinin qalan hissəsi Albaniya olub. Yeri gəlmişkən, Azərbaycan dövlətçiliyinin tarixində Albaniya da önəmli yer tutur. Bu gün respublikamızın adı məhz Atropatenadan (dövlətin yunanca adı) yaranıb – əvvəlcə «Adorbayqan», «Aderbayqan» forması alıb və sonda, ərəblərin hökmranlığı dövründə «Azərbaycan»a çevrilib.

Qədim Azərbaycanla bağlı faktlar, eyni zamanda «Böyük Tiqranın dövründə» Qafqazda ermənilərin mövcud olmadığını da təsdiqləyir! Qafqazda həmin dövrlərdə baş vermiş vacib hadisələrdən heç birində ermənilərin adı çəkilmir. Bu isə qətiyyən təəccüblü deyil. Çünki «tarixin atası» Herodot onları frakiyalılar (Balkan yarımadasının şərqində coğrafi bölgə) adlandırıb. Erməni etnosunun formalaşması Qafqazda deyil, Kiçik Asiyada başlayıb. Orada da ermənilərin kütləvi şəkildə peyda olmasına yalnız XIX əsrin ilk 30 illiyində rast gəlinir. Başqa sözlə, ermənilərin Şimali Azərbaycan ərazisinə köçürülməsinə Rusiya imperiyasının onu işğal etməsindən sonra başlanıb.

Beləliklə, «Böyük Tiqranın dövrü»nə istinad etməklə, bir daha öz savadsızlığının tələsinə düşüb.

 

Cavab addımları qaçılmazdır

Münhen debatından cəmi bir neçə gün sonra Paşinyan orada səsləndirdiyi fikirləri «inkişaf etdirmək» qərarına gəlib. O, Ermənistan İctimai Televiziyasına müsahibəsində açıq şəkildə deyib: «Biz əraziləri güzəştə getməyə hazır olduğumuzu heç zaman söyləməmişik. Biz deyirik ki, ərazi məsələləri müzakirə olunmur».

Baş nazir bu sözləri Ermənistanın və «DQR»in «təhlükəsizlik şuralar»ının işğal altındakı Xankəndidə təşkil edilmiş birgə iclasında da təkrarlayıb. O, bildirib ki, Dağlıq Qarabağla Azərbaycan «heç zaman və heç bir şərtlə vahid siyasi məkanda yerləşə bilməz».

Beləliklə, N.Paşinyan Ermənistanın işğal etdiyi əraziləri geri qaytarmağı düşünmədiyini təsdiqləməklə, faktiki olaraq danışıqlar prosesinin mənasız olduğunu göstərir. Çünki bu prosesin məğzini məhz işğal olunmuş torpaqların geri qaytarılması, yalnız bundan sonra növbəti məsələlərin həlli təşkil edir.

Bu da son deyil. Daha sonra Paşinyan daha iddialı bəyanatla çıxış edib. O, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli üçün təklif etdiyi «Madrid prinsipləri»nin onun şəxsi fikirlərinə əsaslanan «Münhen prinsiplərilə» əvəzlənməli olduğunu deyib. Lakin baş nazirin bu iddiası nə onun real imkanları, nə də nizamlama prosesinin məntiqilə uzlaşır. Məsələn, Paşinyanın «DQR»in münaqişədə üçüncü tərəf kimi tanınması ilə bağlı tələbinin qəbulundan söhbət belə, gedə bilməz. Azərbaycan Dağlıq Qarabağın erməni icması, yəni ölkənin erməni millətindən olan tamhüquqlu vətəndaşları ilə dialoqa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin bunun üçün əvvəlcə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş əraziləri boşaltması lazımdır.

Nəhayət, Münhen konfransı günlərində olduğu kimi, ondan sonra da erməni işğalçıları iki ölkə sərhədində və qoşunların təmas xəttində məqsədli şəkildə təxribatlara əl atmaqdadır. Erməni tərəfinin atəşkəsi pozması nəticəsində yalnız bu qısa dövrdə 3 azərbaycanlı hərbçi həlak olub.

Azərbaycan Prezidentinin Münhendə səsləndirdiyi bir bəyanat bu yaşananlar fonunda xüsusi aktuallıq qazanır: «Ermənistan tərəfinin hərəkətləri səbəbindən danışıqlar pozularsa, o zaman cavab tədbirləri görüləcək». Prezident İlham Əliyev «cavab tədbirləri»nin nədən ibarət olduğunu da konkret ifadə edib: «Onlar hesab edirlər ki, həmin əraziləri ömürlük saxlaya biləcəklər. Heç vaxt!»



MƏSLƏHƏT GÖR:

317