25 Noyabr 2024

Bazar ertəsi, 13:20

İRƏVANIN «QAZ FACİƏSİ»

Ermənistan öz siyasəti ucbatından, faktiki olaraq, alternativ qaz təchizatı layihələrindən kənarda qalıb

Müəllif:

01.04.2020

Bir neçə il əvvəl parlaq jurnallardan birində mənzil təmirinin növləri ilə bağlı maraqlı və son dərəcə ağıllı yazı dərc olunmuşdu. Orada uçub-dağılmış «xruşşovka»nın təmiri «sarayda avrotəmir» kimi ifadə edilirdi. Məqalədə belə bir fikir də var idi – «inqilabın başlanğıcı var, lakin sonu yoxdur». Yəni, tutaq ki, vanna otağında tavanın qabığı soyulub, onu rəngləmək istəyirsən – pilətəyə ləkə düşür. Pilətəni təmizləmək istəyirsən – o da dağılır və onu tam dəyişmək lazım gəlir. Deməli, santexnika da dəyişməlidir. Beləcə, mənzil və orada yaşayan ailə «gözlənilməz təmir» yükünün altındadır.

Amma əvvəlcədən planlaşdırılmış, lakin sona çatdırılmasına güc və maliyyənin çatmadığı təmirlər xüsusi diqqətə layiqdir. Bu halda mənzildə zaman-zaman haranısa rəngləyirlər, nələrisə dəyişirlər, ayrı-ayrı yerlərə suvaq vururlar, lakin prosesin sonu görünmür. Bu növ təmir məqalədə «xroniki təmir»adlandırılır.

Bu cür bölgü diplomatiya sahəsindəki proseslərə də çox uyur. Məsələn, Ermənistanla Rusiya arasında qazın qiymətilə bağlı bitmək bilməyən alverə. Tərəflər gah qısamüddətli razılıq əldə edir, gah diskussiyalara yenidən başlayır, şərtlər irəli sürür və s. Ermənistan durmadan Rusiya qazından imtina edəcəyini, onu Türkmənistan və ya İran qazı ilə əvəzləyəcəyini bildirir, İrəvan rəsmiləri mütəmadi olaraq danışıqların anonsunu verir… lakin bir müddət sonra hər şey yenidən başlayır.

Bəs, əslində, nə baş verir? «Pis» Rusiya yenə «qaz-boru xətti» silahından istifadə edir? Moskva «inqilabçı» Ermənistana «qaz hücumu» edir?

Hər şey göründüyü qədər sadə deyil.

 

Cibə uyğun gəlməyən «avroarzular»

İlk növbədə, onu qeyd etmək lazımdır ki, Ermənistan Rusiyadan qazı belə demək mümkünsə, «soyğunçu qiymətinə» alır -2015-ci ildə Ermənistan Rusiyadan qazın min kubmetrini 150 dollara alıb. Sonra Moskva bu qiyməti 189 dollara qaldırmaq qərarına gəlsə də, İrəvanın «ağlamasından» sonra qiyməti 165 dollar müəyyən edib…

Bu gün İrəvanda bir məsələni də yada salmağı sevmirlər – bu əsrin ikinci onilliyinin əvvəlində, hələ Serj Sarqsyanın hakimiyyəti dövründə Ermənistan Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması ilə bağlı «detallı» danışıqlar aparırdı. Məhz bundan sonra Moskva ortaya tam haqlı mövqe qoymuşdu: Avropanı istəyirsə? Lap yaxşı! Onda bizdən qazı da Avropa qiymətlərilə alın. Yəni bu halda Rusiya haqlı olaraq birgə iqtisadi-gömrük layihələri əsasında nəzərdə tutulmuş güzəştləri aradan qaldıracağını açıq şəkildə ortaya qoymuşdu…

Avropa qiymətinə neft-qaz isə iqtisadi vəziyyəti heç də parlaq olmayan Ermənistanın cibinə uyğun gəlməyib. İrəvanın ona ödəyəcək pulu yox idi. Birincisi, qazın Avropa qiymətlərilə alınması hökuməti mənzil təsərrüfatı üçün tarifləri qaldırmaq məcburiyyətində qoyurdu və bu, təbii ki, sosial partlayışı qaçılmaz edəcəkdi. İkincisi və ən əsası, Rusiyanın tədarük etdiyi ucuz qaz hesabına Ermənistan iqtisadiyyatında müəyyən sektorlar formalaşıb və bu halda onlar mütləq şəkildə rəqabət qabiliyyətini itirəcəkdi. Beləliklə, elə həmin 2013-cü ilin sentyabrında – Aİ-nin Vilnüs sammiti ərəfəsində (İrəvan Aİ ilə assosiativ sazişi həmin sammitdə imzalamalı idi) Ermənistan Avropa ilə bağlı planlarından nümayişkaranə şəkildə imtina edərək, Aİİ-yə üzv olduğunu açıqlayıb. Başqa sözlə, «avroarzular» Ermənistanın cibinə uyğun gəlməyib. Bu yerdə «Comedy Club»ın populyar buraxılışı yada düşür: üzərində «Ermənistan» yazılmış maykada olan Mişa Qalustyan «susuz qaz» axtarır. Aydındır ki, bu «susuz», yəni siyasətsiz qaz Ermənistana indikindən çox baha başa gələrdi. Hər halda, Moskva Ermənistana «mavi yanacağ»ı daxili qiymətlərlə satır. 2013-cü ildə Ermənistan Aİİ-yə qoşulan zaman ekspertlər hesablamışdırlar ki, bu ölkə yalnız neft və qaza, həmçinin emal olunmamış almaza görə gömrük rüsumlarının aradan qaldırılması ilə büdcəsinə milyard dollar əlavə edəcək. Bu, necə deyərlər, Rusiya büdcəsi hesabına mümkün olur. Ermənistana bu cür səxavəti, çətin ki, başqa kimsə göstərsin. Rusiya faktiki olaraq, Ermənistan iqtisadiyyatına dotasiya ayırır. Qalust Gülbenkyanın məşhur ifadəsində deyildiyi kimi -«neft biznesmenləri pişik kimidir: onların səsindən müəyyən etmək olmur ki, dalaşırlar, yoxsa sevişirlər».

Bu yerdə detallara varmaq lazımdır. Çünki məsələnin xoş olmayan daha bir tərəfi var. Ermənistanın Avrointeqrasiya oyunu oynadığı qısa müddətdə Rusiyaya neft və qazla bağlı xeyli borcu yığılmışdı. Bu borcu ödəmək üçün İrəvan qaz şəbəkəsindəki özünə aid səhmləri Rusiyanın «Qazprom» şirkətinə satmaq məcburiyyətində qalıb. Bu üzdən, hazırda onun qaz infrastrukturu 100% Rusiyanın mülkiyyətidir. Bu, o deməkdir ki, Ermənistanın haradan, kimdən və nə qədər qaz alacağını artıq İrəvan yox, Moskva həll edir. Lakin bu vəziyyət hansısa formada dəyişsə belə, Ermənistan qaz sahəsində çətin ki, arzulanan müstəqillik qazansın.

 

Öz siyasətinin əsarətində

Bu yerdə bir daha «qaz əlifbası»nı yada salmalıyıq. Boru xətti silahı, qazdan təzyiq vasitəsi kimi istifadə və s. nə qədər populyar mövzu olsa da, bu, tədarükçü ölkənin öz qazını istədiyi qiymətə satmaq hüququnu aradan qaldırmır. Neftdən fərqli olaraq, qazla bağlı dünya qiyməti yoxdur. Hansısa istehlakçını təklif olunan qiymət və şərtlər qane etmirsə, onun başqa satıcı axtarmasını, alternativ boru xətti çəkməsini, tankerlərlə daşınan «mavi yanacaq» üçün qaz terminalları tikməsini və s. heç kəs qadağan etməyib. Bütün bunlarla yanaşı, Ermənistanın qaz sektorunun tamamilə Rusiyanın mülkiyyəti olduğunu «yaddan çıxarsaq» belə, onun alternativ layihələrdən yararlanmaq imkanı yoxdur. Məsələn, o, Ukraynadan revers üsulu ilə də qaz ala bilməz, çünki ərazisində tranzit boru xətləri mövcud deyil. Qalır yalnız alternativ tədarükçü axtarışı və Ermənistan rəhbərliyi bu istiqamətdə ciddi fəallıq göstərir. Amma…

Xatırladaq ki, SSRİ dövründə Ermənistana qaz Azərbaycandan gedirdi. İstər irəvanlıların mənzillərinə, istər «Nairit» kombinatına, istərsə də çoxsaylı müəssisələrə «mavi yanacaq» məhz Azərbaycandan göndərilirdi. Əslində, Xəzər dənizindən Türkiyəyə, oradansa Avropaya gedən ən rahat marşrut məhz Ermənistan ərazisindən keçir. Lakin Azərbaycana qarşı təcavüzkar siyasət aparan, Qarabağa iddia edən, Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayan Ermənistan bununla, Azərbaycan qazına nəzəri çıxışını belə, bağlayıb. Nəticədə, bu gün Azərbaycan qazı Türkiyəyə, oradansa Cənubi Avropa bazarlarına Gürcüstan vasitəsilə nəql olunur. Ərazisinin bir hissəsinin işğalına, 1 milyon qaçqını ilə üzləşdiyi humanitar fəlakətə baxmayaraq, Azərbaycan nəinki əsas ixrac məhsulu olan neft və qazını dünya bazarlarına çıxara bilib, həm də regionda yeni boru xətləri infrastrukturu yaradıb. Onun neftini ixrac edən Bakı-Tbilisi-Ceyhan kəməri, həmçinin qazının nəql olunduğu «Cənub Qaz Dəhlizi» Gürcüstan ərazisindən keçir və bu, gürcülərin Azərbaycandan «mavi yanacağ»ı güzəştli qiymətlərlə almasına imkan verir. Ermənistan isə sapdan asılı vəziyyətdədir. Söhbət Gürcüstan ərazisindən keçən Rusiya kəmərindən gedir.

İrəvan zaman-zaman qazı Türkmənistandan alacağına dair hədələr səsləndirə bilər. Lakin Türkmənistan qazının Ermənistana çatdırılması özü də ayrıca problemdir. Rusiyanın boru xətti sistemi bu işə yaramır. Üstəlik, Aşqabad öz qazını Avropaya nəql etməklə bağlı Moskva ilə heç cür razılığa gələ bilmir. Bu şəraitdə vəziyyəti «Ermənistanın xilası» mövzusu ilə daha da qəlizləşdirmək yəqin ki, artıq olardı.

Nəzəri baxımdan, İran ərazisindən boru xəttinin çəkilişi mümkündür. Lakin bu, son dərəcə ciddi xərc tələb edir. Kiçik, üstəlik sürətlə boşalan Ermənistanın qaz bazarı bu layihəni səmərəli vəziyyətə gətirə bilməz. İran vasitəsilə Avropa bazarlarına çıxış isə risklidir. Tehran ətrafında siyasi vəziyyət gündən-günə daha da qəlizləşir. Bu arada, Türkmənistanın Azərbaycanın «Cənub Qaz Dəhlizi» layihəsinə qoşulmaq imkanlarını nəzərdən keçirməsi təsadüf deyil. Beləliklə, indi Ermənistan istiqamətində «gözə girməyin» vaxtı deyil.

Ermənistanın cənubunda yerləşən İran nəhəng qaz ehtiyatlarına malikdir. Lakin buradan Ermənistan bazarına karbohidrogen nəqli üçün infrastruktur, yəni boru xətti lazımdır. Mövcud infrastruktur yalnız kiçik elektrik stansiyasının qazla təmininə imkan verir. Orada istehsal olunan elektrik enerjisi isə Ermənistanla İran arasında tən yarı bölünür və hər hansı fors-major situasiyada istifadə üçünyetərlidir, vəssəlam. Artıq qeyd etdiyimiz kimi, İrandan Ermənistana qaz nəqli üçün mükəmməl infrastrukturun qurulması çox baha başa gəlir və bunun üçün nə İrəvanın, nə Tehranın pulu var. Üstəlik, əlavə boru xəttinin tikintisi o vaxt anlamlı sayılardı ki, İranın Ermənistan vasitəsilə dünya bazarına çıxış imkanı olsun. Lakin birincisi, sanksiyalar fonunda İranın belə layihələrə qoşula biləcəyi inandırıcı görünmür. İkincisi, boru xəttini Ermənistandan hansı istiqamətdə uzatmaq olar ki? O, İranla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstanla həmsərhəddir. Azərbaycanla Ermənistan müharibə şəraitindədir. Türkiyə ilə onun sərhədləri bağlıdır və bu vəziyyətin nə vaxt dəyişəcəyi bəlli deyil. Demək, Ermənistandan boru xətti yalnız Gürcüstan istiqamətində uzadıla bilər. Gürcüstan bazarını isə artıq Azərbaycan qazı tutub. Üstəlik, Azərbaycanın ixrac marşrutu bu ölkənin ərazisindən keçir. İran üçün bu xəttə qoşulmaq cəlbedici görünə bilər. Lakin ortadakı Ermənistan «bəndi» bunu da əngəlləyir. Odur ki, İrəvanı Tehranda da lütfkar təbəssümlə «yola verirlər».

Revers üsulu ilə tədarük? Ermənistan ərazisindən heç bir tranzit boru xətti keçmir. Bəs, getdikcə populyarlaşan qazın mayeləşdirilməsi texnologiyası? Tankerlərlə daşıma və ya qaz terminalları? Burada da vəziyyət ürəkaçan deyil. Ermənistanın dənizə çıxışı yoxdur. Onun məhdud bazarı isə belə bahalı layihənin «altına girə» bilməz. Gürcüstan da bu layihələrə qoşularaq Azərbaycan və Türkiyə ilə tərəfdaş münasibətlərini risk altına qoymaz. Demək, yeganə variant Moskvanın mərhəmətinə ümid etmək, onun ermənilərə güzəştli şərtlərlə qaz satmaqdan, Ermənistan iqtisadiyyatına dotasiya ayırmaqdan bezməməsi üçün Allaha yalvarmaqdır.

Azərbaycan kimi qaz ölkəsilə qonşuluqda yerləşməyinə, ixrac boruları üçün ən yaxşı «coğrafi» trasa malik olmağına rəğmən, özünü belə təcrid duruma salmaq üçün həqiqətən də çox «iş» görmək lazımıdır. Ermənistan təcavüzkar siyasəti nəticəsində buna «nail olub». Odur ki, Ermənistanın üzləşdiyi qaz faciəsi başlanğıcını Qarabağdan götürür.



MƏSLƏHƏT GÖR:

313