Müəllif: Nurlana QULİYEVA
Dünyanın əksər ölkələri tərəfindən karantin tədbirlərinin tətbiq edilməsindən sonra dünya iqtisadiyyatında baş verən misilsiz durğunluq neftin qiymətlərinin gözlənilmədən kəskin düşməsi ilə birlikdə sanki bir neçə həftə ərzində, demək olar ki, görünməmiş iqtisadi böhranla nəticələndi. Bunun nəticələrini, aparıcı beynəlxalq maliyyə institutlarının vədlərinə əsasən, çox illər ərzində aradan qaldırmalı olacağıq.
Artıq 150-dən çox ölkə kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib, müxtəlif siyasi və iqtisadi birliklər hökumətləri dəstəkləmək üçün vəsait ayırırlar və bu, doqquz rəqəmli ədədlərlə hesablanır, hökumətlərin isə illərlə yığılmış ehtiyatlara üz tuturlar... Hətta buna baxmayaraq, qlobal iqtisadiyyatın yaxın gələcəyi ilə bağlı proqnozlar çox pessimistdir. Çünki pandemiyanın və onun problemlərinin nə qədər davam edəcəyini heç kim bilmir.
Azərbaycan iqtisadiyyatı da indiyə kimi bu qədər güclü mənfi sarsıntıların təsirini yaşamamışdı. Ancaq əvvəlki illərdən fərqli olaraq, bu gün bu şokları dəf etməyə daha hazırdır və dövlət xərclərinin azaldılması, müəssisələrini, bankların dəstəklənməsi, iqtisadiyatın bu gün daha çox gərəkli olan sektorlarının inkişafı üçün görülən bütün tədbirlər sayəsində böhrana qarşı dayana bilir.
Qaçılmaz dəyişikliklər
Koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlər üzündən Azərbaycan iqtisadiyyatı hər gün yüz milyon manatdan çox itirir. “Biz koronavirus üzündən üzləşdiyimiz itkiləri daima hesablayırıq. Söhbət çox böyük məbləğlərdən gedir. Əlbəttə ki, qeyri-formal iqtisadiyyatın itkilərini hesablamaq çətindir, amma ümumilikdə gündəlik itkilərin həcmi, təxminən, 120-150 milyon manata bərabərdir”, - deyə bu günlərdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Belə vəziyyətdən yeganə məntiqli çıxış kimi dövlət büdcəsinin xərclərinin adekvat azalması görünür ki, bu da Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi nəticələrinə həsr olunmuş videokonfrans formatlı iclasda göstərilib. “Bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımlar atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir”, - deyə dövlət başçısı vurğulayıb.
Pandemiya olmasa idi, bu il Azərbaycan iqtisadiyyatı üçün çox müsbət notlarla başlamışdı. Büdcənin artıqlaması ilə yerinə yetirilməsi meyli qorunmuşdu - əgər ötən il o, bütövlükdə proqnozdan 1 milyard manatdan çox gəlir əldə etmişdisə, bu ilin üç ayında artıq gəlirlər 300 milyon manatdan çox olub. Dövlət büdcəsində 2,6 milyard manatlıq profisit yaranıb ki, bunun da 1,8 milyard manatı ARDNF-dən proqnozdan artıq köçürmə hesabına olub.
ÜDM də artıb - ilk iki ayda demək olar ki, 3% artıb, qeyri-neft sektorunda isə artım, təqribən, 7% olub. Yalnız mart ayında qeydə alınan mənfi amillər üzündən 1-ci rübün ümumi göstəricisi bütövlükdə 1,1%-ə, qeyri-neft sektorunda isə 3%-ə enib.
Problem ondadır ki, bu amillərin hələ nə qədər hakimlik edəcəyi bilinmir. Şübhəsiz ki, dövlət xərclərini azaltmaq və makroiqtisadi parametrləri dəyişdirmək gərək olacaq. Çox güman ki, strateji və ya təcili olmayan layihələr təxirə salınacaq. Prezident İlham Əliyevin dediyi kimi, dövlət sərmayələrinin xərclənməsi iki əsas hədəfi həyata keçirməlidir: dövlət tərəfindən maliyyələşdirilən layihələrin məşğulluğa və iqtisadiyyatın real sektoruna təsir etməlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, xərclər metodu ilə ÜDM-in təhlili göstərir ki, ilin bundan sonrakı dövründə ev təsərrüfatlarının və dövlət qurumlarının xərcləri, habelə xalis ixrac azalacaq. Digər tərəfdən, neftin qiymətinin düşməsi ilə bağlı olaraq, neft sektorundan və qeyri-neft sektorunun pandemiyadan ən çox təsirlənən 20 sahəsindən gəlir azalacaq.
Eyni zamanda, regionun "təhlükəsizlik yastığı" olan ölkələri Azərbaycan, Rusiya və Qazaxıstandan başqa bütün ölkələri xarici dövlət borcunu artırmaq və büdcə kəsirini yenidən nəzərdən keçirmək yolu ilə 2020-ci ilin dövlət büdcəsini balanslaşdırmağa çalışırlar. Ancaq xarici borc hesabına böhranla mübarizə olduqca baha başa gələn bir addımdır. "Bölgə ölkələrindən fərqli olaraq, koronavirusla mübarizədə Azərbaycan yalnız öz mənbələrinə arxalanıb və nə xarici borc almayıb, nə də devalvasiyaya getməyib", - deyə V.Qasımlı vurğulayıb.
Yeri gəlmişkən, yeni şərtlərdə manatın sabitliyinə nail olmaq da çox çətin məsələdir. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, neftin qiymətlərinin aşağı düşməsi fonunda və karantin tətbiq edilməsi ilə bağlı, həmişə olduğu kimi, ajiotaj başladı - xüsusilə də pul sahibləri arasında, həmçinin dollarlaşma problemi yarandı, eləcə də tələbin pikə çatması problemi vardı. Lakin vaxtında görülən tədbirlər nəticəsində vəziyyət artıq normallaşıb. “Dünya üzrə iqtisadi tələbin azalması, bütünlükdə iqtisadiyyatdakı tələbin səviyyəsi neft qiymətlərinin kəskin artmasına imkan vermir. Ancaq inanırıq ki, ilin sonuna qədər valyuta bazarında sabitliyi qoruyub saxlaya biləcəyik", - deyə E.Rüstəmov əlavə edib.
Yardım və dəstək zərfi
Məhz Azərbaycanın fonunda pandemiya-neft böhranına girdiyi makroiqtisadi sabitlik hökumətə gözlənilmədən yaranmış problemləri həll etməsinə imkan yaratdı.
Nəzərə almaq lazımdır ki, mövcud büdcə qanunvericiliyi əsasında koronavirusla mübarizəyə 1,350 milyard manat ayrılıb. Bu vəsaitlərin böyük hissəsi pandemiyadan ən çox təsirlənən sahələrdə işləyənlərə ödənilir – bu, 300 mindən çox insandır. Eyni zamanda dövlət 300 minə yaxın mikrobiznes nümayəndəsinin maddi vəziyyətini təmin etmək üçün iri vəsaitlər ayırıb. Bununla yanaşı, hazırda böyük əksəriyyətinin (təxminən 1 milyon nəfər insanın) işləməməsinə baxmayaraq, dövlət sektoru işçilərinin maaşı tam ödənilir.
Bundan əlavə, Prezident İlham Əliyevin sərəncamına əsasən, iki ay ərzində dövlət 600 min insana sosial yardım kimi hər ay 190 manat ödəməlidir. Bu kateqoriyaya az təminatlı təbəqələrin təmsilçiləri, koronavirus səbəbindən işini itirmiş və hətta qeyri-rəsmi işlə məşğul olan insanlar daxildir. Sosial tədbirlərdən əlavə, dövlət öz üzərinə vergi, bank və biznes üçün digər güzəştlərin bütün siyahısını təmin edən tutumlu bir iqtisadi paket öhdəliyini götürüb.
Belə ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb ki, bu da pandemiyanın birbaşa təsir etdiyi sahələr üçün 2021-ci il yanvarın 1-dək bir sıra güzəştlər və vergi tətilləri nəzərdə tutur. Bu sıraya əmlaka və torpağa tam həcmli vergi güzəşti, əldə edilmiş mənfəətə və gəlirə 75%-lik güzəşt, ölkə daxilində ictimai iaşə və sərnişin daşınması sahələrində fəaliyyətə sadələşdirilmiş vergi məbləğinin 50 faizi qədər güzəşt təmin edilməsi və s. daxildir.
İkinci istiqamət mikrobiznes subyektləri üçün sadələşdirilmiş vergi üzrə 50 faizlik vergi güzəştidir, yəni dərəcənin 1 yanvar 2020-ci il tarixdən 2021-ci il yanvarın 1-dək olan dövr üçün illik 2%-dən 1%-ə endirilməsidir. Həmçinin, cari ilin I və II rübləri üçün vergilərin hesablanması və ödənilməsi üzrə 1 sentyabr 2020-ci il tarixə qədər vergi tətilləri təmin ediləcək.
Digər önəmli düzəliş bütün sahibkarlıq subyektlərinə şamil ediləcək. O, vergi tutulan gəlirlərindən bu ilin sonuna qədər zəruri profilaktika, o cümlədən dezinfeksiya xərclərini, vergi ödəyiciləri tərəfindən epidemiyanın qarşısının alınması, həyatın və əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilmiş tədbirlərlə bağlı çəkilən bütün xərcləri çıxmağı nəzərdə tutur. Təbii ki, həmin müddətə qədər dövlət başçısının əhalinin qida və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən azad edilməsi ilə bağlı verdiyi bütün əvvəlki qərarlar qüvvədə qalır.
Sahibkarlara sosial sığorta ödənişləri üçün də güzəştlər veriləcək: tikinti və ticarət sektorlarında sosial sığorta dərəcələri önəmli səviyyədə azalacaq. Bundan əlavə, güzəştlər kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərin fəaliyyətlərini əhatə edəcək.
Əlavə bonus olaraq İqtisadiyyat Nazirliyi ödənilməmiş vergilər, icbari sosial sığorta və işsizlik sığortası üzrə faizlərin hesablanmasını 1 aprel 2020-ci il tarixindən 2021-ci il yanvarın 1-dək təxirə salmağı vəd edir. Sonda bütün bu tədbirlər paketi dövlətə yetərincə təsirli bir məbləğə başa gələcək.
"Əvvəllər bu, 1 milyard manat səviyyəsində hesablanırdısa, sonradan 2,5 milyard manat qiymətləndirildi. İndi göstərişlərim nəticəsində bu iqtisadi paket 3 milyard, bəlkə də, 3,5 milyard manatı keçəcək. Azərbaycan bu vəziyyətdən kiçik itkilərlə çıxmaq, insanların həyatını qorumaq və pandemiyadan sonrakı dövrə hazır olmaq üçün bütün imkanları səfərbər etdi”, - deyə Prezident İlham Əliyev bildirib.
Banklar üçün sığorta
Hökumət dövlət yardımından əlavə, bank kreditləri üçün tənzimləmə tədbirlərini asanlaşdırmaqla biznesi və bank sektorunu dəstəyə cəlb etməyə çalışır. Bu sahibkar üçün nə deməkdir? Bu, banklara cari kredit ödənişlərini yumşaltmağa, onları restrukturlaşdırmağa və vaxtını uzatmağa imkan verir.
Belə ki, tənzimləmə dəstəyi çərçivəsində Mərkəzi Bank (AMB) 30 sentyabr 2020-ci ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin ipoteka kreditlərini restrukturlaşdırmağı planlaşdırır. Bu, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 1 mart 2020-ci il tarixə qədər verilən kreditlərə aiddir.
Tənzimləyici dəstəyə birbaşa koronavirusdan zərər çəkmiş sahibkarların maraqlarının qorunması da daxildir. Bu çərçivədə AMB dövlət fondlarından götürülmüş sahibkarlıq kreditlərinin yenidən qurulmasını planlaşdırır və gecikmə 30 sentyabr 2020-ci ilə qədər kredit tarixçəsinə təsir göstərməyəcək.
Bundan əlavə, banklara pandemiya səbəbindən vaxtı keçmiş kreditlərə əlavə faiz və cərimə yazılmaması tövsiyə ediləcək.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda kredit qoyuluşları 2,2% artıb. Bununla yanaşı, biznes kreditləri daha yüksək artım tempi nümayiş etdirib - 3,7%, ipoteka kreditləri - 4,2% artıb, rüb ərzində istehlak kreditləri isə 1,9% azalıb.
Bununla yanaşı, sual yaranır: bankların özləri iqtisadiyyatın üzləşdiyi zərbələrə davam gətirə biləcəklərmi?
Bu məsələ Mərkəzi Bankın aprelin 27-də 4 bankda – «Atabank», «AGBank», «NBCBank» və «Amrahbank»da müvəqqəti inzibatçı təyin etmək barədə qərar qəbul etməsi barədə açıqlamasından sonra xüsusilə aktuallaşdı. "Bankların idarə edilməsi üzrə bütün səlahiyyətlər, o cümlədən səhmdarların ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya verilir", - deyə AMB-dən bildirilib.
Ancaq qeyd edək ki, bu gözlənilən addım idi, bu banklarda vəziyyət çoxdan daha yaxşı olmasını arzuladırdı və hətta E. Rüstəmov açıqlamalarında bazarda ümumi vəziyyətin sağlamlaşdırılması üçün onlara qarşı müəyyən tədbirlərin görüləcəyini gizlətmirdi.
Bir sözlə, bunun məhz indi karantin dövründə baş verməsi, sadəcə, təsadüfdür. Əksinə, mütəxəssislərin qeyd etdiyi kimi, bu addımın atılması üçün Prezident İlham Əliyev tərəfindən "Əmanətlərin tam sığortası haqqında" qanuna edilən dəyişikliklərin təsdiqlənməsi vacib idi. Qanunun daha 9 ay - 4 dekabr 2020-ci ilədək uzadılması ilə AMB, demək olar ki, fəaliyyətsiz olan banklarla vəziyyəti aydınlaşdırmaq qərarına gəldi.
Bildirmək gərəkdir ki, ilin əvvəlindən bank sektoruna 627 milyon manat səviyyəsində dəstək verilib. AMB, həmçinin koronavirus pandemiyası zamanı banklara yükü azaltmaq və kredit verilməsi imkanlarını artırmaq üzrə bir sıra tənzimləmə tədbirləri gördü. Tədbirlər paketinə əsasən AMB sistem banklarının məcmu kapitalının adekvatlıq əmsalı üzrə tələbləri 12 faizdən 11 faizədək, digər banklar üçün isə 10 faizdən 9 faizə endirməyi planlaşdırır. İstehlak kreditləri üçün əlavə kapital tələbləri təxirə salınır. Bütün bunlar 2021-ci il yanvarın 1-dək etibarlı olacaq.
AMB, həmçinin banklar tərəfindən öz vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin risk əmsalını 1 aprel 2020-ci ilə qədər 100%-dən 50%-ə endirməyi planlaşdırır. Bundan əlavə, banklara 2019-cu il üçün dividend ödənişini 30 sentyabr 2020-ci ilədək təxirə salmaq və 2020-ci il üçün dividend ödəməmək tövsiyə olunur.
Bununla yanaşı, "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycanın bank sektorundakı vəziyyət böhran durumu üçün yetərincə qənaətbəxşdir. Bank sektoru aktivlərinin, təxminən, 50%-i likvid alətlərə yerləşdirilib, bu sıraya xarici şoklardan etibarlı qorunma təmin edən pul vəsaitləri və onların ekvivalentləri, bank fondları və qiymətli kağızlara qoyuluşlar da daxildir.
Ümid kəndədir
Dəfələrlə qeyd olunduğu kimi, karantin Azərbaycan iqtisadiyyatının əksər sahələrinin fəaliyyətinə mənfi təsir göstərib. Qeyri-neft iqtisadiyyatının sürətlənməyə başlayan və olduqca yaxşı nəticələr göstərməyə başlayan sahələri daha çox məyus etdi: bu, turizm, xidmətlər sektoru, bir sıra istehlak mallarının istehsalı və s. kimi sahələri əhatə edir.
Bununla yanaşı, kənd təsərrüfatı istənilən kritik şəraitdə öz yaşamaq qabiliyyətini sübut edib. Üstəlik, karantin kənd təsərrüfatında və yaz əkinlərində intensiv aqro-texniki tədbirlər zamanı tətbiq edildi və işlərin dayandırılması kənd təsərrüfatı sektoru üçün düzələ bilməz itkilər demək olardı. Buna görə Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə işi təmin etmək və hər şeyi planlaşdırıldığı kimi davam etdirmək qərara alındı. Bu gün bu tədbirlər sayəsində xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində ciddi problemlər qeydə alınmayıb.
Bundan əlavə, rüb ərzində ölkənin qeyri-neft ixracatında 1% azalma qeydə alınmasına baxmayaraq, kənd təsərrüfatı və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4% artıb.
Dövlət başçısının son sərəncamlarından görünür ki, bununla bağlı kənd təsərrüfatı sahəsinə əlavə dəstək mexanizmləri yaradılacaq. Belə ki, kənd təsərrüfatı naziri İnam Kərimov hökumətin iclasında fermerlərin əkin mövsümündə kiçik kreditlərə məhdud çıxışının olması problemini səsləndirdi.
“Banklar əksər hallarda güzəştli kredit ayırmaq üçün fermerlərdən Bakıda mənzil girovu tələb edirlər. Ancaq Sizin bir neçə gün əvvəl imzaladığınız Fərmana əsasən, fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb. Bu Fərmanın icrası üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini ifadə etmək istərdim", - deyə nazir Prezident İlham Əliyevə müraciət etdi.
Cavab özünü çox gözlətmədi - dövlət başçısı uyğun sərəncam imzalayaraq, Ehtiyat Fondundan bu məqsədlər üçün 30 milyon manat ayırdı. Dövlət başçısının bölgələrdə yeni sub-artezian quyularının qazılması barədə sərəncamlar imzalanması da diqqət çəkir ki, bu, torpaq sahələrinin suvarma keyfiyyətini yüksəltməlidir. Axı, kənd təsərrüfatının əsas problemlərindən biri, payızlıq əkinlərin vegetasiya dövründə müşahidə olunan güclü quraqlıqdır.
“Yeni texnologiyalar tətbiq edilməlidir. Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır", - deyən Prezident İ.Əliyev Azərbaycanın su ehtiyatlarının o qədər də böyük olmadığını, əsas su mənbəyinin sərhədlərimizdən kənarda formalaşdığını bildirib. "Buna görə də, hər damla su bizim üçün vacibdir", - deyə dövlət başçısı vurğulayıb.
Əgər mövcud olan bütün imkanlardan istifadə etmək mümkün olarsa, deməli, bu il məhz aqrar sektor Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu artım trendinə aparacaq xilas amili olacaq. Yəni həm özümüzü təmin edəcəyik, həm də sata biləcəyik. Üstəlik, bu məhsullara pandemiya və karantindən asılı olmayaraq həmişə tələb olacaq.
MƏSLƏHƏT GÖR: