25 Noyabr 2024

Bazar ertəsi, 13:22

İDLİB İMTAHANI

Türkiyə ilə Rusiya arasında razılaşma ikitərəfli əməkdaşlığı xilas etməklə yanaşı, Suriyada sülhə şans yaradacaq

Müəllif:

15.03.2020

Türkiyə ilə Rusiya bütün çətinliklərə və ziddiyyətlərə rəğmən, Suriya müharibəsində əməkdaşlığı davam etdirir. İki fövqəldövlətin liderləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin İdliblə bağlı əldə etdikləri razılaşma bunu göstərir. Bu razılaşma həm də Ankara ilə Moskva arasında son illərdə davamlı inkişaf edən strateji tərəfdaşlığın pozulmasında maraqlı olduğunu gizlətməyən Qərbə özünəməxsus siqnaldır. Bir daha qeyd edək ki, söhbət bir sıra aşkar çətinlik və ziddiyyətə rəğmən davam edən tərəfdaşlıqdan gedir.

 

Deeskalasiya memorandumu

Suriyanın İdlib əyalətində vəziyyətin son dərəcə gərginləşməsi faktiki olaraq Rusiya ilə Türkiyəni birbaşa toqquşma ilə qarşı-qarşıya qoymuşdu. Bu vəziyyət Suriya hökumət qüvvələrinin aviazərbələri nəticəsində 36 türkiyəli hərbçinin həlak olmasından sonra yaranmışdı. Buna cavab olaraq, Türkiyə «Bahar qalxanı» adlı hərbi əməliyyata başlamış və cəmi bir neçə gündə Suriya Ordusunun obyektlərinə və canlı qüvvəsinə ciddi zərbə vurmuşdu.

Artıq çoxları Türkiyə-Suriya müharibəsinin başladığı haqda danışmağa başlamışdı. Bu isə rəsmi Dəməşqin xahişi ilə Suriyada olan Rusiya qoşunlarının da məsələyə müdaxilə edəcəyi anlamına gəlirdi. Lakin Putinlə Ərdoğanın martın 5-də Moskvada baş tutmuş görüşü bu ssenarinin qarşısını alıb. Tərəflər görüşdən əvvəl müxtəlif bəyanatlar verir, bununla, İdlibdə hərbi əməliyyatların davam etməsində maraqlı olmadıqlarını göstərirdi. Kreml Rusiya və Türkiyə liderlərinin görüşündən gözləntisinin böyük olduğunu bildirirdi. Kremlin açıqlamalarında deyilirdi ki, «böhranın səbəblərilə bağlı vahid yanaşma ortaya qoyulmalı, onun son dərəcə ağır fəsadlarının önlənməsi üçün birgə tədbirlər görülməlidir». Ankara isə birbaşa etiraf edirdi ki, «prezidentlərin ikitərəfli görüşündə əsas hədəf Suriya əyalətində barışığın əldə edilməsi olacaq».

Nəhayət, barışıq, həqiqətən də, əldə olundu. Tərəflərin əldə etdiyi razılığa əsasən, atəşkəs rejiminin tətbiqinə prezidentlərin görüşünün bitməsindən 4 saat sonra – martın 6-na keçən gecə, saat 00:00-da başlanılıb. Putinlə Ərdoğanın imzaladıqları memorandum Hələblə Latakiyanı birləşdirən M4 trasından 6 kilometr şimala, 6 kilometr cənuba təhlükəsizlik zonasının yaradılmasını nəzərdə tutur. Martın 15-dən etibarən, trasa Rusiya ilə Türkiyə birgə nəzarət edəcək.

Memorandumdan, ilk növbədə, görünən odur ki, Rusiya ilə Türkiyə arasındakı əvvəlki razılaşmada İdlibdə nəzərdə tutulmuş təhlükəsizlik zonası bir qədər kiçildilir. Yeni memorandumda Hələbi paytaxt Dəməşqlə birləşdirən M5 trasından və M4-M5 traslarının kəsişməsi olan Serakib şəhərindən bəhs olunmur. Halbuki, fevralın sonu - martın əvvəlində ən qanlı döyüşlər məhz bu kəsişmədə gedib. Belə çıxır ki, Ərdoğan M5 trasının və Serakibin Suriya hökumət qüvvələrinin nəzarətinə keçməsinə razılıq verib.

Son məsələyə aydınlıq gətirilməsi Putinlə Ərdoğanın Moskva razılaşmasının reallaşdırılması perspektivi baxımından son dərəcə vacibdir. Çünki Türkiyə prinsipcə Suriya ordusunun sözügedən trasla hərəkətinin əleyhinədirsə, növbəti eskalasiya istisna deyil. Üstəlik, Ərdoğan elə Moskvadaca xəbərdarlığını da edib: bütün razılaşmalara rəğmən, Türkiyə Suriya Ordusunun hücumlarına cavab vermək hüququnu özündə saxlayır.

Bununla yanaşı, Rusiyanın Türkiyəyə olan iddiaları da qüvvədə qalır. Moskvada hesab edirlər ki, Ankara 2018-ci il sentyabrın 17-də imzalanmış Soçi Memorandumunun yaratdığı öhdəliklərə tam əməl etmir. İttihamın məğzi ondan idarətdir ki, Türkiyə İdlib əyalətində Suriya hökumətilə dialoqa hazır olan silahlı müxalifəti terrorçu qruplaşmalardan ayırmır. Müvafiq olaraq, Rusiya tərəfi hesab edir ki, siyasi proses yalnız Türkiyənin İdlibi terrorçulardan təmizləyəcəyi halda davam edə bilər.

Bəs, İdlibdə vəziyyətin yenidən gərginləşməsi ehtimalının olduğu halda Putin-Ərdoğan görüşünün, əslində, nəticəsiz olduğunu iddia etmək olarmı? Birmənalı olaraq yox. Səbəb?

Görüşdə məqsəd İdlib böhranını bir anda həll etmək deyildi. Bu mərhələdə əsas gözlənti Suriya qüvvələrinin Türkiyə Ordusuna endirdiyi zərbələr nəticəsində yaranmış böhranın aradan qaldırılması idi. Putinin Ərdoğanla görüşə Suriyada həlak olmuş Türkiyə hərbçilərilə əlaqədar başsağlığı verməklə başlaması da təsadüf deyildi. Bu zaman, o, baş verənlərlə bağlı məsələyə aydınlıq gətirməyi də lazım bilib: «Təəssüf ki, onların yerini heç kəs, o cümlədən suriyalı hərbçilər bilməyib».

İdlib razılaşması kontekstində bir məsələni xüsusi anlamaq lazımdır ki, bununla, Türkiyənin Suriyadakı hərbi iştirakı legitimləşdirilib və Putin-Ərdoğan Bəyannaməsi bunun bariz nümunəsidir. Başqa sözlə, Rusiya üçün Suriyada hərbi mövcudluğunun legitimliyi məsələsi çoxdan həll olunmuşdusa (çünki o, bu ölkəyə rəsmi Dəməşqin xahişi ilə daxil olub), Ankara bu hüququ, ilk növbədə, Astana sammiti (Türkiyə, Rusiya, İran formatında) çərçivəsində əldə edilmiş razılaşmalar vasitəsilə qazanıb. Moskva razılaşması isə Putinin, əslində, Türkiyənin Suriyada hərbi mövcudluq hüququnu tanıması anlamına gəlir. Niyə? Bu sualın cavabı Rusiya və Türkiyənin, həmçinin təbii ki, Suriyanın problemin əsas prinsipinə yanaşmasının üst-üstə düşməsindədir. Söhbət bu ərəb ölkəsinin suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanması prinsipindən gedir. Putin-Ərdoğan danışıqları bir daha göstərib ki, Ankara Suriyanın İdlib üzərindəki suverenliyinə əl uzatmaq niyyətində deyil. Belə olsaydı, Suriya problemilə bağlı Rusiya-Türkiyə dialoqu, ümumiyyətlə, baş tutmazdı. Bu mənada, Türkiyə prezidentinin növbəti bəyanatı diqqət çəkir: «Suriya müharibəsində Türkiyənin məqsədi heç zaman oraya soxulmaq, yaxud Suriya ərazisini işğal etmək olmayıb. Biz Suriyanın ərazi və siyasi bütövlüyünün ən tez vaxtda təmin olunmasını arzulayırıq».

Beləliklə, Türkiyə üçün İdlibdə olmağın məqsədi aydındır. O, münaqişənin uzunmüddətli həlli zamanı bu ərəb ölkəsinin şimalında öz maraqlarını təmin etmək istəyir. Söhbət terrorçu kürd qruplaşmalarının Türkiyənin təhlükəsizliyinə yaratdığı təhdidin aradan qaldırılmasından gedir.

Beləliklə, Putinlə Ərdoğan arasında Moskvada baş tutmuş görüş hər iki tərəf üçün sərfəli olub. İdlibdə ərazi baxımından öz nüfuz dairəsinin kiçilməsilə razılaşan Türkiyə bunun əvəzində Suriyada hərbi mövcudluğuna legitimlik qazandırıb. Rusiya isə Ankaranın Suriyanın şimalındakı maraqlarını təmin etmək üçün bu legitimliyə «hə» deməklə, nəinki müttəfiqi olan Dəməşqin son hərbi nailiyyətlərini daha da möhkəmləndirib, həm də özünün irəli sürdüyü Astana prosesinin Suriya probleminin həlli üçün əsas meydan olduğunu bütün dünyaya göstərib.

Buradan daha bir vacib nəticəyə gəlmək olar: Putinlə Ərdoğan Rusiya ilə Türkiyənin maraqlarının qarşılıqlı olaraq nəzərə alınmasına dair yenidən razılığa gəliblər. Bu isə obyektiv olaraq, Suriyanın da maraqlarının nəzərə alınması deməkdir – tərəflərin hər biri onun suverenliyini və ərazi bütövlüyünü tanıyır. Suriya prezidenti Bəşər Əsəd Moskva razılaşmasını əbəs yerə alqışlamayıb. Yeri gəlmişkən, o, Putin-Ərdoğan görüşü ərəfəsində Suriya və Türkiyə xalqlarının qardaş olduğuna dair rəmzi bəyanat da səsləndirib.

Rusiya və Türkiyə prezidentlərinin Moskva danışıqlarının nəticələri əslində, təxmin edilən idi. Çünki İdlib ətrafındakı bütün ziddiyyətlərə rəğmən, hər iki tərəf hələ də sıx tərəfdaş münasibətlərinin genişləndirilməsində maraqlıdır. Bunu türkiyəli həmkarı ilə görüşdə Putin də açıq şəkildə ifadə edib: «Biz mütləq hər şey haqda danışmalıyıq. Yaranmış vəziyyəti hərtərəfli müzakirə etməliyik. Belə halların təkrarlanmaması, Türkiyə-Rusiya münasibətlərini heç nəyin korlamaması üçün bu, vacibdir. Biz bu münasibətlərə çox diqqətlə yanaşırıq və onu yüksək qiymətləndiririk. Bilirəm ki, bu, sizdə də belədir».

Rusiya-Türkiyə münasibətlərinin dəyərini Rəcəb Tayyib Ərdoğan da tam aydın ifadə edib. İki ölkənin münasibətlərdə pik nöqtəyə çatdığını deyən Ərdoğan bu münasibətlərin «daha da inkişaf edə biləcəyini» söyləyib: «Bu, şübhəsiz ki, həm müdafiə sənayesinə, həm ticari münasibətlərə, həm də digər sahələrə aiddir. Biz hesab edirik ki, ən böyük vəzifəmiz bu münasibətləri inkişaf etdirmək, irəli aparmaqdır. Hesab edirəm ki, bunu bacaracağıq».

Türkiyə və Rusiya liderlərinin bu bəyanatları, şübhəsiz ki, ayrı-ayrı kinli qüvvələrin ürəyincə olmayıb. O qüvvələr artıq az qala, yeni Rusiya-Türkiyə müharibəsinin başladığını deyirdilər. Lakin Putinlə Ərdoğan Rusiya ilə Türkiyənin həyati maraqlarının tam fərqli müstəvidə olduğunu, bunun sıx əməkdaşlıqdan keçdiyini hər kəsə nümayiş etdiriblər. Üstəlik, bu, heç də yalnız bu iki dövlətin xeyrinə deyil.

 

Qərbin reaksiyası

Qərb dairələrinin İdlibdəki vəziyyətə, həmçinin Moskva ilə Ankaranın sülh cəhdlərinə münasibəti ABŞ və Avropa İttifaqının qısqanclığının davam etdiyini açıq şəkildə ortaya qoyur. Onlar Rusiya ilə Türkiyənin strateji yaxınlığını göstərən istənilən əlamətə tənqidlə yanaşırlar. ABŞ Rusiya-Türkiyə münasibətlərindəki ziddiyyətdən yararlanaraq, Ankaranı öz nüfuz dairəsinə qaytarmağa belə, cəhd edib. Birləşmiş Ştatların NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison türklərə xitabən deyib ki, «ABŞ alyansda birgə olduğu dövlətlərin yanındadır». Bununla yanaşı, o, Türkiyə hökumətinə növbəti xəbərdarlığı da edərək, Ankaranı Rusiya istehsalı olan «S-400» zenit-raket komplekslərindən imtina etməyə çağırıb. Lakin Vaşinqton bir məsələyə heç cür münasibət bildirməyib: İdlibdə vəziyyətin ən ağır olduğu vaxtda Türkiyənin Amerikadan «Patriot» raket sistemləri istəyinə nədən reaksiya olmadı? Yaxşı, bəs BMT TŞ-nin toplantısında İdlibdə vəziyyətin dinc yolla sahmana salınmasına dair Rusiya-Türkiyə razılaşması alqışlanan zaman ABŞ niyə bunun əleyhinə çıxdı? Qərb, o cümlədən Amerika diplomatları bu bəyanatın qəbulunu tez hesab edirmiş. Səbəb? Guya Rusiya ilə Türkiyənin razılaşmanı necə reallaşdıracaqları hələ məlum deyil. Halbuki, bu razılaşmanın Suriyadakı vəziyyətə müsbət təsiri, problemin sülh yolu ilə həlli şansını yaratması özü artıq beynəlxalq birliyin birmənalı şəkildə alqışlamalı olduğu faktdır.

Türkiyənin müharibənin tüğyan etdiyi Suriyadan Qərbə miqrant axınının qarşısını kəsən sipər rolundan imtina niyyətinə Aİ-nin reaksiyası isə ayrıca söhbətin mövzusudur. Ankaranın Suriya hökumət qüvvələrinin İdlibə hücumuna etirazının əsas səbəblərindən biri, şübhəsiz ki, qaçqın problemidir – bu halda minlərlə qaçqın yenə də Türkiyəyə üz tutacaq (müxtəlif məlumatlara görə, onların sayı 1 milyona çata bilər). Ərdoğan bu haqda açıq danışıb: «Bizim məqsədimiz Türkiyədəki 3,6 milyon, həmçinin Türkiyə ilə sərhəd olan İdlibdəki 1,5 milyon suriyalı qaçqının təhlükəsiz şəraitdə öz evinə qayıdışını təmin etməkdir».

İdlibdə vəziyyətin son dərəcə gərginləşdiyi günlərdə – fevralın sonunda Türkiyə öz sərhədlərini suriyalı qaçqınların üzünə açmaq məcburiyyətində qalıb. Bununla da, minlərlə miqrant Yunanıstana tərəf axışmağa başlayıb. Avropa İttifaqı Ankaranın bu qərarını «siyasi məqsədlərə nail olunması üçün miqrant təzyiqindən istifadə» kimi qiymətləndirib. Brüssel Türkiyənin «siyasi məqsədləri» dedikdə, güman ki, onun Suriya məsələsində Aİ-dən dəstək almağa (söhbət, ilk növbədə, Suriyanın kürdlərin yaşadığı şimal rayonlarının muxtariyyət qazanması cəhdlərinə Amerikanın dəstəyindən və Türkiyənin buna müqavimətindən gedir) çalışdığına eyham vurur. Bununla yanaşı, Brüssel bildirir ki, Ankara 2016-cı il martın 18-də imzalanmış miqrasiya sazişinə əməl etməlidir. Həmin sənədə əsasən, Türkiyə Aİ ilə sərhədini miqrantların üzünə bağlamalı, Brüssel isə bunun əvəzində ona 6 milyard avro yardım göstərməli və vizasız rejim tətbiq etməli idi. Lakin Ankara Aİ-nin özünün bu razılaşmaya əməl etmədiyini bildirir. Həqiqətən də, Brüssel nəinki Türkiyə ilə vizasız rejimin tətbiqindən boyun qaçırıb (o, bunu Türkiyənin antiterror sahəsinə aid qanunlarına yenidən baxılmasının vacibliyilə əsaslandırıb), üstəlik, suriyalı qaçqınlarla bağlı vəd etdiyi 6 milyardın yalnız yarısını ayırıb. Türkiyə isə suriyalı qaçqınların öz ərazisində yerləşməsinə düz 40 milyard dollar xərcləyib.

Miqrantlardan «siyasi məqsədlərlə istifadə» ittihamına gəlincə, məsələyə Türkiyə XİN-i münasibət bildirib: «Avropa İttifaqı ölkəmizin miqrasiya məsələsində qarşılaşdığı yükün nə qədər ağır olduğunu, bu məsələdə bizim hansı işlər gördüyümüzü hələ də anlaya bilmir. Dünyada ən çox qaçqının məskunlaşdığı ölkənin miqrasiya problemindən siyasi məqsədlər üçün istifadədə günahlandırılması bizim illərdir üz-üzə qaldığımız riyakar yanaşmanın daha bir nümunəsidir».

Ankara «riyakar yanaşma» dedikdə, Aİ-nin Yunanıstanın antimiqrant tədbirlərinə münasibətini nəzərdə tutur. Yunanıstan qaçqınları öz sərhədlərindən buraxmasa da, Brüssel tərəfindən tam dəstək alır. Halbuki Afinanın bu qərarı 1951-ci ilə aid Cenevrə Bəyannaməsinə də ziddir, Aİ-nin öz qanunvericiliyinə də.

Bütün bunlar tarixi dövrün ağırlığını daha da artırır. İztirablı Suriyanın gələcəyi məhz belə bir şəraitdə həll olunur. Bunların fonunda Suriyanın ərazi bütövlüyünün əsas qarantı kimi çıxış edən Rusiya ilə Türkiyənin «Suriya siyasəti» də öz yerində.



MƏSLƏHƏT GÖR:

317