Müəllif: Cahangir HÜSEYNOV
Başlanğıc çox qorxulu idi. Sanki vahid Avropa ümumiyyətlə, mövcud deyildi. İlk qlobal faciədəcə dövlətlər öz sərhədlərini möhkəmlətmişdi. Heç kəs nəinki birgə fəaliyyət, qonşulara yardım haqda düşünmürdü, hər bir ölkə öz mənafeyi üçün kimdən nə mümkündüsə qoparmağa belə, çalışırdı. Üstəlik, buna Avropanın təməli, aparıcı qüvvəsi sayılan Almaniya ilə Fransa da gedirdi.
«Bu, tariximizin heç də yaxşı dövrü deyildi», - deyə yüksək rütbəli avropalı diplomat BBC-yə açıqlamasında etiraf edib. O, virusun yayıldığı ilk anlarda Aİ ölkələrinin özlərini qorumaq üçün tələm-tələsik sərhədləri qapadığını, faciənin ilk haqladığı İtaliyaya yardım etməkdən boyun qaçırıldığını xatırladır: «Reaksiyamız gec oldu və millətçiliklə ləkələndi».
Diplomat İtaliyanın baş naziri Cuzeppe Kontenin fevralda Avropa ölkələrindən xəstəxana personalı üçün əlcək, geyim, həmçinin test dəsti, ventilyatorlar istədiyini, lakin bu müraciətin sükutla qarşılandığını etiraf edir… Yalnız bir neçə gün sonra, özü də hamı yox, sadəcə, bəzi ölkələr İtaliyaya yardım göstərməyə çalışacaqlarını bəyan etmişdilər. Almaniya, Fransa və Çexiya hökumətlərinin davranışı isə əsl məhkəməlik idi – onlar öz tibb ərazilərindən İtaliyaya belə avadanlıqların daşınmasını qadağan etmişdilər.
Pandemiyanın başlanğıcında Avropanın özündə çoxları belə düşünürdü ki, Aİ ölkələrin dəyərlər, həmrəylik hissilə birləşdiyi ittifaq yox, «planlı nikah»dır.
Biz ölülərimizi sayarkən…
İtaliya ilə İspaniyada hökumət bu yaxınlarda ölkələrin Aİ-ni tərk etməsinə tərəfdar olan radikal sağçı qüvvələrə güclə qalib gəlmiş avropapərəst siyasətçilərdən ibarətdir. İndi, onlar öz seçicilərinin belə, sərt anti-Avropa əhvalı ilə üz-üzə qalıblar.
İtaliyada Aİ bayrağının yandırılmasının əks olunduğu videogörüntü mart-aprel aylarında bütün sosial şəbəkələri bürümüşdü. Aİ-yə inamın ciddi zərbə aldığının əlamətləri artıq ortadadır. Bununla yanaşı, heç bir partiyanı təmsil etməyən hüquq professoru Cuzeppe Kontenin böhran vəziyyətindəki davranışı onun reytinqini kəskin şəkildə artırıb. Bu gün İtaliyada onu dəstəkləyənlər nə az, nə çox – düz 71% təşkil edir. Martda keçirilmiş sorğuya qatılanların 67%-i bildirib ki, ölkənin Aİ-yə üzvlüyü onlara heç bir fayda gətirmir. Avropapərəst elita arasında belə, ölkələrinin qonşuları tərəfindən atıldığını, İtaliyanın yardıma ən ciddi ehtiyac duyduğu günlərdə Avropa İttifaqının ondan üz döndərdiyini düşünənlər var.
İtaliyanın «Biz - avropalılar» hərəkatının lideri, ölkənin Aİ-dəki daimi nümayəndəsi Karlo Kalenda etiraf edir ki, indi onun özü belə, ömür boyu uğrunda mübarizə apardığı ideyaya inamını itirib. Kalendanın sözlərinə görə, o, partiyadaşlarının «Biz niyə Aİ sıralarında olmaq istəyirik? Bunun mənası yoxdur» fikrinə cavab verməkdə çətinlik çəkir.
Bu əhvaldan, əlbəttə ki, müxtəlif radikal qüvvələr yararlanmağa çalışır. Bu, ilk növbədə, baş nazirin sabiq müavini, Şimal Liqasının liderlərindən olan Matteo Salviniyə aiddir. O, «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb: «Biz Avropa (Aİ) məsələsinə və İtaliyanın oradakı roluna yenidən baxmalıyıq».
Son sorğular ultrasağçı «İtaliyanın qardaşları» partiyasının reytinqinin də durmadan artdığını göstərir. Partiyanın liderisə deyir: «Biz ölülərimizi sayarkən, onlar istiqraz vərəqələrinə marağın azalması riskini hesablayır».
Marşal planına ehtiyac var
İtaliya böhrana borcun ÜDM-ə nisbətinin 136% təşkil etdiyi şəraitdə girmişdi. Bu, avrozonada Yunanıstandan sonra ikinci göstəricidir. Halbuki, Aİ qaydaları bu göstəricinin 60%-i keçməməsini tələb edir. İqtisadçılar isə İtaliyada ÜDM-in 6-15% azala biləcəyini proqnozlaşdırır. Başqa sözlə, defolt riski kifayət qədər yüksəkdir.
Avropanın digər ölkələrində də vəzyyət yaxşı deyil. BVF-nin hesablamalarına görə, pandemiya XX əsrin 30-cu illərində yaşanmış «Böyük depressiya»dan sonra ən dərin qlobal resessiyaya yol açacaq. Proqnozlara görə, avrozonada iqtisadiyyat 7,5% geriləyəcək.
İspaniyanın xarici işlər naziri Arança Qonsales hazırkı vəziyyəti «Titanik»in batması ilə müqayisə edərək, «sərnişin»ləri birinci və ikinci sinifə bölməməyə çağırıb.
Almaniyalı siyasətçilər də onun kimi düşünür və hesab edirlər ki, Marşal planına ehtiyac var. «Deutschlandfunk» bildirir ki, Avropa Sabitləşdirmə Mexanizmi çərçivəsində yardım ənənəvi şərtlər olmadan edilməlidir. Bu vəsaitin əldə olunması yolu qısaldılmalı və sadələşdirilməlidir. Çünki İtaliya ilə İspaniya böhrandan öz iqtisadiyyatlarını düz qurmadıqları üçün deyil, virus epidemiyası üzündən əziyyət çəkirlər. «Almaniyanın bu böhrandan sanki bütün Avropanın müsahibi imiş kimi çıxmaq haqqı yoxdur», - deyə qəzet yazır: «Bu gün lazım olan bir neçə milyard avroluq ciddi yardım fondudur. Üstəlik, o, illər sonra üçün heç kəsin üzərində hansısa pul siyasəti öhdəliyi qoymamalıdır. Vəsait ehtiyacı olan ölkələrə asanlıqla verilməlidir».
Koronabondlar: olsun, olmasın?
Virusun artıq Cənubi Avropaya yayıldığı mart ayında Avropa İttifaqının 9 üzvü (Belçika, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Portuqaliya, Sloveniya və Fransa) xüsusi istiqraz vərəqələrinin, yaxud, özlərinin adlandırdığı kimi, «koronabondlar»ın buraxılması haqqında birgə məktub yazıblar. Onlar hesab edirdilər ki, bu, ölkələrin dağılmış iqtisadiyyatının bərpası cəhdlərinin dəstəklənməsi üçün vacibdir.
İdeya Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard tərəfindən də dəstəklənmişdi. Aprelin ikinci yarısında isə Aİ parlamenti «Aİ büdcəsinin zəmanət verdiyi» «bərpa istiqrazları» haqqında qətnamə qəbul edib.
İctimai rəy Almaniyada da dəyişib. Bu yaxınlarda baş vermiş maliyyə böhranı zamanı iqtisadçılar və siyasətçilər avrozonada borcların qarşılıqlı şəkildə bir-birinə bağlanmasına qarşı çıxır, bunun Yunanıstanı xilas etməyəcəyini düşünürdülərsə, indi onlar Cənubi Avropanın koronavirusla mübarizəsinə məhz avrobondlar vasitəsilə yardım göstərilməsini lazım bilir. 10 il əvvəl Yunanıstana qarşı ittihamlarla çıxış edən «Bild» belə, indi koronabondların vacibliyini yazır. Onların fikrincə, hazırkı vəziyyət riskli kreditləşmənin yaratdığı böhrandan çox, təbii fəlakəti xatırladır.
Avropanın federal istiqraz vərəqələri ittifaqın fiksal potensialını dövlət borcu yükünü artırmadan gücləndirəcək, bununla da, milli xəzinədarlıqların vəsaitinə qənaət olunacaq. Əgər Almaniya, Niderland və Şimali Avropanın digər ölkələri bu cür dərin və ekzistensialist böhran zamanı avrobondları qəbul etməzsə, bu, avropanın gələcəyini sual altına qoyacaq. Hər halda, ekspertlər, o cümlədən almaniyalı ekspertlər belə düşünür.
Lakin Almaniya, Avstriya, Danimarka, Finlandiya və Niderland kimi Şimali Avropa ölkələrinin rəhbərliyi ekspertlərlə razılaşmağa tələsmir. Onlar birgə borclanmanı daha uyğun sayır. Bu dövlətlərin başçıları hesab edir ki, ilk halda daha zəngin dövlətlərin vergi ödəyiciləri fiksal məsuliyyətsiz ölkələrin də borcunu ödəməli olacaq.
Bağışla, İtaliya!
Beləliklə, Avropada həmrəyliyin heç olmadığı haqda danışmaq doğru olmazdı. Qitənin digər hissələrindən müalicə üçün pasiyent qəbul edən ölkələr də var. Elə Almaniyanın özündə Fransa, İtaliya və İspaniyadan olan xəstələr müalicə alır. Bundan başqa, Aİ üzvləri bir-birinə pulsuz tibbi materiallar və avadanlıqlar göndərir, tibb işçiləri briqadalarının mübadiləsini həyata keçirir, sifarişləri birlikdə qarşılayır. Bundan başqa, onlar öz ərazilərində yük maşınlarının hərəkəti üçün prioritet zolaqlar müəyyənləşdirir. Məqsəd ərzaq məhsulları və tibbi ləvazimat daşıyan yük maşınlarının məcburi karantin tədbirləri üzündən gecikməsinin qarşısının alınmasıdır.
Bütün dünya üçün əlçatan olacaq peyvəndin hazırlanması üçün ümumi büdcə də ayrılıb. Avropa Komissiyası isə avrozonanın dövlət borcu və büdcə kəsirilə bağlı qaydalarını müvəqqəti olaraq dondurub. Bu, dövlətlərin xəstəlik dövrünü mümkün qədər asan keçməsi üçün lazım bildiyi məbləği xərcləməsinə imkan verir. Bu da son deyil. Avropa Mərkəzi Bankı dövlət və özəl sektora aid 750 milyard avro dəyərində qiymətli kağızların alınması ilə bağlı proqramın icrasına başlayıb. İtaliyaya aid dövlət istiqrazlarının alınmasına artıq, təxminən, 11,8 milyard avro xərclənib.
Aprelin əvvəlində Niderland hökuməti (o, ənənəvi olaraq avrozona üzvləri arasında istənilən birbaşa büdcə transferinə qarşı çıxır) 20 milyard avroluq Həmrəylik Fondu yaratmaq qərarına gəlib. Fondun vəsaiti İtaliya, İspaniya və digər ölkələrdə təcili təxirəsalınmaz tibbi yardıma xərclənəcək.
Beləliklə, Aİ milli dövlətlərin ona verdiyi səlahiyyətlər çərçivəsində kifayət qədər effektiv çalışır. Səhiyyə sistemi isə hər ölkənin öz idarəçiliyindədir. Aİ üzvü olan 27 ölkədə 27 fərqli səhiyyə sistemi, 27 fərqli yoluxma səviyyəsi və koronavirusdan ziyan çəkmiş iqtisadiyyatın inkişafı ilə bağlı 27 fərqli prioritet var. Belə bir vəziyyətdə Brüssel yenə də hansısa ümumi qaydaların tətbiqinə çalışır.
Məsələn, Avropa Komissiyası hesab edir ki, Aİ ölkələri karantin məhdudiyyətlərini yalnız konkret şərtlərlə aradan qaldıra bilər:
- Ölkədə yoluxma və ölüm halları davamlı olaraq azalır və sabitləşirsə;
- Ehtiyac yaranacağı təqdirdə milli səhiyyə xidməti yeni infeksiya yayılmasının qarşısını ala biləcəksə;
-Aİ-nin müvafiq ölkəsi yeni infeksiyaları, xəstə insanların kontaktlarını müəyyən edəcək testləşmə potensialına malikdirsə.
Nəhayət, Aİ rəhbərliyi özündə epidemiyanın ilkin mərhələsində çeviklik göstərmədiyi üçün İtaliyadan üzv istəmək cəsarəti, tapıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində aprelin 16-da etdiyi çıxışda bildirib ki, «öz fəaliyyətimizlə bağlı həqiqətləri söyləməsək, pandemiyaya qalib gələ bilmərik». «Bəli, həqiqətən də, buna heç kəs hazır deyilmiş. O da həqiqətdir ki, İtaliyanın lap əvvəldən yardıma ehtiyac duyacağına da çoxumuz hazır olmamışıq. Buna görə Avropa səmimi qəlbdən üzr istəyir», - deyə o, bildirib.
Xilas planı
Aİ-nin aprelin 23-də keçirilmiş sammiti isə deyəsən, qurumu avropalıların gözündə yenidən yüksəldib. Sammitdə Aİ 540 milyrd avroluq maddi dəstək paketi qəbul edib. O, iyunun 1-dən tətbiq olunacaq.
Avropa Sabitləşdirmə Mexanizmi isə bu plana qarşıdır. O, borclu ölkələrin xərclərinin qarşılanması üçün 240 milyard avro ayırmalıdır. Qısamüddətli milli proqramlar üçün 200 milyard avroluq yardım Avropa İnvestisiya Bankı tərəfindən ödənilməlidir. Avropa Fondu əməkhaqlarının ödənməsilə bağlı milli sxemlərin dəstəklənməsinə 100 milyard avro ayıracaq. Bu, qitənin digər ölkələrində populyarlıq qazanmış «Kurtsarbayt» alman sistemi prinsipi ilə həyata keçiriləcək. Əslində, bu paket Aİ-nin bundan əvvəl qəbul etdiyi bir sıra digər qərarlara əlavədir. Bunadək dövlət yardımı və dövlət tədarükü ilə bağlı adi qaydalar yumşaldılıb, Sabitlik və inkişaf paktı (o, vergi və büdcə siyasətinə nəzarəti, pozuntulara yol vermiş dövlətlərə sanksiyaların tətbiqini nəzərdə tutur) isə faktiki olaraq, böhran bitənədək dondurulub.
Bundan başqa, liderlər potensial olaraq 1, yaxud 1,5 trilyon avroluq yeni bərpa fondunun yaradılması ilə bağlı da razılığa gəliblər. Lakin bu uzunmüddətli bərpa planının strukturu və maliyyələşməsi məsələləri hələ ki, açıq qalır. Aİ-nin ümumi büdcəsinin artırılması, ziyan çəkmiş dövlətlərə qrantların ayrılması, yaxud vəsait əldə olunması üçün birgə istiqraz satışları (söhbət İtaliya, İspaniya, Fransa və digərlərinin israr etdiyi həmin koronabondlardan gedir) təkliflər sırasındadır.
Aİ virusun yaratdığı böhrandan əziyyət çəkən Avropa şirkətlərinin xarici borclarının ödənilməsinə də yardım etməyi planlaşdırır. Brüsseldə düşünürlər ki, xarici investorlar «aparıcı texnologiyalar, infrastruktur və ya ekspertiza imkanlarını ələ keçirmək» üçün Avropa şirkətlərini almaq fikrinə düşə bilərlər. Hər halda, bu şirkətlər artıq çoxdan çinli rəqiblərin, o cümlədən nəhəng dövlət qurumlarının diqqət mərkəzindədir. Kəskin iqtisadi tənəzzül və bunun ardınca qaçılmaz olan səhm ucuzlaşması isə xarici investorlar üçün onları daha əlçatan edəcək. Bu və digər məsələlər qurumun mayın 6-da keçiriləcək sammitinin gündəliyindədir.
Görünən odur ki, bu qərarlar hər kəsin, o cümlədən İtaliyanın baş naziri Konteinin ürəyincə olub. O, razılaşmadan məmnunluğunu ifadə edərək, bunu «Avropanın tarixində vacib mərhələ» adlandırıb. «Biz Avropaya inanmaqda haqlıyıqmışıq», - deyə onun ardınca Avropa Parlamentinin prezidenti, italiyalı David Sassoli öz «Twitter» hesabında yazıb.
Bir sözlə, Aİ parçalanmağı düşünmür. Lakin onun bədənində çapıqların qalıb-qalmayacağı qəbul olunmuş və olunan qərarların effektivliyindən asılıdır. Xorvatiyanın çox rəmzi adı olan «Novi list» qəzeti vəziyyəti belə xarakterizə edir: «Günlərin birində pandemiya bitəcək. Lakin həmin «sıfır günü»ndə dövlətlərin start mövqeyi tam fərqli olacaq. İtkilər son dərəcə ciddi olarsa, bu, ciddi işsizlik gətirəcək. Bunun ardınca isə sosial təminat sistemində kollaps yaşanacaq və siyasi böhran qaçılmaz olacaq. Demək, Aİ və bütünlükdə Avropa daha əvvəlki olmayacaq – ilk növbədə, siyasi mənada».
MƏSLƏHƏT GÖR: