Müəllif: Xəzər AXUNDOV
COVID-19 pandemiyası və bununla əlaqədar tətbiq olunan karantin məhdudiyyətlərinin dünya iqtisadiyyatına və sosial sahələrə yetərincə mənfi təsir göstərdiyi göz qabağındadır. Ekspertlər, dünya ticarət və iqtisadi əlaqələrinin bərpasını uzun müddət tələb edəcəyini proqnozlaşdırırlar, bu zaman sərnişin aviasiyası, turizm, ictimai iaşə, əyləncə və s. sahələr üçün çoxmilyardlıq itkilərin qaçılmaz olduğunu vurğulayırlar. Bununla yanaşı, son aylarda baş vermiş hadisələrin göstərdiyi kimi, böhran şəraitində elektron ticarət sahəsində görünməmiş bir yüksəliş müşahidə olunur və sahə iqtisadiyyatının getdikcə daha çox yeni seqmentlərini özünə cəlb edir. Bu qlobal trend Azərbaycanda da müşahidə olunur – burada da elektron platformaların inkişafı sürətlənir və biznes e-commerce mexanizmlərini daha fəal mənimsəməyə başlayır.
Böhran vaxtı artım
Qlobal elektron ticarət bazarı hətta koronavirus pandemiyasından öncə özünü yetərincə inamlı hiss edirdi və trendləri qabaqlamaqla böyüdü. «Internet Retailer»in araşdırmasına görə, 2019-cu ildə qlobal e-commerce bazarı 3,46 trilyon dollar səviyyəsində qiymətləndirilib. Ekspertlərin təhlili göstərir ki, 2016-2019-cu illərdə onlayn pərakəndə satışların həcmi ildə orta hesabla 20% artıb, halbuki mağazaların vasitəsilə ənənəvi satış seqmentində pərakəndə satışlar ildə cəmi 3,5% artıb. Bu, göstərir ki, onlayn ticarət bu gün ticarət sektorunun inkişafında aparıcı gücə çevrilir.
Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının məlumatına görə, satış üzrə hələ ki, şirkətlər arasında mal və xidmətlərin satışı - B2B (Business-to-Business) üstünlük təşkil edir. Yalnız 12% biznes (şirkətlər) və fərdi istehlakçılar arasında ticarətin - B2C (Business-to-Consumer) payına düşür ki, burada ticarət meydançaları və əmtəə təchizatçısı kimi aparıcı rol Çin, ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya və BƏƏ-nin, həmçinin Avropa və Cənub-Şərqi Asiyanın digər ölkələrinin payına düşür.
Bununla belə, həcm baxımından geridə qalan internet-riteyl (pərakəndə satış) yetərincə tutarlı artım dinamikası nümayiş etdirir - 2016-cı ildəki 10,5%-lik artım göstəricisini 2019-cu ildə 16.4-ə yüksəldib. Özü də burada transsərhəd ticarət burada mühüm rol oynayır. Məsələn, ABŞ və Kanadanın 1000 ən böyük onlayn mağazası öz ölkələrindən kənarda olan müştərilərə 143 milyard dollarlıq mal satır. Amma Amerikanın ən böyük korporasiyalarından biri olan «Amazon»un bu beynəlxalq satışlarda payı 44%-ə çatır. Yeri gəlmişkən, bu ilin aprel ayına kimi olan vəziyyətə görə «Amazon» kapitallaşma üzrə 1,14 trilyon dollara bərabər fenomenal göstəricilər nümayiş etdirir. Aprelin ortalarında cəmi bir gündə bazar aktivləri rekord həddə çatan qiymətlər fonunda daha 6 milyard dollar artdı.
Başqa bir elektron ticarət nəhəngi «Alibaba»nın işləri də bunun kimi uğurla alınır: keçən ilin sonunda Çinin bu internet-şirkətinin kapitallaşması 570 milyard dollara çatıb ki, bu da Asiya bölgəsi üzrə ən böyük rəqəm sayılır.
Koronavirus pandemiyası fonunda dəfələrlə artan tələbi nəzərə alaraq qlobal internet ticarətinin digər iştirakçılarının da dövriyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Çox önəmlidir ki, dünyanın əksər ölkələrində qəbul edilən karantin tədbirləri e-commerce sahəsində keyfiyyətcə yeni meyillər formalaşdıran katalizator rolunu oynayıb. Pandemiya zamanı müştərilər, xüsusən də Rusiyada və digər postsovet ölkələrində getdikcə daha çox qida məhsulları (o cümlədən uşaq qidası), həmçinin hazır yemək, tibbi avadanlıq və sağlamlıq məhsulları, gigiyena vasitələri, məişət kimyəvi maddələri və s. sifariş etməyə başladılar. Halbuki bu yaxınlara qədər bu qrup məhsulların satışı onlayn pərakəndə ticarətin ümumi həcmində payı cəmi bir neçə faiz təşkil edib. Ənənəvi olaraq, burada elektronika mallarının, İT-qacetlərin, alətlərin, saatların, paltarların, ayaqqabıların, kosmetikanın və digər uzun istifadə mallarının satışı üstünlük təşkil edib. Ən çox nəzərə çarpan nəticələr fudtex və keyterinq - ərzaq və hazır yemək təchizatı xidmətləri seqmentində müşahidə edilir, özünü təcrid edən vətəndaşlar onlardan fəal şəkildə istifadə etməyə başlayıblar. Mütəxəssislər ehtimal edirlər ki, karantin rejimi onlayn ərzaq alış-verişi, ictimai iaşə yerlərinə yemək sifariş vermək və s. vərdişlərinin formalaşmasına səbəb olacaq.İstisna edilmir ki, koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətləri qaldırdıqdan sonra da insanların davranış qaydaları və əldə etdikləri müsbət təcrübə davam edəcək.
Sonuncu ehtimal yetərincə inandırıcıdır, çünki bu trend (ərzaq və ilkin tələbat mallarının onlayn alışının artması) COVID-19 pandemiyasının başlamasından öncə də bir sıra ölkələrdə müşahidə edilirdi. Xüsusilə son illərdə, ABŞ-dakı aparıcı ritkeyl şəbəkələrinin – «Carrefour», «Casino», «Walmart», «Sears Holdings Corp» və «Toys R Us»un müştərilərinin sayı azalmışdı, onlayn ticarətlə rəqabət apara bilməmələri üzündən onlar ticarət meydançalarını azaltmaq, hipermarketləri bağlamaq məcburiyyətində qaldılar.
Artım dinamikası
Maraqlıdır ki, sadalanan qlobal trendlər Azərbaycanda da bu və ya digər dərəcədə izlənilir, baxmayaraq ki, ölkəmizdə e-commerce sahəsi hələ yeni yaranır və onun həcmi dünyanın aparıcı ölkələrindəki dövriyyə ilə heç cür müqayisə oluna bilməz. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ötən ilin sonunda BEF-2019 forumunda elan etdiyi məlumata görə, Azərbaycanda elektron ticarət ümumi ticarətin, təxminən, 14%-ni təşkil edir. Öz növbəsində Mərkəzi Bank hesab edir ki, ötən ilin üç rübü ərzində Azərbaycanda elektron ticarətin artım dinamikası 91% təşkil edərək 2,2 milyard manata çatıb. Statistikaya görə, satınalmaların 4/5 hissəsi (pul ifadəsində) korporativ müştərilər tərəfindən təmin edilir, özü də, yerli bazar dövriyyəsinin 90%-dən çoxu qeyri-ərzaq mallarının payına düşür. Buna əsasən, burada əsasən söhbət Azərbaycanda dominant mövqeyini qoruyan B2B formatından gedir.
B2C seqmentinə gəldikdə isə, son illərdə Azərbaycanda elektron pərakəndə satışın artım templəri bir neçə dəfə böyüsə də, ümumi pərakəndə ticarət dövriyyəsindəki payı əhəmiyyətsizdir - təxminən 1-2%-dir. Bu, müəyyən qədər onunla bağlıdır ki, ölkədə iki yüzə yaxın onlayn mağazanın olmasına baxmayaraq, onların dövriyyələri çox azdır. Azərbaycan istehlakçılarının 90%-dən çoxu «Ebay», «Amazon», «Alibaba», «Aliexpress» və s. kimi iri dünya ticarət meydançalarından mal və xidmətlərin alınmasına üstünlük verir.
Bu, təəccüblü deyil, nəzərə almaq lazımdır ki, tələb olunan malların böyük əksəriyyəti xaricdə istehsal olunur. Yerli internet-mağazaları onların çatdırılması zamanı nəqliyyat xərcləri çəkir, gömrük tarifləri, daxili anbar logistikası və s. üzrə haqq ödəyirlər. Bundan əlavə, bir sıra qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda elektron ticarətdən ƏDV tutulur. Onun ləğvi ilə bağlı təklif bir sıra problemlərlə üzləşir, çünki əlavə dəyər vergisinə cəlb olunan ənənəvi ticarəti qeyri-bərabər mövqeyə salır. Bütün bunlar birlikdə yerli elektron ticarəti onlayn ticarətin xarici "balinaları" ilə həm qiymət, həm də çeşid üzrərəqabət aparmaq imkanından məhrum edir. Bununla belə, Azərbaycanın internet-mağazaları da öz yerini tapıb - əsasən xarici bazarlarda müəyyən növ ərzaq, alkoqol, toxuculuq malları, həmçinin ətir, xalça, milli suvenirlər və zərgərlik növləri satırlar.
İnkişaf stimulu
Pandemiyanın səbəb olduğu fors-major halları yerli elektron ticarət seqmentinətəsir göstərdi, servislərin inkişafını stimullaşdırdı və malların təklifini genişləndirdi. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əsasən, karantin dövründə hər bir şəxs və təşkilat elektron ticarətdən istifadəyə üstünlük verməlidir. Bu tövsiyə bir sıra şəbəkə ərzaq supermarketləri tərəfindən nəzərə alındı və onlar malların onlayn-sifariş əsasında çatdırılmasına başladılar. Düzdür, bu trend kütləvi hal almadı, çünki pərakəndə satış təmsilçilərinin süni intellektə əsaslanan texnologiyaları və həlləri - müştərilərlə ünsiyyət prosesini dəfələrlə sürətləndirən çip-botlar yetərincə inkişaf etməyib. Həm də yerli supermarketlər yeni reallığa - karantində ərzaq və istehlak mallarına sifarişlərin nəzərəçarpacaq dərəcədə artmasına hazır deyildilər. Şəbəkə mağazaları qısa müddət ərzində logistika infrastrukturu yaratmalı, yeni darkstorlar açmalı, çatdırılma servisləri qurmalı və kuryer xidməti yaratmalı idilər.
Ancaq istənilən halda, bu istiqamətdə ilk addımlar artıq atılıb. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin təşəbbüsü ilə, həmçinin təchizat, pərakəndə satış və logistika sahələrində ixtisaslaşmış şirkətlərin iştirakı ilə xüsusi «BakuMart Supply» əlavəsi ilə işləyən onlayn supermarket yaradılıb. Bu əlavə Android və iOS cihazlarının istifadəçiləri üçün əlçatandır, internet sifarişlər verməyə və evə operativ qaydada ərzaq gətirtməyə imkan verir.
Analoji təyinatlı «evdeqal.az» veb saytı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə istifadəyə verilib. Resurs istifadəçilərə "təhsil", "çatdırılma", "dərman", "qida" və "əyləncə" kateqoriyalarında onlayn xidmətlər təqdim edir.
Yerli «Cubics» şirkətinin «Brandonline» texnologiyasına əsaslanan təşəbbüsü də diqqət çəkir ki, bu, Azərbaycan üçün ənənəvi ticarəti elektron ticarətə sürətli uyğunlaşdırmaq imkanına malik sadə və işlək iniernet-mağazaların yaradılmasını və işə başlamasını lokallaşdırmağı nəzərdə tutur.
Yuxarıda göstərilən örnəklər B2C seqmentinin imkanlarının tam istifadəsi üçün yerli pərakəndə satış sektorunun keçməli olduğu böyük yolun yalnız ilk addımlarıdır. Gələcəkdə Azərbaycanda əsas üstünlükdən - ölkənin aparıcı tranzit mərkəzinə və elektron pərakəndə ticarət üçün logistik bazaya çevrilməsinə imkan verən coğrafi amildən istifadə edilməsi planlaşdırılır.
Belə ki, artıq üçüncü ildir ki, poçt operatoru «Azerpoct» MMC Azərbaycan yükdaşıyıcısı – «Silkway West Airlines» şirkəti ilə birlikdə ölkədə öz e-commerce platformasını formalaşdırmaq, habelə başlıca olaraq tranzit yönümlü logistika bazaları yaratmaq layihəsi üzərində işləyir. Azərbaycanda müəyyən miqdar kiçik ölçülü malların saxlanılmasının təşkil edilməsi gözlənilir, çünki üçüncü ölkələrdə ən çox buna tələbat var.
Orientr olaraq, kiçikölçülü malların ən çox göndərildiyi ölkələr seçilib və buna görə sifariş alındıqdan sonra istehlakçı çatdırılmanı bir neçə həftə gözləməli olmur. Layihənin son məqsədi Azərbaycanı elektron ticarət üzrə regional tranzit habına çevirməkdir- bunun üçün Çinin, Cənubi Koreyanın və Sinqapurun ekspress daşıma şirkətləri ilə danışıqlar aparılır.
Azərbaycanda poçt göndərişlərinin daşınması üzrə formalaşan tranzit sisteminin etibarlılığından danışarkən qeyd etmək lazımdır ki, koronavirus epidemiyasına baxmayaraq «Silkway West Airlines» şirkəti Çin və bir sıra digər ölkələrə uçuş cədvəlini qoruyub saxlayıb. Öz növbəsində, bir aylıq karantin məhdudiyyətlərindən sonra, aprelin 15-dən etibarən, «Azərpoçt» 18 ölkəyə beynəlxalq poçt göndərişlərini bərpa edib və bu siyahını tədricən genişləndirmək planlaşdırılır.
Yeni layihələr
Eyni zamanda, Azərbaycanda digər istiqamət - B2B də sürətlə inkişaf edir, elektron ticarət çərçivəsində malların topdan satışının qurulmasını özündə cəmləşdirir. Ekspertlərin fikrincə, e-commerce üçün böyük topdansatış nəqliyyat və logistika sisteminin formalaşması Azərbaycanı elektron ticarət üzrə regional tranzit mərkəzinə çevirə bilər, bu, eyni zamanda ixracın genişlənməsinə öz töhfəsini verə bilər.
Bu sahədə aparıcı qurum dövlət başçısının 21 sentyabr 2016-cı il tarixli “Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” sərəncamına uyğun olaraq formalaşdırılmış «Azexport» dövlət portalıdır (azexport.az). Yeni qurum üç il yarım ərzində topdansatış elektron ticarətin yüksək səmərəliliyini təsdiqləyib: 2017-ci ilin yanvarından 2019-cu ilin fevral ayının sonuna qədər bu ticarət platforması vasitəsi ilə ixracın həcmi 1,7 milyard dolları keçib.
Məhz «Azexport»un fəaliyyəti, həmçinin Azərbaycanda fəaliyyət göstərən iri korporativ strukturların idxal avadanlıqlara və mallara etdiyi sifarişlər son illərdə elektron ticarətdə dövriyyənin əsas hissəsini təmin edən əsas bazaya çevrilib.
Portalın sistemi «Amazon», «Alibaba», «All.biz» və «Go4worldbusiness» də daxil olmaqla 15 beynəlxalq elektron ticarət platforması ilə birləşdirilib. Bu çərçivədə «Azexport»un ixrac fəaliyyəti dünyanın 141 ölkəsini əhatə edir, 3 mindən çox qeydiyyatdan keçmiş tədarükçü «Google Market Finder»dən istifadə edərək pulsuz bazar araşdırması aparır və populyar məhsullar haqqında marketinq məlumatları əldə edə bilər. Hazırda portalda 10 mindən çox adda məhsul var – bunlar əsasən ərzaq, alkoqol və tütün məhsulları, kosmetika, toxuculuq məhsulları, mebel, boyalar, laklar və s.-dir.
Azərbaycanda B2B seqment iştirakçılarının sayının genişləndirilməsi üzrə işlər davam etdirilir. Bu yaxınlarda «Azexport.az» portalı «My Broker»in gömrük təmsilçiliyi və «Worldef Business School»ın Azərbaycandakı nümayəndəliyi ilə birlikdə yeni bir layihəyə - "Amazon - elektron ticarətin distant tədrisi"nə başlayıb. Layihənin məqsədi yerli ixracatçı sahibkarlara «Amazon» portalında işləmənin əsasları, o cümlədən rekvizitlərin açılması və sənədlərin rəsmiləşdirilməsi, kontragentlərin və alıcıların axtarışı qaydaları, anbar logistikası mexanizmləri, gömrük prosedurları, sertifikatlaşdırma tələbləri və s. barədə biliklər verməkdir.
Ancaq unutmaq olmaz ki, coğrafi baxımdan bizə yaxın olan Türkiyə, Qazaxıstan və Gürcüstan da bu cür perspektivli planlar gerçəkləşdirməyə hazırlaşır, yəni bu gün əsas məsələ yaranan "imkan pəncərəsini" əldən qaçırmamaq və Bakıda rəqəmsal ticarət habının yaradılması prosesini sürətləndirməkdir.
MƏSLƏHƏT GÖR: