25 Noyabr 2024

Bazar ertəsi, 12:33

BORU KÖK ATIR

«Cənub Qaz Dəhlizi» yalnız Balkanların enerji təhlükəsizliyini təmin etməyəcək, həm də Cənub-Şərqi Avropa ilə Qafqaz-Xəzər regionu arasında siyasi bağ olacaq

Müəllif:

01.04.2020

Beynəlxalq informasiya məkanının gündəmini koronavirus pandemiyası ilə bağlı xəbərlər tutsa da, bizim regionumuz üçün xarici bazarlara fasiləsiz qaz ixracı məsələsi əvvəlkitək aktuallığını saxlayır. Üstəlik, yaxın zamanlarda Avropa bazarlarını alternativ Azərbaycan qazı ilə təmin edəcək «Cənub Qaz Dəhlizi» (CQD) tam gücü ilə işə düşməlidir.

 

Balkanların qazlı gələcəyi

CQD-nin tikintisinin başa çatması onun ətrafında daha kiçik boru xətləri şəbəkəsinin yaranmasına yol açacaq. Onlar Balkan yarımadası və Mərkəzi Avropa ölkələrini Xəzər dənizi ilə təchiz etməlidir. Beləliklə, CQD-nin tikintisi faktının özü, həmçinin onun tam həcmdə istismara verilməsi yaxın perspektivdə Balkan yarımadası və ətraf regionlarda qaz nəqli sisteminin formalaşmasında müstəsna rol oynayacaq.

CQD-dən yerli bazarlara qazın nəql ediləcəyi əsas regional boru xətləri kimi, İonik-Adriatik qaz kəməri, Bolqarıstan-Rumıniya-Macarıstan-Avstraliya boru xətti (BRUA) və Trans-Balkan qaz xəttinin adını çəkmək olar. Bundan başqa, regionda interkonnektorların da tikintisi gedir və ya artıq başa çatıb. Məqsəd daha balanslı qaz istehlakı sisteminin qurulması və müxtəlif siyasi və iqtisadi səbəblərdən qaz tədarükündə azalmaların baş verməsi riskinin aradan qaldırılmasıdır.

Bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində «Enerji təhlükəsizliyi» mövzusunda təşkil olunmuş dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu mövzunun üzərində xüsusi dayanmışdı. O, CQD-nin 4 seqmentindən 3-nün («Şahdəniz-2», Cənubi Qafqaz Boru Xətti və TANAP-la TAP – red.) artıq uğurla başa çatdırıldığını bildirmişdi. Son mərhələ olan Trans-Adriatik qaz xəttində (TAP) işlərin tamamlanması ilə isə 2020-ci ilin sonundan layihə tam gücü ilə işləməyə başlayacaq. Bununla yanaşı, dövlət başçısı 3 Balkan dövləti – Bosniya və Herseqovina, Monteneqro və Xorvatiyanın öz aralarında qarşılıqlı anlaşma memorandumu imzaladıqlarını, sənədə əsasən, onların ikinci mərhələdə layihəyə qoşulacaqlarını xatırlatmışdı. Bu, həmin ölkələrin ərazisindən keçən İonik-Adriatik boru xəttinin inşasından sonra baş verəcək. Beləliklə, Bakı açıq şəkildə göstərir ki, o, IAP-a CQD layihəsinin ikinci mərhələsinin tərkib hissəsi kimi baxır.

Vacib məqam ondan ibarətdir ki, Azərbaycan tərəfi bu mərhələnin reallaşmasını bilavasitə Avropa Komissiyasının dəstəyilə bağlayır – layihə Avropa İttifaqının ümumi maraqlarına cavab verən layihələr sırasına daxil edilərsə, onun reallaşdırılması xeyli sürətlənəcək. Eyni zamanda, Bakı öz tərəfindən bu infrastrukturun lazımi həcmdə qazla təmin olunacağına zəmanət verir.

«Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin fevralın 28-də Bakıda keçirilmiş altıncı toplantısında çıxış edən Azərbaycanın enerji naziri Pərviz Şahbazov bildirib ki, «Azərbaycanda çox sayda perspektiv qaz yatağı var və CQD-nin ikinci mərhələsi üçün qaz ehtiyatı kifayət qədər olacaq». Nazir «Şahdəniz»dən» əlavə mənbələr kimi, «Abşeron», «Şəfəq-Asiman», «Qarabağ» və «Ümid» yataqlarını göstərib.

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç albaniyalı həmkarı İlir Meta ilə hələ 2019-cu ildə keçirdiyi görüşdə İonik-Adriatik qaz kəmərinin Trans-Adriatik boru xəttilə birləşdirilməsini həm Xorvatiya, həm də Albaniya üçün strateji vacib məsələ adlandırmışdı.

Məlumdur ki, Balkan qaz bazarının miqyası o qədər də böyük deyil və nəzəri baxımdan Azərbaycanın qaz ehtiyatı orta perspektivdə bu tələbatın əhəmiyyətli bir hissəsini qarşılaya bilər. Məsələn, 2016-cı ilin məlumatına görə, Balkan yarımadasındakı dövlətlərin ümumi qaz istehlakı 26,6 milyard kubmetr olub. Hesablamalara görə, 2030-cu ilə bu ölkələrin ümumi qaz istehlakı 30-32 milyard kubmetr arasında olacaq.

Azərbaycanın ixrac imkanlarını artırması ilə Avropa İttifaqı və region dövlətləri Bakıya perspektiv qaz tədarükçüsü kimi baxır. Burada Azərbaycanın qaz yataqlarının məhz Avropanın iri şirkətləri tərəfindən işlənməsinin də böyük rolu var. Aİ onların Xəzər regionunda uzunmüddətli effektiv fəaliyyətində maraqlıdır. Bununla yanaşı, Aİ-nin Balkan dövlətlərinə qaz tədarükündə Avropa ölkələrinin əsas benefisiar olması da Brüsselin marağındadır.

 

BRUA şəkli dəyişmiş «Nabucco West»dir

Xəzər dənizinin Avropaya tədarükündə daha bir vacib komponent BRUA layihəsidir. Onu «Nabucco West»in qısa variantı (Avropa hissəsi) də saymaq olar. Rədd edilmiş «Nabucco West» ilə BRUA layihəsini müqayisə etsək, onların tam oxşar olduğunu görərik. Demək, təşəbbüskarlar faktiki olaraq, Brüsselin dəstəyilə «Nabucco West»i «diriltməyə» çalışır.

Rumıniyanın enerji nazirinin müavini Yulian-Robert Tudoraşe «Trend» agentliyinə hələ 2019-cu ilin fevralında verdiyi müsahibəsində bildirmişdi ki, Rumıniya «Cənub Qaz Dəhlizi» konsorsiumuna RO-BG (Rumıniya-Bolqarıstan) interkonnektoru və Bolqarıstan-Rumıniya-Macarıstan-Avstraliya boru xəttinin CQD-yə birləşdirilməsinə dair qarşılıqlı anlaşma memorandumunun imzalanmasını təklif edəcək. Lakin Rumıniya tərəfi sənədin imzalanmalı olduğu konkret vaxtı göstərməyib və bunun CQD-nin inkişafının növbəti mərhələlərində baş verə biləcəyinə eyham vurub.

Digər tərəfdən söhbət «Nabucco West»in son dərəcə məhdudlaşdırılmış variantından gedir. İlkin mərhələnin başa çatmasından sonra BRUA-nın illik nəql gücü Macarıstana 1,75 milyard, Bolqarıstana 1,5 milyard kubmetr olacaq. İkinci mərhələnin başa çatmasından sonra isə bu həcm müvafiq olaraq, 4,4 və 1,5 milyard kubmetr təşkil edəcək.

Bu yerdə bir vacib məqam qeyd olunmalıdır – BRUA Aİ-nin irəli sürdüyü «Üç dəniz təşəbbüsü» (TSI) layihəsinin bir hissəsidir. Layihənin hədəfi Baltik, Qara və Adriatik dənizləri arasındakı regionun daha effektiv iqtisadi inkişafının təmin olunmasıdır. Bundan başqa, Rumıniyanın özü üçün bu layihənin reallaşması yerli enerji təsərrüfatının inkişaf etdirilməsi vasitəsidir. Məlum olduğu kimi, Qara dəniz hövzəsində qaz yataqlarının axtarışı aparılır və bu üzdən 300 kilometrlik BRUA boru xəttinin dəniz sahilinədək uzadılması nəzərdə tutulur.

Rumıniyanın iqtisadiyyat, enerji və biznes mühiti nazirinin müavini Nikalue Xavriletin «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilmiş altıncı toplantısında iştirakından sonra bu nazirlik Buxarestin CQD-yə qoşulma məsələsini nəzərdən keçirdiyini bəyan edib.

 

SOCAR Balkanlarda

Azərbaycanın Balkan yarımadası dövlətlərilə effektiv enerji əməkdaşlığında (bu, regionda yeni qaz xəritəsinin formalaşmasına yol açır) vacib amillərdən biri də Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın qaz layihələrində iştirakıdır. Rumıniya, Bolqarıstan, Albaniya, Makedoniya kimi dövlətlər müxtəlif vaxtlarda SOCAR ilə öz qazpaylaşdırıcı şəbəkələrinin inkişafını nəzərdə tutan müxtəlif razılaşmalar imzalayıb. Bununla yanaşı, tərəflər arasında sahilyanı şelflərdə geoloji kəşfiyyat işlərinin aparılmasına dair danışıqlar aparılıb və ya aparılır. Bu isə Azərbaycanın Balkan ölkələrinin enerji sektorunda möhkəmlənməsi deməkdir. Bu işə «SOCAR» brendi ilə yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafı da öz töhfəsini verir.

Rumıniyanın «Romgaz» şirkətinin baş direktoru Adrian Volintiru hələ 2019-cu ilin yanvarında Bakıda SOCAR rəsmilərilə əməkdaşlıq perspektivlərini müzakirə edib. O zaman SOCAR nümayəndələri bildirmişdilər ki, qarşı tərəfin istəyi olarsa, şirkət Qara dənizdə «Romgaz» ilə tərəfdaşlıq çərçivəsində qaz kəşfiyyatı və hasilatında maraqlıdır. «Romgaz» da öz növbəsində, Azərbaycanda istər quruda, istərsə də Xəzər dənizi şelfində qaz hasilatında SOCAR ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdi.

Azərbaycanın Rumıniyanın enerji bazarında mövcudluğundan danışarkən qeyd olunmalıdır ki, hazırda Rumıniyanın 19 regionunda «SOCAR» brendi altında 41 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

2019-cu ilin dekabrında Şimali Makedoniya və Bolqarıstanın Ticarət-sənaye palatalarının nümayəndələri Makedoniyanın Strumitsa şəhərilə Bolqarıstanın qonşu Petriç şəhərini birləşdirəcək qaz kəmərinin tikintisi təşəbbüsü ilə çıxış ediblər. Təşəbbüs Şimali Makedoniyanın baş naziri Zoran Zayev və onun bolqarıstanlı həmkarı Boyko Borisova təqdim olunub. Layihənin hazırlanması, onun reallaşdırılmasına vəsaitin cəlb olunması ilə məşğul olacaq birgə müəssisənin yaradılacağı gözlənilir. Layihə 20-25 milyon avro dəyərində qiymətləndirilir. Onun başa çatdırılması üçün təxminən 3 ay tələb olunur. Hesab edilir ki, bu boru xətti iki ölkə arasında enerji əlaqəsini gücləndirəcək, onların Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəmərinə qoşulmasına imkan verəcək.

Azərbaycanın Bolqarıstan şəhərlərinin qazlaşdırılmasına maraq göstərdiyini Prezident İlham Əliyev Bolqarıstanın baş naziri Boyko Borisovla hələ 2018-ci ilin yanvarında Bakıda keçirdiyi görüşdə ifadə etmişdi. 2020-ci ilin yanvarında isə onlar Davos Forumu çərçivəsində enerji sahəsində əməkdaşlıq imkanlarını, həmçinin SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasına investisiya yatırması perspektivini müzakirə ediblər.

Məlumdur ki, hazırda SOCAR Bolqarıstanın qazpaylayıcı şəbəkəsini öyrənməklə məşğuldur. Bununla əlaqədar olaraq, şirkət ötən ilin sonunda Bolqarıstanın bu sektoruna investisiya yatırılmasının texniki-iqtisadi əsaslandırılmasına hazırlıq getdiyini bəyan edib. Texniki-iqtisadi əsaslandırma müsbət nəticə verərsə, bu ilin ikinci yarısında SOCAR oraya ilk investisiya qoyuluşunu həyata keçirəcək.

Maraqlıdır ki, rumınlar 2019-cu ildə Azərbaycan, Rumıniya və Bolqarıstan arasında qaz təchizatı üzrə işçi qrupun yaradılması təklifilə çıxış edib.

Bununla yanaşı, SOCAR Albaniyanın qazlaşdırılması prosesində də müxtəlif formada iştirak imkanlarını nəzərdən keçirir. 2018-ci ilin fevralında «SOCAR Balkan»la «Albgaz» arasında Albaniyada mühəndis layihələndirməsi xidmətinin göstərilməsinə dair niyyət məktubu imzalanıb. Hazırda Azərbaycan tərəfi Fiyer (TAP-ın Albaniyadakı kompressor stansiyası) Vlyora şəhərləri arasında boru xəttinin detallı mühəndis layihələndirməsilə məşğuldur. Bakı ilə Tirana arasında Albaniyanın qazlaşdırılması üzrə baş planın inkişafında əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu isə 2014-cü ilin dekabrında imzalanıb.

Bunadək Çernoqoriya da SOCAR-ın ölkənin qazlaşdırılmasına cəlb oluna biləcəyini dəfələrlə bəyan edib. O, bunu Transa-Adriatik qaz xəttinin istismara verilməsindən sonra etmək niyyətindədir.

Bütün sadalananlara əsasən, belə qənaətə gəlmək olar ki, hazırda formalaşmaqda olan regional qaz xəritəsi yalnız Balkanların enerji təhlükəsizliyini təmin etməyəcək, həm də Cənub-Şərqi Avropa ilə Qafqaz-Xəzər regionu arasında siyasi bağ olacaq.



MƏSLƏHƏT GÖR:

339